AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 6-CI CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
Yazıçı Azad Qaradərəlinin əsərlərinin 6-cı cildi çapdan çıxmışdır.
Külliyyatının bu cildinə bir roman və bir pyes daxil edilib.
Bu cilddəki “Şüşə ev” romanında yazıçı səlahiyyət, yaxud var-dövlət sahibi olan birinin özünü toxunulmaz, külli-ixtiyar sahibi, hətta ölməz hesab etdiyi dönəmlərdə yaşantılarını, keçirdiyi eyş-işrətləri, çəkdiyi iztirabları qələmə almışdır. Nə yazıqlar ki, onun milyonlar sərf edərək tikdirdiyi malikanəsi şüşədəndir. Posmodern üslubda qələmə alınan əsərdə Y.V.Çəmənzəminlinin “Od içində” romanı ilə paralelliklər də aparılıb.
Romandakı hadisələr uzaq əyalətdəki Ofşar kəndində baş verir. Əslində, Nadir Şah Əfşarın törəmələri olan bu adamlar indi miskin bir haldadırlar və nə qədər haray-həşir salıb desələr də ki, bizim adımız Ofşar deyil, Əfşardır, buna fikir verən olmur.
Əsər “Yazı” dərgisində hissə-hissə çap olunsa da, kitab şəklində ilk dəfə işıq üzü görür.
Yeni cilddə müəllifin (qələm dostu Ramazan Hüseynli ilə birgə) yazdığı “İrəvan qalası” pyesi də yer alıb. Tariximizin Gülüstan, Türkmənçay yaraları və İrəvan damğası bu əsərin leytmotivini təşkil edir. “İrəvan qalası” janr kimi də faciədir, tarixi fakt kimi də xalqın faciəsidir ki, bu gün də qanı qurumayıb.
Qanun nəşriyyatında işıq üzü görən kitabın redaktorları Sevinc Elsevər, Mübariz Örən, rəssamı Pəri Miniatür, tərtibçiləri isə Vaqif Osmanlı və Türkan Azadqızıdır.
Kitabı M.F.Axundov adına Milli Kitabxanadan, Akademiyanın kitabxanasından, ADPU-nun (əski APİ), BDU-nun, Zəngilan, Şuşa rayonlarının kitabxanalarından əldə edib oxumaq olar.
Təxminən, 20 cild olacaq bu layihənin 10-cu cildinin nəşri zamanı yazıçı oxucularla görüş, yaxud simvolik satış keçirməyi də nəzərdə tutur.