Günel Mehri - Eyforiya (esse)
Proza
Günel Mehri - Eyforiya (esse)
Hələ eyforiyadayıq, bilirəm...
Xoşbəxtlikdən uçmuşuq bir az havalara, bir az Qarabağa...
Amma müharibənin yaraları zamanla peyda olur, əzizim...
Məsələn, atasının fotosunu qucan bir fidanın göz yaşlarında,
Gecələr bayrağa hıçqıran ağsaçlı anaların fəryadında,
Ya da tabuta sarılmış gənc bir qadının ümidsiz barmaqlarında...
Bir gün bu eyforiya da keçəcək, bilirəm...
Və reallğın ütüsüsz tərəfiylə burun-buruna gələcəyik.
Sən də, elə mən də
Asta-asta, ehmal-ehmal hazırlaşacayıq,
Yarım qalmış şəhid arzularına şahid olmaq üçün...
Şəhid xəbərlərisə boynubükük bənövşələr tək dikiləcək miskin-miskin qapılara...
Bax onda biləcəyik ki, biri varıymış və biri yox olmuş,
Gözəl ud çalarmış həmin o yox olan.
İndi udu susmaqdan darıxır bir küncdə...
Hələ biri vardı, məhləmizin ən güclü idmançısı,
İndi yoldan keçəndə arabadan boylanır
bir idman meydançasına,
bir də ayaqlarının yerini tutmuş gen-bol boşluq parçasına...
Biri də vardı, biri də vardı, sevgilisinə özəl hər gecə şeir yazardı.
İndi sevgilisi həmin şeirləri unutmaq üçün deşik axtarır bu gen dünyada...
Qovala getsin, burax uçsun bu pessimistlik buludunu!
Bizi də soyudacaq bir gün, torpağın üzü soyuqdur...
Hə... Yavaş-yavaş bu qanlı əjdahanın pusquda durub şikar gözlədiyini unutmaq istəyəcəyik.
Qalib addımlarımz ehtiyatla atılacaq doğma torpaqlarda.
Hər an sağımızda, solumuzda partlayacaq mina xəbərləri ilə yaşayıb gedəcəyik bu ömrü...
Amma yox, bütün partlayışlar bədniyabət olmayacaq ki.
Yəqin bir gün qonşu qızının hərisində şampan şüşəsi də partlayacaq.
Ya da gəlin başmağının zərbiylə toy evinin kandarındakı boşqab...
Hə, bir də düşmən gözü partlayacaq toy karvanları sıralandıqca ard-arda...
Tabut girən evlərdən də xonçalar çıxaсaq əlbət...
Qara bağlamış darvazalara qırmızılar elçi gələcək mütləq...
Uzaqlar yaxın, xarabalıqlar laləzar olacaq, fəqət
Fəqət, ildən-ilə düşmənin bağrı partlayacaq,
Bizimsə işıqlı sabahlara açılan ümidlərimiz...
Və bu partapartların arasında böyüyən uşaq
Günün birində əlində bayrağı, başında əsgər papağı
Şəhid qəbrinə təzim edəcək:
-Salam, ata, xoş gördük!
Gəldim elə deyəm ki,
Qarabağ Azərbaycandır!
Azərbaycandır Qarabağ!
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
LALƏ HÜSEYNOVA - SİRR
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ