ETİBAR KƏRİMLİ - BİR FOTONUN TARİXÇƏSİ, YAXUD DAYIOĞLUMA VADALAZKA GEYİNDİRMƏKLİYİM.
Ədəbi tənqid
ETİBAR KƏRİMLİ - BİR FOTONUN TARİXÇƏSİ, YAXUD DAYIOĞLUMA VADALAZKA GEYİNDİRMƏKLİYİM.
Yazıçı, publisist Tofiq Qəhrəmanovun əziz xatirəsinə...
-Foto çəkdirməklə aran necədi? – üzündə xəfif təbəssüm yarandı. – Məsələn, mən çox xoşlayıram.
Dayioğlumun Yuxarı Dağlıq küçəsindəki evindən çıxarkən, bapbalaca həyətində bir anlıq fikrə getməli oldum. Görəsən niyə soruşur? Bəlkə fotoşəklimi nəyə görəsə istəyir, elə indicə çəkdirməyə göndərəcək? Tutalım lap belədi, burda nə var ki?
-Normal. Ailə albomumuzda xeyli fotoşəklim var. Hələ bağçada olduğum vaxtlardan... Sünnət olunandan sonra tumançağ çəkilmiş fotom da var...
Sonuncunu heç bilmədim niyə dedim. Ağzımdan çıxdı sadəcə...
- Onu saxla özünçün, gələcəkdə lazımın olar, - üz-gözü azacıq turşudu. – Gəl səninlə normal... – pauza yarandı, nəsə münasib sözlər axtarırdı, - səliqəli, əyin-başın üstündə olan foto çəkdirək... - gərəkli sözləri tapdığına görə özündən razı göründü...
- Həə? - sevincimi gizlədə bilmədim. – Çəkək də. Mən hazır. Getdik...
- Yox, dayan görüm, - təbəssümü bütün üzünə yayıldı, - bu gün yox. Gələn dəfə gələndə kostyumunu geyin, qalstuk tax, düşüb Hüsü Hacıyevdə çəkdirərik.
Qalstuk sözünü eşidəndə ildırım vurdu elə bil. Zəhləm gedir qalstukdan. Boğulmağım bir tərəfə, heç yaraşmır da mənə... Amma bunu indi alim, yazıçı, jurnalist, üstəlik fotolarında boynundan qalstuku əskik olmayan bir adama necə deyəsən? Birdən başqa şey fikirləşər...
- Qalstuksuz olmaz?
-Yox, olmaz, - cavabı həmən verdi. Elə bil gözləyirdi sualımı, - mən də kostyumlu, qalstuklu olacam, geyimlərimiz uyğun gəlməlidi. Həm də qalstuk taxmağa öyrəşməlisən yavaş-yavaş... nədi ki, qalstukun yoxdu?
-Var, amma... - istəyirdim lənət şeytana deyib, ardını gətirəm ki, bəs, istəmirəm o xalta ilə özümü boğum, başqa cür də səliqəli geyinmək olar-filan...
Sözümü ağzımda qoyub, həyət qapısını üzümə açdı:
-Onda gələn həftə görüşərik...
***
Gələn həftə Yuxarı Dağlığa hazırlıqlı gedirdim. Planım baş tutsaydı, həm dayıoğlumun, həm də mənim istədiyim olacaqdı, yəni nə şiş yanacaqdı, nə də kabab. Amma yenə də içimdə həyəcan vardı, bunu hiss etsəydi, heç nə...
Evə keçib divanda oturanda əlimdəki kağıza bükülünü ehmalca stolun üstünə qoydum. O dəqiqə soruşdu:
-O nədi elə?
-Heç, evdən bir şey tapşırmışdılar, gələndə aldım.
Şübhəylə baxırdı mənə. Amma sakitliyimi qoruyub saxlayırdım. Öldü var, döndü yoxdu...
-Qalstukumu əvvəlcə istədim sizə göstərim, sonra taxım, - deyib, ipə oxşayan ensiz bir əski parçasını ona verdim.
Çaşbaş vəziyyətdə “qalstuk” dediyimi bir müddət əlində o tərəf-bu tərəfə çevirdi, barmaqlarının ucları ilə enini-uzunu yoxladı, boğaza keçirilən rezini bir-iki dəfə dartışdırdı... Üz-gözündən başa düşmək çətin deyildi ki, əməlli-başlı dilxor olub.
-Bu nədi, alə? – əlindəkini mənə sarı stolun üstünə atdı. – Yekə cayılsan, adun-sanun var, sən buna qalstuk deyirsən?
-Nə olub ki? İndi bu cür ensizləri moddu, - əvvəlcədən hazırladığım sözləri dalbadal döşəməyə başladım. – Şəhərdə-zadda, televizorda məşhur artistlərə qədər hamı bundan taxır. Həm də başqası yoxumdu...
- Mənə artisti-zadı nümunə gətirmə, hamı özünə cavabdehdi. Yoxundu, bu başqa məsələ. Səndə yoxdu, məndə çoxdu. İndi birini səninçün seçərik. O gətirdiyini də daha heç kimə göstərmə, ən yaxşısı, gedəndə məhlədəki zibil yeşiyinə tullayarsan.
Ayağa durub qalstuk dalıyca getmək istəyirdi ki, növbəti sözlərimi eşidib yerinə pərçimləndi.
-Mən bu vaxta qədər özümkülərdən başqa heç kəsin geyimini geyinməmişəm.
Bilirdim ki, onun üçün kifayət qədər təsirli arqument olmalı idi. Hətta nadir hallarda yazdığı şeirlərindən biri də bu haqdadı: qardaşının geyimini geyir və onun içində özünü çox narahat hiss edir... Əmin idim ki, onun qalstukunu taxmağa məni məcbur etməyəcək...
Doğrudan da, üzüntü yaranmışdı simasında. İtirmişdi elə bil özünü. Xeyli susdu, gözləri yol çəkdi. Nəhayət, tam sakit halda:
-Yaxşı, foto işini təxirə salırıq bu dəfəlik. Özünə düz-əməlli qalstuk alana qədər. Hərçənd, fotoqrafa demişdim bu gün gələcəyimizi, amma eybi yox, zəng edib üzürxahlıq eləyərəm.
Mənə də elə bu sözləri lazımdı...
- Niyə ki, vadalazka ilə də çəkə bilərik, çox da səliqəli, müasir görünər. Sizin əyninizdə keçən dəfə qəşəng birisini görmüşdüm...
- Varımdı, hə... – yenə mənə şübhəylə baxmağa başladı. – Amma onsuz da bu dəfə alınmayacaq. Gələn həftə sən də geyinib gələrsən, gedib çəkdirərik.
- İstəsəz, elə bu gün də gedə bilərik. Heç kimdən də üzürxahlıq etməyə ehtiyac qalmaz. Vadalazkamı özümlə gətirmişəm, - deyib bayaq stolun üstünə qoyduğum qəzet bükülüsünü asta-asta açmağa başladım.
Bu dəfə elə bil onu ildırım vurdu. Birdən-birə rəngi-rufu qızardı, pörtdü... dili dolaşdı, nəsə demək istədi, amma deyəsən yaxşı söz deyildi, dilinin ucundan geri qaytardı. Axırı uyğun sözlər tapıldı:
-Ala, sən necə julik adamsan?! Bəs deyirdin evdən tapşırıblar, gələndə almışam?! Elə birdəfəlik gələn kimi deyəydin ki, qalstukla çəkdirmək istəmirəm, gedək vadalazka ilə çəkdirək...
Artıq deyəcəyi bütün sözlərinə cavabım vardı.
- Gələn kimi yox, hələ keçən həftə qapının ağzında demək istədim, qoymadız...
-Yaxşı elədim, qoymadım. Niyə qalstukla çəkdirmək istəmirsən? Bizim az qala bütün ömrümüz qalstukda keçib...
- Qalstuk azad ruhumu boğur! – Bunu da necə oldu dedim, heç bilmirəm...
- Vessebet! – “Vəssəlam” sözünün bu variantını belə vaxtlarda xüsusi ləzzətlə işlədirdi. Elə bil içindəki enerjisini bu sözlə bayıra püskürürdü. - Bəs yalan danışmaq necə, “azad ruhunu” boğub-eləmir?
- O nə yalandı ki?! Uzağı bəyaz yalan... cəmi beş-altı dəqiqəlik... üstəlik, öz-özümü ifşa etdim...
Get-gedə hiss edirdi ki, mövqeyim güclüdür, hansı tərəfdən hücuma keçirdisə, dəf edə bilirdim. Uzun pauza yarandı. Görünür, həm keçən həftə, həm də bu gün dediyimiz bütün sözləri bir-bir xırdalayır, onları içində daim yanmaqda olan işığının parlaq şüaları altında saf-çürük edirdi. Nəhayət, nəticə vurmaq məqamı çatdı.
-Qədeş, incimə, amma juliksən, yek kəlmə. Özü də elə-belə yox-a – bəyaz julik! - Ayağa durub qəddini düzəltdi. Simasında yenə güclə sezilən xəfif təbəssüm vardı. - Geyin vadalazkanı, mən də gedim özümkünü çıxardım, gedək fotomuzu çəkdirək.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Tofiq Qəhrəmanovun 75 illiyinə | Tehran Əlişanoğlu - Yazıçı sözü və yazıçının özü.
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)