Edebiyyat.az » Proza » AYAZ İMRANOĞLU - SUSUZLUQ DAŞI

AYAZ İMRANOĞLU - SUSUZLUQ DAŞI

AYAZ İMRANOĞLU - SUSUZLUQ DAŞI
Proza
admin
Müəllif:
19:13, 11 aprel 2023
1 411
0
AYAZ İMRANOĞLU - SUSUZLUQ DAŞI

                                                                                                   



                   

                                                                       (bioqrafik hekayə)

 İsti yay günlərindən biri idi. Yeddi - səkkiz yaşım olardı. Qağamla (atamla) kəndimizdən neçə yüz metr aralıda olan sel gələn dərədən daş toplamağa getmişdik.

 Qardaş - bacıların sayı çoxaldığından bir otaqlı evimiz ailəmizə darlıq edirdi. Bu səbədən yeni otaq tikmək qərarına gəlmişdik. Kəllə otaq adlanacaq otağın özülünü qağam ötən qışda qazmışdı. Kəndimizin bənnası Əziz kişiylə də danışmışdı. Çay daşı gətirmək lazım idi  ki, usta hörgüyə başlasın.

 Səhər yeməyindən duran kimi qağam heybəsinə nənəmin (anamın) əvvəldən hazırladığı azuqələrlə doldurub çiyninə atıb, daş sındırmaq üçün gürzü də damdan götürdü:

 -Getdik, oğul bala, - deyib məni səslədi.

 Dünən gecədən bilirdim ki, sabah qağamla dərədən daş toplamağa gedəcəm. Tez yuxudan durub yeməyimi yemişdim. Qağam deyən kimi çəkmələrimi geyinib ona qoşuldum. Qardaşım Niftalı da getmək istədiyini bildirəndə nənəm:

 -Sən qal usagı saxla, çörək salacam, - dedi.

 Biz qardaşlar vərdiş eləmişdik. Nənəm yas yerinə, tarlada kətmən vurmağa gedəndə, ya da çörək salanda körpə qardaşımızı kürəyimizə şəlləyər həyətdə gizlinpaç oynaya-oynaya uşaq saxlayardıq. Ona görə də nənəm körpə Fərəməzi saxlamaq üçün Niftalının getməsinə razı olmamışdı.

 Bizlərdə belə idi. Yaz yağışlarının yaratdığı seldən sonra dərələrimiz daşla dolu olardı. Selin dağdan, qayalardan qoparıb gətirdiyi daşları kənd adamları dərələrdən toplayıb arabalarla, maşınlarla həyətlərinə gətirər ev, tövlə, dam tikərdilər.

 Dərə boyu harda daş sürüsü görürdük, irilərini aralayıb topalayardıq. Bu minvalla neçə yerdə daş topaları qurmuşduq. Axı səhərisi günü onları İsgəndər dayının “ZİS” maşınına yığıb həyətimizə gətirəcəkdik.

 Qızmar günəş altında qağam elə həvəslə işləyirdi ki, sanki yaradıcı isti təsir etmirdi. Günorta vaxtı yetişmişdi. Heybəsini bir kol dibinə çəkib süfrə açdı. Xiyar, pamidor, şor, soyutma kartof, yumurta, yuxa çörəyi düzdükdən sonra saxsı qabdakı ovduğu da ortaya qoyub: ”Hə, ye görək. Nənən xeyli yemək qoyub” – sonra “bissimillah” – deyib yuxu çörəyini kəsdi.

 Yeməyimizi yeyib, bir az da dincimizi alandan sonra yenə işə başladıq. Kəndimiz uzaqda qalmışdı.

 Dəvəsurçaq adlanan yerə çatanda qağam dayanıb burdakı xarabalığın uçuq-sökük divarlarına, kalafa yerlərinə baxmağa başladı. Elə doğmacasına baxırdı ki, elə bil canının bir parçasıdı xarabalıq. Fikri, xəyalı uçub harasa getmişdi. Handan-hana dərindən köks ötürüb ah çəkdi. Ahı xarabalıqda əks-səda verib özünə qayıdırdı. Mən də uşaq ağlımla elə hiss edirdim ki, uçuq-sökük divarlardakı çaylaq daşları dişlərini bizə ağardıb gülürlər. Həmin anlar dodağıma xoş təbəssüm də qondu.

 -Qağa, burda evlər olub? – soruşdum.

 O üzümə baxmadan xarabalığa baxaraq:

 -Bala, bir vaxtlar kəndimiz burada olub. Babamın odey orada, - deyib əlini qarşıdakı yarısı torpağın altında, yarısı üzdə olan, qarşı divarı xüsusi naxışlarla işlənmiş evi göstərdi, - evi olub. Eləliyinə baxma, bir vaxtlar ən yaxşı evlərindən olub. Əsrlərin sərt küləyi, təbiətin qarı, çovğunu, yağışı o hala salıb.

 Bu yer həm də karvançıların karvan yolu olub. Burada karvançıların qalması üçün karvansaray da varmış. Bulaqları, kəhrizləri çox olan bol sulu kəndimiş. Yaşıllıqlar içində cənnətməkan sayılırmış. Gül gülü, bülbül bülbülü çağıran illəri olub.

 Bir gün kafirlərin  yolu buradan düşür. Karvansarayda istirahət etməyi qərara alırlar. Gözəllik onları məftun edir. Kəndi gəzib heyran olsalar da içlərində xainlik xofu baş qaldırır. Gecələyib səhəri günü gedənə macal bulaqları, kəhrizləri mundayırlar. Dəvə karvanlarındakı tuluqlardan ağ neftdən ağacların, güllərin dibinə tökürlər...

 Kafirlər gedəndən bir müddət sonra bulaqların, kəhrizlərin suları yoxa çıxır. Yüz illərlə yaşı olan ağaclar quruyur, gül-çiçəkdən xalıya çevrilən çəmənliklər yoxa çıxır. Susuzluqdan hər yan səhraya çevrilir. Kənd camaatı buranı tərk edib Həkəri çayına yaxın olan indiki kəndimizdə yurd qururlar. Burada o vaxtdan xarabalığa çevrilir. O yolu görürsən, - deyə qağam təpəni göstərdi, - , orda da kəndin qəbiristanlığı varmış. İndi baş daşları bələdçisidi qəbiristanlığın. Onlardan da çoxu zaman küləyində əyilib torpağa gömülməkdədir.

***

 Elə bil bu xaraba yurd yeri qağamın ağrı-acılarını yaşayırdı. Qağam da bu yurd yerlərinin ağır daşlarını öz dərdi bilib çiyinlərindən asmışdı. Bayaqkı qəddi-qamətli kişinin boyu kiçilmişdi, üz-gözündən kədər, qəm tökülürdü.

 Babasının mülkü deyilən evdən bir neçə naxışlı daşlardan götürüb topladığımız daş töpasının üstünə qoyub:

 -Bu daşları evimizin pəncərə tağlarına hördürəcəm. Babamın ruhu, səsi hopmuş daşlar evimizi yaraşığa salsın, - dedi.

 Dərədə uzun bir ilan qabığı qarşımıza çıxdı. Həmin an yadıma düşdü ki, niyə biz evdən çıxanda nənəm qağama deyirdi: ”Emran uşaqdan muğayıt ol. İlan-çəyənin qızan vaxtıdı…”.

 Qağam ilan qabığını götürüb üz-gözümə, boyun-boğazıma, əlllərimə, ayaqlarıma sürtdü:

 -Buralarda gürzə, əfi ilanlar çox olur. Bu qabıq da qara gürzənin donudur, təzə soyunub. Qabığını sənə sürtürəm ki, ilan iyisi səndə də olsun. Onda ilanlar sənə yaxın düşməz, hətta ilanların dostu sayılırsan, - deyib qağam sonra özünə də ilan qabığından sürtdü.

 ...Dəvəsurçağı geridə qoymuşduq. Uzun dərə başa çatmış burdan belə yallar – təpəliklər, yarğanlar, sıldırım qayalar başlayırdı. Onlardan o yanda idi başıqarlı dağlar.

 İndi qağamın işi daha da ağırlaşmışdı. Sal qayalıqdakı boz rəngli daşları doğrayırdı. Deyirdi bu daşlar mərmərə taydı.

 Mən də səhərdən fikirləşirdim ki, geridə qoyduğumuz uzun dərədə bu qədər daşlar hardandı? Sən demə, güclü selin qoparıb apardığı daşlar o dərədə bənd olurmuş.

 Eşidib, görmüşdüm ki, dərələrdə daim sərin meh olar. Burada elə deyildi. Dərədəki bürkülü hava taqətimi kəsmişdi. Yaxşı ki, meh gətirən təpələrə qalxdıq. Dərədəki bürkü məni o qədər təntitmişdi ki, təpəyə qalxan kimi tez özümü iri qaya parçasının altındakı kölgəliyə verdim.

 Qağam isə çuxasını soyunub alt köynəkdə gürzlə daş sındırırdı. Qollarından, boyun-boğazından buxar qalxır, tər damcıları alnında puçur-puçur olub üz-gözünə yayılmışdı.

 Deyəsən bayaq dərədə tərlədiyimdən idi nə idi möhkəm susamışdım. Qağamı hayladım:

 -Qağa su istəyirəm. – dedim.

 Gürzü iri bir daşa söykəyib, alnının tərini əlinin arxası ilə silib yanıma gəldi. Heybəyə baxdı ki, bəlkə saxsı qabdakı ovduqdan qala. Ovduğu isə bayaqdan içib qurtarmışdım. Üzümə baxıb məyus olduğu hiss olunurdu. Sanki məni bura gətirib susuz qoyduğuna görə özünü qınayırdı. Danışmır, fikirli halda bayaqdan yerə baxırdı. Birdən sevinirmiş kimi yerdən baş barmağın dırnağı boyda göy rəngli daşı götürüb onu sildi, təmizlədikdən sonra:

 -Bunu dilinin altına qoy, susuzluğun çəkiləcək. Özü də su içmək fikrini başından çıxart. Sərin düşən kimi kəndə qayıdacağıq.

 Daşı dilimin altına qoydum. Torpaq tamı verirdi. Daşı ağzıma qoyandan elə bil ağzımda su çoxalır və mən də suyun udurdum. Beləcə, susuzluğum çəkilib getdi.

 Evimizə gələnə kimi o daş da dilimin altında qaldı. Evdə ağzımdan çıxarıb nənəmə göstərdim. O gülümsəyib:

 -Bu Emran ki, var, bilmədiyi işə qurd düşər. Hər şeydən baş açır, - dedi və daşı o üz, bu üzə çevirib, - Bunu bilmirdim. Kişi əsl loğmandı. Allah-təala ona hər şey verib, - dedi.

***

 P.S. Dərələrdən daş toplamağa getdiyimiz vaxtdan uzun bir zaman keçmişdi. Bu günlərdə niyəsə  susuzluq daşı yadıma düşdü. Fikirləşdim ki, bəlkə bu, qağamın öz kəşfi idi. Nə bilim... Heç sonralar da özündən soruşa bilmədim.

 İndi atam dünyada olmasa da kəndimizin yüz iyirmi yaşlı sakini Rəhim babadan bu haqda soruşdum. O dedi:

 -Hə elə daşlar var ki, şəfavericidir. Gərək onu işlətmək qaydasını biləsən. Talisman daşlarda var ki, adamı bədnəzər gözlərdən qoruyur. Kəpir daşlar var ki, onda bulanıq suyu süzürlər. Daş da var ki, onu oyub soyuducu kimi istifadə edirdilər. Bıçaq, balta, dəryazı itiləmək üçün də sav daşlar vardı.

 Rəhim babanın dediklərinə mat-məəttəl qalmışdım.

 

ATAKƏND (Bakı). Gözətçi odası.

07.04.2023.

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)