Edebiyyat.az » Ədəbi tənqid » İLKİN MİRƏLƏMOV - “J” PLANETİNDƏN KAİNATA MESAJ

İLKİN MİRƏLƏMOV - “J” PLANETİNDƏN KAİNATA MESAJ

İLKİN MİRƏLƏMOV - “J” PLANETİNDƏN KAİNATA MESAJ
Ədəbi tənqid
admin
Müəllif:
15:11, 30 oktyabr 2022
1 428
0
İLKİN MİRƏLƏMOV - “J” PLANETİNDƏN KAİNATA MESAJ


 



Bu nəhəng və sonu görünməyən dünyada biz özümüzü qum dənəsi belə adlandıra bilmirik. Bu nəhəng ölçülərin içində qum dənəsi boyda ola bilmək özü bir şərəf olardı.

                                           QARAQAN, yazıçı-filosof

 

Qeyd: Əsərdəki zaman, məkan, ölçü və.s anlayışlar şərtidir.

 

Bənövşəyi, sonsuz fəzada fantastik möcüzələri çılpaq gözlə kəşf etmək mümkünsüzdür. Bu səma tək bizim yox, bütün kainatın şəffaf aynasıdır. Bəlkə, bizdən milyonlarla işıq ili kənarda izlədiyimiz hansısa ulduzda yaşayan bir canlı bizim gəzib-dolaşdığımız planetimizi kiçik bir parıltı kimi müşahidə edir? Bəlkə, eyni kainatı bölüşən müxtəlif canlılarıq biz?

Mənim adım NKD(En Ka De, şifrəli ad). Sizə bir hadisədən söz açmaq istəyirəm. Ancaq bilmirəm hardan başlayım, necə bitirim ki, mənə inanasınız. Əslində arabir mən özüm də daxilimdəki rəngli aləmi dərk etməkdə çətinlik çəkirəm. Lakin iki yüz il əvvəl başıma gəlmiş bir hadisəni sizin diqqətinizə çatdıra bilsəm, az da olsa, rahatlıq taparam...

Əvvəla, qeyd edim ki, qələmə aldığım kiməsə görə maraqlı, başqaları üçün absurd fikirlərdən bütün kainatı agah etməkdə məqsədim yaxın dostum ZDR(Ze De Er) ilə birlikdə qarşılaşdığımız hadisələri bir yazar təxəyyülü ilə işıqlandırmaqdan irəli gəlmişdir. Aha, buradan hiss edirəm, fikirləşirsən: “səni də, dostunu da tanımırıq axı. “Belə də ki, tanısaq, bizə nə sizin başınıza gələn hadisələrdən?””

Okey. Razıyam sizinlə. Siz məni də, dostumu da tanımırsınız. Rastlaşdığımız qeyri-adi situasiyalardan xəbəriniz yoxdur. Ümumiyyətlə, bütün bunları bilmək istəməyə də bilərsiniz. Mən indicə özümü sizə təqdim edirəm. Təbii ki, sizə nəql edəcəklərim və kimliyimiz sıxıcı, darıxdırıcı, yorucu gəlirsə, yazını oxumağa məcbur deyilsiniz. Yox, hələ də oxuyursunuzsa, ümid edirəm, qısa səyahətimiz maraqlı və rəngarəng olar.

Biz “X” qalaktikasının “J” adlı bir planetində həyat sürürük dostumla. Birlikdə nələrisə müzakirə edir, araşdırır, öyrənir, hətta onunla birgə düşünürük. Üstün təfəkkürə sahib olduğumuz üçün bir-birimizin fikirlərinə bələdik. Amma bir neçə yüz il sonra düşüncələrimiz yol ayrıcına gəldi. Bilmirəm niyə, ancaq mən yaradıcılıq pazlımla qeyri-adi dünya yaratmağı və o aləmi sözlərin sehri ilə bəzəməyi sevirəm. O isə məndən fərqlidir. Daha çox Astronomiya elminə maraqlı, ulduzları, bürcləri və bizdən sadəcə 789 işıq ili uzaqlıqda olan Günəşi müşahidə edir və özü üçün xüsusi qeydlər aparırdı. Düzü, bu dostluğumuza heç bir maneə deyildi. Sadəcə müəyyən mənada fikir və peşə ayrılığı yaradırdı.

Gəlin əsas mətləbə keçməzdən əvvəl “J” planeti ilə bağlı sizdə kiçik bir tanışlıq və təsəvvür yaradım: Bizim dünyamızda hər kəs xoşbəxt yaşayır. Elm var, təhsil var, sevgi var, dostluq var, mədəniyyət var... Kimsə kimsəni incitmir, xətrinə dəymir. Burada ömür sürən canlılar göylər qədər azaddırlar. Doğma məskənimizdə gözəllikdən uzaq, çirkinliyə yaxın heç nə yoxdur. Biz planetimizə yaxın “Zeta” adlı ulduzdan enerji alır, bənövşəyi səmadan ilhama gəlir və hidrogen qazı ilə qidalanırıq. Bizdə gecə gündüzün 1\4-i qədərdir. Fəsillərsə çox fərqli; gecə yarısı dondurucu soyuq(Yer planetində təxminən – 36° C), gündüzlər isə olduqca isti olur( yerdə təxminən + 55 , 60° C). Bütün bunları qeyd etməkdə məqsədim var. Təsadüfən yazmıram, nə də ki, vaxt öldürmək fikrindəyəm.

Dostum digər planetləri müşahidə edərkən bir gün maraqlı bir hadisə ilə qarşılaşdı: O, “J” planetindən 900 işıq ili uzaqlıqda, Süd yolu qalaktikasında mavi bir planet aşkarladı. Üstəlik həmin planetdə həyat vardı. Bizdə elm çox-çox inkişaf etdiyi üçün digər qalaktikalarda həyat olduğunu təxminən bilirdik. Amma Yerdəki həyat sən demə bambaşqa imiş...

 ZDR və mən burada baş verənləri müşahidə etmək üçün “J-333” peykimiz vasitəsilə öz dünyamızda böyük monitorla izləməyə başladıq. Necə böyük dəhşətlərlə rastlaşdığımızı sizinlə aydın bir dillə söz açacam:

Yer planeti. İnsan aləmi. Ölmüş mənəviyyat. Məhv olmuş bəşəriyyət.

İzlədiyimiz kadrlardan gəldiyimiz nəticələr;

 

N.1. YERDƏKİ ƏDALƏTSİZLİKLƏR:

Konkret olaraq bu dünya pazl kimi müxtəlif parçalara, yəni ölkələrə bölünüb. Bəzi dövlətlərdə insanlar kef çəkdiyi halda, digər ölkələrdə körpə uşaqlar bir qram su üçün göz yaşı tökürlər. Acından sızlayırlar... Öz ata-anasının önündə doğma balasının acından ağlaması, sizcə, dünyanın sonu deyilmi? Haqq nahaqın yanında Günəş altında şam işığı kimi işıldayır.

 

N.2. XƏYANƏTLƏR:

İnsanlar o qədər boş eqolarına arxalanıb, özlüyündə xoş niyyətə həsrət qalmışlar, elə bir mənəviyyat yoxsulu olublar ki, hamı xəyanət etməyi çirkin bir asılılığa çevirib. Burada hər kəs bir-birinə xəyanət edir(istisnalar hər zaman var). Kimisi öz dostuna, kimisi valideyninə, başqası ideologiyasına, digəri ölkəsinə və s.

Öz həyat yoldaşını qardaşı(dostu) ilə bir yataqda tutanlar, vətənini namərdcəsinə satanlar, yemək yediyi qaba tüpürənlər, Yer deyimi ilə desək “sapı ağac olan baltaların ağac qırmaqla gün keçirmələri”...

 

N.3. ÖZBAŞINALIQLAR:

Yerdə ən ali varlıq sayılan insan o qədər özbaşınalıqlar edir ki, bu heç bir çərçivəyə sığmır. Planeti bölüşdükləri digər canlılara mənasız əşya kimi yanaşırlar. Siz deyin, hansısa heyvana işgəncə verən məxluq necə ən ali varlıq ola bilər?! Düzdür, yaxşılar da var, amma bir kadrda məsum heyvanın diri-diri gözləri çıxarılırdı, başqasında qaynar suya atılır, hətta dərisini yarımcan zövq üçün soyanları gördük.

 İnanmayacaqsınız, bəlkə, bir fraqmentdə heyvanları qoyaq qırağa, balaca bir uşağın hansısa bir dəcəlliyinə görə canlı şəkildə əli, qolu üzülürdü... İnsanlar bir-birinin vəhşicəsinə ətini yeyirlər.

Təkcə bununla yekunlaşmır. Oğurluqlar, cinayətlər, təcavüzlər, pedofillər, manyaklar... Ali varlıqmı 9–10 yaşlı qız uşaqlarına təcavüz edir? Yoxsa başqasının ailəsinə göz dikənlərmi insandırlar? Bəs bütün bu özbaşınalıqlar cavabsızmı qalacaq? UNUTMAYIN Kİ, DÜNYANIN SONU YAXINDIR!

 

N.3. SƏRVƏT EHTİRASI:

Nəzərə alın ki, təkcə yerdə yox, bütün kainatda hamı özü ilə eyni yolda olan birisini özünə yaxın sayır. Mən buranın yazarlarını araşdırarkən məşhur bir mütəfəkkir Artur Şopenhauerin fikri ilə bu hissəni başlamaq istəyirəm: “Dünyanın bir qızıl qanunu var: qızıl kimdədirsə qanun ondadır”.

İnsanlar qızıl, sərvət, pul üçün etmədikləri haqsızlıq, çıxmadıqları hoqqalar qalmayıb. Pula görə atılan ən çirkin addımlardan biri sahib olduqları ən dəyərli keyfiyyət sayılan mənlik, ləyaqət, şəxsiyyətin heçə sayılmasıdır.

Bir insan niyə dərk etmir axı, ən böyük sərvəti onun şəxsiyyəti, mənliyi və əxlaqdır?! Pul üçün qiyməti xəzinələr qədər olan mənəvi dəyərlər satılarmı?! Sərvət uğrunda qan tökülərmi?! Bu barədə, görəsən, insanlar heç düşünüblərmi?

 

N.4. TƏBİƏTİN FƏRYADI

Maraqlı bir Yer aforizmi var: ”Təbiət bir gözəl qadının qulağındakı sırğa kimidir. İnsan nə qədər o sırğanı dartıb qoparmaq istəsə, bir o qədər öz canını incidər”.

Dünya aləmindəki təbiət, yaşıllıqlar rəngarəng cənnəti xatırladır. Lakin adamlar bu mühitə elə işgəncə veriblər ki, o artıq üsyan edir. Flora və fauna məhv edilir, meşələr qırılır, heyvanlar kobudcasına ovlanır, Ozon qatı isə dəlik-deşik olmuşdur. İndicə qlobal istiləşmələr, qütblərdə buzların açılması nəticəsinin əslində özlərinin sonu olduqlarını axı niyə kimsə dərk etmir!?

TƏBİƏT İNSANLARIN ZÜLMÜNDƏN ÜSYAN EDİR!

 

N.5. İNANMAQ, Yoxsa ALDANMAQ?

Maraqlıdır ki, bu mühitdə insanlar özləri də kimə inanacaqları barədə qərarsızdılar. Çünki çoxu yalan danışır. Kimsə kimsəyə güvənərək bir addım atmağa qorxur. Ata oğula yalan danışır, oğul ataya, müəllim şagirdi aldadır, şagird müəllimi, rəhbər kollektivə, kollektiv rəhbərə yalan deyir. Bu necə bir sistemdir?

 

N.6. SƏFALƏT

Yerdə sığınacaq bir evi olmayan, içməli suya, quru çörəyə möhtac insanların sayı hədsiz çoxdur. Əgər kiçik bir evin, içməli suyun, bir tikə çörəyin varsa, sən ən şanslı bir milyard əhalidən birisən(Qaraqan “Birinci Addım” kitabına istinadən). Bu, dünya əhalisinin 1\8-i deməkdir. Hər gün minlərlə insan aclıqdan, susuzluqdan məhv olur. Şaxtalı qış gecələrində bəziləri isti kamin kənarında sağlığa badə qaldırarkən, başqaları tənha küçələrdə soyuqdan donurlar...

 

Bu nəticələr əslində sizə çatdırmaq istədiyim fikir çantasında olan ləvazimatların hələ hamısı deyil. Ən əsas diqqət çəkən altı nəticəni sizinlə bölüşdüm. Sonda bildirmək istəyirəm ki, insanlar düşünməsinlər, etdikləri xoş, bəd işlərdən kimsənin məlumatı yoxdur. Və ya dünyanı tutub gedəcəklər. Heç nə daimi, əbədi deyil.Yaxşı işlərin mükafatı, pis işlərin cəzası var...

Qeyd etməliyəm ki, Yerdə yaşayan xeyirxah, incə ürəkli, saf insanlar da var. Hərdən kadrlarda görürdük ki, balaca pişik balasına yem verən böyük ürəkli qızcığazlar, kimsəsiz uşaqlara yardım əlini uzadan alicənablar, bir yaşlı xanımı maşınların zəhmli simasından uzaqlaşdırıb yolu keçirən cavanlar, hər şeyini itirmiş birinə ümid işığı olanlar, soyuqdan titrəyən birinə palto uzadan böyük insanlar, məncə, dünyanı sizlər xilas edə bilərsiniz. Elə dünya sizin kimi böyük qəlb sahibləri var deyə az da olsa rahat vicdanla fırlanır.

İndi, Kainat, sən de, bu mesaj cavabsızmı qalacaq, yoxsa bu cür vəziyyət qarşısında susacaqsanmı?

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)