Edebiyyat.az » Nicat Hunalpla ayaqüstü müsahibə

Nicat Hunalpla ayaqüstü müsahibə

Nicat Hunalpla ayaqüstü müsahibə
---
admin
Müəllif:
22:05, 14 fevral 2026
17
0
Nicat Hunalpla ayaqüstü müsahibə



Otuz yaşın mübarək, Nicat. Necəsən? Bu suala "bir şair necə olmalıdırsa o cürəm" şablonda cavab verəcəksən?


Şamil, əvvəlcə məndən müsahibə aldığına görə sənə təşəkkür edirəm. Çox sağ ol.

“Necəsən” sualını gündəlik həyatımızda çox eşidirik. Və demək olar, heç kim bu suala səmimi cavab vermir. Problemi olmayan da, ruhi sıxıntılarla boğuşan da, əzablarla qovrulan adam da bu suala “yaxşıyam” cavabını verir. Mənə elə gəlir ki, bunu ümumiləşdirmək olmaz. Bu hadisə hər şairdə eyni ola bilməz. Şair Əlisəmid Kür həyata fərqli bucaqdan baxırdı. Şair "Kentavr" şeirində Əlisəmid Kür birbaşa olaraq öz taleyini yazıb. Rüstəm Behrudi şeirlərində Tanrıyla danışır, yer-göylə əlləşir, iblisi günahkar görmür. Mənə maraqlıdır ki, Rüstəm Behrudi içindəki kədəri, ruhsal sıxıntıları çözə bildimi? Nicat Hunalp olaraq, mən özümü tapa bilməmişəm. Bir boşluğun içində, natamamlıq içindəyəm. Sanki nadanlar tərəfindən quyuya atılmış Yusif peyğəmbərəm. Daima düşünürəm, amma özümü tapa bilmirəm. Ümumiyyətlə, hansısa bir yazıçı özünü tapdığına əmin olanda yaradıcılığı da bitir.


"Şair taleyi" adlı bir şeirində belə bir sətr gözümə dəymişdi: "Bir şair taleyi yaşamalıyam mən". Nicat, məgər indi başqa tale yaşayırsan?


Xeyr, mən elə doğulandan şair taleyi yaşayıram. Hər kəs şeir yaza bilər, ancaq şairlik başqa bir zirvədir. Əsl şairlərin özlərinə xas taleləri olur, əgər o taleyi yaşamırsansa, şair deyilsən. Əlisəmid Kür şair taleyi yaşadı, Musa Yaqub, Rüstəm Behrudi və s siyahımızı uzada bilərik. Səməd Vurğun səhvləriylə, düzləriylə şair taleyi yaşadı. Hüseyn Cavid, bəli, şair taleyi yaşadı. Məncə, rahatlıq, vəzifə yaradıcılığı öldürür. Necə ki tufanlardan küləklərdən, yağışlardan keçən ağaclarla dekorotiv bitkilər bir deyilsə, komfortda yaşayan insan da əzablar içində qıvrılanla eyni deyil.


Təxəllüsün Hunalpdır. Niyə Hunalp? Niyə Kamaloğlu və ya soyadına görə Qasım deyil, məhz Hunalp? Bunu sənin üçün xüsusiləşdirən nədir?


İstədim, təxəllüsüm daha fərqli olsun. Buna görə də Hunalp təxəllüsünü götürmüşəm. Hunalp, yəni hun igidi. Düzünü desəm, insanlar eşidəndə təəcüblənirlər, hətta sərgilərdə qeydiyyatçılar Hunalpı səhv yazırlar, dəyişdirməyə məcbur qalıram.


Səncə, Azərbaycan vətənpərvərlik ədəbiyyatı çərçivədən kənara çıxıbmı? Məsələn, sən bu çərçivədən çıxmısanmı?


Xeyr, bir mənalı olaraq bu çərçivədən kənara çıxa bilməmişik. Bizim yazdığımız pafoslu şeirlər hansısa avropalıya maraalı deyil. Şair Elşən Əzim Kəlbəcərə səfəri zamanı eynəyin itirib və eynək şeirin qələmə alıb. Son zamanların ən gözəl vətən şeirlərindən  sayıram. Biz də bəzi şairlər elə bilir ki, şeirdə Şuşanın, Laçının adın çəkməsə, dünya dağılacaq. Şuşaya yazılan şeirlərin, demək olar  əksəriyyətinin poetik çəkisi yoxdur. Mənim poeziyamda ara-sıra pafoslu şeirlər olub, ancaq o şeirlərin əksəriyyəti poetik çəkiyə malikdir. Vətəni, milləti sevməliyik, ancaq onu mistikləşdirməyək.



Venn diaqramı çəksək, səni digər şairlərdən fərqləndirən şərtlər hissəsində nələri qeyd edərdin?


O şairin ki şeiri, başqa şairlərin şeirindən fərlənmirsə, şeiri oxuyanda “bu şeir Vaqif Bayatlının şeiri ola bilər, bu şeir Ramiz Rövşənin şeiridir” demirsənsə, onda sən heç şeir yazma. Əvvəl şeir yazanda, şeirlərim bəzi şairlərin şeiri ilə oxşar idi. Amma zaman keçdikcə mən öz üslubumu formalaşdıra bildim. Mənim "Ayaqqabı tənhalığı" şeirim var. Orada vəfat etmiş birinin ayaqqabısının qapı ağzında qalmasından bəhs edilir. O ayaqqabı, sahibi öldükdən sonra tənhalığa məhkum olur. Onu külək vurur, yağış yuyur, gün qurudur. O yalnızlığı, tənhalığı poeziyaya gətirmişəm. “Alp Aruz taleyi” şeirimdə heç kimin baxmadığı prizmadan Alp Aruza baxmağa çalışmışam. Şeirdə Dədə Qorquda qarşı bir  etiraz, küskünlük var. Daha bəsdir da, Tanrı taleyi yazıbsa, kimisə niyə sonsuz olmağına görə qınamalıyıq? Düzdümü? Men daha çox şeirlərimdə insanların ağrı-acısına şərik çıxmışam.


Atı daha çox düşünürsən, yoxsa yuxusu ərşə çəkilən balıqçını?


Səmimi olum. Atı çox düşünürəm. At mənə görə ideoloji bir şey də deyil. At bütün millətlər üçün eynidir. Atın əhilləşdirilməsi Eneolit dövrünə gedib çıxır. Atı ona görə sevirəm ki, at insanların tarix boyu ağrısını, yükünü çəkibdir. İnsanlar tarixdə addımlamağını atlara borcludur. Mən düşünmürəm ki, nə zamansa atlar dəbdən düşəcək. Mən at sürürəm deyəndə çox adam qəribə yanaşır. Maşınlar zamanla sıradan çıxa bilər, amma atlar çıxa bilməz. Ümumilikdə mən otaqda yalqız əzab çəkən hörümçəyi də, səhər yuxusu ərşə çəkilmiş balıqçını da düşünürəm. Amma indi atdan çox yazıram, yəqin ki ruhumun at ruhuna yaxınlığına görədir


Özünü yazırsan, Nicat, yoxsa başqasını? Şeirlərində intihara cəhd etdiyindən danışırsan. "Ölüm simfoniyasını sirkəni başına çəkmək istəyən drijoru sənsən?


“Konfransa Elegiya” şeirində özümü yazmışam. “Ölüm simfoniyası” şeirində xalamın ölümündən yazmışam. Anam qədər mənim əziyyətimi çəkib xalam, məni öz övladlarından ayırmayıb. Bu şeiri də yazmağı xalamın qarşısında mənəvi borc bildim. "Ayaqqabı Tənhalığı" kitabımı da xalamın ruhuna ithaf eləmişəm. Şeirlərimin demək olar, çoxunda özüm varam. “Bir bulud ağlayır, ay göy üzü, əl çək daha yaxamdan” şeirlərimdə darıxmalarım, sıxıntılarım əks olunub. Bəli, şeirlərimdə ölüm əsas yer tutur. Bilmirəm nədən, məncə, ölüm  yaşamdan daha çox yaxındır mənə.


Deyirsən ruhum Altayda gəzir, amma Mingəçevirdə küçəyə çıxanda üşüyürsən. Sənin ruhun ora tab gətirər? Yoxsa yenə pafos?


Uzaq Altaylarda bir ruh dolaşır,

Obun, Yeniseyin, Orxunun üstə 

Yazılır tarixin qanlı sözləri,

Göytürkün, Ağ Hunun, Uyğurun üstə.


Tək Altaylarda yox, dünyada ruhlar dolaşır. Amma məhz ruhuma yaxın olduğu üçün şeir belə qələmə alınıb. Altay yazıram? Mənim ruhum Temza çayının sahilində də dolaşa bilər, Monqolustanda Qobi səhrasında da,  Afrikanın Saxara səhrasında da. Altayın çöllərində ruhum həmişə tab gətirər, cismim tab gətirə bilməz. 50 dərəcə soyuqda, təbii ki, cismim tab gətirə bilməz.Pafos lazım deyil.


Ədəbiyyatda əyalət paytaxt ayrı-seçkiliyinin səbəbinin nə olduğunu düşünürsən? Bir əyalət şairi olaraq buna münasibətin necədir?


Əvvəlcə onu deyim ki, paytaxt-əyalət problemi tək bizdə deyil. XVIII-XIX əsr Fransa ədəbiyyatında əyalət şairləri Parisə köçməsəydilər, tanınmaqda çətinlik çəkərdilər. Uzun zaman ingilis yazıçıları London ətrafında cəmləşmiş, irland, şotland kimi millətlərin yazıçılarını qəbul etmirdilər. Rusiyada da bu problemi görə bilərik. Moskva, Peterburqda çap olunmayan yazıçılara məşhurluq misqal-misqal gəlirdi. İlk dəfə bu düşüncəni sarsıdan əyalət insanlarının həyatından yazmaqla Anton Çexov oldu.

Məncə, bu məsələ bizdə çox sərt şəkildə gedir. Əyalət şairlərinə yuxarıdan aşağı baxmaq Azərbaycan ədəbiyyatına baş ucalılığı gətirməyəcək. Belə bir  psixologiya formalaşıb ki, paytaxtdadırsa, deməli, yaxşı yazır. Bu kökündən yanlış düşüncədir. Əyalətdə də, paytaxtda da istedadlı şairlər var, həmçinin tərsinə istedadsız. Bu gün yaşadığım əyalətdə Mingəçevir şəhərində kifayət qədər ədəbiyyat adamları var. İsmayıl İmanzadə, Elşən Əzim, Əhməd Əfsun, Namiq Zaman kimi şairlərin adın çəkə bilərəm.

Paytaxtla müqayisədə əyalətdə imkanlar azdı. Əyalətdə yaşayan şairlərin əli Bakıya çox zaman çatmır. Bunun kökündə ilk olaraq maddi sıxıntılar dayanır. Bəzi hallarda şəxsən paytaxt qəzetleri əyalət şairlərini çap etmir. Mən əminliklə deyə bilərəm ki, əyalət adını eşidən kimi çoxusu yazını oxumur heç. Bu gün öz imkan və əlaqələrimiz yetdiyi yerə qədər əyalətdə ədəbiyyat adına işlər görməyə çalışırıq. Vallah, əyalətdə elə gənclərimiz var ki, istedadlıdır, fərqli  baxış bucağı var.

Mən ilk növbədə Elçin Məhərrəmin adını çəkə bilərəm. Müasir Azərbaycan dramaturgiyasında yeni bir günəş doğulub desəm yanılmaram. Pyesləri Azərbaycanın müxtəlif teatrlarında səhnəyə qoyulub.  Hətta Mingəçevir Dram Teatrına yeni nəfəs gətirib. Bir müddət əvvəl işlədiyi teatrı kitabxana ilə təmin etməyi bacardı. Elçin Məhərrəm əsərlərində insan ağrı-acısını, əzablarını, həyatın çılpaqlığını göstərir. Bu yaxınlarda "Günəşin Dostları" adlı əsəri Qax Kukla teatrında səhnəyə qoyulacaq.

İcazənlə səni də qeyd eləmək istəyirəm. Şamil Həsən olduqca istedadlı, daima mütaliə edən bir yazıçıdır. Hər zaman müşahidə edir, öyrənir. Mən deyərdim ki, son dövrün ən yaxşı hekayələrindən birini – “Bağacıqlar”ı yazıb. Bu hekayəyə dəyərli ədəbiyyatşünasımız Mətanət Vahid təhlil yazıb. “Bumeranq” essesi isə başqa bir uğurlu alınıb. Essedə yaradıcılıq prosesinin necə baş verməsindən danışılır.

Bayaq da dediyim kimi, əyalətdə bu gün də istedadlı şair və yazıçılarımız var. Sadəcə imkanların kasadlığı, təəəsüf ki, onların çoxunu kölgədə saxlayıb.



Müsahibə alan: Şamil Həsən

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)