Nemət Mətin – Doğma və yad imzalar.
Sadist olun. Əsas xarakterləriniz nə cür sevimli və günahsız olursa olsun, başlarına qorxunc hadisələr gətirin ki, oxucunuz onların necə bir insan olduğunu görə bilsin. (K.Vonnegut)
Oxuduğumuz romanlarda baş obraz nə qədər çətin vəziyyətə düşsə də başı uca çıxanda xoşumuza gəlir. Əzik, gücsüz, xaraktersiz baş obraz heç kimə xoş gəlməz. Bu günlərdə yazıçı Ayaz İmranoğlunun “Yad imza” əsərini oxuyanda baş obrazın mərd xüsusiyyətləri diqqətimi çəkdi. Dedektiv janrına yaxın olsa da əsəri tam dedektiv janrına da aid etmək olmaz. Romanı diri saxlayan əsas xüsusiyyəti magik realizm üzərində dayanmasıdır. Balaxanı zibilliyində çalışan adamların vahiməli baxışları, qəbirdə oyanan Elçinin ürək döyüntüləri, dilənən anasını illər sonra görən oğulun keçirdiyi hislər əsəri Azərbaycan ədəbiyyatında möhkəm yer tutmağa sövq edir. Azərbaycan reallığını kiçik romana sığdırmaq hər yazıçının işi deyil. Seçki saxtakarlığı, rüşvətxorluq, Azərbaycanda ermənilərin kök atması, vəzifədən sui-istifadə, qaçqınlıq həyatı, müharibə və s.
Şəhərin bütün zir-zibili buraya tökülürdü... Qəribədir, böyük şəhərin tər-təmiz, güllü-çiçəkli, künc-bucağından — küçələrindənsə, bu çirkablar, zibilliklər içində günlər keçdikcə ruhum rahatlanır, içim təmizlənirdi. (Ayaz İmranoğlu – Yad imza)
Səmədin(əsl adı Elçin), Banuçiçəyin timsalında elə bədbəxt insanlar var ki, xoşbəxtliyə inandıqları üçün, ürəklərində sevgi atəşi sönmədiyi üçün xoşbəxt insana çevrilə bilir. Həyatın onlara yaşatdığı ağır əzab-əziyyətə baxmayaraq tab gətirməyə özlərində güc tapırlar.
Analar övladlarının ölümünə heç vaxt inanmır. (Ayaz İmranoğlu – Yad imza)
Ermənilərin Azərbaycanlılara qarşı nifrət hissi heç vaxt sönməyəcək. Onlar uşaqlarını türkə nifrət prinsipi ilə böyüdürlər. Əsərin bizə bir mesajı da budur. Hər zaman ayıq olmaq, gücdən düşməmək və inkişaf etmək.
Belə romanlar hər gün, hər il yazıla bilməz. Yazıçı yaşadığı, gördüyü, eşitdiyi, hiss etdiyi hadisələri bir yerə cəmləmək üçün ömrünü sərf edir. Son zamanlar Azərbaycan ədəbiyyatından oxuyub təsirləndiyim romanlar da “Yad imza” kimi bir ömürün yaşantılarıdır. Həmin romanlar bunlar olmuşdur:
Kənan Hacı – Fironun dəftəri
Azad Qaradərəli – Morq çiçəkləri
Süleyman Abdulla – Fəlsəfə müəlliminin ölümü
Bu əsərlərin cərgəsinə “Yad imza”nı da qatdım. Ayaz İmranoğlunun “Yad imza”sı daxil olmaqla bir neçə əsəri xarici dillərə tərcümə edərək çap etdirmək lazımdır.