Edebiyyat.az » Proza » Ceylan Mumoğlu - "Həvva" (hekayə)

Ceylan Mumoğlu - "Həvva" (hekayə)

Ceylan Mumoğlu - "Həvva" (hekayə)
Proza
Necef Esgerzade
Müəllif:
19:10, 22 yanvar 2020
1 675
0
Gözlərini açar-açmaz ətrafındakı gözəlliyin bəxş etdiyi heyranlıqdan başı gicəllənən yarıyuxulu qadın uzandığı yerdən başını qaldırıb boylandı. Pəhləvan boyda bir kişinin gözləri bərəlmiş, heyrət içində ona baxdığını görüb irkildi. Əvvəl qaçmaq istədi, sonra ətrafındakı heyvanlara, göy üzündəki quşlara baxıb nə düşündüsə, duruxdu. Ürkək baxışlarla kişiyə nəzər yetirib, qəfildən qoynuna sığındı. Xoş yumşaqlıq hiss elədi. Elə bil, yaşamağa davam edə bilməsi üçün lazım olan işığa çatmışdı.
Bayaqdan yerində daş kimi donmuş, heyrətdən gözləri geniş açılmış kişi də qoynuna yapışan bu anlaşılmaz, yeni varlığın təmasıyla yumşaldı. Tanıma-dığı, öyrəşmədiyi bu varlığı geri itələməyi könlündən keçirdi, amma bacarmadı. Asandımı?! Heç nə anlaya bilmirdi. “Niyə əvvəlki kimi dinc, arxayın deyildi? Nə baş verirdi?” – suallara cavab axtarar-kən, kişi də qeyri-ixtiyari qadını qucaqladı. Öz parçası kimi hiss etdiyi varlığa qəribə-qəribə baxdı. İçində nələrsə dəyişməkdəydi. “Niyə həm sevinir, həm də qəribə şəkildə hüznlənirdi? Başına gələn yeni olay naməlumluq hissini artırdığı üçünmü qorxurdu? Qa-dının yaranması onu Rəbbindən uzaqlaşdıracaqdımı, ayıracaqdımı? Bir daha üzünü görə bilməyəcəkdimi?” ‒ dəhşətli suallar ürəyini sıxır, anlamadığı qorxu hissi onu ağuşuna alırdı.

Qucaqlaşma dəqiqələri artdıqca, qorxu hissi də əriyib yox olurdu. Qəlblərini sakitlik, canlarını rahatlıq bürüyürdü. Bu rahatlıqla Rəbbin bəxş etdiyi Ədən bağının gözəllikləri arasında xoşbəxt, məsud gəzib-dolaşmağa başladılar. Qıjıltıyla axan, şırıltı ilə köpüklənib tökülən şəlalənin altında doya-doya sərinləmək məst edirdi hər ikisini. Heyvanların hərə-kətlərini təkrarlayıb ağaclara çıxaraq budaqdan bu-dağa atılır, gülüşərək əl-ələ tutub hoppanır, nəfəsləri kəsilənədək, elə hey qaçır, qaçırdılar...
Yuxarıdan bu çılğın cütlüyü seyr edən zərrinpər mələklər gülümsəyirdilər.
Acanda meyvələrdən nuş edir, təkcə xeyirlə şər-dən agah edən ağaca arxa çevirərək, Yaradanın sözünə qulaq asmanın bəxş etdiyi sevincin dadını çıxarır-dılar.
Nəhayət, günün bol hərəkətliliyindən yorğun düşən cütlük nəfəsini qəmsiz-kədərsiz, açıq mavi səma altında, dənizin qumsalında aldı. Bu qayğısız, məst edən mənzərə az qala fərəhdən ağladacaqdı onları.
Ancaq, heyhat! Fərəh hissi uzun sürmədi!
Qadın unutdu bütün öyüdləri və deyilənləri. Nə ilan görürdü, nə xəbərdarlığı eşidirdi. Elə hey məmnuniyyət eşqi qarsırdı qəlbini. Bu qədər dolğun mə-kana münasibətdə nəsə kəm idi. “Niyə qadağan edilmişdi ki, o ağac? Niyə ona toxunmaq olmazdı? Niyə ikisi burda uzanıb? Niyə başqa kimsə yoxdu?” ‒ suallar qadını yeyib bitirmişdi. İlan yavaş-yavaş qadını udurdu. O isə ardınca kişini sürükləyirdi.

‒ Niyə?
‒ Olmaz.
‒ Niyə olmaz?
Növbəti “niyə?” səslənəndə kişi çiyinlərini çəkdi. Qadınsa onun çiyinlərinin üstündən əlini uzadıb, almanı dərdi. Almanın dərilməsi ilanı xoşbəxt etmişdi.
İlan qələbəsinin həzzini yaşayarkən Adəm-Həvva cütlüyü tamahlarının bais olduğu, ciyərlərini dağlayan ağrının əzabını çəkirdilər. Üzlərinin yeni-dən ağ olması, yedikləri meyvə kimi lüt-üryan, çılpaqlıqdan qurtulmaq üçün tövbə etdilər ürəkdən.
Xeyir-şərdən xəbərdar olan cütlük üzr istəyib, paka çıxdıqdan sonra Ədən bağını tərk etdilər Rəbbin bağışlamasıyla.

Yuxarıdan enərkən kədərli uzaqlaşma, aşağıya yetişərkən anlaşılmaz yaxınlaşma duyğusu daşıdılar məsum könüllərində.
Kişi yer üzünün bir tərəfinə düşərkən, qadın baş-qa tərəfində dərdi nəfəsini. Biçarələr yerə endikləri gündən göylərə doğru üz çevirib fəryad etdilər. Dəlilər kimi bir-birilərini axtardılar. Sandılar ki, tapdıqları an içlərindəki nisgil keçəcək, yüngülləşəcəklər. Çox yerlər dolaşaraq, dərə-təpə aşaraq, hər şeyi ağuşuna alan səssiz, ulduzlu bir gecədə qovuşdular. Qo-vuşmanın verdiyi xoşbəxtliklə ovundular, ovundular, sonra yenə darıxdılar. Axı niyə darıxırdılar? Ara-dakı boşluğu niyə doldurmurdu ikisinin sevdası?
Darıxmamaq üçün özlərindən parça – övladlar gətirdilər yaşadıqları dünyaya. Özlərinə bənzər balaca varlıqların verdiyi sevinc hissi xeyli məşğul etdi onları. Lakin bu hislər də köhnəldi əvvəlkilərtək, yenə darıxdılar dünya tələsində.
Nəhayət, Həvva dözmədi, yaraq-yasaqlanıb, ax-tarış üçün qəti qərarla yola hazırlaşdı. Birlikdə axtaracaqlarına ümid edərək, Adəmi çağırdı. Adəm o Adəm deyildi daha. Bir dəfə göydə qulaq asmışdı ərköyün Həvvasının sözünə, almışdı nəsibini. İndi yerdə Adəmin etirazı azca incitdi Həvvanı, səhvini daha yaxşı anladı müqəssir kimi. Darıxmaq yükünü çiyinlərinə alıb axtarışların, kəşflərin zövqünü tək çıxarmağa başladı Həvva. Axtarışlar günlərə, ondan da həftələrə uzandı. Çox axtardı, çox işlədi, gücdən düşdü, usandı. Dincəldi, sonra yenə davam etdi. Nəyi axtarırdı? Özü də bilmirdi. Axtarmaq, kəşf etmək marağına mübtəla olmuşdu.

Al-əlvan quş ecazkar səsiylə Həvvanı çəkib bir mağaraya apardı. Mağara ecazkardı, Ədən bağını xatırladırdı. Ətrafı parıldayan suyun ortasında yam-yaşıl ağac vardı, koğuşundasa daşdan hazırlanmış balaca dəyirmi qutu. Açmağa ehtiyatlandı, göylər-dəki bağda qadağanı artıq bir dəfə pozmuşdu. Bu çəkinmə uzun sürmədi. Ağacdan əvvəl mavi, ardın-ca sarı işıq bərq vuraraq yuxarıya doğru qalxdı, son-ra bəyaz işığa çevrilib, Həvvanın bədəninə doldu. Anidən bütün sirlərin kökünü, ziddiyyət və qanuna-uyğunsuzluqları, sərtlik və yumşaqlığı, qətilik və mülayimliyi, şirin və acını, sevgi və kədəri tamam başqa gözlə gördü Həvva. Sanki daxilindəki qaranlıq gecədə gizlənmiş mənzərəni aydın görə bilməsiyçün şimşək çaxmışdı vücudunda. Darıxmasına son qoya-cağı ümidiylə açılmış qutuya yaxınlaşdı və bir kitab çıxardı-içərisində yeddi sadə cümlə. Hamısını birnə-fəsə oxudu, bir şey anlamadı. Daha betər darıxmağa başladı. “Axı niyə? Nədir bu nisgilin sirri?” ‒ narahat halda geriyə – Adəmin yanına qayıtdı. Yenidən ovunmağa çalışdı ailəsinin isti nəfəsiylə. Darıxma hissi keçmədi. “Niyə dolmurdu boşluğu? Bəlkə, o, heç boş deyildi, boşluq kimi görünürdü Həvvanın dumanlanmış köksündə?” Kitaba sarı getdi, açıb ilk cümləsini oxudu, yenidən oxudu, qırxıncı oxunuşda gözləri parladı, ürəyi titrədi, nəyisə kəşf etdi. Fərəh doldu içinə. İkinci cümləni oxudu, heç nə baş vermədi. Yenə dəliyə döndü. Başını qatmaq üçün başqa işlərə daldı, çırpındı durdu.
Hər darıxdığında kitabı açıb cümlələri təkrar-təkrar oxudu. Aylar keçdi, illər ötdü, kitabdakı cümlələrin sirri Həvvaya bir-bir açıldı, pərdələr qalxdı. Həvva yavaş-yavaş darıxmağın yükünü yerə qoyurdu, çünki bu dəfə də yer üzünün “yasaq mey-və”sindən dadmışdı.

Bir gün güclü istəklə ayaqları yerdən üzüldü, Həvva böyük ümidlə göylərə doğru uçmağa başladı. Uçdu, uçdu, əvvəl birinci qatdan keçdi, sonra ikinci, üçüncü, dördüncü... Nəhayət, yeddincidən də keçdi. Göyün zülmət qaranlıqları içində saç telitək incə işıqlı xəttə rast gəldi. Səbirsiz uçuşla keçməyə çalışdı həmin xətti. Aşiq ürəyi son pərdənin açılmasını görmək üçün az qala yerindən çıxacaqdı. Keçə bilmədi. Görünməz divar kəsmişdi önünü. Yanlışlıqla otağa girmiş pəncərəyə kəllə atan arı kimi çırpıldı, çırpıldı Həvva görünməz divara. Heydən düşənədək irəli-geri uçub divarla savaşdı. Çox vurnuxdu, anlamadı sirrini. Görə bilməyəcəkdi divarın o biri üzünü, sa-vaş əbəsdi.
Həvva bənzərini görmədiyi qapıdan uçduğu kimi də yerə endi. Bu səfər istəksiz, məğlub olmuş sərkərdətək təslim oldu bilinməzliyə, qaçılmaz qədərini səbirlə gözləməkdən başqa çarəsi qalmadı...

"Qurbağa öpüşü" hekayələr toplusundan
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)