Edebiyyat.az » Təqdimat » Günel Mehri - Uzaqlardakı adam.(esse)

Günel Mehri - Uzaqlardakı adam.(esse)

Günel Mehri - Uzaqlardakı adam.(esse)
Təqdimat
admin
Müəllif:
11:25, 07 iyul 2021
1 485
0
Günel Mehri - Uzaqlardakı adam.(esse)


 
 Uzaqlarda, çox uzaqlarda dağların arasından düz bu yana, üzü Xəzərə doğru bir ürək döyünür. Döyünür deyəndə ki, hərdən cığallıq edir, sözə baxmır, hərdən küsüb susmaq istəyir. Amma sonra xatirinə Xəzərin səsi, doğma torpağın ətri gəlir və elə bu tanış və xoş xatirələrin sığalıyla öz məcrasına qayıdır döyüntülər. Bir vurur, üç vurur, beş vurur və stabilləşir, yenidən sahibiylə sülh imzalayır. Sonra bir stəkan sərin su... Betxovenin “Ay işığı” sonatası... Sonrasa barmaqlar ağır-ağır notbukun düymələri üstündə qaçışır və qəlbin səsi ağ vərəqə cığır salır. Ay gecənin günortasında yatmayan yalnız pəncərəyə sarı boylanır: “Görən, niyə yatmır bu adam? Dərdi nə? Aşıqdirmi? Yoxsa həsrətmi çəkir?” Həsrət... Ayla sinxron düşünür uzaqlarda döyünən qəlbin sahibi... Gecənin günortasında parlayan yeganə işığın sahibi. Beyninin kanallarında siqnal kimi yanıb-sönən “Həsrət” kəliməsini yazır və düşünür ki, yəqin Betxoven də nə vaxtsa böyük bir həsrət çəkib. Yoxsa belə yanğılı sonata yaza bilməzdi. Bəlkə də həsrət çəkməsə, belə kamilləşməzdi. Görəsən, Betxoven kimin ya hansı nəsnənin həsrətini çəkib ay işığında?  Mənim kimi Vətən yanğısı ilə qovrulubmu hər gecə?.. Gözləri ən uzaqlara dikilibmi hər sabah?.. Mənim kimi ağrılarını uzaqdakıların isti münasibəti ilə ovundurub sakitləşibmi... Beləcə, fikirlər bir-birini qovur, qovur,  pəncərədənsə bu səfər sabah boylanır. Ay adəti üzrə yenə buludların arxasına çəkilir. Telefonu masanınn üstündə vibrasiyadan rəqs edir: Allahu Əkbər! Bu da Azan səsi. Sakitcə durub pəncərəylə üzbəüz dayanır. Üzünü hələ də mürgü vuran səmaya tutur: 
-Uzaqları yaxın eylə, ey sübhün sahibi...
Və dodaqlardan növbəti dəfə o doğma və kamil kəlamlar qopub evrənə yayılır: Allahu Əkbər! Hə, unutmadan deyim ki, elə hekayəmizin qəhrəmanı da həsrət yanğısı ilə oxuduğu kitablarla o qədər kamilləşib ki, axırda elə Kamil olub: İlqar Kamil. Çoxları onu sosial şəbəkədən tanıyıb-duyub. Arada minlərlə kilometr məsafələr olsa da, İlqar Kamil insanları könül bağıyla özünə bağlayıb və bu bağlar uzaq Rusiyadan Azərbaycana qədər uzanıb gəlir. Çoxqatlı şəxsiyyətini hərə bir cür dəyərləndirir. Bir qisim ilahiyyatçı alim kimi. Çünki ilk təhsili dinidir və mükəmməl İslam bilgiləri və özünəməxsus Quran qiraəti ilə neçə-neçə könüllər fəth edib İlqar Kamil. Başqa bir qisim onu maraqlı qələm adamı kimi tanıyır. İllərlə “Anam üçün”, “Yerlə göy arasında”, “Səmavi mesajlar”, “Ayrılıq”, “Tanrı tənhalığı”, “Polad necə bərkidi”       kitabları pillə-pillə düzüldükcə uzaqlardan Vətənə gözəgörünməz bir körpü çəkir. Qəlbin həsrəti ilə yoğrulan məsum şeiriyyət və romantik qəhrəmanlar oxucularını ovsunlayır. Beləcə, əl-əl gəzir kitablar. Müəllifin gəzib-görmədiyi  neçə-neçə doğma diyarda olur, neçə-neçə gözəllikləri görür, rəfləri bəzəyir. Kimini sevindirir, kimini kədərləndirir, kiminin könlündən xəbər verir. Sonra bir gün müəllif özü də tənbəlliyin daşını atır və quş olub Vətənə uçur. Özü də “Yaşamaq sənəti”ndən söz açmağa. Seminarda iynə atsan, yerə düşməz. Ayaq üstdə duranlar, əli körpəli gəlinlər, ağsaqqalar... Və hər kəs onu dinləməyə gəlib – İlqar Kamili. Bu dəfə qarşımızda duran bu nurani çöhrəli insan sosial şəbəkədən izlədiyimiz yazıçı, şair deyil, heç din xadimi də deyil. Qarşımızda duran peşəkar psixoloqdur və bu dünyanın ən çətin sənətinin sarı siminə toxunur, yaşamaq sənətindən danışır. O danışdıqca narahat qəlblər aramlıq tapır, ürəklərə düyün vurmuş ahlar qopub havaya yayılır, simalardakı kədəri sevinc işartıları əvəz edir. Hə, yaşamaq asan deyil, amma hər şeyə rəğmən yaşamaqdan zövq almaq mümkündür axı, seminardan çıxan hər kəs bunu düşünür. İnsanlar evlərinə yol alır, İlqar Kamilsə uzaqlara... Uzaqlardan Vətənə baxıb sabahlamaq, növbəti görüşlərə körpü çəkəcək kitabları yaratmaq üçün yenidən uzaqlara yol alıb həsrətinə qısılır.   
Bayaq dedim axı. Hərə onu bir cür tanıyıb, sevib. Mənsə onu həsrətinin işığından tanımışam. Fotolarda gülümsəyən çöhrəsindən belə məlum olan həsrət işğından. Amma kim nə deyir-desin. Mən bu həsrət işığını bəyənirəm. Çün bu həsrətdir o əsərləri yazdıran. Bir də ki, əlçatmaz olan hər nemət daha maraqlı, daha dadına doyulmaz, deyilmi?.. 



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)