Edebiyyat.az » Təqdimat » Söz yağışı

Söz yağışı

Söz yağışı
Təqdimat
nemət
Müəllif:
23:51, 15 may 2020
1 380
0
Söz yağışı






Oxuduğum son sevgi romanından düz üç il ötürdü. Hər şeyin son dərəcə əlçatan, asan, bəzən hətta bayağı olduğu bu zəmanədə düşünürsən sevgi erası çoxdan bitib. Hisslərin öz yerini hiyləgər gedişlərə verdiyi sanki yüz il olub. Duyğuların adamı qızındıracaq qədər istiliyi qalmayıb. Ruslar belə aldadıcı vəziyyətlərə “мишурный блеск” deyir, yəni yalançı parıltı. Saxta vəziyyətləri bu qədər gözəl anladan ikinci bir söz bilmirəm.
Bir neçə gün öncəyə qədər elə bu düşüncələrlə Vahid Qazinin “Çöl Qala” romanını oxumağa qərar verdim. Adı məzmununu bəlli etməyən bir romandır “Çöl Qala”. İki insanın oxucunu heyran edən tər-təmiz sevgi hekayəsidir.
…Mənim düşüncəmə görə, əlinə qələm alıb yazan hər kəs öz dünyasının rəsmini çəkir, özünü yazır. İçinin rəng çalarlarını sözlər vasitəsilə oxucuya ötürür. Yaxşı yazan da özünü yazır, orta yazan da, zəif yazan da. Həmişə hansısa bir əsəri oxuyanda fikrim az da olsa yayınıb, bir bəhanə ilə mütaliəyə ara vermişəm. Bu dəfə belə olmadı, romanı oxuduğum dörd gün ərzində bütün düşüncələrimi işğal edən, hər insanı yaxşı mənada tərksilah edə biləcək bir eşq hekayəsi ilə qarşılaşdım.
Qəlbdə böyük burulğanların, fırtınaların, hətta qorxulu təlatümlərin baş verməsinə səbəb ola biləcək SEVGİ. İnsanın artıq daşa döndüyünü zənn etdiyi ruhunda xəfif tərpəniş, sonra nəhəng dalğaları oyandıran SEVGİ… İnsan qəlbinin laylı qaranlıqlarının ən alt təbəqələrini ehtizaza gətirən, min illik zülmətini aydınlatmağa yetən EŞQ…
Sevgi hekayəsidir bu roman. Söz yağışı. Bəlkə yer üzündəki son iki romantik adamın – bir rəssamla bir qadının hekayəsi. Nə qədər kövrək, necə zövqlü bir eşqdir…
İncik, qırıq-qopuq adamların platonik duyğuları. Bir-birinə bəxş etməyə sözdən savayı heç nəyi olmayan, lakin bir-birinə o sözlərdən kərpic-kərpic dünya hörməyi bacaran iki adam.
Hisslərini bir-birinə əfsanələrlə, kitablarla, musiqilər və filmlərlə ötürən, lakin bir-birini görmədən ölən adamların hekayəsi.
Hər şeyin gedərək çirkinləşdiyi dünyada zorla nəfəs alan iki insanın öz dünyalarını qurmaq istəyi, yaxınlaşdıqca əriyən ilğım kimi bir xəyalın yaratdığı anlıq bəxtəvərliklər..
Virtual münasibətlər üzərində qurulmuş, amma zamanla hər şeyi üstələyən duyğuların danışdığı nağıllardır bu roman. Oxuduqca qəribə hisslər yaşayırsan, kiminsə gizli məktublarını oxuyursan elə bil və ya başqasına pıçıldadığı mübhəm kəlmələri xəlvətcə eşidirsən. Sadəcə havalı eşq məktubları deyil, iki insan həm də ağrılarını, dərdlərini, nisgillərini bölüşüb bu məktublarda. Oxuduqca Moemin “Ay və qara şahı” əsərindəki cüzamlı rəssamın içərisində dustaq olduğu evin divarlarına çəkdiyi rəsmləri, Kafkanın Milenaya, Svetayevanın Pasternaka yazdığı məktubları, sevgili Halil Cübranın “Peyğəmbər”inin sevgi haqdakı düşüncələrini xatırladım. Hissin, düşüncənin ifadəsi, türklər demiş, “hep aynı”.
Romanın təxəyyül məhsulu, yaxud gerçək olduğunu müəyyən edə bilmədim.
…Amma dadlı, unikal romandır.
“Onların ağrısı bitdi. Ağrının, kədərin olmadığı yerə getdilər. Ayrılıqların bitdiyi yerdən başlayan əbədi qovuşuqda gözdən itdilər. Daha heç bir Tanrı övladı bir də Yeliseyin – Çöl Qalanın kodunu aça bilməyəcəkdi!
Üçüncü dünyanın mövcudluğuna sübut olası əlyazma Allahın ”Ol!” əmriylə, ya Böyük Partlayışdan yarandığı bilinməyən bir dünyada qala bilməzdi. Burda adamın həyatına Allah da, bəndə də müdaxilə edir. İnsanın özü yaratdığı dünyaya isə girməyə heç kimin gücü çatmaz, çünki o, daha burda kirayənişin deyil. Dünyasının Allahı da, Bəndəsi də özüdür!”
“Çöl Qala” romanı bu sözlərlə bitir…

Dinar Həmidova
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)