Edebiyyat.az » Proza » Murad Muradov - Keşişlə söhbət

Murad Muradov - Keşişlə söhbət

Murad Muradov - Keşişlə söhbət
Proza
nemət
Müəllif:
18:51, 30 yanvar 2020
2 169
0
Murad Muradov - Keşişlə söhbət

 


 Mən uşaq idim, ancaq bir gecədə gəlin oldum, bir gecədə qadın oldum və bir gecədə  ana oldum. Bütün bu dəhşətli hadisələrin yaşandığı bu şəhərə illər sonra yenidən gəlməyimin səbəbi də, qorxularımla üzləşib, sonra onları bir dəfəlik beynimdən silib atmaq idi... 
Üzərində addımladığım yola düşən yağış damcılarının torpaqa hopması xoşuma gəlirdi. Yağış içimdə qəribə hislər oyadırdı. Canımı üşütmə tutsa da, ayağıma geyindiyim hündürdaban ayaqqabılar yeriməyimə mane olsa da, başımı yerə dikib  yağışın səsindən həzz alaraq yoluma davam edirəm. Qulaq cingildədən güclü zəng səsi məni düşüncələrimdən ayırır. Başımı qaldırıb, ətrafıma göz gəzdirirəm. Bu, kilsə zənginin səsidir. Ürəyimdə: “Bəlkə, kilsəyə gedib Allaha dua edim? Axı bura da Allahın evidir”, -deyə fikirləşirəm... 

İçimdəki  başqa bir səs mənə “hə” deyir. Tərəddüd edirəm. Heç vaxt kilsədə olmamışam. Maraq  mənə güc gəlir. O vaxt tanrıya çox dua etsəm də, onu çağırsam da məni eşitməmişdi. Bəlkə, məni illər sonra bu gün bu kilsədə eşidər. Böyük və ağır qapını aralayıb içəri keçirəm. Ətrafa göz gəzdirirəm. Ağsaçlı, qara eynəkli, başına bağladıqı qara rəngli yaylığı sürüşüb çiyinlərinə düşmüşüş kök bir qadın sağ əlində tutduğu yanan ağ rəngli şamla diğər şamları alışdıra-alışdıra dua edir. Bir cavan oğlan isə keşişlə nəsə danışır. Yaşlı bir qadın da var. Əlləri əsə-əsə kitab oxuyur. Eynək taxsa da hiss olunur ki, yenə də görməkdə çətinlik çəkir. Sıra ilə düzülmüş taxtadan olan qara rənglə boyanmış oturacaqda əyləşirəm. Kilsənin daxilində tavana birləşik dörd hündür sütun var. Əyləşdiyim yer stunlardan birinin lap yaxınlığındadır. Belə daha yaxşıdır, bu sütunla  özümü gizlədə bilirəm. Tavandan zəncirlə üç böyük çılçıraq sallanır. Divarlarda isə müqəddəslərə aid şəkillər asılıb. Qucağında uşaq olan qadın şəkli marağımı çəkir. Uşaq gülür, qadın isə qəmlidir, boynunu büküb. Etiraf edim ki, bura xoşuma gəlməyə başlayıb. İnsana hüzür, rahatlıq verir. Necə dua edəcəyimi, nəyə necə başlayacağımı bilmirəm.  Keşiş cavan oğlanla danışsa da, ara-sıra mənə tərəf boylanır. Bir az sonra o, mənə tərəf gəlib, salam verdi. Nə edəcəyimi bilmirəm. Eynəyini çıxarıb yaylıqla sildi, təzədən taxdı. Məndən kilsəyə ilk dəfə gəldiyimi soruşdu. Başımı aşaqı-yuxarı yellədib,  bütün cəsarətimi toplayıb: 
- Bəli, sizə demək istədiklərim var,-dedim. 
Başqa heç bir söz ağzımdan çıxmadı, boğazmdakı qəhərə toxunub içimə düşdü. Keşiş təbəssümlə: 
-Bir az sonra sizə yenidən yaxınlaşacağam. Tanrı köməyiniz olsun”,- deyib gedir. 
Öz-özümlə danışıram: “Axı keşişə nə deyəcəyəm? Ona nə barədə danışacağam?... Qalxıb getmək istəyirəm. Keşiş bir qədər uca səslə məni səsləyir, əli ilə: -”Buyurun, gəlin”,- deyir. Məni kiçik bir kabinəyə salıb, özü də bu hücrənin digər tərəfinə keçir. Aramızda bir-birmizi tam görə bilməyəcəyimiz, taxtadan hazılanmış, doğrama naxışlı çərçivə var. 
-“Tanrı hər zaman böyükdür buyurun sizi eşidirəm. 
Nədən, haradan başlayacağımı bilmirəm. Qərar verib söhbətə başlamalıyam, çünkü keşiş danışmağımı gözləyir. Dərin bir ah çəkib susmağın faydasız olduğunu anladım. 
Başımı yerə dikib, barmaqlarımı övkələyə- övkələyə söhbətə başladım. 
-Mənim qırx səkkiz yaşım var. Üç övlad anasıyam. Hər üç övladım qızdır və ailə həyatı qurub, xoşbəxt ömür sürürlər. Onlara saçımı süpürgə edib  gözəl tərbiyə və təhsil verə bilmişəm. Həm də bütün bunları təkbaşıma etmişəm. Əzablı günlərim çox olub, amma təslim olmamışam. Anamız öləndən sonra atam məni Rusiyada alverlə məşğul olan dostuna zorla ərə vermək istəyirdi. Yaşca məndən çox böyük olan bu kişi evlənmək üçün “halal süd əmmiş qız” axtarırdı. Uşaq idim, on üç yaşım var id. Məndən yaşca kiçik iki bacım da var idi. Atam bizə baxa bilmədiyini, kasıbçılığı bəhanə edirdi. “Evdə yemək yeyənlərin biri azalsın,”- deyib, məcburən  məni o adama ərə verdi. Çox ağlayıb yalvarsam da, xeyri yox idi. Atamın özü ilə yaşıd dostu gəldi.  Lazımı sənədləri düzəltdi, atama xeyli də pul verib, məni bacılarımdan ayıraraq özü ilə Rusiyaya apardı. Ondan çox qorxurdum. Hündürboylu, cüssəli adam idi. Mən boylu- buxunlu olsam da, onun sinəsindən gəlirdim. 
Keşiş maraqla mənə qulaq asırdı. Yaşadıqlarım yenidən gözlərim önündə  canlanırdı. Susduğumu görüb: 
-Rahat olun, mənimlə utanmadan, çəkinmədən danışa bilərsiz- dedi. 
Əvvəl-axır başıma gələnləri ya yazmalı, ya da kiməsə danışmalı idim. Bütün  olanları keşişə danışmağa başladım... 
-O gecə mən qorxsam da, o mənə zorla sahib oldu. Körpə bədənimin üzərinə daş kimi ağır cəmdəyi ilə uzanıb, rusca dodaqaltı nə isə donquldana-donquldana  kobud əlləri ilə bədənimlə oynayırdı. Ondan spirt iyi gəlirdi. Bu iy mənə atamdan tanış idi. Mənə qarşı istəmədiyim hərəkətlər edirdi. Allaha dua edib, onu səsləyirdim. Allah vardımı? Var idisə, bəs harda idi ? Üstümə çıxıb, dayanmadan sərt hərəkətlərlə təcavüz etməsinə tab gətirə bilmədim. Qarnımın altından ağrı qopdu. Canımı acı bir süstlük bürüdü. Bu süstlük bütün bədənimə yayıldı. Özümə gələndə daxilimdə dözülməz sancı vardı. Qıçlarımda qurumuş qan ləkələri gördüm. Ağrıdan ayağa da qalxa bilmirdim. Beləcə bu hal tez-tez, ayda, bəlkə də, on dəfədən çox təkrarlanırdı. Gecələrə nifrət edirdim. İstəmirdim gecə olsun. Spirt, tər, siqaret iyi verən bu buynuzlu qurumsaq mənimlə heyvan kimi rəftar edirdi. Nə ehtiras, nə şəhvət hecnə hiss etmirdim. O isə daha da vəhşiləşirdi. Bir neçə aydan sonra hamilə olduğumu bilib mənə toxunmadı. “Oğlum olacaq”,- deyə öz-özü ilə danışıb, uşaq kimi atılıb düşürdü. Vaxt zaman gəlib çatanda, qızımız dünyaya gəldi. Doğuş çox çətin keçdi. Xoşbəxtlikdən nə uşağa, nə mənə heç nə olmadı... 
Gecələr uşaq ağlayanda bu bədəxlaq insan dəli olur: “Kəs onun səsini,”- deyirdi. Uşağa necə qulluq edilir, baxılır, bilmirdim. On dörd yaşımda ana olmuşdum. O məni dəfələrlə uşaq ağladığına görə döymüşdü də. İlk övladımın bir yaşı olar-olmaz öyrəndim ki yenə hamiləyəm. İkinci övladım da qız doğuldu. Bu dəfə o lap əsəb keçirdi. “Oğlan doğana qədər səndən əl çəkən deyiləm!”- dedi: Ard-ardınca üç qızım oldu. Allaha açığım tutmuşdu. Niyə axı belə edirdi. İllərlə körpə gözləyən qadınlara övlad vermirdi. O dəyyus isə yanımdan keçən kimi mən uşağa qalırdım. 
Bəxtim gətirdi ki, işləri bankrot oldu. Uşaqları da, məni də götürüb, əlində nə varsa dəyər-dəyməzinə satıb, vətənə qayıtdıq. Artıq mənə maraq göstərmirdi. Hər gün orda-burda içib, evə gəlir, leş kimi yatırdı. Beləcə bir neçə ay yaşadıq. Bizi rayonda qoyub, yenidən Rusiyaya qayıtdı. İlk vaxtlar az da olsa pul göndərirdi. Sonradan onu da göndərmədi. Gedib-gələnlə xəbər göndərsəm də, nəticə yox idi. Sonralar öyrəndim ki, avtomobil qəzasında gəbərib. Ölümünə sevinmədim, heç üzülmədim də. Artıq on doqquz yaşım var idi. Üç uşaq anası idim. Oturub kiminsə mənə sahib çıxmasını gözləyə bilməzdim. Özüm-özümə sahib çıxmalıydım. Məni övladlarımın gələcəyi düşündürürdü. Övladlarıma baxmaq üçün  işləməli idim. İstirahət mərkəzlərinin birində xadimə kimi işə düzəldim. Uşaqları rayonumuzdakı bağcaya yazdırdım. Həyat mübarizədi və mən bu mübarizədən qalib çıxmaqı bacardım. İndi övladlarımın otuzdan çox yaşları var. Özləri də övlad sahibidirlər. Tanrı mənə daima kiçik xoşbəxtliklər verib. Mən də kiçik xoşbəxtliklərə görə ona təşəkkür etmişəm... 
İndi isə mən artıq başqaları üçün yaşamaq istəmirəm. Özüm üçün yaşamaq istəyirəm. Bilmirəm nə qədər ömrüm qalıb. Təhsil almaq, xarici dil öyrənmək, səyahətə çıxmaq istəyirəm, hətta yenidən ailə qurmaq  istəyirəm. Məni anlayan bir insan da var. O da təkdi, o da mənim kimi əzabla dolu həyat yaşayıb. Biz bir-birmizi gözəl də anlayırıq. Amma bəzi şeylər yenə də mən istəyən kimi deyil. Övladlarım məni çox sevsələr də, mənə  dəli kimi baxırlar: “Bu yaşdan sonra nə evlənmək, nə təhsil almaq?”-deyirlər. Qızlarım mənə deyir ki, biz ər evindəyik, ərlərimiz sənin bu istəklərini bilsələr, bizə utanc hissi gətirərsən... 
Ürəyimi saplağından qırdılar. Heç vaxt, heç kim məndən nə istədiyimi soruşmadı. Evladlarım da onlar üçün çəkdiyim əzablara baxmayaraq məni anlamaq istəmədilər... 
Mən keşişlə daha söhbətimizi davam etdirmədim. Keşiş də susurdu. Xristian dininə məxsus əl hərəkətləri edib bircə kəlmə ilə: ”Müqəddəs ana və ruh esqinə, tanrı köməyin olsun,”-dedi: 
Kilsədən çıxanda yağış kəsilmişdi, göyün üzü aydın və buludsuz idi. Qarşıdan gələn yaz fəslinin ətri duyulurdu... 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)