Edebiyyat.az » Proza » Lamiyə Məmmədova - Pişik (hekayə)

Lamiyə Məmmədova - Pişik (hekayə)

Lamiyə Məmmədova - Pişik (hekayə)
Proza
nemət
Müəllif:
22:07, 25 noyabr 2019
1 802
0
Lamiyə Məmmədova - Pişik (hekayə)

                                               



 Bu soyuq yaz gecəsində başımı qaldırıb səmaya baxıram. Zülmətdə parıldayan ulduzu düşün. Göz qamaşdırıcı parlaqlığı olan ulduz. Bax belə bir ulduz dəyir gözümə. Əvvəlcə bir, iki, üç... daha sonra neçə-neçə belə ulduz qaranlığı yırtaraq çıxır ortalığa. Baxdıqca zövq alıram. Soyuq iliklərimə qədər işləyir. Səncə bu vecimədir? Əlbətdə ki, yox. Belə bir gözəllikdən gözlərimi məhrum edib, isti evimə gedə bilmərəm. Eh hansı isti ev axı. Lənət olsun, ev ki, isti deyil.Yenə məni tənhalıq boğur. Başımı aşağı salıb uzun-uzun düşünürəm. Bu gecə anamın yanına gedim bəlkə. Hə bu yaxşı fikirdi. Kim məni qapıdan geri qaytarsa da, o qaytarmaz. Yenidən başımı qaldırıb ulduzlara baxıram. Sayrışan ulduzlar mənə təsəlli verir. Sanki “Ananın yanına get, o səni gözləyir” deyirlər. Ulduzlara gülümsəyirəm. Yolumu dəyişib anamın yanına tələsirəm.
    Qapını üç dəfə taqqıldatdıqdan sonra nəhayət anam köhnə taxta qapısını açır. İçəridən isti ilə qarışıq, anamın qoxusu üzümə vurur. Onun gözlərində eynək, çiyinlərində yun şal, əlində köhnə qəzet parçası var. Yorğun görünür. Amma mənim gəldiyimi görüb təəccüblənmədi nədənsə. Deməli ulduzlar düz deyirdi.-düşünüb gülümsədim. Anam gülümsədiyimi görüb təəccübləndi deyəsən.
 - İçəri girmək fikrin yoxdur?
 - ...
 - Mən üşüyürəm axı..
 - Əlbətdə... yəni mən evə girmək istəyirəm.
 - Onda buyur-deyib anam taxta qapıya qısılır.
 İçəri girib sobanın yanındakı yelləncək stula yayılıram. İsti ayaqlarıma dəyir. Anam köhnə fincanımda darçınlı çay gətirir, yanında da bişirilmiş qənd. Fincanımın qulpunda kiçik çat görürəm. Amma bu əhəmiyyətli deyil. Əsas odur anam fincanımı saxlayıb. İsti çaydan qurtumladıqca bədənimə hərarət gəlir. Çayın buğuna baxıram. Sonra başımı qaldırıb üzbəüzdəki pəncərdən ulduzların sayrışmasına diqqət edirəm. Elə bu an gözümə pəncərənin önündəki divanda mışıl-mışıl yatan pişik dəyir. Pişiyin qara və sıx tükləri var. Təəccübdən yerimdə dik qalxıram. Anam gülümsəyərək
 - Hə artıq evdə tək yaşamıram - deyir.
 - Axı sən pişikləri sevmirdin?
 - Həə elə idi. Bəzən insan özünə dost axtarır. Bu yaşdan sonra sevdiklərim mənimlə dost olmazdı.Ona görə də sevmədiyimlə dost olmağı seçdim.
 Bu məni kədərləndirir. Məni uzaq, həm də çox uzaq keçmişə aparır. O zaman 3 ya da 4 yaşım var idi. Pişikləri çox sevirdim. Bütün gün həyətdə onlarla oynayırdım. Anamın mənə acığı tuturdu. Mənə əsəbləşir, danlayır və hətta döyürdü. Buna baxmayaraq pişiklərə olan sevgim azalmırdı. Anamın gözündən yayınan kimi pişiyimi qucağıma alıb bağa qaçırdım. Burada məni tapa bilməyəcəklərini düşünüb, onu qucaqlayır, əzizləyirdim. Bir gün anam bu gizli görüşümüzdən xəbər tutdu. Məni o ki var danlayıb, əllərimin üstünə sillələr vurdu.
 Beləcə günlər davam edirdi. Mən pişiyimi yenə əvvəlki kimi sevirdim, anamda məni döyürdü. Bir müddətdən sonra pişiyimin 7 balası oldu. Balalardan biri şikəst idi. Pişiyimin balalarının doğulması ailəmiz üçün fəlakət idi. Onları evdən bir yolla uzaqlaşdırmağı düşünürdülər.  
 Bir səhər oyananda artıq pişiklərim həyətdə yox idilər. Bu məni dəhşətli dərəcədə kədərləndirdi. Pişiklərimi meşəyə aparıb azdırmışdılar. İlk günlər ağlasamda sonra bunun bir faydasının olmadığını gördüm. Hər gecə çarpayıma uzananda ürəkdən dua etməyə başladım. Dua edirdim ki, Allah pişiklərimi qorusun. Xüsusilədə şikəst balanı. Bir həftə sonra pişiklərim qayıdıb gəlmişdilər. Sevincimin həddi-hüdudu yox idi. Məni ən çox sevindirən həmin şikəst balanın da qayıtması idi. Ana pişik balasını ağzına alıb gətirmişdi. Evdəkilər məəttəl qalmışdılar. Bir neçə gün onlarla oynadım. Amma bütün xoşbəxt günlər kimi bu günlər də bitdi. Yenidən pişikləri parça torbaya yığıb azdırmağa apardılar. Bu dəfə gözlərimin önündə oldu bütün bunlar. Mən daha ağlamadım. Yenə gecələr dua etdim. Amma onlar daha qayıtmadılar.
 Valideynlərimi qəddar hesab edə bilərsən. Amma onlar da özlərinə görə haqlı idilər. Pişiklərlə çox oynasam xəstə olacağımdan qorxduqları üçün idi bütün bu qadağalar. Təbiki o zaman mən belə düşünmürdüm. Bütün dünyanın mənə qarşı olduğu qənaətinə gəlmişdim. Valideynlərimin bu hərəkətini mənə olan ən böyük cəza kimi qiymətləndirdim. Daha heç vaxt pişiyim olmadı.
                                   *                          *                         *
     Anam pişiklə yanaşı oturub meyvə soyurdu. Otaqda sobanın gurultusu və pişiyin mırıltısından savayı səs yox idi. Ara bir iti bıçağın şüşə meyvə qabına toxunduğu zaman çıxan cingiltili səs digər iki səsin ritmini pozurdu. Pişik yerində gərnəşdi. Sonra yerə tullanıb yanıma gəldi. Ayaqlarıma sürtündü. Qucağıma qalxdı. Bir xeyli oturduqdan sonra sürüşüb yenidən ayaqlarımın yanına düşdü. Ayaqlarımın üstünə qalxıb elə ordaca yuxuya getdi. Düzdü gələrkən gecəni burada qalacağımı düşünmüşdüm. Amma indi fikrimi dəyişdim. Pişiyi qucağıma alıb ayağa qalxdım. Birdən-birə istədim ki, gedərkən qucağımdakı pişiyi də özümlə aparım. Qoy bu hərəkətim anama cəza olsun. Gözlərim qucağımdakı pişikdə dayanmışdım. Anam yorğun səsilə:
 - İstəyirsənsə götür özünlə apar-dedi
 Diqqətlə anama baxdım.
 - Uşaq olarkən səni pişiyindən ayırmışam...bəlkə bu pişik...
 - İstəmirəm....
 Pişiyi divana qoyub, bir dilim alma götürüb çıxdım. Qapıdan çıxarkən anam üçün nə qədər çox darıxdığımı hiss etdim. Kaş ki, qalmağımı istərdi. Çölə çıxan kimi üşüməyə başladım. Soyuq evimi və məni qarşılayacaq tənhalığımı xatırladım. Bir də pişiyimi... 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)