Edebiyyat.az » Təqdimat » Nicat Həşimzadə - "Ədəbiyyat nədir"

Nicat Həşimzadə - "Ədəbiyyat nədir"

Nicat Həşimzadə   - "Ədəbiyyat nədir"
Təqdimat
Nicat Heşimzade
Müəllif:
21:11, 06 aprel 2019
2 747
0
Ədəbiyyat sözlərlə rəsm çəkməkdir. Elə şeylər var ki, onları səslə heç özünə belə etiraf edə bilmirsən, bu anda edəcəyin yeganə şey gündəliyinə kiçik qeydlər etməkdir. Ədəbiyyat oxucu ilə yazıçının sirli söhbətidir və yazıçı inanır ki, onu hətta bir milyon insan oxusa belə sirrini aşkar etməyəcəklər, aşkar etsələr belə bunu bəyan etməyəklər. Məncə ədəbiyyat özünü ifadə vasitəsi deyil, əksinə özünü ifadə etməmə vasitəsidir. Bəzən insan özündən, bəzəndə ətrafından, çirkin söhbətlərdən, mənəviyyatsız hadisələrdən uzaqlaşmaq üçün ədəbiyyata sığınır. Onun məqsədi özünü ifadə deyil, özünü xilas etmək, özünü qorumaqdır. Bu səbəbə görə də mən “ədəbiyyat nədir” sualına belə cavab verirəm. Ədəbiyyat insanın özünü ifadə vasitəsi olmaqdan daha çox, özünü xilas etmə vasitəsidir. Yenə də gəlirik, Folknerin “ədəbiyyat hamını yox, fərdləri


Mən niyə yazıram. Necə oldu ki, yazmağa başladım. Ədəbiyyata necə gəldim və ya ümumiyyətlə gələ bildimmi? Yazdıqlarım faydalı oldumu? Bu suallar insanı narahat edir, düşündürür. Çağdaş Azərbaycan ədəbiyyatı çöküş yaşayır. Çünki sistemli iş görülmür. Hər kəs öz fərdi maraqlarını, eqosunu yüksəldib sistem halında çalışmaq istəmir. Sənətdə tanışlıq, qohumluq anlayışı yoxdur. Təəssüflər olsun ki, Azərbaycanda sənəti qohumluq, tanışlıq məsələlərinə aludə ediblər. Keçən həftə dostum Vüqar Qasımzadə ilə maraqlı mövzulardan danışdıq.  Gənclər çalışırlar ki, cəmiyyətin inkişafı naminə faydalı iş görsünlər. Ancaq təəssüflər olsun ki, qeyri-ciddi xəbərlərə daha çox maraq olduğunu görüb fəaliyyətlərini dayandırırlar. İnamlı olmaq, fasilə verməmək, iradənə, əzminə sarılıb çalışmaq lazımdır. Sənət adına xidmət göstərən adamlar ani uğursuzluqlardan şikayətlənib fəaliyyətlərini dayandırsaydılar, dünya mədəniyyəti adına çox böyük itkilər olardı. Bir zamanlar elə düşünürdüm ki, sənət dünyanı xilas etmək bacarığına sahibdir. Müşahidələrim nəticəsində belə qənaətə gəldim ki, sənət bəşəriyyəti, bütün insanları yox, sadəcə müəyyən fərdləri xilas edə bilər. Sənətin mahiyyətini anlamaq üçün gərək daxilində bir işıq olsun. 

Təbiət ədalətlidir. Əgər sənə o işığı bəxş etməyibsə əsaslı səbəbləri var. Bu haqda düşünəndə yunan mifologiyasından bəzi hadisələr yadıma düşür. Zevs istəyirdi ki, insanlar çətinliyə, soyuğa alışsınlar. Dözməyi, tab gətirməyi, mübarizə aparmağı öyrənsinlər. Prometeysə odu oğurlayıb insanlara bəxş edir. Bu səbəbə görə Zevs Prometeyi cəzalandırır. Həm də Prometey Tanrıların sirrini bilirdi. Bu mənada yəqin razılaşarsınız ki, Zevs öz mövqeyində haqlıdır. İnsanlar zərurət hiss etməsəydilər yaratmazdılar, hər şeyi hazır istəyərdilər. İstehsal, iqtisadi mübadilə, tələb-təklif kimi məsələlər olmazdı. İnsan təbiətən tənbəl varlıqdır. Qida ehtiyacı onu çalışmağa məcbur edir. Ölkəmizdə bir çox istedadlı gənclər hər şeyi ən tez zamanda əldə etmək istəyirlər. Tələsmək lazım deyil. Səbir uğurun yarısıdır. 

İspan şair Xuan Ramon Ximenes “kim üçün yazırsınız” sualına belə cavab verib: “ Ucsuz - bucaqsız azlığa”

Sənət ona görə möhtəşəmdir ki, onu hər kəs başa düşə bilmir. Sənət işıqlı adamlar üçündür. Mənə görə insanlar üç qrupa bölünür. 

  1. Sənəti yaradanlar
  2. Sənəti anlayıb onu yaşadanlar
  3. Nə sənət yaradan, nə də sənət yaşadanlar


Üçüncü qrup insanlar çox təhlükəli insanlardır. Onlarla münasibətində gərək daha diqqətli olasan. Hətta xeyirxah məqsəd naminə dediyin sözü yanlış başa düşərlər. Ədəbiyyat bəşəriyyəti yox, fərdləri xilas edir. (Uilyam Folkner) İnsan çox qəribə məxluqdur. O, hər şeyin maksimumunu istədiyi üçün bircə dəfə yıxılan kimi istəyindən, inancından imtina edir. Mədəni insanlarının sayını artırmaq üçün çalışmalıyıq. Ucsuz-bucaqsız azlığın səadəti naminə bunu etməliyik. 

Sözün düzü, ədəbiyyat nədir sualına nə qədər dolğun cavab verib-vermədiyimi bilmirəm. Bu məsələ haqqında düşüncələrimi yazdım. Yazmaq mənə zövq verir. Yazarkən xüsusi bir aləmdə olduğumu hiss edirəm. Bu halı təsvir etmək çətindir. Bəzən sözlər aciz qalır. Elə məsələlər var ki, onları ifadə etmək, təsvir etmək yox, sadəcə hiss etmək lazımdır. Onları yazaraq, təsvir edərək ifadə etmək olmaz. Can Yücel “şeir nədir” sualına belə cavab vermişdi: Bir gənc qız Pablo Pikassonu sevirmiş. Ancaq nitq qüsurlu olduğu üçün etiraf edə bilmirmiş. Baxın, mənə görə şeir budur.” Məncə də ədəbiyyat budur. Elə şeylər var ki, onları demək olmur, sadəcə yazmaq olur. Ədəbiyyat sözlərlə rəsm çəkməkdir. Elə şeylər var ki, onları səslə heç özünə belə etiraf edə bilmirsən, bu anda edəcəyin yeganə şey gündəliyinə kiçik qeydlər etməkdir. Ədəbiyyat oxucu ilə yazıçının sirli söhbətidir və yazıçı inanır ki, onu hətta bir milyon insan oxusa belə sirrini aşkar etməyəcəklər, aşkar etsələr belə bunu bəyan etməyəklər. Məncə ədəbiyyat özünü ifadə vasitəsi deyil, əksinə özünü ifadə etməmə vasitəsidir. Bəzən insan özündən, bəzəndə ətrafından, çirkin söhbətlərdən, mənəviyyatsız hadisələrdən uzaqlaşmaq üçün ədəbiyyata sığınır. Onun məqsədi özünü ifadə deyil, özünü xilas etmək, özünü qorumaqdır. Bu səbəbə görə də mən “ədəbiyyat nədir” sualına belə cavab verirəm. Ədəbiyyat insanın özünü ifadə vasitəsi olmaqdan daha çox, özünü xilas etmə vasitəsidir. Yenə də gəlirik, Folknerin “ədəbiyyat hamını yox, fərdləri xilas edir” fikrinə. 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)