Təbiətdən doğulan yaradıcılıq demişdim...
— Azər müəllim, əvvəlcə oxucular üçün qısa olaraq həyat yolunuzdan danışmağınızı istərdik.
Mən 1953-cü il yanvarın 3-də Göyçay rayonunda anadan olmuşam. Uşaqlığımın ilk illəri məhz Göyçayda keçib. Sonradan ailəmizlə birlikdə İsmayıllı rayonuna
köçdük, 1957-ci ildən isə Bakıda yaşamağa başladıq. 1962-ci ildə Rəssamlar evinə köçməyimiz mənim həyatımda xüsusi bir mərhələ oldu. Bu mühit uşaqlıqdan sənətə olan marağımı daha da gücləndirdi və mənim sənət yolumun formalaşmasına böyük təsir göstərdi. Rəssamların arasında böyümək mənə həm sənətkarlıq bacarıqlarını öyrənmək, həm də yaradıcı düşüncəni inkişaf etdirmək imkanı verdi.
— Yaradıcılıq yolunuz nə zamandan başlayır?
Sənətə marağım daha kiçik yaşlarımdan özünü göstərirdi. Beşinci sinifdə oxuyanda bir sümük parçasından insan fiquru düzəltmişdim. Maraqlısı odur ki, həmin fiqur doğrudan da insana çox bənzəyirdi. Rəssamlar onu gördükdə dedilər ki, bu təsadüfi deyil, səndə artıq sənət duyumu var. Elə bu ilk işlərim mənim üçün yaradıcı yolumun başlanğıcı oldu və məni gələcək sənət fəaliyyətimə sövq etdi.
— Fərqli materiallarla işləməyə sizi nə sövq edib?
İlk yaradıcılıq təcrübələrim sümük üzərində oldu.
Daha sonra ağacla işləməyə başladım və ağacdan oyma üsulu ilə müxtəlif əsərlər yaratmaq mənim üçün böyük bir zövqə çevrildi.
1976-cı ildə düzəltdiyim mücrüdə ornamentləri simmetrik və dəqiq şəkildə işləyə bildim ki, bu da mənim üçün xüsusi bir uğur oldu. Sonralar taxta üzərində yandırma, inkrustasiya texnikaları, boşqab üzərində kompozisiyalar, hətta yarpaqlardan hazırladığım əsərlər meydana gəldi. Son 5–6 ildir isə əsas diqqətimi bitkilərlə işləməyə yönəltmişəm və bu sahədə özümü daha çox sınamağa, yeni axtarışlar etməyə çalışıram.
— Ali təhsiliniz və peşə seçiminiz haqqında nə deyə bilərsiniz?
Bəli, ali təhsilimi Xalq Təsərrüfatı İnstitutunda, daha sonra isə Ticarət Texnikumunda almışam. Atam mənim rəssam və ya xalçaçı olmağımı istəmirdi, o, rəssamlıq peşəsini maddi cəhətdən riskli hesab edirdi. Buna görə də məni daha “təhlükəsiz” hesab etdiyi ticarət sahəsinə yönəltdi. Hətta bir müddət usta kimi də işləmişəm. Amma sənət məni heç vaxt buraxmadı. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası fəaliyyətə başlayandan bir il sonra orada işləməyə başladım ki, bu da mənim yaradıcılıq həyatımda yeni və mühüm bir mərhələ oldu. 2006-cı ildə Rəssamlar İttifaqının üzvü oldum. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən müxtəlif sərgilərdə iştirak etmişəm. Bu sərgilərdə bəzi əsərlərim satılıb, amma mənim üçün önəmli olan, onun tamaşaçıya çatdırdığı hiss və estetik dəyərdir. Mən inanıram ki, əsər həm yaradıcıya, həm də tamaşaçıya dəyər qatmalıdır.
— Sizi ilhamlandıran əsas mənbə nədir?
Yaradıcılığımın əsas mənbəyi təbiətdir. Həmişə təbiətə çıxmışam, oradan qidalanmışam. Əsərlərimdə yenilik vacibdir, bir iş bitir və onun ardınca mütləq başqa bir əsər gəlməlidir. Məsələn, Şuşanın görüntülərini xalça kompozisiyası kimi təsəvvür edirəm.
Musiqi mənim üçün müalicəvi gücə malikdir. Uşaqlıq xatirələrimdə bunun izi var: beş yaşımda əməliyyat zamanı mənə musiqi dinlədilib və bu yaddaşıma həkk olunub. Gözəl musiqi müasir dövrdə də insanı sağaldan bir vasitədir.
İnsan taleləri də məni cəlb edir. Afro mənşəli insanların həyatı mənə maraqlıdır; onların şəraitsiz, çətin yaşamı düşündürücüdür. İstəyirəm ki, yaratdıqlarım hamı üçün anlaşılan olsun, bütün dünya mənim dilimi duysun.
— Yaradıcılıq dəst-xəttiniz haqqında nə deyərdiniz?
Hər sənətkarın öz dəst-xətti olduğu kimi, mənim də özümə məxsus bir üslubum var. Əsərlərim fantaziyamın və düşüncəmənin məhsuludur. Burada insanın dərin və estetik düşüncəsi açıq-aydın hiss olunur. Mənim üçün əsər yalnız forma deyil; bu, düşüncənin, hissin və duyğuların canlanmasıdır. Detallar bir-bir yerinə oturur və əsərdə sanki bir sehr yaranır, tamaşaçı isə bu sehrin içində özünü tapır. Mən əsərlərimi planla yox, daxili bir qüvvə ilə yaradıram. Yazı və forma məni öz axarı ilə aparır. Qabaqcadan düşünmürəm ki, necə olacaq, içimdən gəldikcə özü formalaşır. Eskizsiz işləyirəm, nəyə oxşayırsa, onu yaradıram. Əgər əvvəlcədən çəksəydim, əsər simmetrik olardı, amma mən eyni güllərin təkrarını sevmirəm; hər detal fərqli olmalıdır.
— Əsərlərinizdə tez-tez rast gəlinən simvolika varmı?
Əsərlərimdə tez-tez “ev” simvoluna rast gəlinir. Ev mənim üçün həyatın, yaşayışın rəmzidir. Ev varsa, deməli orada insan var, nəfəs var, yaşam var. Tamaşaçı əsərə baxanda sanki o məkanda yaşamaq, onun hisslərini və atmosferini hiss etmək istəyir.
— Material seçiminiz də olduqca fərqlidir…
Əsasən qida məhsullarından, bitkilərdən, çiçəklərdən istifadə edirəm. Çiçəklərin öz təbii rənglərini qoruyuram və onları müxtəlif eskizlər üzərində suda həll olan şəffaf yapışqan vasitəsilə yapışdırıram. Bu üsul mənə imkan verir ki, boya quruduqdan sonra uyğun olmayan hissələri rahatlıqla çıxarım. Həm yapışdırma, həm də üzərindən keçmə eyni materialla aparılır. Məqsədim yalnız fərqli olmaq deyil, həm də tamaşaçıda təəccüb və maraq yaratmaqdır.
—Sümüklərdən fiqurlar yaratmaq ideyası necə yarandı ?
Bəlkə də qəribə səslənə bilər, amma hər bir sümük parçasında gizlənən bir hekayə və ya insan fiquru görmüşəm. Onlar sadəcə qalıqlar deyil, keçmişdən gələn bir fısıltı kimidir.
İlk baxışda adi görünən sümükləri işlədikcə, onların içindəki formaları üzə çıxarıram. Bəziləri maskaya bənzəyir, bəziləri isə hansısa ritual əşyasına. Hər bir əsərin sonunda hansı fiqurun yaranacağını əvvəlcədən bilmirəm, bu proses məni çox həyəcanlandırır. Məsələn, bəzi əsərlərdəki insan fiqurları qədim mədəniyyətlərdən gəlmiş kimi görünür. Onlara rənglərlə, bəzən də saplarla və ya digər təbii materiallarla toxunuşlar əlavə edirəm. Bu, onların sirli və bənzərsiz görünüşünü daha da artırır. Hər bir əsər mənim üçün bir təcrübə, sümüyün gizli potensialını kəşf etmək deməkdir. Ümid edirəm ki, bu əl işlərimin mistik enerjisi sizə də keçər.
—Niyə “Əfşan” əsəriniz sizin üçün xüsusi yer tutur?
Bu yaxınlarda ərsəyə gətirdiyim və üzərində iki il ərzində çalışdığım əsərim mənim üçün çox önəmlidir. Eskizi məşhur “Əfşan” xalçasının kompozisiyasına əsaslanır. Bu əsərdə bitki mənşəli elementlərlə yanaşı, xırdalanmış xalça yunundan da istifadə etmişəm və onları kompozisiyanın müxtəlif hissələrinə səpmə texnikası ilə yerləşdirmişəm. “Əfşan” kompozisiyası Azərbaycan xalçaçılığında və dekorativ-tətbiqi sənətdə geniş yayılıb və xüsusilə Lətif Kərimovun 1931-ci ildə yaratdığı məşhur işi ilə şöhrət qazanıb. “Əfşan” sözünün mənası rəngarəng və çiçəklənən deməkdir və bu kompozisiya həm sadə, həm də mürəkkəb formalarda işlənə bilər.
— Əsərlərinizdə janr baxımından hansı mövzular üstünlük təşkil edir?
Əsərlərimdə əsasən portret və peyzaj janrları diqqət çəkir. Parlaq, al-əlvan rənglərdən istifadə edirəm. Bununla yanaşı, heyvan fiqurları da bəzən fərqli formalarda əsərlərimdə öz əksini tapır. Yaradıcılığım getdikcə daha da inkişaf edir və mən daim yeni texnika və materiallarla eksperiment aparıram. Mən bağban kimiyəm, toxum səpirəm, vaxtı gələndə cücərir.
—Son zamanlarda hansı yeni işləriniz var?
“Akvarium” adını verdiyim əsərdə içində balaca bir sualtı dünya yaratmışam. Hazırlayanda balıqqulağı
kimi müxtəlif təbii materiallardan istifadə edib, dəniz canlılarını təsvir etmişəm. Hətta akvariumun dərinliyində içində parıldayan xəzinəsi olan balaca bir sandıq da gizlətmişəm. Əsərin ən maraqlı tərəfi isə alt hissəsinə quraşdırdığım xüsusi işıqlandırmadır. İşığı yandıranda hər tamaşaçı sanki suyun altındaymış kimi mistik bir abu- hava yaranır.
—Bəs bu qadın obrazları nə ifadə edir?
Müxtəlif bioqrafiyalara baxıram və Afrikalıların həyat tərzi məni cəlb etdi. Uşaqlıqdan hamımızın tanıdığı "Robinzon Kruzo"dakı Cümə obrazı
mənim həmişə yaddaşımda qalmışdı. Ondan ilham alaraq bu mövzunu bir silsiləyə çevirmək qərarına gəldim və beləcə Cümə, Şənbə və Bazar dünyaya gəldi.
Bu qadınlara "can" vermək üçün fərqli materialları bir araya gətirdim. Bədənlərini kağız üzərinə çap etsəm də, o xarakterik və həcmli saçları təbii süngərdən hazırladım. Geyimlərini isə rəngli saplar və parça hissələridir.
Müsahibə aldı: Mətanət Teymurlu



