Edebiyyat.az » Proza » TƏRANƏ MUSAYEVA - KƏLLƏ QƏND

TƏRANƏ MUSAYEVA - KƏLLƏ QƏND

TƏRANƏ MUSAYEVA - KƏLLƏ QƏND
Proza
nemət
Müəllif:
17:57, 25 dekabr 2019
1 954
0
TƏRANƏ MUSAYEVA - KƏLLƏ QƏND





 

Bu səhər günəşin şəfəqləri bir başqa cür parlayır, üzü cənuba ilan kimi qıvrılan yolun sağ tərəfinə əkilmiş qızılgüllərin ləçəklərinin, yarpaqlarının üzərində bərq vururdu. Sol tərəfdə nazlı-nazlı dalğalanan dəniz günəşin isitdiyi dalğalarını tənbəl-tənbəl sahilə göndərir, hərarətdən od püskürən qumların üzərinə sərinlik çiləyirdi. Bütün bu gözəllikləri maşının kip bağlanmış pəncərəsindən izləyərkən təzə təmirdən çıxmış kondisionerin küləyindən cismimə sərinlik yayılırdı. Ürəyimsə... Ürəyimsə təklikdən, yalnızlıqdan sökülür, dağılırdı. Bəlkə də yayın bu cırhacırında məni uzaq yola çıxmağa vadar edən elə bu yalnızlıq idi. Və bu yalnızlığımı nə radioda aparıcıların böyük şövqlə, canfəşanlıqla, bir az da artistliklə səsləndirdikləri verilişlər, nə də xüsusi həvəslə yenicə yazdırdığım disklərdəki musiqilər silə bilirdi. Səhər açılandan ruhuma hakim kəsilmiş ruhsuzluq şəhərdən çıxanda daha çox özünü göstərməyə başladı. Gözlərim mavi səmadan asılı qalmış buludlar kimi dop-dolu idi. Gözlərim bəhanə axtarırdı – dərdini-sərini suya döndərib vücudumu selə bürüsün. 

 

***

Qulaqlarıma inanmırdım. Səs onun səsi olsa da rəngi dəyişmiş, bom-boz olmuşdu. Bir anlıq  səsdən uzaqlaşıb düşüncələrə qapıldım – elə bu an səsin sahibini görmək istədim. Görəsən, səsi bu rəngdə olan adamın sifəti nə rəngdə idi?! Səs get-gedə uzaqlaşırdı, yox olmurdu, yad olurdu və bu yadlaşma özünəməxsus bütün özəllikləri ilə birlikdə rəngini dəyişmədən öncə daşıdığı bütün keyfiyyətləri – doğmalığı, həlimliyi, etibarı, sədaqəti sıxışdırıb aradan çıxarırdı. İnsanın bircə anda gözümdən düşüb sınması birinci dəfə deyildi, əvvəllər də belə halla qarşılaşmışdım. Əslində bu sınmadan sonra dəfələrlə cəhd etmişdim gözümdə param-parça olan insanı qaldırıb əvvəlki yerinə qoyum; amma mən qoyduqca adam əllərimin arasından balıq kimi sürüşüb artıq layiq olduğu yerə düşmüşdü. 

Heç nə eşitmirdim. Ona görə yox ki ətraf qələbəlik idi, ona görə yox ki, əsəbdən ürəyimin döyüntüsü artıb qulaqlarımı kənardan gələn səsə qapamışdı. Ona görə ki, illərin arxasından gələn səs daha güclü idi – “Yalnız sən! Yalnız sənsən həyatımda!”. Bunları söyləyən səsin rəngi səmimi idi, bənövşə qoxuyur, səslənəndə gilavar əsintisi yaradırdı. Rəngi bom-boz olan səsdən isə xəzri yayılır, gəndəlaş otunun qoxusu hiss edilirdi – “Əcəb edirəm! Bütün kişilər eyni cür düşünür, eyni cür hərəkət edirlər. Sevgi boş şeydi. Bir qadına bağlanıb qalmaq... Güldürmə məni...” Bir kişinin timsalında bütün kişilərin iç üzü ifşa edilirdi. 

 

***

Sıxılan ürəyim bir anlıq susmuş kimi oldu. Maşını yolun sağına çəkib qapını açdım. Buz kimi bədənim birdən-birə sanki odun içinə düşdü. Sağ tərəfə keçib maşının kölgəsində yaşıllı-sarılı otların arasında əyləşdim. Torpaq rəngli şalvarımdan daha çox ağ ayaqqabılarımın toza bulanmasına heyfsiləndim bircə anlıq. Gözlərimi yumub başımı dizlərimin   üstünə qoyaraq zamanı unutmaq istədim. Nə qədər vaxt keçdiyinin fərqində olmadım; başımı qaldıranda məni olduğum zamandan bir əsrin ayırdığı hissinə qapıldım. Ayaqlarım keyimiş, boynum ağrıyırdı. Maşına əyləşib Qobustan qayalıqlarını seyr edə-edə yoluma davam etdim.

Azacıq dincəlmək keyfimi açmışdı. Yalnızlığın, təkliyin məngənəsindən qurtulmaq istədiyim anda yolun kənarında dayanıb baş barmağı ilə getmək istədiyi istiqaməti işarə edən iki cavan gözlərimi aldı. Düşünmədən maşını saxladım, hara gedəcəklərini soruşmadan – “əyləşin”, dedim. Hərəsi bir tərəfdən arxa oturacaqda əyləşdilər. Tənha kainatıma insan gəlmişdi. Söz-söhbətlə doldum bircə anda. Başının üzərindəki güzgünü hiss olunmadan bir balaca aşağı endirib sərnişinlərimə nəzər yetirdim. Cavanlardan biri sərbəst, bir az da “dünya vecimə deyil”, o birisi isə sadə, sıxıntılı, “dünyanın yükü çiyinlərimdə” havasında idi. Sağ əlimi uzadıb yanımdakı oturacağın üzərindəki çantamdan şirniyyat çıxarıb cavanlara verməyim əslində onların dilini çözmək, onlarla söhbətə körpü salmaq üçün məsum bir bəhanə idi. Kömür qarası gözləri minnətdarlıqla parlayan sərbəst cavanın qəti etirazlarına baxmayaraq şirniyyatları arxaya ötürdüm. Adının sonradan “Coşqun” olduğunu öyrəndiyim bu cavan maşına oturan kimi “süfrəsini” açmış, hər əlində birini tutduğu şirniyyatları yavaş-yavaş “əritməkdə” idi. Söhbətin qapısı açılmışdı: 

– Uşaqlar nə işlə məşğul olursunuz? 

Gözlədiyim kimi Coşqun qabağa düşdü: 

– Mənimki alverdi. Şəhərdə işim olur. Rayon şəhər arası gedib gəlirəm. Bura bax ha... Maşınım var a, elə bilərsiz piyadayam. Amma remontdadır. Elə dedim edirəmsə birdəfəlik edim, bütün kəm-kəsirini. Təkərlərindən belə hər yerini dəyişib təzələyəcəm. 

– Xeyirli olsun. İşləriniz necədir? Alveriniz gedirmi? 

– Yox a... Hardan? Neçə il əvvəl bir gündə qazandığımı indi bir aya qazanmıram. Pul-para yoxdu adamlarda. Nəsə almaq istəyən də əvvəlcə nisyə dəftərini soruşur. 

Gözlər həmişə ən xəyanətkar orqan olub insan vücudunda. Coşqunun gözləri də onun göründüyü qədər cavan olmadığı işarəsini verirdi. 

– Ailə, uşaqlarla çətin olur yəqin dolanmaq... 

– Ailə? Yox, çətin niyə olur ki, atam, anam bir də mənəm ailədə. Onların da pensiyaları özlərinə bəs edir. 

– Bəs sənin ailən? 

– Mən subayam. Evlənməmişəm. 

– Niyə? 

– Belə daha yaxşıdı... Bilirsən...   

Hə, anladım, niyə evlənib məsuliyyət altına girsin ki. Niyə bir qadına bağlanıb qalsın ki. Cavan oğlandı, gözəl qızlar da nə çox... Acı-acı düşüncəm acıqlandırdı məni. 

– Başa düşdüm. Siz kişilər nə bilirsiz sevgi nədir?! O gözəlliyi duymaq, o xoşbəxtliyi yaşamaq xoşbəxtliyini yaxşı olub Allah sizə bəxş etməyib!

Coşqun qəflətən etdiyim həmlədən bir anlıq özünü itirdi. 

– Xanım, mənim sevdiyim vardı – illər əvvəl.  Onu mənə almadılar. Mən də ondan sonra evlənmək istəmədim. 

– Niyə almadılar? Qız, ailəsi necə adamlar idilər ki? Bəlkə valideyinlərinin bildiyi bir şey olub?

– Hə... Bildikləri o idi ki, istədiyim qız iki tərəfli qohum idi. Ona görə... 

–  Coşqun, sən ağıllı oğlana oxşayırsan, səncə qızın ikitərəfli qohum olması bəhəna idi, yoxsa səbəb? Qohumu ilə evlənən o qədər insan var ki... 

– Bilmirəm. Təkcə onu bilirəm ki, almadılar. Əvvəllər fərqinə varmadım, unudaram – dedim. Amma ondan uzaqlaşdıqca onu daha çox sevməyə başladım. 

– Uşaq olma. Ətrafda o qədər gözəl qız var, gözünü açıb baxmağın kifayətdir. 

– Olsun. Bura bax ha... Onlar mənim sevdiyim deyillər!

Hara baxım?! Gözgüdən görünən bir cüt kömür qarası göz yaşarmışdı...

Söhbətdən qopub ətrafa baxdım. Beynəlxalq yol olmasına baxmayaraq yamaq üstündən yamaq vurulmuş asfalt yol, saçlarını yolan, çəhrayı çiçəkləri ilə yoldan ötənləri salamlayan tozlu, yorğun yulğun kolları, maşının şüşələrinə çırpılan cırcıramalar, həvəslə parlayan günəş. Hamısında Onun baxışı görünürdü. Coşqunun dedikləri həqiqət idi. Dünya elə odur – sevdiyindir. Birdən-birə sağ ayağını dizdən qatlayıb oturmuş, sərbəst, ədalı, lovğa hərəkətləri, ilk gördüyü insanla “sən” deyə müraciətlə danışan Coşqun gözümdə başqa insana döndü. Coşqun danışığına davam edirdi: – Bura bax ha... O qız ailə də qurub. Amma mən onu yenə də istəyirəm. O isə gileylənir – “sən öz keyfindəsən. Daha məni istəmirsən. Hamı danışır – Coşqun gəzməyə getdi, Coşqun istirahətə getdi, Coşqun bulaq başına getdi”. Deyirəm, yalan deyirlər. Deyim də sənə nə olmuşdu. Bir gün yaxın dostumuzun toyu idi. Uşaqlar toydan sonra yığışıb Yardımlı şəlaləsinə getmək istəyirdilər, mənə də dedilər. Mən getmədim. Evə gəldim, yaxşıca da yeyib-içmişdim ha. Gəldim otağımda üzü üstə yerimə uzanıb o qədər ağladım ki, hönkürtümə anam gəldi. Məni sakitləşdirə bilmədi. Səhərə qədər ağladım. Bu isə deyir – “mən sənin vecinə deyiləm”. Elə deyil axı!

Dəhşətə düşmüşdüm. Bu otuz bir yaşındakı gəncin söylədiklərini kaş “sevgi boş şeydi” – deyən adam eşidəydi. Dərdi, qəmi danışdıqca çağlayır, coşur, daşır, dünyaya, adətlərə, cahilliyə, sevgiyə inanmayanlara üsyan edərcəsinə hayqırırdı.

Araya çökmüş sükutu içdən çəkdiyim ah pozdu. Coşqun danışdığı müddət sanki ciyərlərim havasız, nəfəssiz qalmışdı. Ümidə, etibara, ən əsası məhəbbətə sönməkdə olan inamımı Coşqun canlandırmışdı. Hələ də onu qısqanan sevdiyinin qarşısında günahı olmaya-olmaya günahsızlığını sübut etməyə, ona olan sevgisini sübuta yetirməyə çalışan bu cavana paxıllığım tutdu. Burası da vardı ki, yaşadığı böyük sevginin möhtəşəmliyini, müqəddəsliyini, gözəlliyini  anlamırdı Coşqun. O bu müqəddəs hisslərin yalnız əzabverici tərəflərini görə, duya, yaşaya bilirdi. Coşqun üçün sevgi qovuşulanda gözəl olan bir hiss idi. Coşqun çox az insanın yaşaya biləcəyi yaşantı içində olduğunun fərqində deyildi...

Qarşıdan gələn, aşmaq həddində ot tayası yüklənmiş maşının siqnalı məni real həyata qaytardı. 

– Başa düşdüyüm qədəri ilə sevdiyin qız ailə həyatı qurub, sən niyə evlənmirsən? 

– Bilmirəm. Xoşuma gələn qız yoxdur yəqin. 

– Dünyada bu qədər gözəl, ağıllı qız var ikən?.. 

– Mənim üçün bir qız vardı da. O yoxdu, heç kim yoxdu. Bilirsiz nə toy çaldıracaqdım? Bakıda ev tikdirmişəm. Neçə ildi heç qapısını açmıram. Rayonda da evim var. Bəzəyib-düzəyəcəkdim ikisini də, gəlinim heç nədən korluq çəkməsin. Toyuna onun sevdiyi müğənniləri gətirəcəkdim. Hətta pullarını da hazırlamışdım. 

– Yenə elə. İstəyəndə Bakıda, istəyəndə rayonda yaşayın. 

– Bura bax ha... nəyimə gərək bundan sonra evlər, maşınlar, ya da qazandıqlarım? Onsuz bir qəpiklik dəyərləri yoxdur gözümdə. Hamı eyni sözü deyir – evlən! Bir gün bezdim, dedim – nə istəyirsiz edin. Soraqlaşıb mənə elə əslən rayonumuzdan olub, Rusiyada yaşayan bir ailənin qızını tapdılar. Qızla danışırdım e, telefonda. Bir-iki dəfə də rayona gələndə görmüşdüm. Gözəl qız idi. Amma onun gözəlliyi gözlərimə qədər ancaq gedə bilirdi, ürəyimə sızmırdı. Gözümü açıb, qəlbimi yumub evlənəcəkdim. Nə başını ağrıdım, elçi-filan getdilər. Aldılar bu qızı mənim üçün. Qızdan soruşmuşdum – “səni evdə məcburən vermədilər mənə?”, “sevdiyin varmı, ya da olubmu?”. Elə bil bəhanə axtarırdım bu iş pozulsun.  “Yox”, dedi. Nə edək, məcbur evlənəcəyik. Nişan üçün yaxşı hazırlıq görülürdü. Məsləhət olundu ki, hər şeyi elə gedib qızın yaşadığı vilayətdən alaq. Burdan – Azərbaycandan tək bir şey aldıq ki, onu da Rusiyada tapmaq müşkül olardı. Nişandan əvvəl ora gedən dayım Bakıdan sayıb-seçmələyib aldığımız hədiyyəni artıq qızgilə aparmışdı. Qalan şeyləri nişan üçün gedəndə aparacaqdıq. Vədə yetişdi, nişana gedənlər üçün bilet almağa gedirdim ki, yoldan qıza zəng vurdum. Zəng çatmadı. Bir də... Bir də... Dayıma zəng edib məsələni danışdım. Mən artıq aerokassanın qarşısına çatanda dayım mənə zəng vurub nişanlanacağım qızın bir başqası ilə – dəfələrlə onun üçün elçi göndərən biri ilə qaçdığını söylədi. Qaçırıblarmış...

– Qaçırıblar? Hardan? Necə? 

– Nə bilim, alə.... Dedilər ki qızın oxuduğu kollecin girişində böyrünə bıçaq dirəyib, ağzını tutub zorla aparıblar. Aparsınlar da... 

– Sənə heç təsir etmədi? Hər halda nişanlanacağın qız idi. 

– Niyə eləmədi, elədi. Dost-tanışın yanında pərt oldum. Hətta işlədiyim yerdə şirinlik də paylamışdım. Əşşi, nə bilim e... Yaxşı oldu, belə oldu. Onu istəmirdim ki. Sevdiyimin üzünə necə baxardım, yaxşı oldu belə oldu. 

Araya sanki sonu gəlməyəcək sükut çökdü. Coşqunun yaşadığı rayona çathaçatda idik. Nitqim qurumuşdu, deməyə söz tapmırdım. Hiss etdirmədən gözgüdən ona baxdım. İki saat əvvəl sevgi ilə parlayan, indi isə təəssüf, pərtlik əlavə olunmuş gözləri uzaqlara – qeyri-müəyyənliyə dikilmişdi. Bəlli idi ki, baş tutmayan nişanla bağlı keçirdiyi həyəcan, əsəbilik hələ də ötüb keçməyib. 

– “Yaxşı oldu”, – deyirsən, amma rahat deyilsən. Səni pərt edən nədir ki, Coşqun? 

– Nə olacaq, Bakıdan xüsusi həssaslıqla seçib, alıb Rusiyaya göndərdiyimiz kəllə qənd! Bir tək ona yanıram! – deyib güldü.

Mənim də bayaqdan donub qalmış üzümə, gözlərimə gülüş qondu.

Ayrılanda ona bu il evlənərsə toyuna gələcəyimə dair söz verdim.

Maşın ilan kimi qıvrılan yolla şütüyürdü...

    

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)