El Roman - Şair üçün ən böyük mükafat kitabının alınmasıdır.
Söhbət
El Roman - Şair üçün ən böyük mükafat kitabının alınmasıdır.
- Xoş gördük, El Roman. Nə üçün indi Füzuli, Nizami oxunmur?
- Xoş gördüm, Nemət. Məncə, bu sual müsahibəyə giriş üçün ideal sual oldu. Günah onlarda deyil, bizlərdədir. Füzulinin, Nizaminin, Nəsiminin bir beytinin mənasını açmaq üçün ən azı, irfan elminə, Hədislərə, Qurana müraciət eləmək lazımdır. O vaxtkı insanların ən azından Qurandan, hədisdən məlumatları var idi ki, başa düşməklərinə kifayət etsin. Məsələn,"Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan, Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar."Bu beytin mənasını açmaq üçün Quranı, Hədisləri bilmək lazımdır. Füzuli əgər başa düşülməyən, səhv, naqis beyt yazsaydı, bu dövrü kənara qoyuram, öz dövründə heç böyük şair olmazdı. Deməli, Füzuli düzgün, yerində beyt yazıb və oxunub, başa düşülüb. Günahı özümüzdə axtarmalıyıq ki, biz nəinki Füzuli, Nizami, heç onların dövründə yaşayan sıravi insanlar qədər də bilmirik.
- Məncə, şairə eqo və sevgi yaraşır. Bəs, səncə?
- Əlbəttə, yaraşır. "Kişinin makiyajı saqqalıdır" deyə bir deyim var, şairin də makiyajı eqosudur. Amma bu eqonu gərək səhv salmayaq. Yaxşı şair "mən yaxşı şairəm" deyərək öyünmür, yazdığı şeirin içində misra-misra lovğalanır. Bir insanın pasportunda boyu, göz rəngi və s. göstəriciləri yazılır. Şeir də şairin pasportudur. Bu pasportun göstəricilərinin içində məhz eqo və sevgi də var.
- Şeirlərində plagiat yazmaqdan qaça biirsən?
- Bir şair bir şeiri yazmaq üçün on şeir oxumalıdır. Məsələ o deyil ki, həmin o 10 şeirdəki fikirlərdən bəhrələnsin. Məsələ odur ki, həmin o 10 şeirdə yazılmayan fikri öz şeirində yazsın. Elə məhz buna əsasən şeir yazanları iki qrupa bölürəm. Oxuduqlarını öz şeirlərinə köçürən və oxumadıqlarını yazmağı bacaran. Birinci tərəf bütün ömrü boyu şair olmağa çırpınanlardır, ikinci tərəf isə şair doğulmuşlar. Ancaq bundan daha betəri də var. O da başqalarını yox, özünü təkrarlamaq. Təsəvvür elə ki, bir şair öz qələmi ilə iz qoyur, ondan sonra ömrünün qalan hissəsində o iz vasitəsilə ayaqda durur. Bu, rəzalətdir. Bu, başqasını təkrarlamaqdan daha betər plagiatdır. Namiq Şəfayi deyir ki, "Bir şair digərini təkrarlıyırsa eybi yoxdur. Bu şairlərin vərdişidir. Ancaq özünü təkrarlıyırsa bu uçurumdur".
- Həmyaşıdlarından və həmkarlarından səndən böyük potensialı olan varmı?
- Təkəbbür kimi qəbul edilsə də, söhbət sırf həmyaşıdlarımdan gedirsə, məndən böyük potensialda kimisə görmürəm. Ümumi həmkarlara qalanda isə, məndən qat-qat yuxarı potensialda olan gənc şairlər, əlbəttə ki, var.
- Azərbaycan poeziyası dünyaya çıxa bilər?
- Fikrimcə, çıxa bilməz. Hazırda dillər əzbəri olan poeziya nümunələrimizin demək olar ki, hamısında daşlaşmış qəlib ifadələr var ki, bunlar demək olar ki, yalnız Azərbaycan dilində həmin mənanı tam ifadə edə bilir. Əlbəttə, bu bütün dillərdə var. Ancaq məsələ burasındadır ki, məhz dünya poeziyasına çıxaracaq qədər iddialı olan şeirlərimizdə bu qəliblər üstünlük təşkil edir. Öz şeirimdən bir nümunə çəkmək istəyirəm:"Səni Kür qırağına and verirəm, tez qayıt, Yaşın da o yaş deyil, yeri yoxdu kürlüyün. Özgürlük heykəlinə and verirəm, özün seç, Ya mənim qısqanclığım, ya sənin özgürlüyün"Bir tərcüməçi dostum bu şeirimi çox bəyənirdi. Tərcümə eləmək istədi. Dilimizdə "nadinclik" mənasını verən "kürlüyün yeri yoxdu" ifadəsini ingilis dilinə "uşaqlığın yeri yoxdu" şəklində tərcümə edilməsi buna ən primitiv nümunələrdəndir. Bu formada daşlaşmış qəliblər çoxdur. Bu da işi bir qədər çətinləşdirir.
- Yazıçılar birliyi sənə dəstək olurmu?
- AYB-nin yox, bəzi AYB-çilərin dəstəyi oldu desəm, lap yerinə düşər. Amma nəzərə alsaq ki, AYB-dən kənar da müəyyən dəstək gördüm, buradan da belə bir nəticəyə gəlmək olar ki, məsələ AYB ya da başqa bir qurum deyil. Məsələ insanların özüdür. Dəstək olmaq istəyən olur, istəməyən isə nəinki dəstək olmaq, hətta ayağının altını da qazır. Ədəbi mühitin bu cəhətdən demək olar ki, ortası yoxdur. Ya ağdır, ya qara.
- Üslub baxımından özünü tapmısan?
- Fürsətdən istifadə, məhz bu sualda bir qədər öz inkişaf prosesimdən danışmaq istəyirəm. İlk şeirimi səkkiz yaşımda qış fəslində payızdan yazmışam. Deyəsən, elə bunun özü indiki sentimental ruhumu formalaşdıran ən birinci addım idi. 13-14 yaşlarımda şeiriyyətə böyük maraq göstərirdim. Vəzn, bölgü, rədif, hamısını o yaşlarda Məlik Cahandan öyrənmişəm. 15-16 yaşlarımdan etibarən maddi çətinliklərlə bağlı abituriyent illərimi ailəmdən uzaq - rayonda keçirmişəm. Qış fəsli olanda müəyyən saat aralıqlarında qazları kəsirdilər. Kurtkaya bürünüb otağın bir küncünə qısılırdım. Günün demək olar ki, bütün hissəsi şeir yazırdım. Otağın hər tərəfi kağız-kuğuz idi. Dəftər tuturdum. Qarşıya iddia qoyurdum ki, dəftərdə hər 100 şeiri tamamladıqca yeni dəftərə keçim. Bu psixologiya ilə günə 5-6 şeir yazdığım günlər belə olurdu. Qələmin arxa hissəsini peçə söykəyirdim, yuxarıdan aşağlya doğru yavaş-yavaş əriyirdi. Bir müddətdən sonra elə yerə çatırdı ki, qələmin içindəki mürəkkəb tutqunluq edirdi və ümumiyyətlə yazmırdı. Bu müddət ərzində şeiri bitirməyə çalışırdım. Özümü müxtəlif yollarla cəzalandırırdım - "bu dəfəki şeirimdə əvvəlki 5 şeirimdə işlətdiyim heç bir qafiyədən istifadə etməyəcəm" və s. kimi çərçivələr qoyurdum. Əlbəttə, həmin şeirləri indi heç üzə çıxarmıram, ancaq o şeirləri yazmasaydım, özümə belə davranmasaydım, indiki El Roman da olmayacaqdı. Bütün bunlar mənə kömək elədi ki, mən öz üslubumu formalaşdıra bilim.
- Seks, şeir, yoxsa, səyahət?
- Beş il əvvəlki ağlıma görə seks, indiki ağlıma görə şeir, beş il sonrakı ağlıma görə səyahət. Sonra üçü arasındakı müqayisədə hansı daha çox xoşuma gəlsə, ömrümün sonuna qədər o (gülür)
- Nə üçün Azərbaycanda şairləri, yazıçıları nəzərə alaraq qonorarlı və mükafatlı yarışlar keçirilmir?
- Çox istərdim ki, bu hala laqeyd yanaşılmasın. Sözsüz ki, gözəl təşəbbüs olardı. Amma bir tərəfdən baxanda hər xeyirdə də bir şər var. Hazırda hər hansısa mükafat olmamasına baxmayaraq bir-birinin ətini didəcək səviyyədə paxıllıq çəkən kütlə var. Nədən ötrü? Heç nədən. Sadəcə uğurlu yazırsan deyə. Qaldı ki, bu işin sonunda açıq-aydın mükafat elan olunsun, konfliktlər, parçalanmalar nə dərəcədə olar, yəqin ki, özün də yaxşı bilirsən. Şair üçün ən böyük mükafat kitabının alınmasıdır.
- Təşəkkür edirik, uğurların kitablarından gəlsin.
- Çox yaxın və səmimi bir dostum var. Bir gün mənə yazdı ki, Elroman, bildiyin kimi məsafə cəhətdən uzağıq, tutaq ki, səni qucaqlamaq istədim. Səncə, bu necə baş verə bilər? Özümə də maraqlı gəldi, necəsini soruşdum. Mənə bir şəkil atdı - şəkildə kitabımı qucaqlayırdı. Cisim nədir ki? Bütün məsələ ruhdur. Kitabım isə mənim ruhumun məhsulu olduğundan, onu qucaqlamaq da elə məni qucaqlamaqdır. Onu oxumaq elə məni oxumaqdır. Mən təşəkkür edirəm, bu maraqlı söhbət üçün.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Vladimir Nabokov Dostoyevski haqqında
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Akutaqava Rünoske - Cəhənnəm iztirabları