Andre Morua - İşvənin zəruri ölçüsü haqqında
Ədəbi tənqid
Andre Morua - İşvənin zəruri ölçüsü haqqında
«Böhtandır, ağa! Siz nəyə məhəl qoymadığınızı, sadəcə, başa düşmürsünüz» – «Sevilya bərbəri»nin personajlarından biri belə deyir. Çox tez-tez olur ki, mən hər şeyə son dərəcə tez inanan və sevgisi açıq olan sadəlövh qadına üz tutub demək istəyirəm: «Naz-qəmzəli xanım! Siz nəyə yuxarıdan baxdığınızı, sadəcə, başa düşmürsünüz. Naz-qəmzə həmişə heyrətamiz gücə və təhlükəyə malik bir silah olub və bu cür də qalmaqdadır. Marivo tərəfindən çox diqqətlə öyrənilmiş bu gözəl hiylə «dəstinin» mahiyyəti ondan ibarətdir ki, əvvəlcə şirnikdirib cəzb edəsən, sonra da rədd edib uzaqlaşdırasan; təxminən, bu cür ki, sanki, nəyisə hədiyyə edir, ancaq dərhal da onu geri alırsan. Bu oyun inanılmaz, heyrətamiz nəticələr verir; hətta qabaqcadan xəbərin olsa da, yenə bu tələlərə düşürsən. Əgər yaxşı düşünsək, bu, tamamilə təbiidir.
İlk kövrək ümidin yaranmasına səbəb olan yüngül işvə-naz olmadan çox adamlarda sevgi qığılcımları oyanmır. «Sevmək – sonradan zərurətə, inadkar istəyə, beyindən çıxmayan zəhlətökən ideyaya qədər böyüyüb artan hansısa imkan haqqında fikirləşərkən keçirdiyin həyəcan deməkdir». Hansısa kişinin (yaxud qadının) xoşuna gəlməyimiz bizə hələ tamamilə qeyri-mümkün görünür, biz həmin kişinin (yaxud qadının) haqqında heç fikirləşmirik də. Siz ki İngiltərə kraliçası olmadığınızdan əzab çəkmirsiniz. Hər bir kişi Qreta Qarbonun və Mişel Morqanın son dərəcə gözəl olduğunu bilir və onlara heyrandır, ancaq heç birinin ağlına da gəlməz ki, onların sevgisindən dəli-divanə olsun. Öz saysız-hesabsız pərəstişkarları üçün onlar, sadəcə, ekranda yaşayan obrazlardır və heç bir şans vəd etmirlər. Lakin elə ki biz kiminsə baxışlarını, kəlmələrini, jestlərini öz üzərimizdə hiss edib onları qəbul edirik, onda özümüzdən asılı olmadan, bizim iradəmizdən kənarda təsəvvürlərimiz dərhal onların arxasında gizlənmiş imkanları artıq cızmağa başlayır. Bu qadın bizim əlimizə ümid üçün – lap kiçik də olsa – bir əsas, bir bəhanə veribmi? Həmin andan etibarən biz artıq şübhələrin ixtiyarındayıq və özümüzdən soruşuruq: «Doğrudanmı, o qadın mənimlə maraqlanır? Bəs o, məni necə sevə bilər? Nəsə ağlabatan deyil, inanılmazdır. Bununla belə, onun davranışı…» Kəsəsi, Stendalın dediyi kimi, biz onun barəsindəki fikirlərimizi «kristallaşdırırıq», başqa sözlə, xəyalımızda onu müxtəlif boyalarla süsləyirik, necə ki Zalsburqdakı kristal duz yataqları ora yerləşən bütün əşyaları bir-birinə qarışmağa məcbur edir. Yavaş-yavaş arzu vahiməyə keçir, inadkar ideyaya çevrilir. Bu vahimənin ömrünü uzatmaq və «kişinin ağlını başından almaq» istəyən işvəli qadına insanlığın tarixi qədər qədim olan bir taktikaya müraciət etmək tamamilə kifayətdir: qovulmağının, təqib olunmağının heç də əleyhinə olmadığını qabaqcadan işarə verib qaçmaq, imtina edib boyun qaçırmaq, lakin eyni zamanda ona ümid parıltısı saxlamaq: «Mümkündür ki, mən sabah sizinki olum». Məhz onda uğursuz kişilər onların arxasınca lap dünyanın axırınacan da gedərlər. Bu hiyləgər fəndlər mühakimə olunmağa layiqdir – əgər işvəkar qadın həmin fəndləri öz çoxsaylı aşiqlərini tarazlıqdan çıxarmaq üçün işlədirsə. Belə bir davranış işvəkar qadını mütləq əsəbi olmağa vadar edəcək və əgər o, şeytan kimi hiyləgərdirsə, onda heç kəsə güzəştə getmədən, kişilərin qüruruna toxunmadan onları aldatmağı bacarar. Ancaq son nəticədə ən qızğın işvəkar qadın da öz məftunlarının səbrini tükətməklə risk etmiş olur. O, eyni vaxtda üç dovşanın ardınca qaçan Molyerin Selimenası kimi axırda onların heç birini ələ keçirə bilməyəcək. «Bir halda ki o xoşbəxt tərəfdə mənim sizdə tapdığım bütün şeyləri siz məndə tapmağı bacarmırsınız, – onda ömürlük əlvida! Ağır bir yük olan sizin qandallarınızı mən, nəhayət ki, böyük bir sevinclə çıxarıb ataram…»1 Əksinə, əgər işvəkarlığın məqsədi – sevən kişilərin sadiqliyini qorumaqdırsa, onda o, tamamilə günahsız bir şeydir və hətta zəruridir. Bu halda qadın öz qəlbinin dərinliyində naz-qəmzəyə, şıltaqlığa heç bir həvəs duymur. «Məhəbbətin ən böyük möcüzəsi ondan ibarətdir ki, o, adamı naz-qəmzədən sağaldır». Ürəkdən vurulmuş qadına əksər halda özünü geriyə baxmadan, heç nədən ehtiyatlanmadan və riyakarlıq etmədən heyrətamiz alicənablıqla təslim etmək daha xoşdur. Lakin bəzən elə olur ki, qadın öz naz-qəmzəsiylə sevdiyi kişini yüngülcə incitmək məcburiyyətində qalır, çünki, həmin kişi əzab çəkmədən, tərəddüd keçirmədən yaşamağı bacarmayan kişilərin cərgəsinə daxildir. Onda kişinin sadiqliyini itirməmək üçün bakirə, lakin ürəkdən sevən qadının hətta yalandan təşəxxüs satması da ayıb deyil, necə ki xəstənin maraqları baxımından hərdən şəfqət bacısı ona qarşı həddən ziyadə amansız olmağa məcbur olur. İynə ağrıdıcı olsa da, şəfavericidir. Qısqanclıq üzücü, əzabverici bir şeydir, amma o, hissləri möhkəmləndirir. Əgər siz, ey mənim yad qadınım, haçansa özünüzü bildirib, sizi tanımağıma icazə versəniz, onda işvəkar olmayın. Yoxsa mən də istənilən başqa birsi kimi mütləq tora düşərəm. Əlvida.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun: