Rasim Əlizadə - Karma
Son zamanlarda insan münasibətləri haqqında podkastlar, müsahibələr izləyir, kitablara müraciət edirəm. Ümumi qəbul olunmuş görüş odur ki,
insanlara göstərdiyin davranış, onlara qarşı etdiyin yaxşı və ya pis əməl bir müddət sonra eynilə insanın özünə qayıdır. “Yaşatdığını yaşamadan insan ölməz” kimi fikirlər də bunun doğruluğunu təsdiqləyir. Həyat bir növ bumeranqdır — fırlanıb yenə özünə qayıdır. Bu baxımdan insanın karmasının təmiz olması çox vacib mahiyyət daşıyır.
Həyatın paradokslarından biri də odur ki, insanlar onlara yaxşılıq edənin qədrini çox vaxt bilmirlər, əksinə, onlara pis davrananı daha çox dəyərləndirirlər. Sanki “sevən sevilmir, sevilən sevmir” prinsipi alqoritmik bir proses kimi bu kainatda işləyir. İnsanın bir az da cəlladına aşiq olmaq kimi bir tərəfi var. Bu çox kədərli olsa da, reallıqda tez-tez rast gəlinən bir haldır. Düşünəndə ki, ağıllı insan belə davranmaz, amma görürsən ki, bir çox insan bu səhvə yol verib.
Bu kontekstdə bir cümləyə rast gəldim: deyilir ki, bəzi insanlar ağızları ilə quş tutsalar belə, yenə onları dəyərləndirmərik, amma etdiyi pislik nə olursa olsun, yenə də sevməyə davam etdiyimiz insanlar olur həyatımızda. Bu fikir məni çox düşündürdü. Bir mənalı olaraq bu cümlə bizə ya özümüzü, ya da həyatımızdakı belə insanları xatırladır. Amma dərindən analiz edəndə burada müəyyən bir ədalətsizlik hiss olunur. Çünki insan, nə olursa olsun, hər kəsi öz yerinə qoymağı bacarmalıdır. Bacarmasa belə, həyat bunu ona, kobud desək, döyə-döyə öyrədir.
Necə deyərlər, nə qədər yaxşı olursan ol, sonda sənə necə davranırlarsa, sən də onlara elə davranmaq məcburiyyətində qalırsan. Elə ədalət də buradan başlayır. İlahi ədalət də insandan bunu tələb edir: hər şeyi və hər kəsi öz yerinə qoymalısan. Hamıya eyni cür davranmaq yox, hər kəsə layiq olduğu dəyəri vermək ədalət sayılır.
Daxilən böyüdükcə anlayırsan ki, insanlara qərəzsiz yanaşmalısan. Onların şəxsi keyfiyyətləri və etdikləri yaxşı işlər sənin gözündə dəyərdən düşməməlidir. Bunları görə-görə qiymətdən salmamalı, əksinə, təqdir etməlisən — o insandan xoşun gəlməsə belə. Bu həm də sənin içindəki təkəbbürü, mənəmçiliyi sındırır və kinini təmizləyir.
Təqdir etmək demişkən, insanların bu həyatda ən çox ehtiyac duyduğu şeylərdən biri də təqdir olunmaq, insanlar tərəfindən “görülmək” hissidir. Bu olmadıqda insan özünü tək hiss edir. Bu hal həm şəxsi həyatda, həm iş mühitində, həm də dostluq və sosial münasibətlərdə özünü göstərir. Marketinq sahəsində də tez-tez vurğulanır ki, işçilərinizi təqdir edin. Çünki təqdir olunduğunu hiss edən işçi həmişə ondan gözləniləndən daha artığını etməyə çalışır.
Ümumiyyətlə, təqdir olunmamaq, görülməmək insanı ən çox narahat edən hallardan biridir. Bu zaman insanı natamamlıq, heç kimə lazım olmamaq, hətta kobud desək, heç nəyə yaramamaq hissi bürüyür. Bu da zamanla insanı tükəndirir və o, könüllü şəkildə uzaqlaşır, özünü təcrid edir, həyata və insanlara küsür. Tükənmişlik sindromu yaşayan insan isə sanki bataqlığa düşmüş kimi olur və oradan çıxmaq çox çətin, uzun zaman tələb edən bir prosesə çevrilir.
Bu fikirlərimi məqalə şəklində yox, hekayə formasında yazmaq istərdim. Amma hələ ki, həyatımda hekayə yazmaq qabiliyyətimi işə salacaq bir hadisə baş verməyib. Mən bir az da hekayə yazmağı posttravmatik hadisəyə bənzədirəm. Bəzən insanın həyatında çox ağır bir hadisə baş verir və o, həmin an bunu tam hiss etməsə də, sonradan bu travmanın təsirini uzun müddət daşıyır — günlərlə, aylarla, bəzən illərlə.
Bu baxımdan yazıçı üçün də elə bir hadisə və bu hadisədən doğan təsir lazımdır ki, onu hekayəyə çevirə bilsin, özünü ifadə etsin. Yazmaq bir az özünü ifadə etməkdir, bir az unudulmamaq istəyi, bir az da özündən imtinadır. Bu baxımdan yazmağın verdiyi mənəvi həzz çox güclüdür. İncəsənətlə, yaradıcılıqla məşğul olan hər bir insan bu hissi dadıb.
Çox xoşbəxtəm ki, həyatımda, karmamda yazmaq var və yaza bildiyim müddətdə bu terapiyadan maksimum faydalanmağa çalışacağam. Sizin də demək, ifadə etmək istədiyiniz fikirlər varsa, mütləq yazın. Vacib deyil ki, yazıçı olasınız — amma yazın. Sizi narahat edən, düşündürən nə varsa, yazıya çevirin. Yazmaq daxilən yüngülləşmək, rahatlamaqdır. Özünüzü bundan məhrum etməyin.
