Xədicə Həmidova-Belarusiyanın fəxri – Nesvij sarayı

Orta əsrlərdən XIX əsrə qədər Reç-Pospolita və Litva knyazlığının tərkibində olan Belarusiya əsrlər boyu müxtəlif ölkələrin hücumuna məruz olmuş, təkcə siyasi cəhətdən yox, mədəni cəhətdən də dağıntılar ilə üzbəüz qalmışdır. Belə ki, qədim dövrlərdən bəri mövcud olmasına rəğmən işğalçılar, qədim abidələri dağıtmış və buna görə də günümüzə qədər bir çox vacib abidələr gəlib çatmamışdır. Gəlib çatmış nümunələr isə dövlət tərəfindən göz bəbəyi kimi qorunulur. Belə qorunub saxlanılan nümunələrdən biri də Belarusiyanın Milli Tarixi və mədəni qoruq olan “Nesvij saray-park kompleksi” hesab olunur.
Belarusiyanın Milli Tarixi və mədəni qoruğu olan “Nesvij” Minsk şəhərindən 112 km şimal-qərbdə yerləşir. Bu gün Nesvij ən müasir turistik bir yer olaraq zəngin ekspozisiyalı muzey, suvenir mağazaları və ən yaxşı kafe, restanlara malikdir.
Burada yerləşən Nesvij saray-park kompleksinin qəsri maraq doğurur. Ümumiyyətlə, bu ansambl XVI-XIX əsrlərdə inşa olunmuş, günümüzə yaxşı vəziyyətdə gəlib çatmış nadir nümunələrindəndir. Əgər ansambl eksteryerdən XVI əsrə xas memarlıq elementlərinə malikdirsə, interyerdə XVIII-XIX əsrlərə aid tərtibatı götürürük. Buna görə burada orta əsr memarlığı ilə XIX əsr memarlığı vəhdət təşkil edir. Saray-Park ansamblı Belarusiyanın ən varlı, qüdrətli və qədim zadəganların-“Radzivill” sülaləsinin iqamətgahı olmuşdur. Onun nüfuzu Belarusiyanın bütün sahələrini əhatə etmiş, həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə böyük təsiri olmuşdur.
Sarayın mərkəzi qapıdan qonaqlar daxil olaraq Senya`ya-yəni qəbul zalına daxil olurdular. Burada qonaqları digər otaqlara istiqamətləndirirdilər. Daxili tərtibatda biz çoxlu sayda lepnina-oymalı bəzəklər, freskalar və qızıl suyuna salma elementləri görə bilərik. Ən maraqlı hissələrdən biri Parad Pilləkənlər hesab olunur. Bu pilləkənlər qonaqları “Qızıl zalı`na”0aparırdı. Burada plafon hissədə XVIII əsrə aid maraqlı bir rəngkarlıq əsəri tərtib edilmişdir. Təsvirdə mifolojı süjetfən götürülmüş Erosun (Romada Avropa), araba və kupidlərin təsvirini görmək olar. Eros qədim yunan mifologiyasında sevgi və ehtiras tanrısıdır. O, adətən qanadlı bir oğlan kimi təsvir olunur və oxu ilə insanlara məhəbbət hissi aşılayır. Erosun Roma mifologiyasında qarşılığı Kupidon (Cupid) adlanır. Onun oxları insanları gözlənilməz şəkildə bir-birinə aşiq edə bilirdi. Eros həm də yaradıcı güc və həyat enerjisinin simvolu hesab olunur. Maraqlıdır ki, ilk baxışdan bu təsvir freska təəsüratı yaratsa da, bu böyük bir kətanda olan təsvirdir. Burada həm barokko, həm də klassisizm ənənələrini görə bilərik.
"Ulduz zalı" adını tavan hissəsində yerləşən qızılı ulduz elementindən almışdır. Zalın içərisində yerləşən sobanın üstü qızıl ilə örtülmüş və üzərində Radzivill nəslinə məxsus gerb təsvir olunmuşdur. Böyük ölçüdə olmayan bu zal əsasən kiçik miqyaslı yığıncaqlar üçün istifadə olunurdu.
Knyazın iş otağında dövrünə xas interyer elementləri müşahidə olunur. Burada həm knyazın o dövrdə necə və hansı şəraitdə işlədiyi, həm də dövlət işlərini hansı mühitdə yerinə yetirdiyi əks olunur. Sadə tərtibatı ilə seçilən bu otaqda knyaz dövlət məsələləri ilə məşğul olur və eyni zamanda rəsmi danışıqlar aparmaq üçün qonaqlarını qəbul edirdi. Uzun iş saatlarından sonra istirahət edə bilməsi üçün otaqda bir divan da yerləşdirilmişdi. Bu divan həm knyazın dincəlməsi, həm də otağa daxil olan qonaqların rahat əyləşməsi məqsədilə nəzərdə tutulmuşdu.
Orta əsrlərdən XIX əsrə qədər aristokrat ailələrdə ər-arvadın ayrı yataq otaqlarına sahib olması geniş yayılmış bir adət idi. Bu ənənəni Nesvij sarayında da görmək mümkündür. Belə otaqlara yalnız knyaz və knyaqinya daxil ola bilərdi. Bu, həm şəxsi məkanın qorunması, həm də o dövrün ailə və etiket qaydaları ilə bağlı idi.
Knyazın yataq otağı XIX əsrə xas bütün elementləri özündə daşıyır. Beləki, o dövrdə çox geniş yayılmış baldaxinlər burada özünü əks etdirir. Baldaxinlər ancaq estetik cəhətdən gözəllik üçün yox, əsasən zərərvericilərdən və həşəratlardan qorumaq üçün nəzərdə tutulmuşdur. Mebellərin hazırlamadında eben və digər bahalı ağac cinslərindən istifadə olunurdu.
Knyaqinyanın yataq otağı ümumi plan baxımından knyazın otağı ilə uyğunluq təşkil etsə də, burada qadına xas zəriflik və nəfis tərtibat özünü açıq şəkildə göstərir. Hər iki otaq sadəlikləri ilə seçilsə də, onların dizaynında kübarlıq və zövq yüksək səviyyədə əks olunmuşdur.
Böyük Kamin (Ocaq) Zalı daha çox sayda qonağın qəbul edilməsi üçün nəzərdə tutulmuşdu. Zalın mərkəzində yerləşən böyük ocaq həm qonaqpərvərliyin, həm də ev sahibinin səmimiyyətinin simvolu kimi qəbul olunurdu. Buradakı ocaq Belarusiyada bu günə qədər qorunub saxlanılan ən qədim sobalardan biridir və XVI əsrə aiddir.
Yemək (Stolovaya) Zalı həm ailə üzvlərinin, həm də dəvət edilmiş qonaqların birgə nahar etdiyi məkan olmuşdur. Tarixi mənbələrə görə, bu salonda Henri Valua-Anjuy də qonaq olmuşdur. O, Reç Pospolita taxtına iddialı olsa da, sonda Fransa kralı seçilmişdi. O dövrdə Reç Pospolita (indiki Belarusiyanın bir hissəsi) Avropanın bir çox aristokrat ailələrinin toplaşdığı mərkəzlərdən biri idi. Knyazlar qonaqlarda təəssürat yaratmaq üçün süfrəyə qeyri-adi delikateslər təqdim edirdilər. Bunlara “Ayı pəncələri”, “Losiny qubı” və bütöv qızardılmış qaban daxildir. Yeməklərlə yanaşı, müxtəlif spirtli içkilər təqdim olunur, qədəhlər Radzivill ailəsinin şərəfinə qaldırılırdı. Zalın ortasında yerləşən 10 metr uzunluğundakı masa ətrafında 100 nəfərə qədər insan əyləşə bilirdi.
Bal Zalı sarayın maraqlı və funksional məkanlarından biri hesab olunur. Bu zal qonaqlar arasında mədəni, siyasi və iqtisadi mövzularda söhbətlərin aparılması üçün nəzərdə tutulmuşdur. Zalın içərisində yerləşən sütunlar mərmər kimi görünsə də, əslində onlar ağacdan hazırlanmış və üzəri stuk ilə örtülmüşdür. Çünki zal ikinci mərtəbədə yerləşdiyindən, mərmər kimi ağır materialların istifadəsi mümkün deyildi. Zalın bir hissəsi isə rəqs sahəsi kimi təşkil olunmuşdu.
Teatr Zalı saray mədəniyyətinin ayrılmaz hissəsi olmuşdur. Burada müxtəlif tamaşalar səhnələşdirilir, klassik musiqilər ifa olunurdu. Radzivill sülaləsindən bir çox tanınmış bəstəkarlar çıxmış, bu sahədə böyük töhfələr vermişdilər. Qeyd etmək lazımdır ki, məhz bu teatr zalında ilk dəfə saray tamaşalarının təşkilatçısı knyaz özü olmuşdur. Anton Radzivill, bu sülalənin ən məşhur bəstəkarlarından biri hesab olunur. O, Qöte ilə tanış olduqdan sonra onun məşhur "Faust" əsərinə bir neçə dəyişiklik edilmişdir. Zal kifayət qədər geniş olub 350 nəfər tamaşaçını qəbul edə bilirdi.
Ov Zalı isə aristokrat kişilər üçün ənənəvi əyləncə növü olan ova həsr olunmuşdu. Ova çox vaxt ailə üzvləri, uşaqlar və qonaqlar da qatılırdı. Bu səfərlər bəzən mühüm siyasi müzakirələr üçün də bir fürsət olurdu. Gənclər ova qatılmaq üçün mütəxəssis ovçudan icazə almalı, əvvəlcədən müəyyən sınaqlardan keçməli idilər. Belə ovçular sadə adamlar deyil, peşəkar və bilikli insanlar olurdular. Uğurla keçənlər ova qatılmağa layiq görülürdülər.
Ov zalında başqa bir maraqlı əyləncə də bilyard idi. Burada yerləşən bilyard masası 129 il yaşı ilə seçilir və XIX əsrdə hazırlanmış "Monarx" adlı masa kimi tanınır.
Pasxa Belarusiyada ənənəvi bayramlardan biridir. Bu bayramda həm xristian, həm də qədim dini inancların izlərini müşahidə etmək mümkündür. Bayram zamanı müxtəlif oyunlar, adət-ənənələr və mərasimlər keçirilir ki, bu da mədəni irsin zənginliyini nümayiş etdirir.
Qızıl Zala sarayın pilləkənləri vasitəsilə qalxmaq mümkündür. Adını burada bol istifadə olunan qızıl bəzəklərdən almışdır. Zal möhtəşəm mərasimlər və qonaq qəbulu üçün nəzərdə tutulmuşdu. Radzivill sülaləsi bu zalı yüksək ustalıqla tərtib edərək öz qüdrət və nüfuzunu nümayiş etdirmək istəmişdir.
Belarus mətbəxi isə öz rəngarəngliyi ilə seçilir. Qonaqları təəccübləndirmək üçün müxtəlif delikateslər təqdim edilirdi. Əsas ərzaqlar arasında kələm, çuğundur, paxla və buğda üstünlük təşkil edirdi. Şorbalar geniş yayılmışdı və gündəlik menyunun əsas hissəsini təşkil edirdi.
Belarusun maraqlı yeməklərindən biri də "Zrazı"dır. Bu yeməklə bağlı maraqlı bir əfsanə var: Nesvij sarayında qonaq olan Henri Valua içi ətlə doldurulmuş bir yemək yeyir. Ertəsi gün özünü yaxşı hiss etsə də, yeməyin adını düzgün deyə bilmədiyi üçün “Raz”, “Zraz”, “Rats” kimi ifadələr işlədir. Yeməyin adı da bu şəkildə formalaşır. Bu təamın içərisinə ət, kələm, göbələk və digər ərzaqlar əlavə olunur.
Belarus mətbəxində kartof da mühüm yer tutur. Hərçənd ki, bu tərəvəz yalnız XIX əsrdə ölkəyə gətirilmişdi, lakin qısa müddətdə əsas ərzaqlardan birinə çevrilmişdir. Kartofdan hazırlanmış təxminən 150 fərqli yemək vardır – məsələn, tauçanka, draniki və s. "Tauçanka" kartof püresinin bir növüdür, tərkibinə kartof, yağ və bəzən süd əlavə olunur.
Nesvij sarayı təkcə memarlıq və incəsənət baxımından deyil, həm də Belarusiyanın mədəni irsinin qorunub saxlanmasında oynadığı mühüm rolu ilə seçilir. Radzivill sülaləsinin izlərini daşıyan bu möhtəşəm kompleks, ziyarətçilərə bir zamanlar aristokratların necə yaşadığı, istirahət etdiyi və qonaqları necə qəbul etdiyi barədə əyani təsəvvür yaradır. Sarayın interyerləri, zal və otaqları, eləcə də mətbəx mədəniyyəti qədim dövrlərin gündəlik həyatını, zövq və estetik anlayışını əks etdirir. Belarus xalqının tarixi və mədəni yaddaşını yaşadan Nesvij saray-park kompleksi bu gün həm turizm, həm də elmi-tədqiqat baxımından əvəzsiz bir mənbə kimi çıxış edir. Onun qorunması və gələcək nəsillərə ötürülməsi yalnız Belarusun deyil, ümumbəşəri mədəni irsin davamlılığının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.