Edebiyyat.az » Proza » Nemət Mətin - Ulduz

Nemət Mətin - Ulduz

Nemət Mətin - Ulduz
Proza
admin
Müəllif:
15:38, 03 noyabr 2023
973
0
Nemət Mətin - Ulduz





— Böyük ulduz tez sönür. 

— Yəni ulduz ölür?

— Belə də demək olar. 

Nazlı ulduzları seyr edərkən ona baxdım. Suya düşmüş pişik kimi titrədim. "İlahi, o ulduzdan da gözəldir", — acizanə düşündüm.

— Bəs ulduz niyə axır?

— Əslində, bizə elə gəlir ki, ulduz axır. Meteoritlər atmosferə girmək istəyəndə yanır. 

— Uşaqlıqda axan ulduz görəndə arzu tutardım. Deməli, cəfəngiyyat imiş.

— Arzular bizi məqsədlərə yönəldir.

— Razıyam.

Nazlı mənimlə razılaşanda sanki ürəyimdə od qalandı. Qeyri-ixtiyari onu öpdüm. O utandığından nə edəcəyini bilmədi. Üzünü çevirib getdi.


***


Artıq evlənmişəm. Bir qızım var. Adını Ulduz qoymuşam. Həmin günün şərəfinə. Nazlı ilə heç nə alınmadı. Atası Nazlını və onun anasını Rusiyaya apardı. Bir daha sevdiyim insanı görmədim. Arabir xəbəri gəlirdi. Qonşularımız qəzet müxbirlərindən daha operativdirlər. Hər şeydən xəbərləri var. Son məlumatlara görə Nazlı ərə gedib. Varlı bir iş adamına...

İyirmi bir noyabr... Bu əlamətdar günü heç vaxt unutmaram. Gözlənilmədən Nazlını gördüm. Həyat yoldaşı və oğlu ilə baba evinə gəlmişdi. "Bircə onunla danışa bilsəm...", — deyə düşündüm.

O da oldu. İnsan bir şeyi çox istəyəndə olur. Həmişə olur. Nazlıdan başqa hamı harasa qonaq getmişdi. Fürsəti əldən vermədim. Tələm-tələsik qapılarına sarı addımladım. Qapını döyəndə səs çıxmadı. Əllərim sözümə baxmırdı. Bir təhər yerdən xırda daş götürdüm. Var gücümlə qapını döydüm. Nazlı qapını açanda dilim yumalanıb qarnıma düşdü. Dodaqlarım kilidləndi. O dedi:

— Xoş gəlmisən. Necəsən?

Uzun-uzadı susdum.

— Səni görəndə sevindim. – nəhayət, bu sözləri güc-bəla ilə ağızdan çölə atdım. — Yaxşıyam, Ulduz.

Nazlını gülmək tutdu. Güləndə daha da gözəlləşdi. Mənsə çaşdığım üçün dilxor oldum. Utandım. Yer yarılsaydı, düşünmədən içinə girərdim. 

— Keç içəri, utanma.

Heç nə düşünmədən dərbeçədən içəri keçdim.

Sonra nə oldusa, yadıma gəlmir. Sanki sərxoş oldum. Bədənim keyidi. Baş verənlər hər gözümü yumub açanda kadrlar şəklində görünməyə başlayır. Evə keçirəm. Çay içirik. Gülümsəmələr... Nazlı yanağımdan öpür. Soyunuruq. Tərləyirəm. Ürəyimdə sanki od qalanır. Rahatlaşıram...


***


Nazlıgilin Rusiyaya qayıtmağından bir ay keçib. Qızım Ulduza rəsm dərsindən evə tapşırıq veriblər. Tapşırıq dəftərinə nəzər yetirdim. Müəllim yazmışdı:

"Ulduz çəkin və rəngləyin". 

 Rəsm albomunda yer qalmadığı üçün yenisini almağa getdik. Üstündə gəlincik olan albomu aldıq. Qaranlıq düşüb.

Yolda heç nə danışmadıq. Fikirli idim. Qızım sükutu pozdu:

— Ata, ulduzlar da bizimlə evə gedir. 

Başımı qaldırıb ulduzlara baxa-baxa düşündüm: "Sonuncu dəfə Nazlını öpəndə ulduzlara baxmışam..."

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)