Edebiyyat.az » Palitra » Qogenin son mirası

Qogenin son mirası

Qogenin son mirası
Palitra
Necef Esgerzade
Müəllif:
12:51, 23 sentyabr 2019
1 570
0
Pol Qogenin, «nəcib vəhşi»yə çevrilmiş Paris birja dəllalının, Taiti və Sakit okeanın cənubuna etdiyi iki səfərdən (1891-93 və 1895-1903) yaranan şəkillər, heykəllər və digər əsərlərdən ibarət, bu zamana qədər keçirilmiş ən geniş sərgi Parisdə Qrand Palasda ziyarət sayına görə rekord qırdıqdan sonra, 29 fevralda Bostonda Təsviri İncəsənət Muzeyinə gəlir.
Niyə Boston? Çünki Təsviri İncəsənət Muzeyi Qogenin Taiti dövrünün ən möhtəşəm və şübhəsiz ki, ən böyük nümunəsinə, «Biz haradan gəlirik? Biz kimik? Biz haraya gedirik?» əsərinə sahibdir. Çox az adam başa düşür ki, bu rəsm Manenin "Çəmənlikdə səhər yeməyi", Söranın «Qrand-Jatt»ı və ya Pikassonun «Avinyon qızları» kimi pre-modernist nailiyyətini əks etdirən milli xəzinədir.  

Qogen 1897-ci ildə bu işə — yaradıcılığının zirvəsi olan bu əsərə başladığı zaman acınacaqlı vəziyyətdə idi, sifilisdən və elə bir irinli ekzemadan əziyyət çəkirdi ki, yerli sakinlər onu cüzamlı zənn etmişdilər. Vaxtilə bu, zəngin yarı-perulu parisli, nəticədə bir quruşsuz səfilə çevrildi; daha da betəri, onun görmə qabiliyyəti zəifləməyə başladı. Altı ay ərzində rəsm çəkməyə qadir olmadıqda, intihar edəcəyinə and içmişdi. Ancaq bunu etməzdən öncə Qogen son bir şah əsəri yaratmağı qərara almışdı və bu əsərə özünün dediyi kimi: «bütün enerjisini qoymaq istəyirdi».

Qogen, onun saman daxmadan ibarət emalatxanasının izin verəcəyi maksimum uzunluğa (12 fut 3 düym) çatana qədər yerli çuval bezinin uzun zolaqlarını bir-birinə calamaqdan başladı — rəsmin nahamar, kobud fakturası bundan qaynaqlanır. Əgər Qogenə inansaq, bu isə heç də həmişə mümkün deyil, o, ənənəvi olaraq böyük miqyaslı işlərin tələb etdiyi ilkin etüdlərə üz tutmadan bu mürəkkəb kompozisiyanın eskizini çıxarmış və rəsmi bir ay içində başa vurmuşdu. Əslində, bu islaholunmaz mif ustası, bir il və ya daha çox vaxt ərzində kompleks bir kompozisiya planlamaqda idi və hətta kalka üzərində mürəkkəb maket də düzəltmişdi ki, bu da əslində digər eskizlərin də varlığını təsdiq edir. 1898-ci ilin iyununda o, hələ də tamamlayıcı ştrixləri əlavə edirdi.

Qogen bir dostuna məktubunda izah edirdi ki, «Biz haradan gəlirik?» Maori mifologiyası aspektində doğum, həyat və ölüm haqqında bir meditasiyadır. Məktub həmçinin bizə məlumat verir:

«Sağ və solda, yuxarıda parlaq sarı ləkələr, bir freska və ya qobelenin çürüyərək altdakı qızılı divarı aşkara çıxaran künclərini bildirməkçün nəzərdə tutulmuşdu… Sağa doğru… yatan bir uşaq və üç çömbəlmiş qadın. Bənövşəyi geymiş iki adam bir-biriylə fikirlərini paylaşırlar. Çömbəlmiş böyük bir fiqur… qolunu yuxarı qaldırır və heyrətlə taleyi şübhə altına almağa cəsarət edən bu ikisinə baxır. Mərkəzdə kimsə meyvə yığır… idol, onun əlləri sirli bir şəkildə qaldırılıb… sanki axirətə işarə edir. Nəhayət, ölümə yaxın olan yaşlı bir qadın, görünür ki, hər şeyi qəbul edir… O, hekayəni tamamlayır!»

Qogenin bizə deyə bilmədiyi yeganə şey budur ki, mərkəzdəki meyvə toplayan və çox vaxt qadın hesab edilən fiqur, — əslində bir mahudur: mistik güclərinə görə hörmət edilən qadınsı kişi kastalarından biri. Qogen Taitiyə çiyinlərinə qədər uzanmış saçlarla gəldikdə əvvəlcə bir qrup gülüşən yerli qız onu mahu hesab etmişdi. Saplantılı qadın düşkünü olsa da, Qogen bu məxluqlara valeh olmuş və bir çox əsərlərində onları təsvir etmişdi. Bundan sonra isə, indi olduğu kimi əsrin sonu hermafrodit kultu ilə üst-üstə düşmüşdü.  

«Biz haradan gəlirik?»-i bitirdikdən sonra, Qogen özünü öldürmək əhdini yerinə yetirməyə qərar vermişdi. O, dağa çıxdığını, böyük dozada mərgümüş qəbul etdiyini və bədənini qarışqaların acgözlüklə yeyəcəyi ümidi ilə ölməyə uzandığını iddia edirdi. Ehtimal edilir ki, mərgümüş işə yaramamışdı; daha böyük ehtimal isə bu idi ki, o heç nə qəbul etməmişdi.

Sivilizasiya adlandırılan şeyin Taitini necə korladığına nifrət içində, Qogen primitivizmin müqəddəs ocağını axtarmağa davam edirdi. O, Hiva-Oa şəhərindən təxminən 1000 mil məsafədə, Markiz adalarında, elə bir gözəl cəhənnəmdə yerləşdi ki, orada katolik və protestant missionerləri dənizçi və qaçaqların yaydığı Avropa xəstəliklərindən məhv olmaqda olan polineziya əhalisinin ruhsal aləmi uğrunda mübarizə aparırdı. Və burada, böyük ağrı və zillət içində, o sekvoya ağacından oyulmuş təbii ölçülü çılpaq qadın relyefləri və Port Səiddə aldığı pornoqrafik fotoşəkillər dəsti ilə bəzədilmiş «Maison du Jouir» («Həzz Evi») adını verdiyi saman daxmasında 101 il bundan əvvəl, 54 yaşında vəfat etdi.

Ölüm anınadək Qogen artıq Paris avanqardı üçün bir əfsanə idi. Onun işlərinin qiyməti sürətlə artmağa başlayırdı. Və sonra, 1919-cu ildə Somerset Moem, Polineziya cənnətində yeni bir həyat qurmaq üçün həyat yoldaşını, ailəsini və sərvətini qurban verən bir rəssam haqqında açar-romanını, «Ay və qara qəpik» əsərini nəşr etdirdi. Kitab ictimaiyyətin xəyallarını uzun müddət məşğul etmişdi. Dünyaca məhşur aktyor Corc Sandersin Qogeni yerlilərə inanılmaz dərəcədə uyğunlaşmış təkəbbürlü ingilis kimi canlandırdığı, 1943-cü ilin film versiyası, Qogenin qəhrəmancasına nailiyyətlərini daha da banallaşdırmışdı.

Boston sərgisinin mükəmməl kataloqu rekordlar qırır. Heç bir halda bu möhtəşəm, «həyatda bir dəfə olan» sərgini qaçırmayın.



Mənbə: John Richardson, «Gauguin's Last Testament», Vanity Fair, February, 2004.
İngilis dilindən tərcümə edən: Günay Rzalı
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)