Edebiyyat.az » Proza » Azad Qaradərəli - Uçuqlama (hekayə)

Azad Qaradərəli - Uçuqlama (hekayə)

Azad Qaradərəli - Uçuqlama (hekayə)
Proza
admin
Müəllif:
14:46, 01 sentyabr 2021
1 238
0
Azad Qaradərəli - Uçuqlama (hekayə)
         



                                                                                  Şair dostum Əhməd Oğuzun xatirəsinə


    “Hankı yara sağalmadı ki? Hankı sınıq bitmədi ki? Hankı uçuq tikilmədi ki?”
    Anamın hər gün mənə dediyi sözlərdir. Eynimin açılmadığını görüb yazıq arvad toxtaqlıq verir mənə. Sonra mən də onun dediklərini uşaq cibinə şirni-konfet yığan kimi cülbəndimə yığır, özümlə getdiyim yerlərə - işə, iclasa, tədbirə-zada aparır, qanım qaralanda yadıma salıb özüm özümə toxtaqlıq vermək üçün təkrarlayıram. “Hankı yara sağalmadı ki? Hankı sınıq bitmədi ki? Hankı uçuq tikilmədi ki?” 
    Anama bax, sən allah! Elə bil Səməd Vurğun kimi danışır. Hə də, o da hankı yazmışdı axı. “Hankı səmtə, hankı yana...” Anam dilimizi dəhşət bilir, vallah! Adamın elə yerində söz deməyi var ki, yüz dilçi professor gələ, aça bilməz. Hələ bu cülbənd söz. O da onun kəlməsidir, keçib mənim dilimə...
    Hanki yara... Hanki sınıq... Hanki uçuq...
    Yara heç, o da sağalmaz dərd kimidir, üstü bağlansa da, qövr eləyər, hərdən zoqquldayıb özünü yada salar. Sınıq da çətin düzələn şeydir. Bitir bitməyinə, amma balaca gücə saldınmı, elə ordan xırt qırılasıdı... Yəni amanat kimidi. Həmişə qorxu içində, səksəkədəsən... Ay aman, gözlə, qırılar... Uçuq isə... Uçuq... Ay dad!.. Uçuq? Bu nə sözüdü, ilahi? Bu söz məni haralara apardı?..
    ...Gərək ki, yeddidə  oxuyurdum. Özümü tanıyan vaxtlarımdı. Uzun saç saxlamışdım. Uzun, itqulağı  yaxalıqlı, damdar köynək geyinmiş, trapes şalvarda, qara gözlükdə bağ-bağatda gəzir, oğrun-oğrun qızalara baxırdım. Futbolda hücumçu olur, tanışlarımla söz güləşdirər, dava-dalaşda sinəmi qabağa verərdim. Və bir gün qonşu kəndin futbol komandası ilə oyunu udandan sonra aramızda dava düşdü. Biz daşqın çayı bu yana keçincən başımıza daş yağdırdılar. Bir təhər bu taya keçib, biz də onları daşa tutduq. Və allahın dolaşdırmasına baxın ki, elə ilk atdığım daş C. adlı oğlanın başını tutdu və bircə anda üzünü al-qan bürüdü. O taydakılar da, biz də əlimizdəki daşları yerə atıb peşmançılıq içində oturduq daşların üstünə. Və qəfildən bir əl o dar, itqulağı köynəyimin yaxasından tutdu. Dartınsam da güclü əldən xilas ola bilmədim. Diqqətlə baxanda o adamı tanıdım: daşım başına dəyən oğlanın atası idi. Məni sürüyüb çaya saldı, o taya keçirib, bir daş da oğluna verdi, dedi, sən də vur bunun təpəsinə!..
    ...O gecə səhərəcən yata bilmədim. Birincisi, oğlan daşı qapıb başıma vuranda, başım şişsə də, qanamamışdı. Bu daha pismiş: başım şişmişdi və o şişən yer səhərəcən zoqquldadı. İkincisi, o kişinin pis-pis söyüşləri, mənə vurduğu təpiklər və yumruqlar hər an gözümün önündə təkrarlanır və yuxum ərşə çəkilirdi. Üçüncüsü və ən dəhşətlisi bu idi ki, anam olanları bilsə, məni danlaması bəs deyil, hirslə süzəcək, bəlkə bir həftə danışdırmayacaq, ürəyimi parçalayacaqdı... (Bu bizim ana-bala sirrimiz idi. Mən anama hələ lap balaca olanda, təzə-təzə məktəbə gedəndə söz vemişdim ki, bizdən ayrılıb özünə yeni ailə quran atamın acığına, böyük eeeee, çox böyük adam olacam. Elə böyük adam ki, atam mənə aşağıdan yuxarı baxacaq. Hələ çox tərbiyəli olacam, çox savadlı olacam, hamı məni barmağıynan göstərib deyəcək ki, bax, bu oğlan o qadının oğludur!..
           Bu yerdə anam məni dayandırıb deyir ki, hamısı olsun, amma “bu qadının oğludur” demələrini istəmirəm. Qoy atanın adını desinlər... Sənin axı, pis-yaxşı atan var, bizə babaların iki gün toy çaldırıb, mən o evdə üç il gəlin olmuşam........... 
          İndi belə söz-söhbət hara, yerdən daş götürüb birinin uşağının başını al-qana bulamaq hara?!....... Bax, illah da buna görə səhərəcən ilan vuran yatdı, mən yatmadım...)
    -Bıy başıma xeyir! Allah, sən saxla! A bala, saa nə oldu?! Ədə, üzmə bax görüm!?
    Nənəmdir. Səhərə yaxın yuxuya getsəm də, güclə oyanıram və nə baş verdiyini anlamayıb key-key nənəmə baxıram və bu vaxt hiss edirəm ki, elə bil çənəmdən nəsə sallanır. Əlimi üzümə, çənəmə çəkəndə ağrıdan bağırıram. Qaçıb köhmə çərçivəli güzgümüzə baxanda gözüm kəlləmə çıxır:  dodaqlarımı, üzümü , çənəmi suluqlu yara basıb!
    Anam səsə gəlir içəri və o da qışqırır:
    -Bıy əvin yıxılsın, canım! Gədəmə nə oldu?!
    Orağını biləvlə biləvləyən babam üzümə baxıb sakitcə dillənir:
    -Uşağı qorxuzmuyun, uçuxluyub... Olar bu yaşda belə şey... Ə arvad, get dəvədabanı döy, gəti yax sifətinə... Bir həftiyə ötüb gedəcəy...
    
    Mən bir rayon, bir kənd, bir ev, bir qəbiristanlıq itirmişəm. Hələ Qarabağ... Elə o da mənimdi axı. Adi bir kənd adamı, suçu, naxırçı, dəmiryolçu, sürücü olsaydım, bəlkə bu mənə belə dərin təsir etməzdi. Mən axı müəlliməm, pis-yaxşı qələm adamıyam. Təkcə kəndimin, evimin dərdi deyil məni ağrıdan... O boyda Qarabağı itirmək, o boyda rayonların xarabazara döndərildiyini anlamaq... O rayonlardakı  tarixi abidələrimizin dağıdılmasını, dünyada məşhur olan Azıx mağarasının düşmən əlinə keçdiyini hiss etmək, rayonumuzdakı o gözəl Türbənin bürclərinin top gülləsi ilə uçurdulmasını... Uçuq... Uçuqlamaq... Uçunmaq... O uçuqların dərdini çəkməmək mümkünmü, o uçurdulan mülklərimizi göz önünə gətirib uçunmamaq mümkünmü?!. 
    Yazıq anam buna görə mənə toxtaqlıq verməyə çalışır...
    “Hankı yara sağalmadı ki? Hankı sınıq bitmədi ki? Hankı uçuq tikilmədi ki?” 

    Altı il keçib işğaldan. Yaram bir az sağalan kimi olub. Bakıdan köçən  rus ailəsindən bir otaqlı həyət evi almışıq, birini də yanından tikmişik – başımızı təpməyə komamız var. Yeni kitabım çıxıb. İçindəki yazıları oxuyanda təzədən ölüb-dirilirsən, amma ürəyində şükr edirsən ki, hələ ayaq üstəsən, yaza bilirsən. Və bir də o gün! O gün ki səni yaşadır, səni diri saxlayır. O gün...
    Yox, burda bir az yanıldım: mənim kimi üstünə qaçqın adını götürüb beş yerdə işləyən, balasına gündəlik çörəkpulu qazanan, pis-yaxşı ev tikən qaçqınların hamısının inandığı GÜN – torpaqlarımızın azad olacağı gün! Arıların, kəpənəklərin soyuq aylarda yumurtasında gizlənib bir isti yaz gününü gözlədiyi gün var ha, bax o gün həmin arılar, kəpənəklər qəfil çöl bayırı basan kimi biz qaçqınlar da bax o GÜNÜ gözləyirik ki, karvan-karvan olub yola düzələk, o uçuqlarımızın dibinə kəpənək kimi, arı kimi qonaq, orda bir doyunca hönkürək, ün çəkib ağlayaq, sonra gedib qəbiristanlarımıza çıxaq, ordakı uçuq qəbirlərimizin yanında yerə çökək, içimizi çəkə-çəkə əvvəl hıçqıraq, sonra eşqırıb sərilək o qəbirlərin üstünə, ağlayaq, bozlayaq... Ta o qəbirdəkilərin səsimizi duyduğuna arxayın olanacan ağlayq, sıtqayaq...
Sonra da gedək uçuqlarımızı yamamağa... Sınıqlarımızı bitirməyə, yaralarımızı sağaltmağa...
    “Hankı səmtə, hankı yana...”
    Mənimsə bu gündən başqa anama söz verdiyim daha bir günüm də var: “Atamın acığına böyük eeeee, çox böyük adam olmalıyam. Elə böyük adam ki, atam mənə aşağıdan yuxarı baxsın...” 
    Atam yazıq da burda, anam demişkən Bakının bu Kufə çölündə öldü getdi... Dayana bilmədi o boyda uçuqların dərdinə...
    ...Bude ha, təzə kitabım çıxıb! İşlədiyim idarədə dost-tanışın iştirakıyla kitabın təqdimatı keçirilir. Xoş sözlər söylənir. Hətta Türkiyədən gəlmiş bir jurnalist də çıxış edir. Kitab haqqında xoş sözlər deyir...
    Dostum Məhəmməd bir mərtəbə bizdən yuxarı redaksiyada işləsə də, hər gün bir yerdə nahar edirik, tez-tez görüşüb dərdləşirik. Pulumuz olanda hətta yeyib-içməyə də gedirik. Bu günki tədbirin “bədi hissəsini” də o boynuna götürüb. Türkiyədən gələn jurnalisti də, daha bir neçə dostu da başımıza yığıb yaxınlıqdakı kafeyə yollanırıq. 
    Məhəmməd də mənim kimi qaçqındır. Daha doğrusu, o məndən qabaq dadıb o zəhəri. Ailələri Göyçədən boş əllə gəlmişdi Bakıya. Bəlkə də bizi onunla dərd birləşdirdi? İndi sağ olsun, kitabın təqdimatını da o keçirtdi demək olar ki, hətta bu “bədii hissəni” də özü düzüb-qoşub. Pulunu da hardansa özü tapıb və mənə əlimi cibimə salmağa imkan vermir. Hətta türkiyəli jurnalisti də o dəvət edib – haçansa tanış olubmuşlar -  təsadüfən Bakıda olmağından istifadə edib, mənim kitabımın təqdimatına gətirib...
    “Bədi hissə”nın qızğın yerində türkiyəli jurnalist söz istədi. (Düz qabağımda oturub, “vodka” deyə-deyə o qədər içib ki, qırmızı pürüzə dönüb. Məclis başlamamışdan qabaq bir xeyli söhbətləşdik. Ailə vəziyyətim, əvvəllər çıxan kitablarım barədə soruşdu, daha sonra rayonumuz, kəndimiz, orada nə işlə işləməyim və s. kimi məsələlərlə maraqlandı ve bildirdi ki, bunları Türkiyədə işlədiyi qəzetədə - o belə deyirdi – yazacaq, kitabım haqqında məlumat da verəcək, hələ bəlkə bir hekayəmi də çevirib yayımlayacaq. İnsafən yaxşı adama bənzəyir. Hiss olunur ki, mənim çəkilməz dərdimə ürəkdən yanır.)
    -Arkadaşlar...
    Kitabımdan oxuduğu bir hekayə haqqında danışdı, daha sonra rayonumuz, kəndimiz, uçuq evlərimiz, məktəbimiz və... gözlənilmədən mənim ailəm haqqında danışmağa başladı. Nələrsə də dedi və birdən qayıdasan ki, yazar abimizin iki kız cocuğu varmış da... Ben o cocuklardan birini istiyorum ondan, aparım kendim böyüdüm, egitim verim, sonra da oğlumla evlendireyim...
    Pəh! Nələr olmadı, nələr! Əvvəl Məhəmməd rumkasını yerə çırpdı, sonra mən üstü kabab və araqla, mineral sularla dolu stolun bir tərəfini qaldırdım...

    Bir həftə işə çıxmadım. Üzüm-çənəm uçuqlamışdı. Anam gedib hardansa dəvədabanı tapıb, əzib üzümə yaxıb... Gərək azı bir həftə gözləyim ki, üzüm afsanata düşsün. Yoxsa belə hara gedim? 
    Tərslikdən ev telefonumuz da yoxdur ki, işə xəbər verim. İndiki mobil telefonlar da hələ gəlib bizə çıxmayıb...

    ...Məhəmməd məni görən kimi qucaqladı, hönkür-hönkür ağladı. Dedi ki, türk jurnalist neçə gündür mənim iş yerimə gəlir, ağlayıb özünü söyür ki, mən axı pis bir söz demədim... Abimiz gəlsəydi, əlini öpüb, üzr istəyərdim... Axırı ki, dünən yola saldım getdi... Sənin üzünə nə olub? Ay daaaa! Tamam yaradı ki... 
    -Uçuqlayıb, - dedim... Sonra həkimin verdiyi xəstəlik vərəqəsini götürüb şöbə müdirinin otağına getdim.
    ...O vaxtdan iyirmi il keçib. 
    İndi mən Məhəmmədlə bir yerdə işləmirəm, amma az qala hər gün mobil telefonla zəngləşirik. Heç olmasa üç aydan bir  yığışıb yeyib-içməyə gedirik. Belə günlərin birində zəng edib həyəcanla dedi ki, bax, bərk dur, üzün-başın uçuqlamasaın, təzə xəbərim var!
    Dedim, day zəhləmi tökmə, de nə deyəssən!..
    Dedi ki, bəs bu gün İstanbuldan gəlmişəm, təzə çıxan kitabını gətirmişəm!
    Əlbəttə, mən bu xıbəri ondan qabaq bilirdim, amma özümü bilməyən kimi göstərdim. Vədələşdik ki, görüşək.
    ...Və o GÜN! O gün ki, ordumuz 44 günə torpaqlarımızı azad etdi, o cümlədən mənim rayonumu, mənim kəndimi də! İlk zəng edənlərdən biri Məhəmməd oldu və ağlaya-ağlaya dedi ki, sağ əlin başıma deyərdim, amma bu baş tutan iş deyil... Qərbi Azərbaycan getdi, qardaş!
    Elə bir ah çəkdi ki...
    “Kəndinizə gedəndə öz uçuqlarınızı ağlayanda mənim əvəzimdən də ağla. De ki, bir qərib var Bakıda, ümidini elə itirib ki, onu günün günorta çağı yüz məşəllə də arasan, tapa bilməzsən... Mənim dədəmin komasının indi heç yeri də məhlim deyil... O uçuq evlərimiz bizim içimizi də uçurdub, qağa...”
            Türk jurnalist demişkən, o gün vodkadan içib ağlaşdıq... Evciyi uçurulan uşaqıar kimi ağlaşdıq...

    Və bir gün mobil telefonuma zəng gəldi. Baxdım ki, Türkiyə nömrəsidir. Açdım. O idi, illər əvvəl kitabımın təqdimatında özünü də, bizi də rəzil edən türkiyəli jurnalist:
    -Abi, telefonunu Memetden aldım... Kitaplarının Türkiyede baskısını görünce çok sevindim. Ama zengimin nedeni ayrı... Abi, Memet burada, hastanededir... İyi deyil, abi... Kanserdir... Bi daqqa sonra yanında olacağım... Sana sözü var, telefonu ona veriyorum...
    Çox dəyişsə də, bəlağətini itirməyən bir səslə Məhəmməd türkü oxuyurdu:

        Sən bir qara qoyun, bən bir qara qazu,
        Hər döndükcə ardınca mələrim aman, mələrim aman, aman...
        Oğlan, sənin nə qaranlıq ardın var, ardın var...
        Lalə-sünbül boynun əymiş dərdin var, aman dərdim var, aman...
        El-aləmin vatanı var, yurdu var, aman yurdu var,
        Mənim yurdsuz qalışıma nə deyim aman, nə deyim aman...
        A dumanlı dağlar, a dumanlı dağlar...
    
                ***

    Sonra...
    Sonrası yoxdu. Hardasa bir dağılmış el var, uçuq ev var, uçuq qəbir var. Bir də dodaqları uçuqladan türkü... “Mənim yurdsuz qalışıma nədeyim, aman...”
                    
                                                                              31.08.2021.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)