Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - ÜÇ BARMAĞIN İŞIĞI(Hekayə)

AZAD QARADƏRƏLİ - ÜÇ BARMAĞIN İŞIĞI(Hekayə)

AZAD QARADƏRƏLİ  -  ÜÇ BARMAĞIN İŞIĞI(Hekayə)
Proza
admin
Müəllif:
12:12, 15 avqust 2021
1 585
0
AZAD QARADƏRƏLİ - ÜÇ BARMAĞIN İŞIĞI(Hekayə)





                                                            Maarif  fədaisi  Xanməmməd müəllimin xatirəsinə

    
    Makedoniyalı İskəndərin əlini də tabuta qoya bilməmişdilər. Tabutdan çıxır, açılırdı əli. Hikmət sahibləri yığışıb fikir-zikir eləyəndən sonra qərara gəldilər ki, ovcuna bir çəngə torpaq qoysunlar... Əl ondan sonra qayıdıb tabuta girmişdi...
    Bizim qəhrəmanınkı isə ayrı məsələ idi...     
    Onun nəşini yuyata aparanda sağ əlini aça bilmədik.  Yox, əslində əlini deyil, üç barmağını. Baş, işarət və orta barmağı bir-birinə yapışmış kimi idi. Ölüyuyan qanırıb açmaq istəyəndə müəllim yoldaşı  dedi ki, xahiş edirəm, dəyməyin, qoyun eləcə qalsın. O müəllim idi. Altmış üç ildir ki, o barmaqlar o cür bükülüdür – qələm tuturmuş kimi... O müəllim idi... Müəllim barmaqları...

                    ***

    -Səfəriniz hardandır, ustad?
    -Ağ qayadan. Ordan ömür külüngüylə qıxım-qıxım qopardığım bu daşları üç barmağınızla tutacaqsınız, qara lövhədə bu ağ daşlarla yazacaqsınız, vuracaqsınız, böləcəksiniz, toplayacaqsınız, sonda çıxacaqsınız – yerdə qalan sizindir. Bu əməlləri lap axırda qələmlə kağızda təkrarlayacaqsınız. Yenə üç barmaqla tutacaqsınız qələmi... Üçlük, üçbucaq həyatımızın, taleyimizin açarıdır: elm, əxlaq və zəhmət... Son ikisini ailədə də ala bilərsiniz, fəqət, elm Ağ qayanın işıq saçan bu daşınnan süzülüb gəlir. Həyatınız o ağ daşdan və onu əvəz edən üç barmaqla tutduğunuz qələmnən çox asılı olacaq... O qələmi heç buraxmayın...
    -Ustad, biz yurd-yuvamızı itirmişik... Siz heç onnan bəhs etmədiniz? Torpağı, Vətəni olmayanın elimi kimə gərəkdir?
    -Biz torpağımızı bilirsinizmi niyə itirmişik?! Deyəcəksən ki, düşmənimizin arxası, köməyi vardı, bizimsə adi silahlarımız da yox idi və bu cürə yüzlərlə səbəb... Amma səbəbin ən böyüyü elmsizlik idi. SSRİ deyilən ölkə dağılmışdı, o xarabanın üzərində bir qrup görməmiş bayram edirdi; xalq ac, övladları savadsız... Savadsızlıq yıxdı evimizi. Torpağımız da getdi, əxlaqımız da, imanımız da... Siz bilin və agah olun: qəhrəmanlıq üçün də elm gərəkdir. Bizim elmimizlə hünərimiz tən gələndə düşmənə qalib gələcəyik. Torpaqlarımızdan isə arxayın olun: çox keçməz alarıq inşallah!

                    ***

    İllər sonra yenə görüşdüm onunla. O ağ daşla yazdığı lövhədəki yazıların, üç barmaqla qələm tutmaq məharətinin nəticəsinin nə olduğunu bilmək istəyirdim. Qurduğu məktəbdə yurd-yuvasından məhrum uşaqlar oxuyurdu. O uşaqların acısı acısı, şirini şiriniydi. Bir uşağın lövhədə təbaşirlə adi kəsrə aid misalı həll etməsindən aldığı ləzzəti heç nədən ala bilmirdi. Eləcə də bir uşağın bir imlada buraxdığı adi səhvi nə o uşağa, nə onun müəlliminə, nə də özünə bağışlaya bilmirdi...
    Nə ev, nə var-dövlət hayında olmadı. “Vətənə bilikli, sağlam uşaqlar böyütməliyik” deyib bu mazutlu şəhərin mazutlu sahəsində qurduğu məbədlə öyünürdü. O öz məktəbinə bir monax kimi sadiq, bir dərviş kimi bağlı idi...
    Lap bu son zamanlar idi...
    Harasa tələsirdi elə bil...
    Baxdım ki, fiziki gücü azalsa da, o gözəgörünməz qüvvədən – ağ daşdan, bənövşəyi mürəkkəbdən aldığı qüvvə hələ tükənmə – gözlərinin lap dərinliyində işıldayırdı, mən hələ diriyəm deyirdi. Bir yerdən oxumuşdum bənövşəyi qanlılar bardədə. Onların əzmi, gücü heç tükənməz ki...
    -Ustad, yenə səfərin hayanadı?
    -Elə ora... Ağ qayaya. Sizin təbaşir dediyiniz, mənimsə məhək daşı – işıq mənbəyi hesab etdiyim o ağ daşın dalınca gedirəm... Amma... Bu dəfə dönməyə bilərəm... Heç qorxum yoxdur. Arxamca bilirsən nə qədər adam gələcək? Bir qoşun! Tam bir ordu!.. Ordu demişkən, gördünmü dediyim düz çıxdı? Elm və yenə də elm azad etdi torpaqları. Əlbəttə, hünərlə birgə... Mən getməliyəm... Bu dünyadan muğayat olun... O ağ daşdan süzülüb gələn işıqdan da... 

                    ***

    Çoxdandır kompürerlə işləməyim məni qələmdən uzaq salıb. Bir gün hiss etdim ki, burnuma qələm-kağız düşüb. Axtarıb köhnə, toz basmış ağ vərəqlər, bir də avtoqələm tapdım. Mürəkkəbqabındakı mürəkkəb qurusa da, üstünə bir az qaynamış su əlavə edən kimi özünə gəldi. İş otağıma xoş bir rayihə yayıldı. Kağızın, qələmin və qələmə doldurduğum bənövüş mürəkkəbin qoxusu idi bu. Və kağızı qabağıma çəkib bu oxuduqlarınızı yazmağa başladım...
    ...Pəncərədən süzülüb gözümə düşən ağ işıq ruhumu tərpətdi. Sanki ağ qayada kimsə külüng çalırdı. Bir-birinə yapışmış üç barmağımı ləzzətlə sxıb yeni günü salamlamaq üçün o işığın axıb gəldiyi yeni günü qarşılamağa getdim.
    Günaydın!

                                                          15.08.2021.
    
                

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)