AZAD QARADƏRƏLİ - NARIN POEZİYA ÜZÜ
(Gənc dostum Səxavət Sahilin “Nar” silsiləsi haqqında qısa qeydlər)
Heyvanı, armudu, almanı qonaq otağına qoyardıq ki, ətri yayılsın. Şamamanı da elə. Narı isə gözə yaxın yerdən budağıqarışıq asardıq... narın görünüşə xeyri var deyərdi nənəm...
Narı gərək elə yeyəsən ki, dənələri yerə düşməsin – bunu da babam deyərdi.
Sehrli bilmişdim narı. Bir də ona müqəddəs meyvə kimi baxmışam həmişə. “Xəstə könlü nar istər” deyiminə görəmi, ya bu qızılı dənələri ilə sehrli qutuya bənzəyən meyvənin dad-tamına heyarnlığımdanmydı, xalamgilin böyük nar bağında gəzməyin məndə yaratdığı xoş auradanmı gəlirdi... ya ölü düşəndə gedib nar bağından iki ədəd nar çubuğu kəsərək mərhumun kəfəninin altından “qoltuq ağacı” qoymalarındanmı qaynaqlanırdı?..
Bilmirəm.
Bir bildiyim var ki, nara həmişə sehrli meyvə kimi baxmışam. Hələ-hələ ağzı çatlayan, qan qırmızı dənələri ilə gülümsəyən, aıçq ağzı ilə sənə nəsə demək istəyən nar ola!
Payızda çox darıxıram,
əziz dost, çox darıxıram –
nə quşlar olur,
nə də yarpaqlar.
İndi məni təklik dimdikləyir
xatirələr çatladır məni...
...İndi mən o budaqdakı nar kimiyəm.
Pəh! Bunun ayrıca yeri olub könlümdə...
Çatlayan nar - o sehrli qutudan boylanan billur dənəciklərin bu saat dil olub dillənəcıyinə inam.
Toğrul Nərimanbəyovun “Narlar”ı – budaqda, məcmeyidə və qızın sinəsində...
Və nar haqqında şeir oxumaq! Əcaba, nar özü elə şeir deyilmi? Hələ şeirdən ötəsi də var...
Gənc dostum Səxavət Sahilin “Nar” silsiləsi isə mənim nara olan sevgimi bir az da körüklədi...
Yuxarıdakı nümunədə narlı xatirələr sizi də “dimdikləyir”mi? Elə isə davamına baxaq.
Səxavətin şeirlərini çoxdan izləyirəm. Hələ “Yazı”nın ardıcıl çıxan vaxtlarında çap da etmişdik. Amma bu “Nar” silsiləsi mənə ayrı cür toxundu. Kəndimizə qaytardı, uşaqlıq duyğularımı oyatdı, rəngli toxunma corablarımı, nənəmin güllü fərməşini, o fərməşin artığından kəsib mənə tikdiyi güllü məktəbli çantamı, bir də nədənsə əlifba kitabımı yadıma saldı... Bir də yazbaşı suların daşması, yazın qoxusunun bulanıq sulara qarışması...
Yazın qoxusunu
qızaran tumurcuğuyla alır
bomboz nar budağı.
Tutulduqca baharın nəfəsinə
yel tutan kösöv kimi
közərir, alışır
güllənir ağaclar…
Təbiətlə insan bir-birinin oxşarı, bir-birinin eynidir sanki. “Bar budağı yerə gəlir” ifadəsi ilə “bari-həmlini yerə qoydu” ifadəsindəki qohumluq kimi. Nar bəhərinə “hamilə” nar kolu ilə “uşaq gözləyən ana” assosasiyası burada yerinə düşür:
İndi şax durmuş şüvüllər
utancaq qız kimidir
payızda qızaran narın yükündən
başını yerə dikəcək.
...İndi budaqlar
utancaq qız deyil,
uşaq gözləyən ana kimidir.
Dedim axı, nar həmişə məni uşaqlığıma çəkib. Əlimdən tutub, Nar dərəsinə aparıb, Nalıparamızda gəzdirib, narın şirəsi ağ köynəyimi qızardıb, “uşaqlığım torpağa düşüb”:
Körpəliyim
pöhrələrin altında qaldı,
uşaqlığım torpağa düşdü
budağından vaxtsız qopan
nar kimi.
Şirin nar, gülövşə nar və narların ən qəlizi turş nar… Və nar gazallarının çürüyüb torpağa qarışımı. Babam narlı həyətləri bərəkətli sayardı. Narın gazalı da (qabığı) dərmandı, yandırıb yaraya qoyarsan, qaynadıb qarnı ağrıyana içirdərsən, bir də çürüyər, torpağı artırar deyərdi torpaq bilicisi. Ona görə Narlıpara deyilən bağımızdakı özü bitən turş narları kəsməyə qoymazdı. Onun da yiyəsi var, uşaq-muşaq yeyər, quşlar dənləyər…
Tutulduqca payızın ölüm nəfəsinə
bozarır dodaqları,
sinəsindən qan açılır...
Kimi haraylasın, kimi –
yarpaqlar öz hayında.
Tökülmüş göz kimi
ovulur qurumuş qabığı,
tökülür, tökülür dənəsi.
Əzilib, torpağa qarışır –
elə bil dağılır yer kürəsi.
Ədəbiyyata “həyatın dərs kitabı” (N.Q.Çernişevski) deyiminin sahibi yəqin ki, mənim bu fikri bir az da irəli götürüb “… və təbiətin dərs kitabı” kimi ifadə etsəm, razı qalardı. Səxavətin şeirlərində bir nar meyvəsinin, yaxud bitkisinin yaratdığı bu qədər duyğu, bilavasitə ədəbi materiala çevrilirsə, demək yanılmamışam. “Meyvələrin özünəməxsus rəngi – onların özünəməxsus dadının, çiçəklərinin biçimi - onların ətrinin şəklidir” (R.Ulusel) deyən filosof da sanki Səxavət Sahilin “Nar” silsiləsini oxuyub, bu cür yazıb. Şair dostumuzun narlı şeirlərinin bizi hələ daha mübhəm məqamlara götürəcəyinə inanıram.
22.02.2022