Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - İKİ YAŞLI QƏHRƏMAN

AZAD QARADƏRƏLİ - İKİ YAŞLI QƏHRƏMAN

AZAD QARADƏRƏLİ - İKİ YAŞLI QƏHRƏMAN
Proza
admin
Müəllif:
22:02, 16 may 2021
1 394
0
AZAD QARADƏRƏLİ - İKİ YAŞLI QƏHRƏMAN

                                                             
    Biz gecə ikən yola çıxdıq. İki yaşlı oğlumu şalla kürəyimə şəlləyib düşdüm yolun ağına. Ağ da dedim, ağmı vardı. O gün hər şey qara idi...
    O qədər tələsmişəm ki, ayaqyalın çıxmışam. Fevralın çaxtası, qırovu ayaqlarımı kəsir, amma dayanmıram. Mənnən qabaqda qaçan adamların iziylə yüyürürəm. Arada dayanır, nəfəsimi dərir, bir də qaçıram. Neynim? Yüküm ağırdır. Qabaqda gedənlər tək canlarını götürüb qaçırlar, mənsə üç canam: oğlum kürəyimdə, bətnimdə körpəm, bir də qarabaxt canım...
    Ay Allah! Ayaqlarımı hiss etmirəm. Oduna dönüblər. Belə getsə, qəfildən yıxılacam. 
    İncavara kürəyim istidir. Oğlum qızdırır onu. Canım da istidir – bətnimdəki isti saxlayır məni. Bircə ayaqlarım...
    Bəs nənəm deyirdi kiçik çilə çıxdı, qorxu yoxdu? Hanı, bu şaxta, bu qırov niyə götürülmür? Ayaqlarımı kəssələr, xəbərim olmaz. 
    Birdən yadıma düşür ki, kürəyimə şəllədiyim oğlumun corablarını kürkümün cibinə qoymuşdum. Dayanıb axtarıram. Və tapıram! Nə yaxşı! Bir daşa söykənib balamın cıqqılıca corablarını çətinliklə də olsa, birtəhər ayağıma taxıram. Uxayyyy... Bir az isti gəldi ayaqlarıma. Nə yaxşı... Allah köməyin olsun, bala. Allah köməyimiz olsun... 
    Bu uşaq corablarını geyənnən sonra bir az ayaqlarım qızışır. Artıq hiss eliyirəm onları. 
    Bir dərədən keçəndə sucuq yerə düşürük. Palçıqlı dərədə ayağımdakı corablar islanır və yenidən ayaqlarım donur. Qabaqda gedən adam işarə verir ki, bu dərənin kolluğuna qısılıb bir hovur dincələcək, sonra təzədən qalxacağıq. Bir qadınla diz-dizə oturmuşam. Nə qədər çalışsam da qadının kimliyini xatırlaya bilmirəm. Və dəhşət məni bürüyür: ağlımmı qaçıb?! Bəs niyə bu arvadı tanımıram? Və qadının qucağında bir cüt kişi çəkmələri görürəm! Əl atıb ətəyinnən tuturam.
    -Kimindi bunnar?
    -Oğlumundu, - deyir. – Qapıdan çıxanda götürdüm ki, geydirəm ayağına, tapa bilmədim. Sohra bildim ki, ermənilər güllələyib.
    -Nə olar, ayaqlarım dondu, bir azdan yıxılacam... Ver onları geyinim...
    Arvad bir az darılır, nə düşünürsə verir ayaqqabıları.
    Bah! Həyat varmış. Daha ölmərəm. Balalarım canımı isti saxlayır, bu şəhid oğlanın ayaqqabıları da ayağımı. Ya Allah! Sən bizə kömək ol...
                    ***
    Bir zəmi yerini keçəndə düşmən bizi arxadan gülləyə tutdu. Dəstəmizdəkilərin yarısı qırıldı. İncacəvara, mənə güllə dəymədi.
    Bələdçimiz deyir ki, bax, o tapı da aşsaq, Şellidi. Şelli Ağdamın kəndidir. Ora çatsaq, day qorxusu yoxdur. Mən isə narahatam. Kürəyimdəki isti yavaş-yavaş yoxa çıxır. Əvəzində elə bil istanır kürəyim. “Yəqin uşağım çiş eliyib. Gör neçə sahatdı yoldayıq. Hələ indi...”
    Ayaqqabıları verən qadına səslənirəm:
    -Xala, bir zəhmət olmasa bu uşağa bax, gör yatıpmı? Kürəyim sudu eləcənə...
    Arvad dayanıb uşağa baxır və içini çəkir:
    -Ağız, a bala, bu tifilə gülləmi dəyib?! Şəlləcəyin də, uşax da, sənin kürəyin də qan içindədi...
    Bələdçiyə xəbər verirlər. Dəstə dayanır. Qadın uşağı kürəyimnən alır. Oğlumun boynu düşüb. Al-qanın içindədir!.. Oğul balam kürəyini gülləyə sipər eləyib, bizi – anasını, bacısını qoruyub...
    -Yazıq balam, körpə balam, iyid balam! Kürəyini gülləyə sipər eliyən balam, heyyyyyyyy....
    Yavaşcadan ağı deyirəm. Qadın əli ilə ağzımı tutur. Oğlumu mənnən güclə alıb kiməsə verirlər. Dəstə yenə yola düzəlir. Mən isə hələ də oturmuşam. Bu vaxt içəridən bir dəyir qarnıma. Elə bil təpik deyil, “qalx” əmriydi. Qanlı şəlləcəyimi üzümə basıb iyləyirəm. Üzümü görməsəm də  şaldakı qan ləkələrinin üz-gözümə bulaşdığını hiss edirəm – qan qurumayıbmış... Yadıma dədəmin sözü düşür:”Şəhid qanı qurumaz...”
             Qanlı şalı belimə dolayıb yola düşürəm...

                            26.02.2021.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)