Edebiyyat.az » Proza » Kənan Hacı - Buzlu şüşə dövrünün qorxusu (hekayə)

Kənan Hacı - Buzlu şüşə dövrünün qorxusu (hekayə)

Kənan Hacı - Buzlu şüşə dövrünün qorxusu (hekayə)
Proza
admin
Müəllif:
18:27, 03 yanvar 2021
1 330
0
Kənan Hacı - Buzlu şüşə dövrünün qorxusu (hekayə)



 Ağrı qarışqa kimi bədənində gəzdikcə canını qoymağa yer tapmırdı. Sümükləri sızıldayırdı, revmatizm ona əməlli-başlı əziyyət verirdi. Soyuq, rütubətli havalarda bütün günü dizlərini ovxalayır, ağrıdan dad çəkirdi. Ağrılar onu qarşıdan gələn qocalıqla barışmağa məcbur edirdi. Hər dəfə güzgüyə baxanda ovqatı təlx olurdu; gözlərinin altı tuluq bağlamışdı, sifəti boş pul kisəsi kimi qırışmışdı. Ona elə gəlirdi ki, gözlərindəki həyat eşqi də getdikcə öləziyir, bu gözlər sanki günbəgün uzaqlara, dərinə çəkilirdi. Hər dəfə üzünü təraş edəndə kefi pozulurdu; yenə güzgüdə özü ilə üzbəüz dayanmalı idi. Neçə dəfə gözəyarı, güzgüsüz üzünü qırxmışdı. Onda da adda-budda üzündə tük qalmışdı. Fikirləşmişdi ki, deyəsən güzgüsüz işi keçməyəcək. Güzgü iblis kimi yaxasından əl çəkmək bilmirdi. Axırda taleyi ilə barışmışdı, insan neyləsə də özündən qaça bilməz. Hansı tərəfə çevrilsə, güzgü onu özünə xatırladacaq. Adam hələ də güzgüdəki həqiqəti sinirə bilmirdi. Təbiətin ziddinə getmək yaranışa qarşı çıxmaq kimidir, ey qafil. Həqiqət elə o güzgüdə sənə əyan olur, çox uzağa getməyə ehtiyac yoxdur. 
Güzgüyə arxa çevirdi. Mətbəxdə yemək masasının arxasına keçəndə qüssəli təbəssümünü arvadından gizlədə bilmədi. Arvadı ərinin bu qəribə təbəssümünə öyrəncəli idi.
-Yenə nolub? Ağlına hansı qara-qura fikirlər dolub?
Hiss edirdi ki, son vaxtlar lap qoca kişilər kimi deyingən olub. Bəzən bir sözün ucundan tutub ucuzluğa gedəndə arvadın səbr kasası daşırdı, bomba kimi partlayırdı:
-Bezdim sənin bu səfeh deyingənliyindən! Sən arada get özünü həkimə göstər. Psixoloq yanına get, özünü müalicə etdir. Yoxsa mənim ömrümü çürüdəcəksən. Bəsdir də. Nə qədər zarımaq olar? Bütün günü “oram ağrıyır, buram ağrıyır”... Başqa sözün yoxdur.
Arvadı gün ərzində bəlkə dörd-beş dəfə onun təzyiqini ölçürdü, deyirdi a kişi, sənin təzyiqin kosmonavt təzyiqidir eee! Neçə dəfə evə təcili yardım çağırmışdılar, həkim ürəyin kardioqramını çıxartmışdı. Matdım-matdım “xəstə”nin üzünə baxmışdı:
-Qardaşoğlu, ürəyin saat kimi işləyir. Sən sadəcə, arada nəfəs almağı yaddan çıxarırsan. Bizlik bir iş yoxdur. Bizi bura niyə çağırmısınız?
Onda da arvadı iki əlini belinə qoyub kükrəyirdi:
-Gördün?! İndi inandın ki, sənin heç nəyin yoxdur?
“Xəstə” yerində büzüşüb xəcalət hissi keçirirdi. Həkim çıxanda heç pul da götürməmişdi. Sadəcə, gülümsəyib demişdi:
-Olur, arada belə “kapriznıy” xəstələrimiz olur. Həkim gəlincə ürəkləri rahatlaşır. Buna panik-atak deyirlər. Qorxmayın, kişinin heç nəyi yoxdur. 
Amma ağrı canında özünə yer eləmişdi. Fikirləşirdi ki, adamın bir qardaşı olar, bacısı olar, dərdini deyər. Yetimin arvadından başqa heç kimi yox idi. Bütün dərd-sərini yükləmişdi yazıq qızın üstünə. Arvadı onu çox sevirdi, amma deyingənlik olan yerdə sevgi də küsüb müvəqqəti olaraq harasa gedirdi. 
Bir neçə dəfə xəstəxanaya gedib müayinədən keçmişdi. Demişdilər turp kimisən, get kef elə. 
-Yooox! Bu elə dediyini deyəcək: “ölürəm, canım ağrıyır”. Ay başınıza dönüm, mən birinci dəfədir ki, sağlamlığını boynuna almayan adam görürəm. Adam var, xəstə olduğunu boynuna qoya bilmirsən, bunda tərsinədir. Səni bax, belə şeylər öldürəcək. Xəstəliyi zornan öz üstünə çəkirsən. 
Arvadı ürəyini boşaldıb sakitləşəndə baxdı ki, əri günahkarcasına boynunu büküb eləcə ona qulaq asır. 
-Nə baxırsan? Deməyə sözün yoxdur axı. Nə deyəcəksən? Hər dəfə həkim sənin bu yalanlarıvı üzə çıxarır. Yekə kişisən, az zarıginən. Mənim təzyiqim kəlləçarxa çıxır, gör heç səsimi çıxarıram? 
Xeyri yoxdu, adam ağrıyırdı. Soruşanda ki, haran ağrıyır? Deyirdi hər yerim. Hərdən dostları onunla zarafatlaşırdı: “Qardaş, sənin bir dənə salamat yerin yoxdur ki”. 
Son vaxtlar motivasiya kitabları oxuyurdu. İnsafüçünə, bu kitabların bir müddət ona xeyri dəydi, ruhi müvazinətini tarazlaya bildi. Kitablardakı faydalı məsləhətlər darıxmağın melanxolik ovqatını dağıda bildi. Bir gün evin ortasında qamətini dikəldib “məndə heç nə yoxdur!” - dedi və əllərini cibinə qoyub lap cavan oğlanlar kimi o baş-bu başa gəzindi. Arvadını gic gülmək tutdu:
-Bu həqiqəti sənə kimi pıçıldadı?
Əlini jurnal masasının üstündə qalaqlanmış kitablara tərəf uzatdı:
-Odey, kitablar. 
-Hm, kitablara inan, amma burdan-bura mənə inanma. Orda yazılanları mən də sənə deyirəm də. Kim sənə nə desə, inanırsan, bircə mənə inanmırsan. – Arvadı əsəbi gülüşünü boğmağa çalışıb onu danladı. Ürəyində sevindi ki, deyəsən kişi yavaş-yavaş düzəlir. 
Rəhmətlik Mirzoppa demişkən, “ay düzəldi yaa!” Qozbeli qəbir düzəldər. Bu müvəqqəti nikbinliyin ardınca üzücü depressiya dalğası kişini qoynuna alıb aparırdı. Həngamə də bundan sonra qopurdu. Zavallı qadının əsəbləri buna necə dözsün? 
Koronavirus pandemiyası dünyanı cənginə alandan kişinin rahatlığı tamam pozuldu. Az qala, evin içində də virusla gizlənpaç oynayırdı; yatağına girib yorğanı başına çəkirdi ki, virusun iti nəfəsi ona toxunmasın. Gündə neçə dəfə Uhan bazarında yarasa satan arvadın var-yoxunu qəbirdən çıxarırdı. –
-Yarasa şorbası yeyənlərin zibilinə düşmüşük, arvad, - deyirdi.
-Sən özünü gözlə, heç nə olmaz, bu qədər panikaya düşməyə ehtiyac yoxdur. Bəsdir ürək-göbəyini yedin.
-Mən xəstə adamam, yoluxsam, o saat ölərəm. 
Gündə bir neçə dəfə spirt duşu qəbul edirdi, evin içində də üst-üstən iki-üç maska taxırdı. Arvadı asqıran kimi adamın qorxudan rəngi ağarırdı: 
-Axır ki, bu zibili gətirib çıxartdın evə! Sənə yüz dəfə demişəm ki, az düş bu zibil marketə. Ay qız, maska bekara şeydir, yan-yörəndə xəstə varsa, ətrafdakıların hamısı yoluxur. 
-Yaxşı, heç yerə çıxmayaq, oturaq evdə, qırılaq acından. Onda məndən yemək istəmə! – Arvad gözünə döndüyüm də ərinə belə cavab verirdi. 
Kişi fikirləşirdi ki, kaş bir kimsəsiz ada olaydı, Robinzon Kruzo kimi həmin adaya çəkilib asudə yaşayaydı, pandemiya bitəndən sonra qayıdıb gələydi. Sanki Sabir bu misraları yazarkən onu nəzərdə tutmuşdu: “mən salim olum, cümlə cahan batsa da batsın”. 
-O kimsəsiz adada düşüb öldün, səni kim basdıracaq, ay eqoist insan? Qurd-quşa yem olacaqsan. – Arvadı onun bu fikrinin də üstündən xətt çəkdi.
Bir dəfə içindəki qorxunu yenib evdən çölə çıxdı. Həyətdə dolaşan maskalı adamları görüncə hövlləndi. Bu həyulalar hər gün gördüyü adamlara oxşamırdı. Olmaya yeni insan növləri peyda olub? Sonra yadına düşdü ki, özü də maskalıdır. Maskalar üzləri örtmüşdü deyə adamlar bir-birini tanımırdı, eləcə kənardan bir-birinə baxa-baxa ötüb keçirdilər. Kimsə təsadüfən onun lap yaxınlığından keçəndə at kimi kənara sıçrayırdı. Əcəb işdir, dünya elmi cəmi-cümlətanı bir qramlıq virusun əlində aciz qalıb. Demək, elmin inkişafı haqqında deyilənlərin hamısı uydurma imiş. Xərçəng bunun yanında yalan olub, qarşısına keçəni xırpalayıb əzir, aman da vermir. Göz açınca kürəyini vurur yerə, çox namərd xəstəlikdir. 
Amma onun içindəki ağrının koronavirusa dəxli yox idi, başından başlayırdı, dabanında bitirdi. 
-Deyirlər bu xəstəliyi hamı keçirəcək, - həyətdəki tösmərək kişi öz fərziyyəsini dövriyyəyə buraxdı.
-Yox a, doğrudan? – Bu da bizim qəhrəmanımızın reaksiyası. 
-Hə, elə deyirlər. Hələ deyirlər ki, evdə arvadla da məsafəli dolanın.
-Yox bir! Ağ eləmə dəə. – Adam lap özündən çıxdı. – Onsuz da nişanlılar evlənə bilmir, deyirsən halalca arvaddan da boşanaq? Odey, Hande xala Nabranda sərinlənir. Yayın bu tülyanında camaatı soxublar evə. Bunlar sağlam adamı xəstə edərlər.  
Əlüstü bədahətən iki beyt qoşdu:

Dedilər yarla sevişmək qadağandır,
Əlacımız təbibə qalıb, amandır.

Təbib ki, mənim dərdimə əlac qılmır,
Yenə yar busəsinə könül dadandı.
Qonşular xımır-xımır gülüşdülər. Qocalardan birinin qulağı yaxşı eşitmirdi deyin bir az da ona yaxınlaşdı. Adam çənəsinə sürüşmüş maskanı qeyri-ixtiyarı burnundan yuxarı qaldırdı. Az keçməmiş gördü ki, boğulur. İnsan nəfəsinə çəpər çəkən bu süni maneəni əsəbi şəkildə dartıb sifətindən qopardı. Özünü büsbütün həyat adlı gur axının ixtiyarına verdi. Özünün məhsuldar qorxularına bir müddətlik fasilə vermək qərarına gəldi. Həyatın da ciyərləri xəstəydi; o qədər zəhərli tüstü udmuşdu ki, göydən yerə zəhərli yağışlar yağırdı. Həyat ciyərlərinin buzlu şüşə dövrünü yaşayırdı. 
Evə gəlib duş qəbul etdi, kresloya yayxanıb arvadının təzəcə dəmlədiyi pürrəngi çaydan içə-içə televizorda hansısa kinokomediyaya baxmağa başladı. Doyunca güldü, kefi ala buluda qalxdı. Arvadı da sevindi; kişidən çıxmayan iş, deyəsən qorxularına qalib gəlib. 
Gecənin bir aləmi ağrı onu yuxuda ikən qəfil xirtdəklədi. Yuxulu halda yorğanı üstündən atdı, əllərini bütün bədənində gəzdirdi, ağrı bədənində sürüşürdü, bir nöqtədə dayanmırdı. Sonra deyəsən ağrı gizləndi. Çabaladı, çabaladı, az sonra süstləşdi...  Sükut daha bir adamın həyatında özünü təsdiqlədi. 
Qorxu qalib gəlmişdi... 

2-3 yanvar, 2021-ci il 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)