Rahid Ulusel - Fransua de Laroşfuko və onun aforizmləri.
Təqdimat
Rahid Ulusel - Fransua de Laroşfuko və onun aforizmləri.
Fransua de Laroşfuko (François de La Rochefoucauld, 1613-1680) XVII əsr Fransa mədəniyyətinin özəlliyini müəyyənləşdirən mütəfəkkirlərdən olmuş, moralist (əxlaqçı) ədəbiyyatın yaradıcılarından biri kimi tanınmışdır.
Ulu babası Müqəddəs Varfolomey Gecəsində qətlə yetirilən hersoq Laroşfuko Fransanın adlı-sanlı əsilzadələrindən idi. Müstəqil şəkildə mükəmməl təhsil almış, 1630-cu ildə saray mühitinə daxil olduğu çağdan istər-istəməz siyasi çəkişmələrin girdabına düşmüşdür. Laroşfukonun himayədarı – kral hakimiyyəti məğlub olduqdan sonra isə o, öz malikanəsinə çəkilmiş, ən dəyərli əsərlərini də orada yazmışdır.
O, 1650-ci ildə yenidən Parisə qayıtmışdır. Sarayda ehtiramla qəbul edilmiş, lakin siyasi həyatdan birdəfəlik uzaqlaşmışdır.
Siyasi hakimiyyət uğrunda ehtiraslı, çılğın mübarizə, ümumiyyətlə, fransız cəmiyyətinin duyuntuları, ən müxtəlif insan xarakterləri Laroşfukonun kəlamlarında dəqiq, sərrast təhlilini tapır. Laroşfuko şəxsiyyətin iç dünyasını, onun daxili təlatümlərini, hətta özündən gizlətdiklərini aşkarlamada xüsusilə mahir sənətkardır.
Özünüdərketmə – ayrıca bir insanı da, bütövlükdə cəmiyyəti də öz gerçək mahiyyəti ilə üzbəüz qoyur. Təkin də, çoxların da mənəviyyat arınması nələrdənsə imtinanın, nələrisə qazanmanın ağrılı yoludur. Özünü dərk edə bilməyən insan da, özünü dərk edə bilməyən cəmiyyət də dünyanın oyuncağıdır, fatalizmin qurbanıdır. Kütlə cəmiyyəti deyil, İnsan cəmiyyəti sosial birliyin əsl keyfiyyətidir. Laroşfuko belə düşünürdü. Yəqin ki, İnsan seçkinliyini fəlsəfi düşüncə orbitində daim dolandırdığı üçün fransız moralisti Laroşfuko alman realisti Fridrix Nitsşenin yüksək dəyər verdiyi tək-tük ustadlardan biri idi...
Qərb klassisizminin təməlçilərindən olan Laroşfukonun yaradıcılığı həm tarixi tutuşdurmalar (Eyni yüzilliklərdə Şərqdə də hikmətsevər, əxlaqçı ədəbiyyat geniş yayılmışdı), həm də çağdaşlığın özünün dərki baxımından maraqlı bir örnəkdir.
İnsan və cəmiyyət
haqqında düşüncələr
Sağlamlığın cana verdiyini – aydın zəka qəlbə verir.
Əla keyfiyyətlərə malik olmaq azdır, onlardan istifadə etməyi bacarmaq da lazımdır.
Bu dünyanın güclülərinin rəhmdilliyi – yalnız məkrli siyasətdir, məqsədi xalqın istəyini qazanmaqdan ibarət olan siyasət.
Müdriklərin təmkini – öz hisslərini qəlbinin dərinliyində gizlətməyi bacarmaqdır.
Fəlsəfə keçmişin və gələcəyin ağrıları üzərində təntənəyə çatır, fəqət indinin ağrıları fəlsəfə üzərində zəfər çalır.
Günəşin də, Ölümün də gözünə dik baxmaq çətin.
Təbiət insana hansı üstünlüyü verirsə-versin, yalnız taleyin əl uzatması ondan qəhrəman yaradır.
Elə uğursuz vəziyyət yoxdur ki, ağıllı ondan nəsə bir xeyir götürməsin, elə uğurlu durum yoxdur ki, axmaq onu öz əleyhinə çöndərə bilməsin.
Uzaqgörən adam istəklərinin hərəsinin yerini müəyyən etməli, sonra onları bir-bir həyata keçirməlidir. Bizim hərisliyimiz çox vaxt bu nizamı pozur və bizi vadar edir ki, eyni zamanda neçə-neçə məqsədi izləyək. Biz də beləcə boş şeylərin dalınca qoşaraq əsas olanı əldən buraxırıq.
Hamı yaddaşından gileylənir, ağlındansa – heç kim.
Biz heç nəyi məsləhət qədər səxavətlə paylamırıq.
Biz o qədər başqalarının qabağında cilddən-cildə giririk ki, axırda içimiz çölümüzü tanımır.
Adamlar çox zaman yalnız ona görə yaxşılıq edirlər ki, cəzalanmadan zərər vurmağa imkan qazansınlar.
Xarakterin zəifliyi – yeganə çatışmazlıqdır ki, onu düzəltmək mümkün deyil.
Nüsxələr yalnız o zaman yaxşıdır ki, pis orijinallarının gülməli tərəflərini bizə göstərsinlər.
Adamların malik olduqları deyil, iddiasında olduğu keyfiyyətlər daha gülüncdür.
Bəzən adam özünə daha az oxşayır, nəinki özgələrinə.
İnsanlar həvəslə susardılar, hərgah şöhrətpərəstlik onları dilləndirməsəydi.
Dolğun adamlar az sözlə çox mətləbi ifadə etməyi bacardıqları kimi, məhdud adamlar da çox danışıb heç nə deməmək qabiliyyətinə malikdirlər.
Tale bizim elə qüsurlarımızı yontalayır ki, onları heç ağıl da düzəldə bilməzdi.
Hər cür, hətta ən parlaq əmələ belə böyük deməzlər, hərgah o böyük niyyətdən doğmayıbsa.
Səbatsızlıq bəzən insanı hər cür yad fikirlərlə razılaşmağa vadar edən ağlın kallığından, yüngüllüyündən əmələ gəlir; fəqət onun bağışlanası bir növü də var ki, ətrafa ikrahdan doğur.
Nöqsanlar da yaxşı məziyyətlərə zəhər dərmanın tərkibinə qatılan kimi qatılır; ağıl onu həll edir, təsirini azaldır, sonra da həyat fəlakətlərinə qarşı bir vasitə kimi istifadə edir.
Xeyir kimi, Şərin də öz qəhrəmanları var.
Belə görünür ki, təbiət, doğulan günündən insanın yaxşı-yaman cəhətlərinin ölçüsünü müəyyən edir.
Yalnız böyük adamların böyük yamanlıqları da olur.
Qadın davranışındakı ciddilik – gözəlliyi nəzərə çarpdıran ənlik-kirşandır.
Həmişə hamıdan ağıllı görünməkdən də böyük səfehlik yox.
Adamlara pislik etmək onlara bolluca yaxşılıq etməkdən daha az təhlükəlidir.
Bu dünyada çatılmayan az şey var; böyük inadla biz hər cür məqsədə yol aça bilərik.
Məharət bundadır ki, hər şeyin əsl qiymətini biləsən.
Əsl natiqlik – bütün lazım olanı demək və lazım olandan artığını deməmək bacarığıdır.
Hər bir adam, kimliyindən asılı olmayaraq, görünmək istədiyi şəkildə qəbul edilsin deyə hərəkət etməyə, təşəxxüs satmağa can atır; buna görə də deyə bilərik ki, cəmiyyət yalnız taxma sifətlərdən ibarətdir.
Yaxşı zövq ağıldan daha çox mühakimə aydınlığından xəbər verir.
Gözə soxulan sadəlik – niyyətli ikiüzlülükdür.
İnsanın xarakterində daha çox çatışmazlıq var, nəinki ağlında.
Canımızın şirəsi təpəmizdən-dırnağımıza dolana-dolana, gizli-gizli hərəkətlərimizə təkan, iradəmizə istiqamət verir; o, bütöv bir axına çevrilə-çevrilə, bütün davranışlarımıza təsir göstərərək sezilməzcə hökmranımız olur.
Anadangəlmə başıboşlar var; onlar təkcə istədiklərindən deyil, həm də taleyin hökmünə görə səfehlik edirlər.
Zəifxarakterlilər safürəkli olmağa qadir deyil.
Davranışın dönməz ciddiliyi qadın təbiətinə ziddir.
Qadına ehtiraslarını cilovlamaq şıltaqlarını cilovlamaqdan daha asan.
Olduqca amansız nifrətimiz bizi nifrət etdiyimizdən də aşağı endirir.
Danışığı kimi insanın ağlı və qəlbi də doğulduğu ölkənin nişanələrini əks etdirir.
Böyük adam olmaq üçün taleyin bütün qismətlərindən ustalıqla istifadə etməyi bacarmaq lazımdır.
İnsanların çoxu, bitkilər kimi, gizli keyfiyyətlərə malikdir; onları yalnız təsadüf aşkara çıxarır.
Yalnız düşdüyümüz vəziyyət bizim mahiyyətimizi ətrafdakılara, başlıcası isə özümüzə açır.
Adamlar ki daha bir-birini sevmədilər, ayrılmaq üçün bəhanə tapmaq onlara çətin olur.
Əsl ləyaqətli insan dəlicəsinə sevə bilər, amma axmaqcasına yox.
Hərgah bacarıqla istifadə edilsə, bəzi çatışmazlıqlar hər cür məziyyətlərdən də parlaq olar.
Özümüzə münasibətdəki kiçicik xətanı başqalarına münasibətimizdəki ən məkrli xəyanətdən daha amansızlıqla mühakimə edirik.
Qısqanclıq məhəbbətlə birgə doğulur, lakin onunla birgə ölmür.
Qorxaqlar adətən öz qorxaqlığının bütün gücünü dərk eləmir.
Çox zaman gənclərə elə gəlir ki, özlərini təbii aparırlar, halbuki onlar əslində, sadəcə olaraq, tərbiyəsiz və kobud davranırlar.
Olur ki, göz yaşları axıdarkən, bununla biz nəinki başqalarını, həm də özümüzü aldadırıq.
Uzaqgörməzlər, adətən, anladıqlarının hüdudundan kənara çıxan hər şeyi pisləyirlər.
Məqsədə çatmayanlar deyil, ondan yan keçənlər bəsirətdən məhrumdur.
Başqalarına ağıllı məsləhət vermək olar, fəqət onlara ağıllı davranmağı öyrətmək olmaz.
Nəsnələr işıqda cizgilərilə göründüyü kimi, yaxşı-yamanımız da uğurlarımızın şəfəqləri altında daha aydınca bilinir.
Nəyin bahasına olursa-olsun, həmişə haqlı görünməyə can atan adamlar daha çox haqsız mövqedə dayanırlar.
Meşşan maneraları bəzən hərbi dairələrdə nəzərə çarpsa da, onlar daha çox sarayda diqqətçəkərdir.
Biz, neçə yaşımız olursa-olsun, sanki təzə doğulmuşlar kimi, heç bir təcrübəyə malik deyilkən, həyatımızın yeni-yeni çağlarına qədəm qoyuruq.
Ağıl – bəzən ondan ötrü karımıza gəlir ki, cəsarətlə axmaqlıq edə bilək.
Yer üzündə Qoca olmaq sənətinə yiyələnmiş qoca necə də azdır!
Yüksək alicənablığın əsl nişanəsi – paxıllığın nə olduğunu bilməməkdir.
Dünyanı tale və şıltaqlar idarə edir.
Səfehlər də bəzən ağıl nümayiş etdirə bilərlər, fəqət onlar sağlam mühakiməyə qabil deyillər.
Rəqiblərimizin bizim haqqımızdakı mülahizələri həqiqətə özümüzünkündən daha çox yaxındır.
Heç təsəvvür eləmirik ki, ehtiraslarımız bizi nəyə itələyə bilər.
Qocalıq – elə zalımdır ki, ölüm qorxusu altında cavanlığın bütün ləzzətlərini bizə qadağan eləyir.
Bəzən pis keyfiyyətlərdən də böyük istedadlar yoğurulur.
Qadın ilk dəfə sevgilisini sevir, sonra isə yalnız sevginin özünü.
Dünyada az qadın var ki, ləyaqəti gözəlliyinə tab gətirsin.
Yalnız möhkəmxarakterlilər həqiqətən yumşaq ola bilir; qalanlarınınsa gözgörəsi yumşaqlığı sadəcə zəiflikdəndir ki, bu da asanlıqla qəzəbə çevrilər.
İnsan çəkişmələri belə uzun çəkməzdi, – bütün günah tərəflərin birində olsaydı.
Hiyləgərlik – uzaqgörməzliyin əlamətidir.
Aza qane olan müdrik bəxtəvərdir, nadansa həmişə doymazdır; bax bu səbəbdən də adamların çoxu vurnuxmalar içində.
Bir şeyi bərk-bərk istəməmişdən öncə bilmək gərəkdir: sənin əldə etmək istədiyinə artıq malik olan şəxs çoxmu xoşbəxtdir?
Məhz o vaxt danışmaq çətin olur ki, onda susmaq ayıbdır.
Kimsədən sirrimizi ört-basdır etməyi necə tələb edə bilərik, – bir halda ki, özümüz onu saxlaya bilmirik?!
Filosoflar, o cümlədən, Seneka, öyüdlərilə cinayətkar insan niyyətlərini kürümədilər, bununla yalnız təkəbbür binasının tikilməsinə rəvac verdilər.
Krallar adamları pul kəsirmiş kimi zərbləyir, onlara ağıllarına gələn qiyməti qoyurlar; hamı da bu adamları öz dəyərincə deyil, yuxarıdan müəyyənləşdirilmiş məzənnəsinə görə qəbul etməyə məcbur olur.
Bildiklərimizin səddindən kənarda olanlara inanmağımız çətin.
Bəzən gözəl yaradılmışlar kamil olmadıqda da, qədərincə bitkinkən daha cazibədar görünür.
Başqalarını qızışdırmağın özümüzü soyuqqanlı saxlamaq qədər güclü vasitəsi yoxdur.
Cah-cəlal və ölçüsüz təmtəraq – dövlətin aşkar ölümündən soraq verir, çünki bu bəlli edir ki, hamı ayrı-ayrılıqda öz mənfəətini güdür, heç kim cəmiyyətin xeyrinə çalışmır.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun: