Edebiyyat.az » Proza » Esmira Hüseynli - İki başlı ilan (hekayə)

Esmira Hüseynli - İki başlı ilan (hekayə)

Esmira Hüseynli - İki başlı ilan (hekayə)
Proza
admin
Müəllif:
21:18, 22 avqust 2020
1 772
0
Esmira Hüseynli - İki başlı ilan (hekayə)



 Seanslarımı dayandırdığım vaxtdan bu yana bir ay keçib. Ah, o psixoloq məni mükəmməlliyyətçi olmaqda günahlandırırdı. Nə imiş? Məni mən edən qüsurlarım imiş və mən özümü  qüsurlarımla olduğum kimi qəbul etmirəmmiş. Dəyişdirə bilməyəcəyimiz qüsurlarımızla yaşamağı öyrənməliymişik. Necə deyirdi? Hə, qızılgülü tikansız, işığı qaranlıqsız təsəvvür etmək olmaz, ümumiyyətlə, həyat Yin və Yanqın harmoniyasından ibarətdir.  Nə bilim nə, boş-boş fəlsəfə. Budur, mən artıq “ideal mən”imə çatmışam. Artıq səbirsiz deyiləm, ani reaksiyalar vermirəm, yuxu rejimim də düzəlib. Hətta dünən qapı qonşumun iylənən zibillərini atmadığını görəndə heç əsəbiləşmədim də. Həmişə hisslərimə qapılıb müdirimin etdiyi səhvləri, haqsızlıqları üzünə qarşı deməkdən çəkinmirdim. Özüm də yaxşı bilirəm ki, əgər şirkət üçün vacib işçi olmasaydım, müdir heç tərəddüd etmədən məni iti qovan kimi qovardı. Nəyə lazımdı axı hər kəsi ilan kimi sancıb həqiqətlərlə zəhərləmək? Ona görə də, artıq sentimental düşüncələri kənara atıb, məntiqimi işə salıram. Özümü baramadan çıxan kəpənəktək azad hiss edirəm. Amma bir aydır ki, əkiz bacım nəinki məni, hər kəsi təngə gətirib. Keçən dəfə qonşularımdan biri mənə dedi ki : “Səma, bu vaxta qədər görmək bir yana, bir bacın olduğundan belə xəbərsiz idik.  Əgər Dənizlə sən yan-yana gəlsəz, kimin kim olduğunu ancaq baxışlarınızdan ayırd edə bilərik”. Onu da əlavə etdi ki, Dəniz mənim kimi olmadığı üçün məni qısqanır, mənə olan qərəzinin səbəbi yalnız bu ola bilərdi. 

 Bu gün qapı qonşum  Nərmin  mənə Dənizdən şikayət etdi ki, dünən gecə zibilləri ətrafa dağıdıb.
-Bəlkə, pişik dağıdıb, hər halda neçə gündür, zibillər qapının ağzındakı vedrədə yığılıb qalmışdı- Nərminə dedim.
-Onda yəqin, bunu da pişik yazıb, - kağızı mənə uzatdı- sonra isə qapıya yapışdırıb. Həm də ki, növbətçi  gecə saat üçdə bacını binadan çıxarkən görüb, ümumiyyətlə, hər gecə harasa gedir ( sonuncu sözləri xüsusi əda ilə dedi).
Kağızda yazılmışdı: “Zibilləri vaxtında tök, axmaq!”. Elə başımı qaldırmışdım ki, Nərminin buz kimi mavi gözləri ilə mənə yuxarıdan aşağı istehza ilə baxması içimi ürpətdi. Hipnozdan ayılmış kimi, anidən  ona narahat olmamasını deyib yola saldım. Belə olmaz bu artıq neçənci şikayətdir bilmirəm... 

 Dənizlə mübahisə etdim. Düzü, hər şey necə baş verdi tam xatırlamıram. Bircə onu bilirəm ki, məni o həddə çatdırmışdı ki, az qala onu boğurdum, sonra sanki yuxudan ayılırmışcasına əlimi çəkdim. Yox, yox, axı mən pis biri deyiləm. Mən sadəcə onun ayağıma dolaşmasını, milçəktək könlümü bulandırmasını istəmirəm. Bütün olanları düşünə-düşünə işə gəlib çatmışdım. Amma hər kəsdə qəribə bir hal sezirdim, hamı pıçapıç nə isə danışırdı. Hətta məni görən iş yoldaşlarım istinin günündə boğazıma  taxdığım qara şərfin fərqinə belə varmadılar. Dözməyib mənə ən yaxın olan iş yoldaşım Leyladan nələr baş verdiyini soruşdum:
-Nə olub? Bu nə həngamədi? 
-Eh, soruşma, bugün səhər tezdən Sədaqət xanım adəti üzrə lazımlı sənədləri, gələn məktubları müdirə aparmaq üçün hazırlayanda bir imzasız məktub olduğunu görüb (birdən fikrə daldı).
-Aha?!
-Hə, sonra düşünüb ki, bəlkə, bu Sədaqət xanımın elə özünə gəlib. Ona görə də, açıb oxuyub. Məktubda müdir təhqir edilib. Hələ bu harasıdır? Məktubu yazan hər kimdisə, müdirin şirkətdən biri ilə arvadına xəyanət etdiyini bildiyini yazıb. 
- Elə bu?
- Elə bu nədir, ay qız, kimin ağlına gələrdi axı. Özü də şirkətdən ha! İşə bir bax! 
- Bəs Sədaqət xanım məktubu müdirə veribmi?
- Yazıq qadın əvvəl qorxub, bilməyib ki, nə etsin. Sonra düşünüb ki, birdən məktubu verməsə, məktubu yazan adam da ortaya çıxıb eləsə, müdir bu məktubun varlığından xəbər tutsa, heç yaxşı olmayacaq. Həm də, onun nə günahı var axı. Elə davranar ki, guya heç nədən xəbəri yoxdu. 
 Hə, belə-belə işlər. Müdir bütün gün otaqdan çıxmadı. İşçilər də, deyəsən, sakitləşmişdilər. Elə ona görə də, şərfimə ilişməyə başladılar. Dedim ki, dondurma yemişdim, o da boğazımı ağrıtdı. Elə bu sözümə bənd imiş kimi, hamının dərdi açıldı, hərə öz ağrısından şikayətlənməyə başladı.  Düzü, özüm də xatırlamıram ki, boğazımdakı göyərtilər necə olub. Deyəsən, mən Dənizi az qala boğanda o da mənim boğazımdan yapışıbmış. 

 Nəhayət ki, evdəyəm. Bugün bir başqa yorğunam. Elə bəlkə də, ona görə içdiyim çaydan ləzzət ala bilmirəm. Divarlar sanki üstümə qusur. Oturduğum kreslo torf bataqlığı kimi məni özünə çəkir. Bu bəyaz pərdənin rəngi yaşıla dönür elə bil, otaqdakı hər şey olduğundan daha böyük görünür. Ən qəribəsi isə divardakı saatın əqrəbi soldan sağa hərəkət edir. Deyəsən, başım xarab olub.  
-Dünən məni məhv etmək istədin, amma bacarmadın. Çünki sən zəifsən! 
-Kəs səsini! Çıx get buradan!
- Yox, yox qisas almadan hara gedim?! Az əvvəl içdiyin çay səncə də bir az qəribə dadmırdımı? Amma, deyəsən axı sən heç nədən dad ala bilmirsən ahaha.
-Nə?! Axı, axı sən əvvəllər belə deyildin. Niyə...?!
- Haqlısan, məni əvvəllər sən idarə edirdin.  Buna baxmayaraq məni gözündə böyüdürdün və məni tamamilə yox etmək istədin. Mən isə buna icazə verə bilməzdim. Bir bədəndə yaşayan iki müstəqil ruh...niyə də olmasın? 
Hər şey fırlanır, yoxsa mənmi yıxılıram? Sanki səhradayammış kimi susuyuram, eyni zamanda qar uçqunun altında qalmışcasına üşüyürəm. Elə bil zaman dayanıb, bütün həyatım gözümün önündən  keçir. Ah, mənim sevimli müəlliməm, onun danışdığı əhvalatı xatırlayıram: "San-Diyeqo zooparkının "sakini" olmuş ikibaşlı ilan daim qorxu içində yaşadığından qarşısına çıxan bütün ilanları yeyirmiş. Hətta bir dəfə görünür elə qorxu üzündən birinci baş ikinci başı udmağa cəhd göstərir, zoopark xidmətçisi vaxtında müdaxilə edir. Lakin növbəti gecə xilas olmuş baş intiqam almaq üçün birinci başa hücum edir, nəticədə, hər iki baş gövdə qarışıq məhv olur".
Gözlərim qaralır budur, içimdəki dənizdə boğuluram.
Dəniz Səmanın onu rəngləyərək gözəl göstərdiyini, Səma da özünü Dənizə baxaraq görə bildiyini  anlamamışdı.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)