Fərasət Babazadə - Lev Tolstoy: Ədəbi Dahilik və Əxlaqi Axtarışlar

NDU-nun filologiya ixtisası üzrə II kurs tələbəsi
Lev Tolstoyun əxlaq fəlsəfəsi onun həyatında və əsərlərində dərin iz buraxmış ən mühüm mövzulardan biridir. O, insanların həyatının mənasını anlamaq və düzgün yaşamaq üçün hansı prinsiplərə əməl etməli olduğunu araşdırırdı. Tolstoyun əxlaq fəlsəfəsi əsasən sadə həyat tərzinə, mənəvi kamilliyə və sevginin ali gücünə əsaslanırdı.
“İnsanlar özlərinə qayğı göstərdikləri üçün yaşadıqlarını zənn etsələr də, əslində yalnız sevgi ilə yaşadıqlarını anladım. Sevən insan Allaha yaxınlaşar, Allah da ona yaxınlaşar. Çünki sevgi Allahın özüdür.” Bu sözlər, insanın özünə qayğı göstərmək və maddi ehtiyacları qarşılamaq üçün həyata davam etdiyini düşündüyü halda, əslində həyatın mənasının yalnız sevgi olduğunu vurğulayır. Sevgi, həyatın özü ilə, insanın daxili aləmi ilə bağlı ən vacib qüvvədir. İnsan sevgi vasitəsilə özünü tapar və mənəvi kamilliyə doğru yola çıxar. Bu, sadəcə insanların bir-birini sevməsi deyil, Tanrıya qarşı sevgi də daxil olmaqla geniş bir sevgi anlayışıdır. Sevgisi ilə insan, Tanrıya daha yaxınlaşır, çünki Tanrı sevginin özüdür və hər şeydə, hər bir insanda özünü bu sevgi vasitəsilə göstərir.
O, insanın varlığını yalnız fiziki dünya ilə məhdudlaşdırmır, onun mənəvi tərəfini daha vacib hesab edirdi. Onun fikrincə, insan yalnız maddi ehtiyaclarını qarşılamamalı, mənəvi zənginliyini də inkişaf etdirməlidir. Bu düşüncə tərzi onun həyatında mühüm dəyişikliklərə səbəb olmuş, varlı bir qraf olaraq dünyaya gəlsə də, son illərində sadə kəndli həyatı yaşamağa çalışmışdı. O, lüksdən imtina etmiş, öz torpaqlarında işləyərək kəndlilərlə eyni səviyyədə yaşamağı özünə borc bilmişdi.
Tolstoyun bu fəlsəfi düşüncələri onun əsərlərində də açıq şəkildə görünür. Xüsusilə "İnsan nə ilə yaşar?" əsərində o, insanın həyatdakı ən əsas dəyərinin sevgi olduğunu göstərir. Əsərdə bir mələk olan Mixailin dünyaya endirilməsi və burada üç mühüm həqiqəti öyrənməsi təsvir edilir. Bu həqiqətlər insanın özündə məhəbbət saxlamadığı halda yaşaya bilməyəcəyi, insana gələcək lazım olmadığı və insanın nə ilə yaşadığına yalnız sevginin cavab olduğu fikrini vurğulayır. Mixail insanın gerçək gücünün nə maddiyyatda, nə də fiziki qüvvədə olduğunu, yalnız sevginin insana yaşamaq gücü verdiyini anlayır. Tolstoy bu əsəri ilə göstərmək istəyirdi ki, insan yalnız sevgi və mərhəmət vasitəsilə gerçək mənasını tapır. O, insanların yalnız bir-birinə yaxşılıq edərək və qarşılıqsız sevgi göstərərək xoşbəxt ola biləcəyinə inanırdı.
“Allah məni yer üzünə 3 həqiqəti öyrənmək üçün göndərdi. Allahın mənə verdiyi ilk sual bu oldu. “İnsanın ürəyinə hakim olan nədir?’ və başa düşdüm ki, sevgi insan qəlbini idarə edir.” Bu sözlər, insanın həyatda qarşılaşdığı ən vacib suallara işarə edir. Sevgi insanın qəlbini idarə edən ən güclü qüvvədir. Sevgi, insanı yalnız digər insanlara deyil, həm də Tanrıya, təbiətə, özünə doğru yönəldir. İnsan sevgi ilə hərəkət etdikdə, həyatda anlam tapır və əslində bu, Allahın təlimatıdır. Sevgi, insanın insanlıq aləminə ən yaxın olduğu və Tanrı ilə əlaqəsini qurduğu yoldur.
“İkinci sual budur ki, ‘insana nə verilməyib?’ İnsana öz ehtiyacları haqqında məlumat verilməyib.” Bu, insanın həyatda çox vaxt qarşısına çıxan ehtiyaclarını anlaya bilməməsi ilə bağlı bir fikirdir. İnsanların ən vacib ehtiyacları mənəvi və ruhi ola bilər, lakin çox vaxt materialist cəhətə fokuslanar, daha çox maddi sərvət və tezliklə yaşamaq istəyinə fokuslanar. Əslində isə insanın ehtiyacı olan, ən başda gələn şey, Allahın sevgisi və öz mənəvi inkişafıdır. İnsan, ehtiyaclarını yalnız maddiyatla ölçməməli, ruhsal ehtiyacları ilə də əlaqə qurmalıdır.
“Üçüncü sual isə ‘İnsan nə ilə yaşayır?’ və başa düşdüm ki, insanın heç bir şeyi olmasa da, Allah sevgisi kifayətdir. Yəni insan Allaha inanmadan yaşaya bilməz.” Bu dərin düşüncə, insanın ğ bir çox şeyə ehtiyacı olduğu inancını sarsıdır. Əslində insanın yaşaması üçün ən vacib şey, Allah sevgisidir. Tanrıya inandıqda, hər şeyin bir mənası olur və insanın həyatı doğru istiqamətdə formalaşır. Sevgi olmadan insan, mənasını itirər və hər şey boş görünər. Bu, insanın həyatının tək məqsədinin Tanrı ilə əlaqə qurmaq olduğunu göstərir.
Tolstoyun əxlaq fəlsəfəsini anlamaq üçün onun həyatındakı dönüş nöqtələrindən birini nəzərdən keçirmək lazımdır. O, gənclik illərində hərbi xidmətdə olmuş, zəngin aristokrat həyatını yaşamış, lakin zamanla bu həyat tərzindən narazı qalmağa başlamışdı. Onun həyatındakı ən mühüm hadisələrdən biri "Anna Karenina" kimi möhtəşəm əsərlərini yazdıqdan sonra baş vermişdi. O, bu əsərlərdən sonra mənəvi böhran keçirmiş, həyatda həqiqi dəyərlərin nə olduğunu axtarmağa başlamışdı. O, var-dövlətin və şöhrətin insana həqiqi xoşbəxtlik gətirmədiyini anladıqdan sonra daha sadə bir həyat yaşamağa qərar vermişdi. Tolstoy öz torpaqlarını kəndlilərə paylamaq, ailəsindən və sosial mövqeyindən uzaqlaşmaq istəyirdi. O, həyatının son illərində daha da radikal dəyişikliklər edərək ailəsindən ayrılmış və son nəfəsini kiçik bir dəmiryolu stansiyasında vermişdi.
“Bu gün və ya sabah öləcəyinizi və heç bir şey qalmayacağını anlayanda hər şey necə də əhəmiyyətsiz olur.” Tolstoy burada ölümün insan dəyərlərinə, duyğularına və məqsədlərinə təsirini göstərir. İnsan gündəlik həyatında məqsədlər, ehtiraslar və arzularla yaşayır. Lakin ölümlə üzləşəndə, bütün bu mübarizələrin, qazancların və itkilərin əslində nə qədər kiçik və önəmsiz olduğunu anlayır. Ölüm hər şeyi silir, bütün əhəmiyyətləri dondurur və insanın yaratdığı mənaları yox edir. Əgər hər şeyin bir sonu varsa, deməli, bu qısa anda gerçək, səmimi və mənalı yaşamaq lazımdır. Tolstoy öz yaradıcılığında tez-tez ölüm mövzusuna toxunur. O, insanın həqiqəti tapmaq üçün varlığın dərinliklərinə enməsini istəyir. Bu cümlə isə göstərir ki, ölüm insanın istəklərinə, mübarizəsinə və hətta əzablarına belə yeni baxış gətirir. Bütün hisslərimiz, qorxularımız, sevinclərimiz bir an içində puç ola bilər.
“Qəribə deyil, pisəm. Hərdən özümü belə hiss edirəm. Ağlamaq istəyirəm. Bu çox axmaqlıqdır. Amma keçəcək”. Tolstoyun baxışında insan ruhu sabit bir harmoniya içində deyil, daim bir tərəddüd, eniş-yoxuş içində yaşayır. Kədər və sevinc, ümidsizlik və ümid, boşluq və dolğunluq—bunların hamısı insanın varlıq təcrübəsinin ayrılmaz hissələridir. İnsan bəzən səbəbsiz yerə sıxıntı hiss edir, lakin bunun mahiyyətini tam izah edə bilmir. Bu, ruhun öz dərinliyindəki toqquşmalardan, həyatın mənasını anlama cəhdlərindən doğan bir sarsıntıdır. Ağlamaq arzusu bir zəiflik deyil, əksinə, insanın daxili təmizlənməyə ehtiyacı olduğunun göstəricisidir. Lakin Tolstoyun humanizmi burada açıq görünür: o bildirir ki, heç bir duyğu əbədi deyil. Həyatın axarı dəyişkəndir və ən ağır hisslər belə bir müddət sonra keçib gedir. İnsan sadəcə bu dalğaların içində dayanmağı, onlara qarşı mübarizə aparmadan, lakin onlara təslim olmadan yaşamağı öyrənməlidir.
Tolstoyun həyat fəlsəfəsi yalnız nəzəriyyə ilə məhdudlaşmır, o, öz düşüncələrini gerçək həyatda tətbiq etməyə çalışırdı. Onun fikrincə, insan yalnız öz nəfsindən imtina edərək, başqalarına xidmət edərək və maddi dəyərlərə bağlanmadan yaşamalıdır. O, xristian əxlaqını mənimsəsə də, rəsmi kilsənin təlimlərini rədd edir, dini inancları fərqli şəkildə izah edirdi. O, inanırdı ki, insanın əsas borcu başqalarına sevgi və mərhəmət göstərməkdir. Tolstoy öz həyatını bu prinsiplərə uyğun qurmağa çalışsa da, cəmiyyətdə və ailəsində bu fikirləri hər kəs tərəfindən qəbul edilməmişdi.
“Allah kimi məhv edərsə, əvvəlcə onun ağlını alır.” Tolstoyun bu fikri insanın məhvinin təkcə fiziki yox, həm də mənəvi bir proses olduğunu vurğulayır. Ağıl insanın yönünü, ruhunun tarazlığını və həyatdakı seçimlərini müəyyən edən ən böyük gücdür. Əgər insan öz məntiqindən, düşüncə qabiliyyətindən məhrum olarsa, o, varlıq kimi mövcud olsa da, mahiyyət kimi artıq süquta uğramış sayılır. Məğlubiyyət, dağılma və uçurum yalnız xarici dünyada deyil, daxili aləmdə başlayır. İnsan məntiqsiz qaldıqda, öz hərəkətlərinin səbəbini dərk edə bilmir, həyatına yön verən prinsiplər dağılır və onu qoruyan dəyərlər unudulur. Beləcə, insan öz həyatına nəzarəti itirir, bir növ qaranlıq bir dalğanın axarına düşərək, bilmədiyi bir sona doğru sürüklənir. Əgər bir varlıq ağlını itirmişsə, artıq onun üçün seçim anlayışı mövcud deyil. Seçim yoxdursa, azadlıq da yoxdur. Azadlığın olmadığı yerdə insan artıq öz taleyinin sahibi deyil, yalnız məhvə aparılan bir kölgəyə çevrilir.
Tolstoyun əxlaq fəlsəfəsi bu gün də öz aktuallığını qoruyub saxlayır. Onun insan ruhunun dərinliklərinə enən fikirləri, həyatın mənasını anlamağa çalışan sualları müasir dövrdə də bir çox insan üçün ilham mənbəyidir. Onun əsərlərində insanın daxili çəkişmələri, əxlaqi seçimləri və mənəvi axtarışları çox dəqiq təsvir edilir. O, insanları maddi dünyaya aludə olmamağa, daxili sülhü tapmağa və həyatlarını daha mənalı etməyə çağırırdı. Onun fikirlərinə görə, insan yalnız mənəvi yüksəlişə can atdıqda gerçək xoşbəxtliyi tapa bilər.
"Düşündüm ki, insan bir ildən sonra ya hazırlaşır, amma axşam olmadan öləcəyini bilmir." İnsan, gələcəkdə nələr olacağını bilmədən, zamanını necə keçirdiyini unudaraq yalnız bir neçə ildən sonra baş verəcək şeylərə diqqət yetirir. Ancaq həyat, heç zaman öncədən planlaşdırıldığı kimi getmir. Son nəfəsin nə zaman alındığını bilmədən, insan yalnız indiki anda yaşamalıdır. Axşam ola bilər, amma sabah yoxdur. Bu, həyatın çox qısa və qiymətli olduğunu anlatmaq üçün verilmiş dərin bir dərsdir.
"Bunu unutmayın: Vacib olan yalnız bir vaxt var. Bu, indidir. Çünki bu, bizim söz sahibi olduğumuz yeganə vaxtdır." Tolstoy bu düşüncəsi ilə həyatın vaxtının nə qədər qiymətli olduğunu vurğulayır. İnsan gələcəkdə nə baş verəcəyini, keçmişdə nə olduğunu düşünərkən, bu anı unudur. Amma bu an, insanın tamamilə söz sahibi olduğu tək vaxtdır. Bu, həyatın qiymətini anlamağa və hər anı dolu-dolu yaşamağa dəvət edir. Həyatın özünə diqqət yetirmək və bu anın dəyərini bilmək ən vacib dərsdən biridir.
Həyatın mənasızlığı ilə üzləşmiş bir insanın qəlbində hansı səslər səslənir? Tolstoy Etirafda bu səsləri dinləyir, onların ən dərin qatlarına enir və qaranlıqla üz-üzə dayanır. O, nə yalnız bir yazıçı, nə də sadəcə bir düşünəndir, o, öz varlığını sorğulayan bir ruhdur.
Öz dövrünün ən uğurlu yazıçılarından biri, milyonlarla insanın heyran olduğu bir dahinin içində nə baş verə bilər ki, o, hər şeyi bir kənara atıb sual verir: “Niyə yaşamalı?”. Və bu sual onu elə bir yerə aparır ki, orada nə şan-şöhrət, nə bilik, nə də zənginlik mənaya malikdir. O, artıq yalnız bir həqiqət axtarır əgər bir həqiqət varsa. Etiraf sadəcə bir əsər deyil, insanın öz varoluşu ilə apardığı bir savaşdır və bu savaş hələ də davam edir.
Tolstoyun əxlaq fəlsəfəsini ümumiləşdirsək, o, insanın həqiqi həyat yolunu tapmasının yalnız sevgi, fədakarlıq və mənəvi aydınlanma vasitəsilə mümkün olduğunu vurğulayır. Onun düşüncələri təkcə nəzəri mühakimələr deyil, həm də insan həyatına dair dərin müşahidələrə əsaslanır. O, insanın nə ilə yaşadığını soruşur və cavab olaraq, yalnız sevginin, mərhəmətin və səmimiyyətin insana yaşamaq gücü verdiyini göstərir. Tolstoy öz əsərləri ilə bizə insanın necə yaşamalı olduğunu düşünməyə vadar edir və onun fikirləri bu gün də bir çox insan üçün yol göstərir.