Edebiyyat.az » Proza » Nemət Mətin - Papiros

Nemət Mətin - Papiros

Nemət Mətin - Papiros
Proza
admin
Müəllif:
13:05, 24 may 2022
1 830
0
Nemət Mətin - Papiros





 Yenə də kənddə su yox idi. Hətta divardakı mamırlar da solmuşdu. İtlərin dili torpağa çatırdı. İdarədə ən gənc işçi olduğum üçün məni su dalınca göndərirdilər. Köynəyim bədənimə yapışmışdı. Cib dəsmalımı uzunlamasına qatlayıb boynuma atmışdım. Başımdakı aerodrom papağın altından tər damcıları gözümə süzüləndə silirdim. 

 Kəndimizin yarı əhalisini neftə görə məcburi köçürürdülər. Mən də həmin mədəndə işləyirdim. Suxoy payok və siqaret qutusu ayda bir dəfə verilirdi. Papiros damağımda çöllü-biyabanla tüstüləyə-tüstüləyə gedirdim. Su da, allah saxlamış, o biri kəndə gəlirdi. İki baçok su üçün bu qədər yol qət etmək bizə qalmışdı...

 Fikirləşə-fikirləşə yol kənarıyla gedirdim. Xəyallara dalmışdım. Papirosun dumanı beynimi açmışdı. Birdən qarşımda maşın saxladı. Maşının özüylə gətirdiyi toz ötüb keçdi. Toz-duman çəkilən kimi eynəyinin arxasından əzazil baxışlarla məni süzən adamı görüb qorxdum. O heykəl soyuqluğu ilə dilləndi:

—Hara gedirsən?

Dilim ağzımda şişsə də iki söz deyə bildim:

—Su dalınca.

Maşının qapısını açıb düşdü. Sonra qarşısına keçib dayandı. Barmaqlarını kapota döyəcləyib nəsə fikirləşdi. Özümdən asılı olmadan donmuşdum. Hər kişinin maşın alıb saxlamağa ixtiyarı yox idi deyə həmin adamın elə-belə adam olmadığını anladım.

—Papiros hardandı?

—Mədəndən veriblər.

—Yaxşı. Get...

  Səhəri gün dörd idarə işçisi mədənə gəldi. Sorğu-sualdan sonra rəisimizi az qala infarkt vurmuşdu. Bilirdi ki, yoldaş Bağırov tapşırıbsa, sürgün oluna bilər. Həmin adamın Bağırov olduğunu sonra öyrəndim. Bir günün içində üç iri çən gətizdirildi kəndə. Daha su dalınca qonşu kəndə gedən olmadı. İşim yüngülləşdi. Gələnlərdən biri yeni əmri oxudu. Papiros əvəzinə qənd veriləcək. "Ağzınız şirin olsun" — dedi, əmri oxuyan. Qorxudan heç kim gülümsəmədi də. O gündən papirosu tərgitdim. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)