ŞvartsMan(Tamerlan) - İntim(esse)
Spermanı uzağa ata bilməklə fikirlərin uzağa çatmağı düzmütənasibdir - bu fikir ağlınıza gəlib heç? Əlbəttə, yox! Belə bənzətmələri tapmaq üçün çox oxumaq yox, çox fikirləşmək lazımdır və adınız Ş v a r t s m a n olmalıdır. Ən əsası isə əxlaq-sız olmaq lazımdır- əxlaqsız yox, əxlaq-sız. Hadisələrə və insanlara əxlaqi nöqtədən baxmamaq. Bunu bacara bilərsiniz? Fikirləriniz, reaksiyalarınız, emosiyalarınız yaşadığınız cəmiyyətin tatularıdır. Bu gün sahib olduğunuz düşüncəniz belə sizin deyil. Başqasından borc almısınız və qaytarmamısınız. Borc kişinin namusudur və borcunu qaytarmaq istəməyənin kişiliyi şübhə altındadır.
Bilmirsiniz: sperma donor üçün klinikaya getdim. Süni mayalanmanın yaşamasına öz töhfəmi vermək istədim. İnsanların çoxalmasının yox, pulumun çoxalmasının tərəfdarıyam. Sperma verdiyim Mərkəzi klinikada Qənirə Paşayeva öldü. Həyat belədir: doğum və ölüm eyni yerdədir.
Əvvələ qayıdaq, fikrimiz yarımçıq qalmasın: spermanı uzağa ata bilmək üçün çox masturbasiya edib boşalmamaq lazımdır, eyni ilə çox fikirləşib danışmamaq kimi. Fikirlər də sperma kimidir: beyinə çoxlu fikirlər düşür, yalnız onlardan biri mayalandırır və sən bir fikrə hamilə qalırsan. Yazıçının işi bir növ fikir seksidir.
Yazmaq məni xilas etdi. Məni dəyişdirən kişilər yox, qadınlardır. Buna görə, qadınlardan daha çox yazıram. Anam, sevgililərim, müəllimlərim məni çox sevdilər, məni sevgi gücləndirdi və mən güclənib özüm-özümü dəyişdim. Öpürəm sizi!
Belə desək, yazmaq danışmağın yazılı formasıdır. Danışmaq elədir ki, dediklərin qarşındakının yaddaşına bağlıdır. O öldükdən sonra bilgi itir. Buna görə, yazmağın əhəmiyyəti böyükdür.
Əslində bu yazının adı " Yazmaq və unutmaq haqqında"dır. "İntim" yazdım ki, linkə daxil olub oxuyanların sayı çox olsun. Nə edəsən, bəzən yaxşı işlər görmək üçün yalan danışmalı, başqalarını aldatmalı olursan. Belə işlərdə üzrxahlıq həmişə qəbulolunandır.
Əslində biz danışa bilmədiyimizi, yaxud başqalarının deyə bilmədiyini yazırıq. Səbəblər yenə də çoxdur. Mən yalnız məni dinləyəcək adam olmadığı üçün yazmağa başladım. Sonra gördüm ki, yazmağı danışmaqdan yaxşı bacarıram. Mən həmişə başıma gələn hər şeyi yazmıram, nəyi yazmaq vacibdirsə, onu yazıram. Bir də yazmaqdan yazmağa da fərq var. Hamı lətifə bilir, amma hamı güldürə bilmir. Hamı yaza bilir, amma hamı yazıçı olmur. Deməli, bu işdə bir sirr var. Hələ üstəlik bütün yazanları da oxumuruq.
Bu yazını xarici müəlliflərin yazı sənəti haqqında sitatları və təcrübələri ilə doldurub intellektual görünmək istəmirəm. Təkcə istədiyim bu haqda şəxsi təcrübəmi bölüşmək, səmimi olmaq və aradan çıxmaqdır.
Çox vaxt məni oxuyanlarda yazılarım Xacuraho effekti yaradır - erotik olsa da, sənət əsəridir. Yazmaqdan danışırıqsa, gərək centlmen olub qadınlara yazmağı öyrədək. Hər bir ana olmuş qadın bilir ki, kişinin ürəyinə gedən yol cinsi orqanından keçir. Ona sahib olmaq kişiyə sahib olmaqdır. Qadınlar yazanda bunu nəzərə almırlar. Və cümlənin nəbzini tutmaq penisi tutmaq kimidir: sıxmırsan, əlini penisdə gəzdirən kimi barmaqlarını klavişlərdə gəzdirirsən, toxunursan. İnsanları nə ehtiraslandırırsa, onlardan yazırsan. İnsan hiss edən varlıqdır, düşünən yox. Bu səbəbdən mənim irrasional fəlsəfəçilərin yanında olmağım təəccüblü deyil.
Elə sürətli və parçalanmış şəkildə yazıram ki, sizdən soruşsam, dördüncü abzasda nə yazmışam, yadınızdan çıxıb. Əzizim, bu yazını səni unutmaq üçün yox, sənin unutmağın üçün yazıram. Elə yazıram ki, sizin yadınızda heç nə qalmır. Xoşunuza gəlir, darıxmırsınız, amma yadınızda heç nə qalmır. Bu, yazı işinin texniki ruhudur. Üzdə olan keçmiş və indiki yazıçılar özündən sonrakılara "necə yazmaqdan" danışmayıblar. Yazıçı kimi özümü borclu bildim bu yaralı yerə barmağımı basmağı.
Yazmaq sənin ruhunla bağlıdır. Erotiksənsə (həyatsevər), səmimi və gülməyi sevirsənsə, bunu yazından hiss edəcəyəm. Heç vaxt unutmaq lazım deyil, yazmaq ən qədim psixoterapiyalardandır. Yazanda altşüur üstə çıxır. Aşağıların -müsəlmanların, bolşeviklərin yuxarı çıxmağı kimi. Bir adamın yazısı xoşuma gəlmirsə, özünü sevə bilmərəm. Yazmaq bədənimizdəki erogen zonalardır, yazanı da, oxuyanı da ehtiraslandırmalıdır. Və hər cümləm necə də aforizmadır...
Özümü Markiz dö Sad kimi hiss edirəm: o, dinlə seksi birləşdirdi, mən isə yazı ilə seksi. Azərbaycanlıların infantil olmağının göstəricisi, onların seksdən yox, siyasətdən danışmaqlardır. Siyasətdən danışıb, seks fikirləşirlər. 90-cı illərin hadisələri bizdə elə travma yaratdı ki, siyasət təhlükəli bir şeydir və təhlükəli şeydən danışmaq səni ağıllı hiss etdirir. Seks həmişə siyasətdən daha ciddi və maraqlı mövzu olub, amma bunu kimə başa sala bilərsən?! Bizimkilərin siyasətdən danışmaqları tualetdə sıçanda səs çıxmasın deyə sifonu çəkməyə və ya telefonda mahnı qoşmağa bənzəyir ki, heç kim eşitməsin.
Mənim üçün seks intim mövzu deyil. Yazmaq və unutmaqdır intim. Yeniyetməlikdə, məsələn, gündə 2 dəfə pornoya baxırdımsa, 5 dəfə elmi araşdırma edib məqalələr oxuyub, filmlər izləyirdim. Bədəni inkar edib ağılı üstün tutmamışam. Paralel olmalıdır. Bədən də , ağıl da mənəm. Ağıl da bədəndən ayrı bir şey deyil. Nəyi çox işlədirsənsə, o daha çox inkişaf edir.
Yazmağı kartof -friyə bənzətmək olar: yeyirsən, amma doyurmursan. Yazmaq ləzzət eləməlidir, doyuzdurmamalıdır.
Mənim zarafatım kişi, həqiqətim isə qadındır. Zarafatımın altında həqiqət yatır, arabir üstə çıxsa da. Mənim varlığım belə qara yumor kimidir, başa düşmürlər, uzaqbaşı şübhəlidir, çünki bizimkilərə yaddır. Mənimçün bir qadının götündən öpmək balaca uşağın toppuş yanağından öpmək kimi mənəvidir. Qapını aralamadan açmaq mümkün olmadığı kimi, dodaqları aralamadan öpüşmək olmur. Qadına ən romantik sözüm bu ola bilər: "Vampirə qan lazım olduğu kimi mənə də sən lazımsan".
Mənim işim yazmaq və unutmaqdır. Yazıçı ilə oxucu arasında fərq də budur: yazıçı unutmaq üçün yazır, oxucu yadda saxlamaq üçün oxuyur.
Bilən bilir ki, Schwarzmann Guliyev profili ilə Face-də tanınıram. Google-da, Facebook və Instagram-da "ŞvartsMan" yazsanız çıxıram. Sehirbazın şapkasından çıxan dovşan kimi hər yerdən çıxıram. Məni tapmaq çətin deyil. Əgər bir oxucu kimi məni tapmısınızsa, mən də sizi tapmışam.
Mənim belə esselər yazmağımın bir səbəbi, belə də yazmaq olar deyə bilməkdir. Belə də yazmaq olar! Elə yazmalısan ki, oxucu səni yarımçıq qoyub sevgilisindən gələn mesaja baxmasın. Yazıçı elə yazmalıdır ki, uşaq çupa çupsu soran kimi sənin cümlələrini dadını hiss etməlidir. Belə ki, yazmaq öldürməyin ən mədəni yoludur - qan yerinə mürəkkəb axır.
Bir şey yazılmayıbsa, dəyərlidir. Hər yazılan şey sonradan dəyər qazansa da, öz-özlüyündə dəyərini, sehrini itirir. Henri Miller boş yerə demirdi ki, "bir qadını unutmaq istəyirsənsə, onun haqqında kitab yaz". Bu təkcə qadına aid deyil, hər şeyə aid ola bilər. Yazmadığı bir şey haqda insan daha çox düşünür. Yazmaq - bilmədiyin yerə, uzağa qaçmaqdır. Diletantlar ürəyini boşaltmaq üçün, peşəkarlar isə deməyə sözləri olduğu üçün yazır. Hətta bir səviyyədən sonra yazdığının insanların xoşuna gəlib -gəlmədiyini də dəqiqliklə bilirsən. Yazıçı bir növ qəhbə qadın kimi kişini (oxucunu) yoldan çıxardıb yatağa çəkmək bacarığına malik olmalıdır. Mənim iki üzüm var: gülən sifətim və qəhbə sifətim.
Azərbaycanda insanlar sekslə məşğul olur, amma seksdən danışmazlar. Eynilə yazmaq və unutmaq haqqında da. Yazmaq və unutmaq çox danışılmayan intim mövzudur və intim mövzuları sevirəm. Yazmaq və unutmaq əkizdirlər mənim bürcüm kimi. Nəhayət, sizi bura kimi yorduqdan sonra yazmağın bəzi qaydalarından danışmaq istəyirəm: nə haqda yazdığını bilmək çox vacibdir. Həmişə yaxşı bildiyiniz şeydən yazın ki, səhviniz olmasın. Eyni zamanda çox yazmaq da vacibdir, çünki bir çox şey nəticə etibarilə praktikaya bağlıdır. Mümkün qədər qısa cümlələr qurulmalıdır. Məndən soruşsanız nə haqqında yazdığınız yox, onu necə yazdığınız vacibdir. Yazmağın danışmaqdan üstünlüyü budur ki, səhvləri düzəltmək olur. Oyun oynamağı sevmirsinizsə, sizdən yaxşı yazıçı çıxmaz. Çünki yazıçılıq sözlərin oyunudur. Nə edirsiniz edin, oxucular sizi oxumalı və tanımalıdır. Adınızı möhürə çevirin. Elə şeylerdən yazın ki, heç kim o haqda o cür yaza bilməsin. Cesarətli deyilsinizsə, ofis işində işləyə bilərsiniz. Yazmaq nəfəs almaq kimidir; bir tempi, ritmi olmalıdır.
Yazmağın (danışmağın) içində nələrisə öldürdüyünü, yazdığın şeyi mənasızlaşdırıb onunla əlaqəni kəsdiyini vaxtilə Şopenhauer, Oşo, Emil Çioran demişdi. Yazmaq nəticədə insanı unutmağa gətirib çıxarır. Yəni bir kəsi unutmaq üçün yazırsan və onu unudulmaz edirsən. Bir şeyi öldürmək üçün yazırsan və onu ölümsüz edirsən. Məsələn, 5 il əvvəl yazdığım mənim üçün o qədər də dəyərli deyil və hardasa unutmuşam. Dünən maraqlı olan tema, bu gün mənim yadıma düşmür. Yazmağın işləmə mexanizmi budur - bir yerdə dayanmadan daim addımlamaq. Elə mövzuya toxunmaq və manevrlər etmək lazımdır ki, 10 ildən sonra oxuyanda köhnəlməsin, nostalji yaratsın. Və əsas məsələ, fikirlərə emosiya qata bilməkdir, bu, yeməyin duzu kimidir, dad verir. Çünki insanlar sənin fikirlərindən çox fikirlərin onlarda yaratdığı təəssüratı xatırlayırlar.
Sona yaxınlaşırıq, hər şeyi qoyaq kənara, yazıçı oxucu münasibətindən danışsaq, fərqi yoxdur hazırlıqlı ya hazırlıqsız oxucu olsun, hər kəsin ürəyi birdir. Yazıçı bunu kiminsə ona bunu deməyinə imkan vermədən bilməlidir. Bizim işimiz bilinməyəni bilməkdir. Əslində bu cür şeylər bilinməli yox, hiss edilməlidir.
Etiraf etməkdən nə qədər qaçsam da, deməliyəm ki, yazmaq köhnə metoddur. Baxan və qulaq asanlar oxuyanlardan həmişə çox olacaq. Bunu dəyişə bilmərəm, amma oxuyanların sayını artıra bilərəm. Mən keçmişdə qalmış canavaram, özümə yem axtarıram, tənhalığımla mədəniyyətə meydan oxuyuram. Bu yazılarda ulamağım isə səsimi uzaqlara çatdıra bilməkdir.
Deyirlər, ŞvartsManı oxumaq təmiz havada gəzmək kimidir, bu təmiz havada sakitcə yağış çiskinləyir. Belə havalarda özün kimi olursan, həyatın həzin ürək döyüntüsünü hiss edirsən. Qorxu yoxdur. Çərənləmək yoxdur. Sakit və dərin təbəssüm var.
14-21 Oktyabr, 2023
Müəlliflə (intim) əlaqə:
gschwarzmann@mail.ru