Edebiyyat.az » Proza » Akif Cabbarlı - Darıxmağın ləzzəti(hekayə)

Akif Cabbarlı - Darıxmağın ləzzəti(hekayə)

Akif Cabbarlı - Darıxmağın ləzzəti(hekayə)
Proza
admin
Müəllif:
07:57, 29 yanvar 2021
1 047
0
Akif Cabbarlı - Darıxmağın ləzzəti (hekayə)






 

Kərim Kərimlinski axır ki, son günlər ürəyində dolandırdığı, beynində gəzdirdiyi fikirləri kağıza köçürmək istədi. Hələ keçmişdən yazı-pozu işlərini evdə tək olanda yoluna qoyurdu. Yatağından qalxıb mətbəxə keçdi. Həyat yoldaşı da, oğlu da gözə dəymirdi. Yəqin çıxıb gediblər işlərinin dalınca, - deyib özünə bir stəkan çay süzdü. Sonra yadına düşdü ki, heç yuyunmayıb da. Yox, çay içərəm, səhər yeməyi qalsın sonraya, - qoy yazımı yazım, yemək qaçmır ki, - düşüncəsi ilə eynəyini axtardı. 

...Kərim müəllim uzun illər Yaşıltəpədə rayon qəzetində işləyib - əvvəllər korrektor, sonra müxbir kimi. Bir vaxtlar əhalinin şəhərə nizamsız, ölçü-biçisiz axını başlayanda o da paytaxtda yaşamaq, yaradıcı insan, populyar qələm adamı kimi tanınmaq eşqinə düşdü. Şəhər kənarında kiçik, daracaq bir mənzil kirayələyib kiçik və kövrək qəlbindən keçən böyük-böyük duyğuları rayon mətbəəsindən qoltuğuna vurub gətirdiyi bir tərəfi yazılı makina kağızlarına köçürməyə başladı. Olurdu ki, on səhifəlik yazısından üç cümlə seçib dərc edirdilər, buna da şükür edirdi. Bilirdi ki, yazısı çıxan qəzetlər rayona da gedir və keçmiş redaktoru, iş yoldaşları Kərimin imzasını görüb həsəd aparır, ürəklərindən də onun kimi tanınmaq arzusu keçirdi. O,   belə fikirləşirdi, amma Allah bilir, bəlkə də Kərimin imzasını görmürdülər və görsələr də, heç eyinlərinə də almırdılar. 

Bakıda o vaxtlar çoxlu qəzet çıxırdı, xeyli jurnal çap olunurdu və bu nəşrlərdə də əsasən tanınmış, peşəkar jurnalistlər işləyirdi. Adlı-sanlı yazıçıların, şairlərin də bəziləri elə bu redaksiyalarda çalışır, əməlli-başlı maaş və qonorar alır, ailələrini saxlayırdılar. Bir uğurlu kitabın müqabilində yüngül-yaraq minik maşını, ucuzvari mənzil alanlar da olurdu. Kərim isə bu dəryada üzgü nə olduğunu bilməyən həvəskar kimi çabalamaqda idi. Bir gün Anarın kitabını vərəqləyərkən məşhur Kəbirlinski obrazının taleyi diqqətini çəkdi. Bu bəxtsiz sənət adamı ilə özünün həyatını müqayisə də elədi ürəyində və qəfildən “tapdım” dedi, - mən də bu gündən oldum Kərimlinski. 

O, “Kərimlinski” imzası ilə bir neçə süjetsiz, solğun, ədəbi ictimaiyyətdə əcaibliyi ilə qıcıq doğuran bir-iki hekayə yazıb əslən Yaşıltəpədən olan bir redaktor tanışının jurnalında dərc elətdirsə də, sonradan çox peşiman oldu. Tənqidçilər onu elə günə qoydular ki, əlinə qələm aldığına görə, üzr istəyirəm, itdən peşiman oldu. Yazmadı, redaksiyaların qapısını unutmağa çalışdı, özünün şəxsində parlaq gələcəkli yazıçının qarşısında qırmızı işıq yandıranlara lənət də oxudu. 

Burada bir haşiyə çıxaq ki, Kərim Kərimlinski rayon qəzetində işlədiyi dövrdə orfoqrafiyanı dərindən mənimsəmişdi və bu sahədə xüsusi seçilirdi. Obrazlı yazmaq, xarakterlər yaratmaq səriştəsi olmasa da, yazılarında orfoqrafik səhvlər tutmaq mümkünsüz idi. Dostlarından biri bunu yaxşı bildiyindən Kərimi hansısa nəşriyyatda işə düzəltdi və buna görə nəşriyyat müdirindən bir “sağ ol” da qazandı. Dedilər ki, bir halda ki, yolunu azıb qaçıb şəhərə, qoy dolansın, ailəsini saxlasın, savab işdir, Allaha da xoş gedər. 

İndi illər keçib, Kərim də yaşa dolub. Mətbuatda, ədəbi aləmdə tanınmasa da, qohumlar arasında, yerlilərinin yanında xətir-hörməti böyükdür. Elçiliyə aparırlar, toyda, yas məclislərində başda otuzdururlar. Necə də olsa, qələm adamıdır, Kərim Kərimlinskidir axı. Bütün bunlar Kərimin gözünün qabaından kino lenti kimi keçdi və qarşısındakı ağ vərəqə bənövşəyi rəngli qələmi ilə bir başlıq yazdı: “Darıxmağın ləzzəti”. 

Niyə belə yazdı, qoy deyim. Kərim müəllim də bizim kimi məlum yaş həddini keçib və son aylar şəhəri ürəyincə gəzib-dolana bilmir. Oturub evdə və geninə-boluna, eninə-uzununa darıxmaqla məşğuldur. Həyat yoldaşı ilə oğlu işdə olanda yeganə təsəllisi televizora baxmaq və bir də köhnə tanışları, dostları ilə telefonda mırt vurmaqdır. Həyətə, yol-rizə çıxmağı o qədər də xoşlamır. Qeybətdən, dalca danışmaqdan zəhləsi getdiyindən vasvası, deyingən adamlardan uzaq gəzir. Sözün düzü, ağır işin qulpundan tutmağa heyi qalmayıb – neçə illərdir ki, qan təzyiqindən əziyyət çəkir. Bir dəfə hələ rayonda ikən redaktorun köməyi ilə hansısa kolxozun hesabına Soçiyə göndərmişdilər ki, müalicə alsın. Sonradan davamlı gedə bilmədi və doğrusu, heç özü də bunun həvəsində olmadı. İndi də şəhərdə arada bir yazmaq istəsə də, Kəbirlinskinin ruhuna dua oxuyub ilham pərisini səsləsə də, özü də görür ki, alınası bir şey yoxdur. Odur ki, neçə vaxtdır əlinə qələm almırdı. Amma bu gün yenə köhnə əyyamlardakı kimi səliqə-səhmanla, ədəb-ərkanla nə isə yazmaq eşqinə düşüb Kərim müəllim. 

Bəli, sərlövhəni yazdı – “Darıxmağın ləzzəti”. Sonra ha əlləşdi, ha gücəndi, bir şey çıxmadı. Darıxmaqda nə ləzzət axı? Mən axmaq da bu başlığı yazdım, - deyib, təzədən yatağına uzandı. Elə bu vaxt qapı açıldı və həyat yoldaşı içəri girdi. 

-Səriyyə, sənsən, nə yaxşı tez qayıtdın? 

-Hə, Kərim, iş o qədər də yox idi, səndən daırxdım. Kafe sahibi də dedi ki, çıx get kişinin yanına. Bilirəm ki, sən də tək qalanda qüssələnirsən. Pis eləmişəm qayıtmağıma? 

-Yox, ay Səriyyə, yaxşı eləmisən. Bilirsən, indi mənə də yasaq olunub çölə-bayıra çıxmaq, təkbaşına da olsa gəzmək-dolanmaq... Dünən bir kinoya baxmışam, deməli, bizim kimi bir ər-arvad darıxıb, darıxıb, sonra durub oynaq bir musiqinin sədaları altında doyunca rəqs elədilər. Bəlkə biz də... 

-Bıy, ay kişi, nə danışırsan? Bu yaşımızda duraq oynayaq deyirsən? 

-Hə, Səriyyə, canın üçün, onlar bizdən də yaşlı idilər. 

Kərim ayağa qalxıb maqnitofonu işə saldı. Dalğanı hərləyib, həzin bir musiqi tapdı, - ruslar buna “belıy tanes” deyirlər, arvad, - dedi. O ili Soçidə olanda... Tambovdan gələn ucaboy, qəşəng meşə gözətçisi (bəlkə gözəlçəsi?...) Nadya ilə necə fırfıra kimi fırlandığı gözünün qabağından keçdi. Amma Soçidəki bu rəqs birinci və axırıncı olmuşdu. Kərim xamlığından qızın ayağını tapdalamış və ondan yağlı bir söyüş qazanmışdı. Qızın “svinya” sözünü uzun illər ürəyində dolandırmışdı. 

Nə isə, kişi arvadına yaxınlaşıb onu bağrına basdı: – Arvad, əslində sən məni dəvət eləməlisən ey, zakonla belə olmalıdır, - dedi. Səriyyə naz-qəmzə ilə gözlərini süzdürdü. Kərim ətli-canlı arvadını ha o tərəf-bu tərəfə yırğalasa da, bir şey alınmadı. Otuz-qırx il əvvəl qucağında hansısa münasibətlə rahatca ora-bura daşıdığı qadın bir sentnerlik yük kimi Kərimlinskini zora salmışdı və birdən belinin incə yerindən qəfil bir ağrı tutdu Kərimin. Görünür, gücə düşdüyündən damarı qaçmışdı. Güc-bəla özünü yenidən yatağına saldı. Səriyyənin isə sifəti Dağıstan şorabası kimi elə turşumuşdu ki, oğul istəyirdi ki, sözlə ifadə eləsin. 

...Kərim Kərimlinski aramsız zarıldayırdı və arabir də acı-acı mızıldanırdı: - darıxmağın ləzzəti, darıxmağın ləzzəti... 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)