Edebiyyat.az » Proza » Nəyə görə məhz bu şüar?

Nəyə görə məhz bu şüar?

Nəyə görə məhz bu şüar?
Proza
nemət
Müəllif:
01:00, 01 mart 2019
2 593
0
Nəyə görə məhz bu şüar?

 


Bilirəm, “Şübhəsiz ki, bir gün həqiqət parlayacaq” cümləsini gördükdə təəccüblənən adamlar olacaq. Bizə görə narahat olmayın. Biz bilirik ki, bu şüarı saytımızın girişində yerləşdirdiyimiz üçün bizə sponsorluq edən olmayacaq. Heç sponsor axtarışında da deyilik. Ölkəmizdə ədəbiyyat inkişaf etmir, əksinə gündən-günə çökür. Bataqlıqda boğulmağına çox az qalıb. Bu gün ədəbi mühitimizdə azacıq canlanma varsa səbəb  azad düşüncəli, cəsarətli bir neçə gəncin zəhməti, qarşılıqsız sənət sevgisidir. Ədəbiyyatımızın inkişafdan qalma  səbəbi ölkədə azad iqtisadi münasibətlərin olmamasıdır. Sənətin inkişafı üçün azad iqtisadiyyat və sağlam rəqabət lazımdır. 
Biz bu saytda yalançı təriflərə, boğazdan yuxarı sözlərə yer verməyəcəyik. Ancaq dostum Neməti, Nəcəfi və məni tənqid edən istənilən istedadlı, intellektli şəxsin yazılarını böyük həvəslə saytımızda yayımlayacağıq.
Edebiyyat.az saytını yaratmağımızın məqsədləri və səbəbləri: 
1)    Azad ədəbi mühitin formalaşmasına çalışmaq
2)    Bölgələrdə yaşayan istedadlı gənc imzaları tapmaq
3)    Dünya ədəbiyyatı nümunələrini Azərbaycan oxucusuna təqdim etmək
4)    “Pulsuz heç nə yaratmaq olmaz” , “Mümkün deyil” fəlsəfəsini inkar etmək
5)    Dəyərlərimizi qorumaq, onlara layiq olduğu hörməti göstərmək (Ancaq biz hansısa şəxsiyyəti bütləşdirməkdən tərəf deyilik, bu gün ölkəmizdə bəzi qüvvələr böyük səylə çalışırlar ki, ən sağlam nümunələri əlimizdən alsınlar və bizə saxta dəyərlər versinlər. Bu xalq ən ağır şərtlərdə belə yaşamağı, həyatda qalmağı bacarıb, öz dilini, inancını qoruya bilib) Biz dəyər deyərkən təbii ki, məişət məsələlərindən danışmırıq. Klassiklərimizin layiqli dəyərindən və layiqli tənqidindən danışırıq. Siz bu saytda ən dahi şəxsiyyətlərin müsbət və mənfi tərəflərini görəcəksiniz)
6)    Media əjdahalarının gənc qələm adamlarını zövqlə udduğu zamanda azadlığını qorumağı bacaran gənc yazıçıların olduğunu göstərmək
7)    Biz yaxşı maaş, yüksək qazanc üçün hansısa xarici ölkəyə qaçmaq niyyətində deyilik. Bu mənada Əhməd bəy Ağaoğlunu özümüzə nümunə hesab edirik. Əhməd bəy professor Rennanın “Qafqaz vəhşidir, səni məhv edər” sözlərinə etiraz edib “Mən Fransada öyrəndiklərimi öz xalqıma öyrədəcəm, öz xalqımın yanında olacam” cavabını verərək vətənə qayıtmışdı.
8)   Ədəbi tənqidin öldüyü, ədəbi tərifin boy atdığı zamanda ədəbi mühitə sağlam ədəbi tənqid gətirmək
9)    Azərbaycan ədəbiyyatı ilə bağlı maraqlı bioqrafik məlumatları, o cümlədən yazıçıların başına gələn maraqlı hadisələri dərc etmək 
10)     Və ən əsası, Rəsulzadənin Azərbaycan sevgisini unutmamaq. “Şübhəsizdir ki, bir gün həqiqət parlayacaq” sözlərini   həyatının şüarına çevirmiş gənc nəsil daim parlamalıdır. 
Sən bizimsən, bizimsən, durduqca bədəndə can
Yaşa, yaşa, çox yaşa Ey Şanlı Azərbaycan.

Nicat Həşimzadə
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)