Lanqston Hyus - Təşəkkürlər, Madam

Lanqston Hyus (1901-1967) 1920-ci illərdə qaradərililərin intelektual, bədii-ədəbi hərəkatı kimi meydana çıxan “Harlem İntibahı”nın ən tanınmış simalarından biri hesab olunur. Ədəbi cameədə daha çox yazdığı poeziya nümunələri ilə tanınan Hyus həm də bir neçə roman, esse və kiçik hekayə müəllifidir. Yazıçı əsərlərində daha çox qaradərili işçi sinfinin gündəlik qayğılarına yer verib.
O, böyük çantalı, iri bir qadın idi; çantasında çəkic və mismardan başqa hər şey tapmaq olardı. Uzun qayışı olan çantasını çiynindən asmışdı. Saat təxminən on bir olardı. Təkbaşına gəzirdi. Birdən arxadan bir oğlan qaçaraq çantasını qapmağa çalışdı. Oğlanın arxadan bir dəfə dartması ilə çantanın qayışı qopdu. Amma uşağın ağırlığı ilə çantanın ağırlığı birləşərək onun tarazlığını itirməsinə səbəb oldu. Nəticədə ümid etdiyi kimi birdən-birə, tam gücü ilə qaçmaq əvəzinə, səkidə beli üstə yerə yıxıldı və ayaqları havaya qalxdı. İri qadın sadəcə arxaya çevrildi və oğlanın arxasını, mavi cinsini nişan alıb təpiklədi. Sonra o əyilib oğlanı köynəyinin ön hissəsindən tutub qaldırdı və dişləri bir-birinə dəyənə qədər onu silkələdi.
Daha sonra qadın dedi: “Ay oğlan, çantamı götür və mənə ver“. O, hələ də oğlanı tuturdu. Lakin oğlanın əyilib çantasını yerdən götürməsinə icazə verəcək qədər əyildi. Sonra dedi: “İndi özündən utanmırsan?”
Köynəyinin ön hissəsindən möhkəm tutulan oğlan dedi: “Bəli, madam.”
Qadın dedi: “Bunu nə üçün etmək istəyirdin?”
Oğlan dedi: “Niyyətim bu deyildi”
O, dedi: “Yalan deyirsən!”
Həmin vaxt oradan keçən iki-üç nəfər çevrilib qadınla oğlana baxdılar. Bəziləri isə onlara tamaşa etmək üçün ayaq saxladılar.
Qadın soruşdu: “Əgər səni buraxsam, qaçarsan?”
Oğlan dedi: “Bəli, madam.”
Qadın dedi: “Onda səni buraxmayacağam.” O, oğlanı buraxmadı.
Oğlan pıçıldadı: “Çox üzr istəyirəm, xanım, bağışlayın.”
“Hmm! Üzün də çirklidir. Sənin yerinə üzünü yumaq istədim lap. Evdə sənə üzünü yu deyəcək heç kim yoxdur?”
Oğlan dedi: “Yox madam.”
"İri qadın dedi: “Onda bu axşam üzünü yuyacaqsan”. Sonra küçə boyunca irəliləyərək qorxmuş oğlanı da arxasınca sürüklədi.
Oğlan sanki on dörd-on beş yaşında kimi görünürdü – zəif və söyüd budağı kimi nazik bədəni var idi. Tennis ayaqqabısı və cins şalvar geyinmişdi.
Qadın dedi: “Sən mənim oğlum olmalı idin, onda sənə doğrunu yanlışı öyrədərdim. Hazırda əlimdən gələn ən azından üzünü yumaqdır. Acsan?”
"Yox, madam ”dedi, arxasınca sürüklənən oğlan. "Sadəcə məni buraxmağınızı istəyirəm."
"O döngəni dönəndə səni narahat edirdim?" – deyə qadın soruşdu.
“Yox, madam.”
"Amma mənə sataşan sən idin. Mənə sataşmağın heç bir nəticəsi olmayacaq deyə düşünmüsənsə, çox səhv düşünmüsən. Mən səninlə işimi bitirəndən sonra, cənab, sən Xanım Luella Beyts Vaşinqton Consu unutmayacaqsan."
Oğlan birdən tərlədi və müqavimət göstərməyə başladı. Xanım Cons dayandı, oğlanı qarşısında çevirdi, boynundan yarım-nelson* tutuşu ilə sıxdı və onu küçə boyunca sürükləməyə davam etdi.
Qapısına çatanda oğlanı dəhlizdən içəri sürükləyib evin arxasında yerləşən kiçik mətbəxli geniş otağa apardı. İşığı yandırdı və qapını açıq qoydu. Oğlan geniş evdəki digər otaqlardan gələn gülüşləri və söhbətləri eşidə bilirdi. Bəzi otaqların qapıları da açıq idi, beləliklə o, qadınla burada yalnız olmadıqlarını başa düşdü. Qadın hələ də onu boynundan tutaraq otağın ortasında saxlayırdı.
O, dedi: "Adın nədir?"
“Oğlan dedi: "Rocer."
"Onda Rocer, gedib əlüzyuyanda üzünü yuyursan”– dedi, sonra oğlanı buraxdı. Rocer qapıya baxdı, qadına baxdı, sonra yenə qapıya baxdı və əlini yumağa getdi.
“Qoy su isinənə qədər axsın. Bu da təmiz dəsmal”.
Oğlan əlüzyuyan tərəfə əyilərək soruşdu: "Məni həbsxanaya aparacaqsan?"
Qadın dedi: "Bu üzlə yox, bu üzlə səni heç bir yerə aparmazdım. Mən evə getmək, özümə yeməyə bir tikə bir şey bişirmək istəyirəm, sən isə mənim çantamı oğurlayırsan! Bəlkə, sən də hələ axşam yeməyini yeməmisən, baxmayaraq ki, gecdir. Yeyibsən?"
"Oğlan dedi: 'Evimdə heç kim yoxdur".
"Onda birlikdə yeyərik," – dedi qadın, "Deyəsən, acsan, ya da ac olmusan ki, çantamı oğurlamağa çalışırdın".
"Oğlan dedi: 'Mən bir cüt mavi süet ayaqqabı istədim".
"Yaxşı, mavi süet ayaqqabılar almaq üçün mənim pul kisəmi oğurlamağa gərək yox idi," – dedi Xanım Luella Beyts Vaşinqton Cons. "Məndən istəyə bilərdin".
“Madam?”
Üzündən su damlayan oğlan qadına baxdı. Uzun bir sükut çökdü. Çox uzun bir sükut. Üzünü siləndən sonra, başqa nə edəcəyini bilməyərək, yenə üzünü sildi. Daha sonra oğlan növbəti addımın nə olacağını düşünərək arxasına çevrildi. Qapı açıq idi. O, dəhliz boyunca qaçıb gedə bilərdi. Qaça bilərdi, qaça bilərdi, qaça bilərdi, qaça bilərdi!
Qadın divanda otururdu. Bir müddət sonra dedi: “Bir vaxtlar gənc idim və əldə edə bilmədiyim şeylər istəyirdim”.
Yenə uzun bir sükut oldu. Oğlanın ağzı açıldı. Sonra özü də fərqində olmadan qaşlarını çatdı.
Qadın dedi: “Aha! Mənim amma deyəcəyimi düşündün, eləmi? Düşündün deyəcəyəm ki, amma mən insanların çantalarını oğurlamıram. Yox, bunu deməyəcəkdim”. Sükut. Səssizlik. “Mən də sənə, hətta tanrı özü bilməmiş olsaydı ona belə deyə bilməyəcəyim şeylər etmişəm, oğul“. Mən bizim üçün yeməyə bir şey hazırlayanda sən də əyləş. Bu daraqla saçını darasan daha səliqəli görünərsən”.
Otağın digər küncündə, divarın arxasında qaz plitəsi və soyuducu vardı. Xanım Cons qalxdı və divarın arxasına keçdi. Qadın oğlana baxmadı ki, indi qaçacaq ya yox, həmçinin divanın üzərində qoyduğu çantasına da baxmadı. Lakin oğlan diqqətlə otağın ən uzaq küncünə oturdu, düşündü ki, qadın istəsə, ona gözucu baxaraq asanlıqla görə bilər. O, qadının ona güvənəcəyinə əmin deyildi və hal-hazırda ona güvənməməsini də istəmirdi.
"Mağazaya getmək üçün kimsə lazımdır?” – deyə oğlan soruşdu. ”Bəlkə biraz süd ya nəsə almaq üçün?”
"İnanmıram ki, ehtiyacım olsun", – dedi qadın, "Əgər sadəcə sadə süd istəmirsənsə evdə olan bu konservləşdirilmiş süddən kakao hazırlamağı düşünürdüm".
"Yaxşı olar", – dedi oğlan.
Qadın soyuducuda olan lima lobyasını* və donuz ətini qızdırdı, kakao hazırladı və masanı qurdu.
Madam oğlana harada yaşadığı, ailəsi və ya bunun kimi onu utandıra biləcək başqa heç bir şey soruşmadı. Bunun əvəzinə, yemək yeyərkən ona oteldə və gözəllik salonundakı işindən danışdı. İşin necə olduğunu, müxtəlif tipli, sarışın, qırmızı saçlı və ispan qadınların gəlib getdiyini dedi. Sonra on sentlik tortunun yarısını kəsib oğlana verdi.
"Bir az daha ye, oğul," – dedi.
Onlar yeməyi bitirdikdən sonra qadın ayağa qalxdı və dedi: "İndi, buyur, al bu on dolları və özünə mavi süet ayaqqabılar al. Növbəti dəfə isə mənim ya da başqasının çantasını oğurlamaq kimi bir səhv etmə. Çünki kirli pulla aldığın o ayaqqabıları xeyirliklə geyinə bilməzsən, hətta sənin ayağını belə yandırar. İndi istirahət etməliyəm. Amma istərdim ki, bundan sonra özünü yaxşı aparasan, oğul".
Qadın oğlanı dəhlizə aparıb qapını açdı. “Gecən xeyrə! Özünə yaxşı bax, oğul!” – dedi və küçəyə baxdı.
Oğlan xanım Luella Beyts Vaşinqton Consa "Təşəkkür edirəm, xanım"dan daha çoxunu demək istədi amma bunu edə bilmədi. O, boş dayanacağa döndü və qapıdaki iri qadına baxdı. Qadın qapını bağlamadan əvvəl oğlan çətinliklə "təşəkkür edirəm" deyə bildi və onu bir də heç vaxt görmədi.
*Half Nelson (Yarım nelson) – Güləşdə və digər döyüş sənətində istifadə olunan bir tutma texnikasıdır Boynu və çiyni nəzarət altına almaq üçün istifadə olunur.
*Lima lobyası, eyni zamanda "butter bean" olaraq da bilinir, geniş və yassı şəklə malik lobya növüdür. Adını Peru'nun Lima şəhərindən alır. Bu lobya yüngül, kremli bir dadı və teksturası ilə tanınır.
Tərcümə edən – Şəhla Ağasıyeva