Edebiyyat.az » Proza » Sonuncu Dərviş – Kənan Hacının öz həyatına tutduğu güzgü

Sonuncu Dərviş – Kənan Hacının öz həyatına tutduğu güzgü

Sonuncu Dərviş –  Kənan Hacının öz həyatına tutduğu güzgü
Proza
Necef Esgerzade
Müəllif:
15:35, 16 aprel 2019
1 865
0


Yazmaq. Həyatın bir parçası. Əzablara qarşı mübarizə. 
Yazmamaq. Boğulmaq. Nəfəs almağa təşnə olmaq.
Yaza bilməmək. Yaşamaq və ölmək arasında yaşadığın anların ölümsüzlüyə çevrilə bilməməsi.

Roman - cəmiyyətin güzgüsüdür.

Roman. Cəmiyyət. Stendalı xatırlayıram. O deyir: “roman - cəmiyyətin güzgüsüdür”. Baxırsan və görürsən.
Güzgülər də fərqlənir. Keçmişi göstərən güzgülər. Gələcəyi göstərən güzgülər. 

Dərvişin güzgüsü.

Dərvişin məskəni olmur. Gəzir - dolaşır dərviş. Bir yerdə qərar tuta bilmir dərviş. Həyatın rəngarəngliyi içində öz rənginə bürüyüb yoluna davam edən dərvişin cibindəki güzgüsü təkcə onu deyil, onun ətrafındakı baş verən hadisələri də əks etdirir. Keçmişdə olanlar bu güzgü vasitəsilə gələcəyə, gələcək nəslə ötürülür. Dərvişin güzgüsündən.

Dərvişliyin sonu. Hər şey bitdimi?

Son. Sonuncu. Dərvişliyin sona çatması. Uzun səfərdən sonra geriyə buraxılan xatirələrin və geridə buraxdığı insanların bir çoxunun ömrü sona çatıb. Çatıb dedim, amma bütün bu xatirələri təşkil edən hadisələr və xatirələr toplusu artıq illərdi dərvişin güzgüsünün içinə hopub və orada yaşayır. Orada öz ölümsüzlüyünə bürünüb.

Roman və Həqiqət. Həqiqətin kiçik bir hissəsi gerçəklik

Roman güzgüdür dedik bayaq. Güzgü hər şeyi göstərir. Həqiqət və yalan əks olunur güzgüdə. Həqiqətin kiçik oğlu gerçək. Həyat realdır. Gerçəkdir yaşadıqlarımız.
Gerçək roman. Romanlarımız nə qədər olmasa da, gerçəkləri ( həqiqəti demədim ki, hələki gerçəkləri belə yazmağa, çox vaxt gücümüz yetmir) yazmağa çəkinir. Fəqət bu yaxınlarda oxuduğum kitabın üzərində "gerçək roman" sözü məni düşündürdü.

Roman- Gerçəkliyin təxəyyülü

Yazmaq. Büsbütün gerçəkləri ortaya qoymaq. Özünə belə etiraf edə bilməyəcəyin peşmançılıqları, səhvləri yazıya çevirib, günahlardan arınaraq yaşamaq çabası gerçəyin içində təxəyyül qurmağa bənzər. Təxəyyülün gerçəkliyi həqiqətə dönüşdürdüyü kimi, gerçəklik də təxəyyülü özünə hopduraraq yaşamını davam etdirir. Gerçəklik ortadadır. Təxəyyül isə beyində. Bunların birləşmə nöqtəsi romana çevrilir. Roman isə cəmiyyətin güzgüsü olduğu qədər, yazıçının da güzgüsüdür.

Yaddaş kartı

Hadisələr burulğanı. Mərkəzdə insan. Talenin onun üçün qurduğu həyat labirintindən çıxışı axtara-axtara yaşayır insan. Yaşadıqları yaddaşına həkk olunur. Zaman keçir. Yaş üstünə yaş gəlir. Yaddaş isə yaşananları zamanla öz kartına köçürür. Bir gün isə vaxt yetişir. Yaşananlar yaddaş kartına sığmır. Kartdan köçürülmə baş verir. Yazıya. Yazı isə etiraf dönüşür.
Kənan Hacı - Həyatı ədəbiyyata dönmüş adam.

Yazıçıdır Kənan Hacı. Yaşadıqlarını yazır. Sözün sərrafıdır Kənan Hacı. Qurduğu dil ilə oxucunu kitaba kilidləməyi bacarır. Kənan Hacının yaddaş kartı var. Unudulanları, unudulmaq istənilənləri yenidən xatırladır. Dərvişdir Kənan Hacı. Heç yerdə qərar tuta bilmir. Dərvişlik azadlıqdır həm də. Kənan Hacı azad olmaq istəyir. Herman Hessenin Knulp obrazını xatırlayıram. Knulp da bir növ dərviş idi. Gəzib-dolaşırdı. Azad idi. Quştək. Səmada. 
Amma hər şeyin sona çatdığı kimi dərvişlikdə sona yetdi Kənan Hacı üçün. Artıq geridə xatirələr var. Və bu xatirələr yaddaş kartında yer tutub özünə xeyli vaxtdır.
Sonuncu dərviş- Kənan Hacının öz həyatına tutduğu güzgü.

Yaşayırıq. Yaşamaq qavramı dəyişir insandan insana. Həyatı gərək elə yaşayasan ki, ömrün ədəbiyyata çevrilə bilsin.
 Keçmiş. Arxada buraxılan insanlar, onu buraxan insanlar. Peşmançılıqlar. Sevinclər. Uğurlar və uğursuzsuzluq. Geriyə yol yoxdur. Çıxış bağlıdır. Və ədəbiyyat dada çatır. Keçmiş və yaddaş tandemi.
 
 
Yazır. Bakıdan danışır yazıçı. Köhnə Bakı ilə indiki Bakını müqayisə edir tərəzi də. Özünün keçmişə aid olduğunu vurğulayır. Keçmiş Bakını sevir. Xoşbəxtliyin o illərdə olduğu deyir. Darıxır Bakı üçün. Kəndi üçün. Buzovna üçün. Ata və anası üçün.
 Yazır. Rəhimağa müəllimdən. İlk müəllimindən. İllərini ədəbiyyata sərf edən, indi unudulmuş müəllimini yada salır. Gələcək nəsil üçün. Onun etdiklərini, ədəbiyyata tövhələrini xatırlayır bir-bir.
 Yazır. Ailəsindən. Neft buruqlarında işləyən atasından. Onunla birgə neft daşlarında qısa iş dönəmindən. Müəllimə olan anasından danışır. Onlar qarşısında övlad borclarından. Onlara yetəri qədər dəstək ola bilməməsini acıyla vurğulayır əsər boyu.
 Yazır. Dostlarından. Ona dəstək olanlardan. Dostlarından birini tez unutmasından. Yada salmamasından peşmançılıq duyur dostunun evinə baş çəkəndə ölüm xəbərini eşitcək. Bacarmır, bacarmır gerisini yazmağa...
 Yazır. Gəncliyindən. Heç nə düşünməyib, xoşbəxtliyin yelləncəyində yellənən vaxtlarından.
 Yazır. Əsgərliyindən. Anasını tək qoymasının ürəyini dağlamasından. Məktublar ilə ifadə edir anasına sevgisini oğlu.
 Yazır. Atası rəhmətə gedəndən sonra anası ilə keçirdiyi çətin illərin ağıryüklü günlərindən. İşsizliyin gətirdiyi çarəsizlikdən sığındıqları qarajın soyuqluğunu iliklərində hiss edə-edə xatırlayır keçmişin ağır günlərini.
 Yazır. Kitabsız qaldığı illərdən. Boşluğa düşüb hər şeydən soyuduğu, məna verə bilmədiyi həyatın eynigedişli yeksənəliyindən. Mənasızlığın təntənəsi altında qalıb da çıxılmazlıq dalanına ilişdiyi günlərdə dostunun ona əl tutmasından.
 Yazır. Sığındığı kitablardan. Dörd bir tərəfini əhatələyən kitabların yoldaşlığından.
 Yazır. Balaca bir daxmaya sığınıb orada keçirdiyi günlərin acısından. Acısına rəğmən mübarizəsini dayandırmayıb, yazmağa davam etməyindən.
 Yazır. Keçmişindən. Babasının İrandan bu taya keçməsindən. Anasının Cənubi Azərbaycan dərdiylə ömürboyu yaşamasından. İllər sonra anasının getməli olduğu İrana səfərindən. Ərdəbildə başına gələnlərdən.
 Yazır. Türkiyədən. İstanbulun əsrarəngiz gözəlliyindən. Orada tanış olduğu ədəbiyyat adamlarından.
 Yazır. Unudulmuşlardan. Üzə çıxa bilməyənlərdən. Tez parlayıb, tez sönənlərdən.
 Yazır. Yazdıqca yaddaş kartının boşalıb yenidən dolmasına şahid olur. Əvvəl xatırlamadığı hadisələrin qəflətən yada düşməsi. Xatırladığı hadisənin başqa bir yaxın insanın demək olar ki, fərqli xatırlamasını qeyd edir təəccüblə.
 Yazır. Etirafları. Üzə çıxırır bəzi gerçəkləri. Arınır. Təmizlənir. Keçmişdən bir növ qurtulur. Öz-özüylə baş-başa qalır.
 Yazır. Dərvişliyin sona çatmasından. Dərvişin güzgüsündən özünü göstərir bizə.
 Yazır. Hələ də yazır. Və hələ də yazmağa davam edəcək. Dərvişlik həyatda sona çatsa da, yazmaqda dərvişlik davam edir.
P. s. İnsan. O, həqiqətin gerçəklik payıdır.
Roman. O, gerçəkliyin nişanəsidir.
Güzgü. O, gerçəkliyin atasıdır.
Həqiqət. O, güzgüdür. Çirkinlər həqiqəti sevməz.
Yazıçı. O, həqiqəti axtarandır illər boyu. Gerçəkliyi təxəyyüllə ifadə edərək həqiqəti yaradandır.
Təxəyyül. O, gerçəklik ilə insan arasında boşluğun doldurulmasıdır.
Tanrı. O, Həqiqətdir.
...Və insan –  O, Tanrıdır?

                                                                                                                                  Yazdı: Nəcəf Əsgərzadə
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)