Könül Nuriyeva - Atamın stulu (hekayə)
For our only hope is falling in love.
Musiqi ilə doğulur bəzi qadınlar. Musiqi olurlar sevdikləri üçün. Həyat və ətrafındakı insanlar qadını Meduza Qorqonaya döndərsə də, saçlarından ilanlar deyil, notlar asılır.
Leyla həmişə düşünürdü ki, atası niyə ona tərəf baxmır. Uşaq əməlli- başlı fikir edirdi. Atası onun heç qucağına almazdı, saçlarını tumarlamazdı. Beş yaşlı Leyla güzgüdə saçlarına baxırdı , gizli-gizli ağlayırdı. Leylanın hissləri və düşüncələri tatami üzərindəki rəqiblər kimi döyüşürdü. Ata bir dəfə gözlərini qaldırıb ona baxsaydı, qızın onu necə sevdiyini görərdi. Uzaqdan P.Williamsın ,,Happy” mahnısı səslənməliydi, amma ,,Sad violin” çalınırdı.
O vaxtdan uzun illər keçib. Leylanın otuz iki yaşı var. Musiqi müəlliməsi işləyir. Həyatını hər həftə rənglədiyi saçları kimi, dəyişməyi çox istərdi.
İlk dəfə anası ilə getdiyi qonaqlıqda, qadınlardan birinin , ,,aaa, saxladıqları uşaq budur?!” deməsini eşitmişdi. Leylanın həssas, ayıq uşaq idi. Bu sözlərin ona ünvanlanması qızı ciddi narahatçılığa gətirdi. Həmin gündən evdə özünü xəfiyyə kimi aparmağa başladı. Bütün şəkilləri, çardağı, valideylərinin dolablarını axtarırdı. Qurdalamadığı künc qalmamışdı. Qapalı təbiəti ucbatından anasına bir kəlmə belə demirdi. Qız xəstələndi, iştahadan kəsildi, yuxuda sayıqlamağa başladı. Tutarlı dəlil tapa bilmirdi. Leylanın keçmişi İsgəndəriyyə kitabxanası kimi yandırılmışdı. Leyla özünü asıldığı yer məlum olmayan yelləncək kimi hesab edirdi. O mövcud idi, kökü, hardan gəldiyi, başlangıc nöqtəsi , bünövrəsi isə yox idi.
Hər gecə ağlayırdı. O gündən bu günə kimi hər yuxusu musiqi oldu. Bildi ki, həm də heç kimdən soruşmadan bildi ,onun valideynləri bu insanlar deyil. Dragons ,,Beliver” oxuyurdu. Leyla onu dinlədikcə gücləndi, gecələrlə böyüdü, onlarla oynadı, dostlaşdı. İnandı, qəlbinin səsinə inandı. Həqiqətin onun özündə olduğuna inandı.
Otuz beş ildir atası onunla eyni evdə yaşayır, Leyla onun yeməyini verir, paltarlarını səliqəyə salır. Qızı kimi öhdəliyinə düşənləri layiqincə edir. İşdə gülərüzlü, hamıyla danışan kişi , qızına qarşı illərlə dəyişməyən soyuqqanlılıq göstərir. Leyla zəhərləri udur.Acı davranışları içinə çəkir.
Anası yoxdu. Qida borusu xərcəngindən vəfat edib. Leyla hələ də bilmir , onu kimdən alıblar, hardan övladlığa götürüblər. Ölümündən iki gün qabaq anası:
-Qızım, sənə bir söz..
Leyla əli ilə onun ağzını tutmuşdu:
-İstəmirəm, ana.
Qorxurdu, hər şeyin alt – üst olacağından qorxurdu. Mən bunu beş yaşımdan bilirəm deməyə cəsarəti yox idi. Onsuz da nə fərqi vardı, Amerikanın kəşfi Kolumbun ya vikinqlərin adıyla bağlı olsun. Anası öldü, pianinonun arxasında qızını yedizdirən, saçlarını hər darayanda onlara öpüşünü qoyan , ciyərparəm deyən qadın Leylanı tərk etdi. Həmin gün xəstəxana dəhlizinə C.Erçetin gəlmişdi və o ,,Kırıq kalpler durağında”nı oxuyurdu.
**
Leyla köpünün kənarında dayanmışdı. Tez-tez bura gəlirdi. Yaşının beşinci ilində olduğu kimi iyirmi birinci ilində də özü ilə söhbətləşməli idi. Evand Bandın ,,Alijenab” mahnısına ,onun axınına düşmək qərarını verməli idi. Leyla onu üç yüz doqquz il idi, sevirdi. Balacalığından bəri Eminlə Əshabi- Kəhf yuxusuna getmişdi.
Sonra görüşlər, ilk öpüş, dünyanın ən isti sözləri, diqqətin bulaq kimi qaynadığı illər , xoşbəxtliyin bal dadında olduğu ünsiyyətlər oldu.
- Səni tək qız olduğun üçün mənə verməzlər düşünürdüm.
- Səni ilk gördüyüm gündən uşaqlığımdan sevirəm.
- Hamıdan çox?
- Leyla, mənim başqa sevdiyim də var. Atamdı, buna görə incimə. Ona pərəstiş edirəm. Desələr , Leylanı atana görə güllə qabağına qoy, bunu edərəm.
Bu söhbətlə qızın üstünə qaynar su tökdülər elə bil. İnsan ruhunda mürəkkəblikləri daşıyır. Qərar anında qərarsızlıq, sevdiyi halda acıya qatlaşmaq, həqiqəti görə-görə özünü korluğa vurmaq, ağlına deyil , duyğularına baş əymək – bütün bunlar onun xəmirinin mayasıdır. Qıcqırmış, kiflənmiş, boyat olmuş taleyi biz yazırıq.
Leyla qadın fəhmi ilə bilirdi , qəlbində iki sevgi daşıyan kişiylə yaşamaq çətin olacaq. Emin onu sevirdi, amma bu fədəkarlığı olmayan, çərçivələrə salınmış duyğu idi. Onun çərçivəsi kor- koranə ataya sitayiş idi. Onların arasında həmişə biri vardı. O idi, o kişi.
Sanki , həyatında olan bütün kişilər, - atası, əri, qaynatası- , normal olmayan davranışları ilə , sərhədsiz özlərinə vurğunluqları, qadına ikinci dərəcəli insan kimi baxmaqları ilə , Leylanın özünə hörmətini zədələmək üçün gəlmişdilər.
Leyla Adriannaya zəng etdi. Bu onun ən yaxşı rəfiqəsi idi.
- Adrianna , bu evdə yaşamaq dözülməzdi.
- Nə olub, Leyla?
- Eminin atası yenə qumarda uduzub. Evdə qanqaraçılıqdı. Cavid evdən qaçıb. Bilmirəm niyə.
- Hələ də başa düşmürəm ki, universitet müəllimi, ziyalı adam ailəsini dirigözlü təhlükəyə necə atar?!
- Hə, Adrianna, epilepsiya tutması dünən yenə tutdu. Evə də gec gəlmişdi. Mən də hamiləyəm , bilirsən. Anamı təzə itirmişəm. Bu mənə ağır zərbə olub. Elə yetim, yalnızam ki. Emin bütün günü atasının zibil işlərini qaydaya salır.
- Yenə nə edib?
- Saxta diplom düzəltmək adı ilə, insanların pullarını mənimsəyib. Nəysə, sağol, Caviddən narahatam, görəsən hara getdi belə tələsik.
- Leyla , sən özünü üzmə. Sənə meditasiya vidyosu göndərirəm, bax, sakitləş. Öpürəm, hələlik.
Biz təkik, hər yerdə. İzdihamın ortasında da, otağımızda da. Ruh otağımda Knoba ,, İn our knees “ oxuyurdu. Emin qardaşını axtarmağa, anası falçıya getmişdi. Kişinin ayrı otağı vardı. Heç vaxt bizimlə çörək yeməyə gəlməzdi. Şah kimi qulluğunda dururduq. Sözləri əmr kimi evin divarlarında cingildəyirdi. Kişinin böyük məbləğdə qumar borcları, Eminin atasına mənasız bağlılığı, energisini, vaxtını onun oyunlarına sərf etməsi, arvadın ektrasensləri, mollaları, kartçıları gəzməsi, Eminin qardaşının itməsi – hər şey çox pis idi. Tənhalığım elə çox idi ki, qarnımdakının uşaq ya borc olduğunu aydın edə bilmirdim. Yəni Eminə uşaq borcum vardı, onu ata etməliydim. Hamiləliyimin şirinliyini yaşaya bilmirdim. Emin onu mənə yaşatmadı, atamın nəvazişsizliyi kimi. Kişilər necə bir – birinə oxşayırdılar. Və mən ürəyimin altında onlara bənzəyən oğul gəzdirirdim. Gözlərim qaralırdı, düşüncələrim eybəcərləşir, içimi ağır duyğular bürüyürdü.
Leyla öz – özünə danışmaqdan havalanırdı.
Səhəri gün faciə ilə açıldı. Cavidi pubların birinin yaxınlığında tapdılar. Ona on bir bıçaq zərbəsi vurulmuşdu. Atası onu qumara qoymuşdu. Pulu yubatdığı üçün, oğlanı girov götürmək istəyiblər, o da müqavimət göstərib , qaçarkən kürəyindən bıçaqlayıblar. Və Emin hələ də atasını sevirdi. Leyla boğulurdu. Ürəyi ağzından çıxmış kimi döyünürdü. Fəlakətlərin baiskarına hörmət, sevgi davam edirdi. Eminin siması kömür rəngində idi. Atasına ən kiçik qaşqabaq belə tökmürdü. Ehtiramla , sözündən çıxmayaraq hər qulluğuna bəli deyirdi. Leyla onun bəli ata sözündən iyrənirdi. Leylanın həmin gündən işi ərinin dərdini dağıtmaq oldu. Leyla özünü, qadınlığını, analığını unutdu. İndi anladı ki, onun dərkedilməz sevgisi Eminə qarşı necə idisə, əri də valideyninə özünə hesabat verməyən tükənməz mərhəmət, istək, istilik bəsləyirdi. İnsan izahi olmayan müşküllərin vurğunudur. İnsan cazibədir. Harda , hətta təhlükəli də olsa , cazibəli olanları tapır.
**
-Leyla, mən çox qorxuram bir – birini istəməkdən.
Qar yağırdı. Kişini tutub , apardılar. Polislər evə gələndə, Leyla sevinirdi. Ərinə qulluqçu kimi tabe olan Eminin anası , həmişəki kimi oğlunu danladı. Otaqda divarlardan kişinin saysız şəkilləri asıdılmışdı. Müharibə veteranlarının sinəsindən asdığı medallar kimi, soyuq və çox. Emin fikir edirdi. Leyla başında şiş olan xalası qızını ona misal gətirirdi;
-Qorxma, Emin. Ölüm deyil ki. Şükr et, həyatda ağır xəstəliyi olan var, iflic insanlar var. ,,Sekret “filminə baxaq. Sənə kömək olacaq.
Emini bədbinlik bürümüşdü.
-Leyla, bəlkə toyumuzdakı bədliklər əlamət idi, fikir vermədik. Sənin baş ötüyün dörd dəfə səhv taxıldı, sonda da cırıldı. Fişənglərin yanından keçəndə donun yandı. Yadında, donunun dəmir çıxıb , ayaqlarını kəsik- kəsik etmişdi? Toydan sonra, otağa girən kimi güldan çilik- çilik oldu.
Leyla aşiq olduğu, amma onu heç vaxt başa düşməyən ərinə baxdı. Savadlı birinin bu cəfəngiyyatlara inanması ona təəccüblü gəldi. Susdu, yeni mübahisə istəmirdi. Amma demək istəyirdi:
-Emin!! Sən qardaşını qan içində qucağına götürmüsən! Küçənin ortasında neçə maşına əl etmisən ki, saxlasınlar! Tez xəstəxanaya çatdırasan! Qardaşın atanın qorxusundan evə girə bilməyib. Onu evin qabağında ürək dağlayan şəkildə qətlə yetiriblər!! Sən bunun hayında olmalısan, əclaf atanın yox !!!
Leyla içində bağırırdı. Emin nəinki bu qışqırığı, hətta qadının sevgisini görmürdü. Emin bu dünyadan ayrılmışdı. Çoxdan, lap çoxdan.
-Bəlkə, özünə maşın alasan, əzizim. Başın qatılar. Həm də arzundu. Kreditə götürərik, mən də işləyirəm, sən də.
Qadın həmişə belədir, içindən axan qanı dodaqlarına boya kimi çəkən. Həyatın normal olduğunu, ürəyinə basa – basa , əzizinin dərdini yüngüllləşdirərək , özünü düşünməyən biri idi Leyla. Maşın şəkli çəkdi, rənglədi, ərinin yatdığı otağın tavanından asdı. Ona bax və xəyal et dedi, olacaq mütləq söyləyib, Emini qucaqladı.
Oldu, Emin maşın aldı, öz düşüncələrinə sahib çıxa bilmədi amma. Leyla həyəti qırmızı lentlərlə bəzədi, qəlbinin bəzəyini unutdu. Ərini karaokeyə, teatra apardı. Hamamda o çimən müddət ərzində ona saysız lətifələr danışdı. Bunu yorulmadan, hər dəfə etdi. Həyatın lətifəsindən xəbərsiz oldu. İroniyanın ağırlığını xəyalına gətirmədi. Eminin düşüncəli, kədərli, neqativ , depressiv halının düzələcəyinə ümidini itirmədi. Qadın gücünə güvəndi. Onun gecələr yuxusuzluğuna min cür əyləncə qatdı. Onu çox sevdi, həyatı sevməyi isə tamam yaddan çıxartdı. Yükünü azaldan insanı sevməyi deyil, ikiqat yükləyəni seçdı.
**
Eminin anası onu falçıları gəzdirirdi. Oğlunun gün- gündən bədbinləşən halını onların düzəldəcəyinə ümid edirdi. Emin də buna razılıq verirdi.
Mesopotomiyada ilk dəfə heyvanların içi ilə fala baxılırdı. Bağırsaqlar kahinə aparılır, sözlər oxuyur, bağırsağın aldığı formaya görə fikirlər yürüdürdü. İllərlə Roma imperiyası falla müşkülləri açırdı. Falın tarixi daha sonra Hindistana gedib çıxır. Burda əl falı, Samodrika məhşur idi. Əl izlərinin həyatı bildirdiyini Platon və Aristotel kimi filosoflar da təsdiq edirdilər.
İsgəndərə isə qızıl hərflərlə yazılmış əl falı kitabı hədiyyə edilmişdi.
Yuli Sezara bir dəfə bir oğlan gəlib deyir ki, yəhudi kralının oğluyam. Sezar onu əl falı ilə yoxlamışdı. Düzgün demədiyini, kral ailəsi ilə bağlı olmadığını söyləmişdi . Samodrik- əl izləri ilə taleyi , olacaqları oxumaq əsrlərdi ki, davam edir.
Leyla psixoloqların olduğu müasir dövrdə karta, fala , mollaya inanmırdı. Emini bu yollardan çəkindirməyə çalışırdı. Atanı Allah bilən Emin, yoldaşını nə vaxt dinləmişdi ki? Leylanın bir duası vardı, Allahım güc ver mənə, Eminin kefini açım. O güzgü qabağında məşqlər edir, yumoristik söhbətlər hazırlayırdı. Hələ onlar bir – birlərinə indiyədək adlarını deməmişdilər, daimi əzizim söyləmişdilər. Atası olmasaydı , Eminlə Leyla mübahisəsiz, küskünlüklərin olmadığı ömür yaşayardılar. Bir dəfə b Leyla ondan incidi, gecə həyətdə saatlarla oturdu, oğlan gəlib ürəyini almadı. Qadın atasına zəng etdi, onlarda uzun müddət yaşadı. Amma necə?!
Leyla onsuz nəfəs ala bilmirdi. Əsəbi olurdu, yaxınlarını, hətta uşaqlarını acılayırdı. Baxdığı ən maraqlı filmdən zəhləsi gedirdi, yemirdi, saçlarını daraya bilmirdi, sevinci yoxa çıxırdı. Məcbur olub özü geri qayıtdı. Anladı ki, zəhər qarışıq balı bir ömür çörəyinə çəkib yeməlidir. Bir gözü ağlamalı, biri gülməlidi. Biz niyə əzaba aşiqik?!!
**
-Rayona toya gedirəm.
- Emin, getmə bu dəfə, nə olar, getmə!
Leylanın ayaq barmaqlarından saçlarına kimi istilik gəldi. Oxucu Emini tanıdığı üçün, yəqin bilir ki, getdi. Yol boyu Leylanın ismarıcları açmamasını, küskünlüyünü, xahişini, yalvarışını nəzərə almadan getdi.
-Leyla , xala qurban gəl, xəstəmiz var. Nə vaxtdır rayona da gəlmirsən, səni görmək istəyirik.
Nazilə xala idi, Eminin xalası. Zəng etmişdi. Axşam idi. Leylanı narahatlıq bürüdü. Emin səhər gedib, bir şey bilsəydi , məni də aparardı. Uşaqları geyindirdi, yola düşdülər.
Kənd avqustun axırına yaxın keçəl edilmiş, saçları tələsik kəsilmiş uşağa oxşayır. Yaşıllıq, təbiətin oyanışı, yağış yoxa çıxır. Biçilmiş əkin yerləri, tayalanmış otlar, yorğun əhali sarı rəngdə olur. Avqust sarı rəngdədir. Avqust əli boş, amma verə bilmədiyi üçün xəcalət çəkən nurani adama oxşayır. Səxavətli olduğunu sübüt etmək üçün, yollar axtarır avqust. Bu aya kədər yaraşmır. Avqust sentyabra ümid edir. Həmişə mənə elə gəlir ki, avqust ona aşiqdir. Saçları olan , incə qız kimidir sentyabr. Avqustun əlləri daimi ona tərəf uzanır. Aylar belə ayrı, kənar yaşaya bilmirlər.
Emin kəndə çatmağa az qalmış dəmir-dümür dükanının qarşısında dayandı, düşündü, içəri girdi, kəndir aldı.
Onun içində bir səs danışırdı:
-Zehnin yönəldə bilmək üçün ən böyük silah qorxudur. Ön yarğılı, kompleksli minlərlə insan var. Səfalət, kasıbçılıq, xəstəlik, yaşlanma ən güclü silahlarımdır. Səbrlə insanın acizliyini qəbul etdiyi günü gözlədim. Düşüncəsində bədbinliyini qəbul etməsi məni sevindirdi. Zehnin nəzarətini ələ keçirirəm. Geri verməmək üçün çalışaram. İnsanın çarəsizliyindən həzz alaram. Özünü düşünən, qiymət verən düşmənimdir. Ondan uzaq duraram. Axına qoşulub, kor – koranə gedənləri sevirəm. Ətrafındakı bədbəxtlikləri özünə mayak edənlər mənim dostlarımdır. Əlinizi sıxıram. Çaba sərf etmədən ən xlrda zorluqda mubarizəni buraxanlara hədiyyəm var. Yalnız özlərinin çətinlikdə olduqlarını fikirləşənlər ən layiqli rəfiqlərimdir. Başqaları üçün əzabın olduğunu ehtimal verə bilməyənlərin ovucuna kəndir, zəhərləyici həblər, narkotik maddələr, bıçaq qoyuram. Qalanı ilə işim olmaz. Onların bunu etməyə gücləri var.
-Kimsən sən?
- Şeytanam, sənin ən yaxın dostun.
- Mən zəifəm?
-Sən bu dünyada indi ən güclü adamsan. Əvvəlcə qələmi götür, ürəyindəkiləri yaz. Sonra ayaqqabılarını çıxarmağı unutma.
-Atamın borclarını verə bilmirəm, Leylanın fədəkarlığını hiss edə bilmirəm, qardaşımı unuda bilmirəm.
- Onda, yanına get .
Emin ,,Şahmat” çox sevirdi. Ordan bir cümlə yadına düşdü. ,,Bizə heç bir şey edilmədi, ancaq tam bir heçliyin içinə qoyulduq, çünki bilindiyi kimi, bu dünyada heç bir şey insan ruhunu heçlik qədər təsiri altına ala bilməz”
Şeytan şən ruhiyyəsi, ağıllı gözləri ilə son dəfə Emilə baxdı, getdi. Emil heçliklə və özü ilə üzbəüz qaldı. Özü?!
Özü çoxdan məhv olmuşdu, anasi ona atasını sevməyi öyrətdiyi gün. Atasının ona itaət zəncirini boynundan ,,sənə hədiyyəm olsun” dediyi gün Emil yox idi, sadəcə qara gözlü, əzələli bədən qurluşlu biri vardı. Yaşayırdı ya yaşamırdı heç özü də bilmirdi. Onun itirəcək bir şeyi yox idi. Ən vacib şeyi- özünü itirmişdi.
Əlləri əsirdi. Məktub ziyalı birinin deyil, acız kişinin bu dünyanın səmasına son imzası idi. Onu qadının qəlbinə, gözlərinə, saçlarına, sevgidən fışqıran ruhuna da yaza bilərdi. Əlləri əsərdi yenə. Amma siz heç sevgidən ölən birini gördünüz?
Biz öləndə necə rabitəsiz oluruq?!
,,Leyla, mən sizi çox istəyirəm.Uşaqları da çox istəyirəm.Sən gözəl qabiliyyətli, hər şeyin yerini bilən, düzgün qərar verən bir insansan. Mənim üçün də çox çalışdın. Sizi qoyub getdiyim üçün məni bağışla. Ata, mama ,dayı mən sizi də çox istəyirəm, məni bağışlayın. Leyladan, uşaqlardan , işimdən çox raziyam. Heç kimdən narazılığım yoxdu. Ata, heç kimlə düşmənçilik etmə. Özüm yaşamaq istəmədim.
Ata, uşaqlara dəymə, qoy Leylanın yanında qalsın, o onlarla çox düzgün davranır. Yazdıqlarımı öz imzamla təsdiqləyirəm. Mənim üçün ağlamayın. Kimin əlində xeyir işi varsa, mənə görə saxlamayın. Allah mübarək etsin. Atamı, anamı tək qoymayın, məni bağışlayın.
13.08.2016 “
Leyla hadisə yerinə çatanda, həyətdə üstü örtülü meyit gördü. Ona Eminin intiharını kimsə söyləməyə ürək etmədi, qadın hər şeyi anladı. Kimsə kürəyinin ortasından bıçaq sapladı, qadın huşunu itirdi. Dünyası dağıldı, ruhu öldü, duyğuları intihar etdi, qəlbi məzarlığa döndü. Göy rəngli kəndiri əlində tutan Leyla , kəndir alınan dükandan intihara şahid stula kimi bir – bir baxdı. Nə axtarırdı? Həyət qapısını içəridən bağlayan Eminin sakit, könüllü şəkildə özünə qəsd etməsi Leylanın bağrını qana dönərdi. Ürək tərəfdən köynəyində göy ləkə vardı, bəlkə ölmək fikrindən son anda vaz keçib , ürəyi partlsyıb düşüncəsi qadını əldən salırdı. Kaş uşaqlarıma nəsə olardı, ona olmazdı deyən Leyla həmin günün gecəsi özünü pəncərədən atmaq istədi. Heç vaxt yuxudan gecə durmayan oğlu anasından su istədi. Qadını adi təsadüf fikrindən daşındırdı. Otaq başına hərlənir, dili tutulurdu. Leyla o müddətdən bəri gecələri yata bilmədi. Hər gecə Eminli qaranlığı daha aydınlanmadı. Həmişə deyirdi ki, Emin kaş bizi əl- ələ dəfn etsələr , nə gözəl olar.
Atasının əllərini öpən Emin, ona nəhayətsiz sevgisinə görə oğlunun adını Nadir qoymuşdu. Leylanın həyatını kabusa döndərən birinin adı niyə uşaqda olmalıydı? Leyla uşağın adını dəyişməklə, yarasına su səpdi. Biz beləyik , okean böyüklüyündəki acılarımızı damcılarla sakitləşdirərik. Nə mənasız təsəllilər verər adam özünə. Ətrafımız , qohumlar, mənfəətlər olmasa, sevginin cələng hördüyü qəlblər həyatı doya – doya yaşayarlar. Valideynlər həyatımızın torpaqda qurd axtaran ən pis bağbanlarıdır. Eyiblər tutan, danlayan, mühakimə edən, bizə şəxsiyyət kimi baxmayan fərsiz bağbanlar ağacı, gül kolunu hardan , nə vaxt budamaq lazım olduğunu bilməyəcək. Eminin atası onu baharda, ömrünün çiçəkləyən yaşında , otuz dörd yaşında, qəddar şəkildə kəsmişdi, doğramışdı. Siz baharda budanan ağacdan uzun müddət göz yaşı axdığını görmüsünüz?
**
İllər keçir. Uşaqlar böyüyür. Leyla iyirmi səkkiz yaşındadır hələ. Eminin intihar etdiyi ildən bəri böyüməyib, böyüyə bilmir. Birdə evdə bir stul var. Oğlu kiminsə ona yaxınlaşmağına imkan verməz. Atamın stuludur, gələcək atam deyən uşağın baxışlarına dözmək çətindir. Leyla həm küskündür, həm hələ də sevir, acıqlıdır, ümidini itirib, gözlərindəki işığı sönüb, uşaqlarında axtardığı təsəllinin bəzən faydalı, bəzən faydasız olduğunu bilir.
Sabahı da açılır hər gecənin, Eminsiz bir ili deyil, neçə illəri ağlaya- ağlaya, ölüb-dirilərək, boğularaq, kədərin dibinə düşərək keçirir. Başını yastığa söykəyib, gizli- gizli ağlayır. Guya qripə tutulub, guya yaxşıdır, guya indi yuxudan oyanıb, guya yaxşıdır, barışıb . O yalandan gülür. Adi söhbətin ortasında birdən hönkürtü vurub qəfildən ağlayır. Eminin onu tərk etdiyi kimi, birdən, gözlənilməz.
Kömək içindədir anlayışı bir həddə qədər düzdür. Madiyyatın yaxşı olması imkansızlar üçün dünyanı gözəlləşdirirsə , yaşanmış ömrünü uğursuz sayan biri üçün cəfəngiyyatdır. Kitablar , dostlar sənə özünün tərs şilləsi kimidir bəzən. Gülmək istəməklə yaranmır. Ağrısız xoşbəxtliyə çatmaq ifadəsi yalandır, su elə hər dəfə bulanacaq. Əgər bünövrə palçıqdan götrülübsə. Palçıq həyatımızı cəhənnəmə döndərən valideynlərdi. Hər birinin ,,stulu” var...
2020-ci il 15 mart
.