Edebiyyat.az » Poeziya » Jalə Məmmədovanın şeirləri

Jalə Məmmədovanın şeirləri

Jalə Məmmədovanın şeirləri
Poeziya
admin
Müəllif:
22:41, 26 avqust 2020
1 559
0
Jalə Məmmədovanın şeirləri







*Üçün dördə sevgili*

 

Sən gedəli, əzizim,

Bir az dəli kimiyəm.

Əllərimdə sadəcə üçün dördə şəklin var,

Şəklinlə öpüşürəm,

Şəklinlə sevgiliyəm.

 

Bilirsən, sən gedəli,

Qəlbimin boşluğunu 

Tərəziyə qoyanda özümdən ağır gəlir.

 

Sənsiz şəklinlə yatıb, şəklinlə oyanıram.

İndiysə şəklin mənə səndən də yaxın gəlir.

 

 

Fərqi yoxdur, biləsən,

Gözüm üstə yerin var, gözlərimdən atmağa

Gözümün gücü çatmır.

Tanrı səni yolladı, indi məndən almağa

Özünün gücü çatmır.

 

Şəklin də məni sevir,

Şəklinə taleyiylə

Barışmaq öyrətmişəm.

 

Bilirsənmi, əzizim,

Səni elə sevirəm,

Üçün dördə şəklinə danışmaq öyrətmişəm.

 

 

Üçün dördə otaqda,

Bir mən varam bir də ki,

Üçün dördə sevgilim.

 

Səni cibimə deyil,

Gözlərimə qoyuram.

Nə qədər sevdiyimi özün gör də, sevgilim.

 

 

 

 

*Dəlixana otağı*

 

Fikirləşirəm, görən

dəlixana dəhlizi 

nə qədər dəli görür?

Sol tərəfdə güzgü var

Güzgüdən baxan əksim görəsən məni görür?

 

Deyəsən, qocalıram-

Saçlarımda ağ tüklər,

Üzümdə də qırış var

Üzümü ütüləyim,

Bəlkə onda yox olar üzümdəki qırışlar

 

Otağımda pərdələr

Asılıbdı tavandan.

Pərdə intihar edir

Bəlkə gedim yanına,

Ona təsəlli verim, mən də intihar edim?

 

Saat gecənin üçü

Bu məyus butulkanın

nə tez boşaldı içi...

Bəlkə, gözümün yaşın

axıdım dodağıma, şərab əvəzi içim?

 

Dəlixana otağı...

Şərab nə rəng görünür

oralardan, əzizim?

Yaşım çatır, içirəm,

Başım çatsa, qaçardım buralardan, əzizim.

 

 

 

 

*"Fevralın otuzu"*

 

Mən yaxşıyam, əzizim, öz qeydimə qalıram,

olmayasan narahat.

Düzü, bir az məşğulam, elə səni sevirəm,

gündə iyirmi beş saat.

 

O gün yuxuma girib demişdin ki, "gəlirəm",

qısa sözün uzunu.

Elə o gündən bəri günbəgün gözləyirəm

fevralın otuzunu.

 

Deyirlər ki, ölmüsən, sən həqiqət deyilsən,

Sən sadəcə röyasan.

Mənə "dəli" deyirlər,  niyə bilmirlər ki, sən

yuxu qədər realsan?

 

Bu gün görüş günüdür, ağ donumu geyindim,

dodağımı boyadım.

Sənə gözəl görünüm, bu gün o böyük gündür-

dəyişəcək soyadım...

 

Bu dəfə yuxu deyil, yenə səni görürəm

qısa sözün uzunu.

Deyəsən, artıq bitdi, bir də gözləməyəcəm

fevralın otuzunu...

 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)