Edebiyyat.az » Proza » Azər Abdulla - Gül yağışı.

Azər Abdulla - Gül yağışı.

Azər Abdulla - Gül yağışı.
Proza
admin
Müəllif:
20:22, 21 mart 2021
1 221
0
Azər Abdulla - Gül yağışı.


Yazıçı Azər Abdullanın “Gül yağışı” (“Dojd tsvetov”) adlanan bu hekayəsi Rusiyada keçirilən İ.Bunin adına Beynəxlaq ədəbiyyat müsabiqəsinin “uzun siyahısı”na daxil olub. 


 ÖLƏNDƏN sonra dirilmə, özü də yuyat yerinə uzadılıb yuyulanda, kəfənə tutulanda, tabuta qoyulub qışqırıq, vay-şivənlə maşına qaldırılanda, bərbad yollar boyu çalxalana-çalxalana qəbiristanlığa aparılanda, qəbrə sallanıb sağ yanı üstə yerə qoyulub rahatlananda, üstündə oxunan "Yasin" duasının sədası altında hər dəfə adı çəkilərkən tərpədiləndə yox, məzarın üstü sement-beton örtüklərlə səliqəli qapanıb palçıqlanandan, torpaqlanandan sonra dirilmək dünyada yüz min, milyon, yüz milyondan bir adamın başına gəlsəydi, mütləq onun özünün qismətinə düşəcəyinə dəhşətli dərəçədə inanırdı.

Neçə aydan bəri ürəyinə daman o qara, qorxulu fikir günbəgün, saatbasaat güclənir, onu üzüb əldən salırdı. Hər dəfə ürəyinin döyüntüsü, ritmi pozulanda, sıxılıb təngnəfəs olanda, bir göz qırpımından sonra nəfəsinin biryolluq dayanacağından qorxaraq yorğanı üstündən atıb hövlnak qalxanda yazı masasııın arxasında əyləşib vergül, nöqtəsinəcən əzbər bildiyi, bəzən doqquz, bəzən də on iki bəndlik vəsiyyətnaməsini yazmaq istəsə də baçarmırdı.

Vəsiyyətnaməsi bir yandan bazarlıq eləməyə gedən adamın yazdığı siyahıya oxşadığından hələ ölməmiş, yaxud öləndən sonra adamların bu siyahıdan xəbər tutmalarından, dilə-dişə düşüb məsxərəyə qoyulaçağından ehtiyat edirdisə, bir yandan da onun vəsiyyətnaməsinə innən belə əməl edəcək bir adamın tapılacağına gümanı yox idi.

Neçə illərdən bəri heç kimin bir işinə yaramadığını yaxşı bilirdi. Vəsiyyətnaməsinin qocalıb əldən düşmüş, yaddaşını itirmiş, son vaxtlar hər şeyə, hətta yaxın adamların ölüm xəbərinə də gülən, uğunub gedən anasına dəxli yox idi.

Oğlanlarının biri Rusiyada oxuyurdu, bilirdi ki, atasıyla bərabər, iraq olsun, anasının, nənəsinin də ölüm xəbərini eşitsəydi, gəlməyə imkanı olmayacaqdı. Balaca oğlunu da yaxşı oxuduğuna görə institut on günlüyə Türkiyəyə göndərmişdi. Oğlu Türkiyəyə gedən gün birdən-birə iyirmi il ğabaq bağçalı-bağlı yaşıllıq içində olan kənd evlərinin ikinci qatında şüşəbəndin bütün pəncərəsinin taybatay aydınlığa açılmış bir yay günündə atasının dediyi "Bizim nəsildə dədələr öləndə heç vaxt oğulları yanında olmur" sezləri xatırlayanda bu günlərdə - lap tezliklə öləcəyinə bir daha inandı. Babası öləndə oğlu müharibədə, atası öləndə isə özü Bakıda olmuşdu.

İnanıb etibar elədiyi dostlarından biri dustaqdaydı, o birisi isə Binədə yaşayırdı, dünyanın bütün xəbərləri hamıdan sonra ona çatırdı. Bilirdi, Binədə yaşayıb dünyanın və onun sakinlərinin işinə qarışmayan, ancaq dünya dağılsa da orucunun, namazının vaxtını heç vaxt keçirməyən dostu nəinki onun öldüyü gün, heç üçündə, yeddisində belə xəbər tutmayacaqdı. Qırxına gəlib çıxsaydı böyük iş idi.

Son vaxtlar peyda olmuş kəpənək qanadı kimi zərif, şəffaf lentə bənzər kaprondan düzəldilmiş ipi görəndə ülgüc itiliyini, kəsərini bir ağrı kimi bədənində hiss edirdi. Ayaqlarının baş barmağını da elə ülgüc itiliyində olan o murdar, o iyrənc iplə birçə qat bağlamışdılar. İki kubik hündürlüyündə olan alçaq tavanlı, darısqal məzarda qalxıb dikələ bilmədiyindən baş barmaqlarından bağlanmış ayaqlarını özünə sarı yığammır, yanındakı iskənə, vintaçan bir yana, əlindəki uzun tiyəli çörək bıçağı da o murdar, itüzlü ipə çatmırdı. Ona elə gəlirdi barmaqları bir-birinə bağlanmasaydı, bəlkə də ayağının birini dar boşluqda qarnına yığıb çətinliklə olsa da tavana dirəyib gücü gəldikcə yuxarı qaldıra bilərdi. Bütün geçəni ayaqlarının pəncəsini, barmaqlarının yasdığını daşlara sürtüb qançır eləmişdi. Ayağıyla daşlarda, suvaq yerlərində bir çıxıntı, bir kəsinti axtarıb tapmaq, o itüzlü lenti sürtüb kəsmək istəyirdi, ayaqlarına güc verib qırmaq istəyəndə o şəffaf lent ətini almaztək kəsib sümüklərinə dayanırdı, ancaq qırılmırdı ki, qırılmırdı. Kecə səhərəçən yerinin içində qan-tərə bataraq beləcə əlləşə-əlləşə evlərində olan o iplərin yerini axtardı. Tezdən arvadı rayondan gəlməliydi, o qayıdana kimi evlərindəki o iplərin hamısını axtarıb tapmalı, yox eləməli və öz tədarükünü görməliydi. Qaranlıqdan durub uşaqların yatdığı otağa keçdi, lülələnib bucağa söykənmiş xalçanın üç yerindən həmin iplə dolanmış sarıqlarını açdı, balkona keçib paltar sərmək üçün bağlanmış, simtəki cod tellərin dolaqandan hazırlanmış girdə şəkilli kəndiri kəsdi, tələsik gətirib qonaq evində masanın üstündə iri paltar qayçısıyla barmaq boyda doğradı, aparıb hamamdakı zibil vedrəsinə tökəndə birdən vannanın qabağını kəsmiş selofan pərdəni saxlayan o iyrənç, şəffaf lenti gördü.

Başılovlu qayıdıb qayçını götürdü, onu da kəsib barmaq boyda doğradı, hirsi soyumadığından tələm-tələsik və təşviş içində mətbəxə gedib künc-bucaqda, qaz sobasının alt gözlərində, otaqlarda çarpayılardakı döşəklərin altında, qarderobda, servantın siyirmələrində, rəfdəki toz basmış qovluq və kitabların arxasındakı boşluqda, üstünə televizor qoyulmuş tumbuçkanın qoşa gözündə əlinə keçəni evə girmiş oğru kimi hövsələsiz-hövsələsiz evin düzünə səpələdi. Siyirmələrdən tapdığı al qan və yamyaşıl ot rəngində lentə bənzər o iplər yumşaq, zərif və yaraşıqlı olsa da, son vaxtlar şəhəri, kəndi ağzına almış kaprondan hazırlanmış murdar, iyrənç, itüzlü o iplərdən idi. Yaşıl rənglisi onlara pay gətirilmiş şokolad qutusuna, qırmızısı isə səkgiz martda bacısının baldızına bağışladığı ağappaq qərənfillərə bürünmüş şəffaf örtüyün ucuna lent əvəzi sarınmışdı. "Yox, siz gözəlsiniz, doğraya bilmərəm. Sizi gözəl-gözəl yandıracam". Öz səsindən səksəndi, mətbəxə gedib kibriti yandırdı, yaşıl lenti alova tutanda lent çanlıymış kimi yığılıb açıldı, ilantəkin qıvrılıb yelləndi, tüstülənib alışan ucu qəfildən qalxıb sol əlinin orta barmağına yapışdı, elə bil ilan çaldı, əlini yelləsə də yanıb əriməkdə olan lent qopub aralanmadı, ağrıya dözmədiyindən qeyri- iradi sağ əlinin şəhadət barmağıyla vurub yerə salmaq istədi, ərintinin bir qırığı da bu biri barmağına yapışdı, barmaqlarının, ikisi da dərhal yanıb suluxladı. Yanığın goynərtisindənmi, hirsindən-hikkəsindənmi yerə tulladığı lsntləri əsəbi-əsəbi götürüb qırağı qopub çatdamış nəlbəkinin içinə qoyub yandırdı. Lentlər nəlbəkinin içində yenə də yaralanmış ilan kimi qıvrılıb açıldı. "Yanın, zibillər, uxaay, yanıb əriyin! İstənilən yun qatması, istənilən pambıq iplik, qaytan, yüz illər torpaq altında qalıb çürüməyən keçi qəzilindən olan çatma da, kəndir də sizdan yaxşıdı. Simlə, lap yumşaq mis məftillə də bağlamağa razıyam, təkcə sizinlə bağlamasınlar..."

Siyirmələrdən evin düzünə tökdüyü yüz cür xırdavatın, kağız-paranın içindən ağ, qara, sarı, göy rəngli sapları götürüb qəzetə bükdü, aparıb rəflərdəki kitabların arxasındakı boşluğa saldı. İşlənib balaca şamama boyda qalmış yun ipdən olan yumağı gətirib çarpayısının başındakı yazı masasının ortasına qoydu. Gözə çarpsın deyə masanın üstündəki kitabları, kağızı, qələmi göturüb pənçərənin önünə qoydu. İp xovlu, qalın və kovrək olduğundan ayaqlarına güç verib bir-birindən aralamaq istəyəndə barmaqlarını kəsmədən asanlıqla qırılaçaqdı. "Ölənə qədər bütün ehtiyatımı özüm görməliyəm". Son vaxtlar başında ilan-çayır kimi dolaşan o ipləri evindən təmizlədiyinə görə bir az arxayınlaşdı. Ancaq, hamama girib əllərinin toz-torpağını yumaq istəyəndə, içərisi kağız-kuğuzla dolu kardon qutuya közü sataşanda, sabah arvadının rayondan qayıdanda özüylə gətirəcəyi qutudan, şələ-şülədən heç olmasa birinin mütləq o murdar iplə bağlanacağını ağlına gətirəndə arxayınlığı uçub getdi, neçə saatdan bəri evi alt-üst edib qarışbaqarış axtardığına, sərf elədiyi vaxta, zəhmətə hayıfı gəldi. Və anladı ki, yaxasını o iplərdən heç vaxt qurtara bilməyəcək.
İşıqlanmaq bilmirdi, üşüdüyündən gəlib yorğanın altına girdi, bədənini yenə düpbədüz düzəldib ayaqlarının baş barmaqlarını bir-birinə söykədi, sağ böyrü üstə çevrilib qəbrdəki kimi kürəyini divara dirədi.

Bir an ölü vəziyyətdə qaldı, ayılanda daha doğrusu, diriləndə havasının çatışmadığını, boğulduqunu hiss elədi, dərindən nəfəs almaq üçün ağzını açmaq istədi, açılmadı, dodaqlarını aralayıb bir-birinə sıxılmış dişlərinin arasından çətinliklə nəfəs aldı. Çənəsinin başına sarındığını duyçaq, kəfənin altıyla əlini aparıb sarığını başından sürüşdürüb aşağı saldı, burnunun deşiklərinə tıxanmış pambıqları çıxartdı. Kəfəni yaxasından dartıb çırdı, kəfənin üstündəki ağı basıb çırmaq istəyəndə yumruğu "tavana" dirəndi. Vəsiyyətnaməsinin hansı birindəsə kibrit olmalıydı. Əlini yan-yörəsinə apardı, qarnının üstündə gəzdirdi, sinəsinin ortasında kibriti tapdı. Yumruğuyla kəfəni basıb sinəsindən araladı, dənəni çəkib alışdırdı, bircə an keçməmiş öskürək tutdu. Düzgün iş tutmadığını dərhal anladı. Alov onun həyatı, çörəkdən, sudan dəyərli olan havasını, oksigenini yeyir, zibillədir, anbaan udub azaldırdı. Məzardakı havanın tutumunu, miqdarını günlərlə hesablamaq istəmişdi, tanıdığı kimya, fizika müəllimləri ilə söhbət edib bir saat ərzində insanın orta hesabla nə qədər hava aldığını, oksigen udduğunu öyrənməyə çalışsa da, ona qəti bir söz deyən tapılmamışdı. Gərgin axtarış və düşüncədən sonra iki kubik hündürlüyü [qırx santimetr], altmış santimetr eni və bir səksən, uzaq başı iki metr uzunu olan məzarın tutduğu oksigenin tən yarısını qəbrə sallanan çənazənin sıxışdırıb çıxardacağını dərk edəndə onu dəhşət bürüdü. Hər udum havanın onun üçün nə demək olduğunu anladı. Əliylə basıb alovu keçirdi. Sönmüş kibrit dənəsi qarnına düşüb yandırdı. Bu an əlinin, qarnının yanmağından çox onu havanın azalması qorxudurdu. Qorxudan vəsiyyətnaməsindəki kibriti biryolluq çıxartdı.

YADDAN çıxartsaydılar, yaxud gərəksiz qocanın vəsiyyətinə məhəl qoymayıb bıçağı onun yanına qoymasaydılar, son ümidi, ağzında salamat qalmış yeganə kirəvə dişiylə ağı çeynəyib-çeynəyib didəndən sonra barmağıyla dartıb cıracaqdı. Ancaq kəfəni, ağı dartıb cırmaqla iş qurtarmırdı. Kibritdənsə tiyəsi uzun çörək bıçağı daha əlverişliydi. Kəfəni və büründüyü ağı cırandan sonra tavana döşənmiş, sement-betondan hazırlanmış örtüklərin aralarına tökülmüş və hələ qurumamış göy rəngə çalan sement palçığı həmin tiyəsi uzun çörək bıçağıyla oyub tökürdü. Allaha yalvarırdı, qəbrin üstünü torpaqlayandan, adamlar çəkilib gedəndən sonra ayılsın, iki-üç saatdan sonra da pis deyildi, heç olmasa, heç olmasa bir gün ötəndən sonra örtüklərin üstünə tökülmüş sement-palçıq hələ quruyub daşa dönməmiş ayılaydı. İsgənə də olardı, vintaçan da. Yox, yox, onlar qalın idi, hələ çörək bıçağının da bir-birinə kip söykənmiş o sığallı örtüklərin arasından keçməsinə ümidi yox idi. Çünki qəbrin üstündəki adamları yaxşı tanıyırdı. Neçə-neçə ölünü basdıranda görmüşdü onların iş-işdəklərini. Sement-betondan hazırlanmış o örtükləri diqqətlə seçəndə, axtarıb qıraqlarının ovulub-tökülməmişini əzilib qırılmamışını tapacaqdılar, onları yan-yana döşəyən adam da bütün səliqəsini, səriştəsini, bacarığını işə salaraq örtükləri bir-birinə elə yaxın, elə kip qoymağa çalışaçaqdı, aralarından nəinki tük, heç hava da keçməyəcəkdi. Hələ palçıq qatan adam! Kör necə candildən əlləşir, elə bil xamır yoğurub qarışdırır. Dünyanın ən xəsis adamı da burda səxavətlənir, iki- üç, bel sement əvəzinə dolu vedrənin hamısını qumun üstünə əndərəcək. Körpülərin, evlərin, imarətlərin tikintisinə ayrılan sementin yarıdan çoxunu oğurlayıb satan əliəyrilər, vicdansızlar, burda düz, təmiz, vicdanlı olacaqdı. Heç olmasa Rusiyanınkından yox, öz keyfiyyətsiz sementimizdən olaydı.

Örtüklərin bitişən yerinə, balaca deşiklərə tünd göyəçalan palçığı lombasıyla salıb elə həvəslə suvayır, deyirsən, zalım oğlunun dünyada bundan çox sevdiyi işi-peşəsi yoxdu. Ömründə əlinə bel götürməyən kontrabas çalan əmoğlum da, əlləri pambıq kimi ağappaq və yumşaq qız əlinə oxşar hesabdar qonşumuz da, son borcunu yerinə yetirməyə çalışan alicənab insan kimi yerə atılan belləri götürüb, qəbrin üstünə tığlanmış torpaq azmış deyə, yan-yörədən sıyırıb yığdıqları iki-üç bel torpağı da qənimət bilib üstümə atacaqdılar. "Əçlaflar, gedin bir maşın da qazıb gətirin, tökün üstümə! Süpürgə ilə qırıq-quruğu da süpürün, ayaqqabılarınıza bulaşmış palçığı da sıyırın, üstünüzdəki toz-torpağı da çırpıb tökün üstümə. Qalaqlanmış torpağın ortasından açdıqları şırıma, arxa bax. Vedrə dolu suyu o başdan bu başa, bu başdan o başa əndormələrinə bir bax. Beli də suyun altına tutub şırım boyu o yana, bu yana aparmalıdılar. Sən bunların məsuliyyətinə, işlərindəki incəliyə bir bax! Suyu, yanğın söndürürmüş kimi, tələm-tələsik qəbiristanlığın lap aşağısına qoyulmuş çəndən gətirən aşağı mərtəbədə olan on iki yaşlı uşağıydı. Elə uşaqları da özləri kimi saxta, riyakar, biçələyin biridi. Neçə dəfə çörək, siqaret almağa göndərdim, hər dəfə bir cür sapıtma verib sözümə baxmadı. İndi üzüyola olub. Bir vedrə suyu üstümə əndərəndən sonra hansı canıyananın ağzından çıxdı ki, - birini də! - Elə ağzından çıxmağıyla sözəbaxmayan uşaq kimi tanınan Məhədin oğlunun vedrəni qapıb üzaşağı getürülməyi bir oldu. İkinci vedrəni də əndərdilər. Taxıl suvarırlar, gözləyin göyərəcəm. Vicdansızlar! Adətlərinə bir bax bunların! Özləri də bilmir bu suyu niyə tökürlər.

Neçə-neçə molladan, qocadan, ağsaqqaldan bunun mənasını soruşdum, hamısı çiyinlərini çəkdi. Biri qayıtdı ki, bu suyun bir damcısı süzülüb mərhumun başına düşür, ayılıb qalxmaq istəyəndə başı Əhlət daşına dəyir. O boyda torpaqdan, sement-palçıqdan damcımı keçər? Biri də dedi, yüngüllük xətrinə tökürlər. Əcəb yüngüllükdü...

Qalaqlanmış torpağın baş və ayaq tərəfinə qoyulacaq daşları da bacoğlum dönə-denə o yana, bu yana çevirib baxandan sonra ən uzununu, ən hamarını, gözəgəlimlisini və ağırını seçib gətirəcək, başımın üstünə ehmalca qoyaçaq ki, ruhum inciməsin. Hələ bunun ehtiramına, sevgisinə bir baxın! Durub gedəndə yan-yörəsini axtarıb bir qırıq daş tapıb baş daşımı döyəcləyəcək, kadərlə nəsə pıçıldayaçaq. Üz-gözündəki doğmalığa, sevgiyə, ehtirama, həssaslığa, lap çox görkəmindəki üzüntüsünə bir baxın. Düz yeddi iliydi qapımızı döymürdü. Televizor ustasıydı. Televizorumuzun ekranı qaçırdı, neçə dəfə xəbər elədim, gəlib çıxmadı. Təkcə bacıoğlumdan ummuram. Yeddi il nədi ki, on il, iyirmi, otuz il bundan qabaq ayrılıb görüşmədiyim adamlar tökülüşüb üstümə gələcək. hay gəldilər, gözlə ha! Söz onda deyil, gəlməyənlərlə işim yoxdu. Mənimki gələnlər barəsindədi. Qaçqınlıqdan sonra rayonumuzdakı beş türk kəndinin bütün camaatı Bakıya axıb gəldi. Onlardan heç olmasa, ən azı üç yüzəcən gələçək, hələ yerli dostları, tanışları demirəm. hərəsi beş-altı saat vaxt itirəcək, adam başına cədvələ orta hesabla iki "Şirvan" yazdıracaq. Min iki yüz dollardan çox eləyir. Mənəsə evin üstünü düzvltdirməyə minçə dollar lazım idi. Aldığım dəmir, kirəmid, taxta yeddi il həyətdə qaldı, sınanı sındı, oğurlananı oğurlandı. Düz yeddi ildi yazın, payızın, qışın yağmurları evimizə yağr. Evimizdə orijinal olan bir şey varsa, o da damcıdır. Dünyada bəlkə də heç kəsin evi bizimki kimi dammır. Qabaqlar vedrə, vanna, qab-qacaqdan tutmuş, bakallaraçan damcıların altına düzdük, çatdıra bilmədik. Damcılar oynayır, qarışbaqarış evləri gəzib tez-tez yerlərini dəyişir. Altına qab qoyandan beş dəqiqə sonra kəsib başqa yerdən damır. Bütün günü əlində qab o yana, bu yana fırlanıb rəqs etməlisən.

Bir gün anası uşağı danlayıb - içi qurddusan, özünnən başqa bir kəsi bəyənmirsən, necə uşaqsan ki, bir yoldaşın yoxdu, bir uşaqla oturub-durmursan, qaynayıb qarışmırsan, biriynən dostluq eləmirsən, - qaraqabağın biri qaraqabaq! - Deyəndə uşaq qayıtdı ki, bu evə adam gətirmək olar? - Əliylə tavanı göstərdi, - gətirim, bu mənzərəyə tamaşa eləsin...

Təsəvvür edirsinizmi, uşağın adamlardan elə gen gəzməsi, kiminləsə yaxınlıq eləməyə cürəti çatmaması necə ağır gəlir adama? Vallah, üstümə gəlməsəydiniz də inciməzdim, sağlığımda... Allah bilir, məndən sonra neçə il də damacaq?..
Vəsiyyətnamədəki bəndlərin birində qəbiristanlığın yeri göstərilməliydi. Aydın bir yaz günündə hansı rəhmətliyisə Mehdiabad qəbiristanlığına aparmışdılar. Məzarları bürümüş yamyaşıl ot, qəbrlərin üstündəki qollu-budaqlı, şaqqavatlı ağaclar, qarşıdakı gömgöy zəmilər, uzaqlardakı genişlik, apaydın, mavi üfüqlər onun xoşuna gəlmişdi. Bu qəbiristanlığın gözəlliyindən çox indi, torpağın bərkliyi linklə, qazmayla qazılanda torpağın diş-diş, parça-parça, qoz boyda qopması ürəyincəydi. Qəbrin üstündəki torpaq yığını qumsal torpaqla müqayisədə yüngül olmalıydı, arasından məzara hava da süzülüb keçməliydi. Ancaq iki vedrə su bu torpaq qalağını qənd parçaları kimi əridib lehməyə çevirəcəkdi. Bu baxt ki mənimdi, yağış da yağa bilərdi, o boyda torpaq yığını qır-sapız kimi bir-birinə qarışıb başdan ayağa, bu yandan o yana bir təbəqəyə-laya, bir çəkisi olan kütləyə çevriləcəkdi. Torpaq yığını yatıb, qaynaq edilmiş dəmir parçası kimi qəbiristanlığın torpağına yapışıb bərkiyəcəkdi. Onda nvinki mənim bu nazik, damarları çıxıb heydən düşmüş ayaqlarım, lap ağırlıq qaldırmaq üzrə dünya çempionunun ayaqları da qaynayıb qır-saqqıza dönmüş torpaq yığınını qaldıra bilməz.

Yağış yağsa elə bura da Binəqədi qəbiristanlığının gününə düşəcək. Yağışlı, çisginli bir payız günündə palçığa bataraq ayaqlarının hər birində dəyirman daşının ağırlığını duyduğu Binəqədi qəbiristanlığı yadına düşəndə, "Qurd qapısı" deyilən aşırımdan aşağılara, ucsuz-bucaqsız o dərinliyə baxanda bir canlı, bir həyat nişanəsi olmayan o qısır, boz torpağın sonsuzluğu cəhənnəmin başlanğıcı kimi adamı ürpəşdirib canına üşütmə salan, sirli bir vahiməylə insanın bütün ümidlərini məhv edən o xaraba qəbiristanlığa, oranın yumşaq qumsal torpağına ümidi qalırdı. Bir də neçə vaxtdan bəri baş sındırıb tapmışdı ki, bu qəbiristan başqalarıyla müqayisədə dəniz səviyyəsindən xeyli aşağıda olduğuna görə məzardakı havanın, oksigenin sıxlığı çox olmalıydı. Yanına bıçaqdan, bizdən, isgənədən, bir dəmir qırığından-zaddan qoymasaydılar belə, bəd ayaqda dırnaqlarıyla qumsal torpağı oyacaqdı. Əllərinin baş barmaqlarını bir neçə dəfə dırnaqlarına çəkdi. Üç gün qabaq ortancıl bacısı yoluxmağa gəlmişdi, təəcçüblə - gör dırnaqların nə boydadı! - dedi, gedib qayçını tapıb gətirdi, ancaq qayçını bacısının əlindən alıb tutmağa qoymadı. "Elə bucuğazı yanıma qoysaydılar, daha heç nə lazım deyil". Ancaq unudub qayçını da qoymurdular.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)