Edebiyyat.az » Təqdimat » AYGÜN CƏFƏROVA - ZİRƏDDİN QAFARLI : DƏRDLƏRİM DƏN BAĞLAYIB...

AYGÜN CƏFƏROVA - ZİRƏDDİN QAFARLI : DƏRDLƏRİM DƏN BAĞLAYIB...

AYGÜN CƏFƏROVA - ZİRƏDDİN QAFARLI : DƏRDLƏRİM DƏN BAĞLAYIB...
Təqdimat
admin
Müəllif:
18:09, 20 yanvar 2022
1 288
0
AYGÜN CƏFƏROVA - ZİRƏDDİN QAFARLI : DƏRDLƏRİM DƏN BAĞLAYIB...




 
    Tanrı bizi bir dünyada yaratmadı: dünya içində dünyalar yaratdı və biz də o dünyaların birində və ya bir neçəsində yaşayıb gedirik. Bəzən fərqində olmadan keçid edirik o dünyalar içində. Bəzən yeni dünyanı kəşf etdiyimizin fərqində oluruq. Və bir dünya var ki, oranın sakinlərinin nə dediyini ancaq özləri anlar, özləri duyar. Yaradılmış bütün insanların çox az qismi o dünyaya bələddir. O dünyanı kəşf etmək, ora daxil olmaq, oranın sakininə çevrilməyin həzzi və üstünlüyü olduğu kimi, ağır bədəlləri də var: ağrı, əzab, həsrət, dərd, tənhalıq, cismində ruhunun çabaladığını son hüceyrənə qədər hiss etmək, səsi gəldikcə bağırmaq və duyulmamaq, dalğalar kimi kükrəmək və səssiz qalmaq, için- için hıçqırmaq və yanağından süzülən odlu göz yaşından başqa heç nəyin zahirən görünməməsi...
...
Gözümün içində çaxar o şimşək,
Gözümdən tökülər didə, -dinmərəm.
Kədər sinəm üstə qonar quzğuntək,
Məni didik-didik didər,- dinmərəm.
...
     Maraqlı burasıdır ki, bu acılardan imtina da edə bilərsən. Bunları səndən almağa və sənin istədiklərini verməyə hazır olan biri var o anlarda yanında: Şeytan. Məhz o göz yaşını mənasız əyləncələrə, halal qəpiklərini haram milyonlara, yalnız özünü incidən sükutunu isə ətrafını narahat edən fitnəli qəhqəhələrə dəyişmək üçün bazar açıb müştəri gözləyir. Seçimi ruhunu ağrısıyla, acısıyla, tənhalığıyla birgə qorumaq olanlar o bazarın müştərisi olmazlar. O bazardan üz çevirib yol ayrıcında doğru yola tərəf gedənlərin xoş halına...Çünki o acıların sonunda İlahi bir mərtəbəyə yüksələr İnsan. Yüksələnlər aqillər, aldananlar cahillər kimi davam edərlər həyata. Dərd var sonu əbədi həzz gətirər, şadlıq var sonu əbədi zillət gətirər...
Zirəddin Qafarlı adlı bir şair tanıdım. Dərdi üzündə nura dönmüş, qəmindən təbəssüm çiçəkləmiş bu adam yaddaşıma əlində bir qısa saplaqlı qızılgül tutarkən hopub qalacaq. Sevgi, sayğı, gözəllik bəxş etmək istəyi müşahidə etdiyim sadədən sadə, təvazökar İnsan. Sadə insanlar bir xəzinə gəzdirərlər özlərində. Onu aşkar edənlər çox olmaz. Arayıb -araşdırdım. Gümanım doğru çıxdı.
...
Göz yaşımla suvaracam, qardaşım,
Ulduzlara toxunacaq baş daşım.
İki kəlmə sözüm varsa,- daş- qaşım,
Sıranızda sayılacam bir də mən.
...
 Xəzinə var imiş, hətta o xəzinəni tapıb ondan bəhrələnənlər də. Sevindim ki, o xəzinəni məndən öncə dəyərləndirənlər arasında Nizami Cəfərov, İbrahim İlyaslı, Musa Ələkbərli, Südabə Sərvi, Vasif Süleyman, Ehtiram İlham, Əli Nəcəfxanlı, Vaqif Yusifli, Məlahət Yusifqızı, Fəridə Hacıyeva, Nazim Əlioğlu, Maşallah Məftun, Hikmət Məlikzadə  və s. kimi xiridarlar olub. Həm də öz adıma sevindim ki, mənə də Zirəddin Qafarlı dünyasının dilindən  anlamaq nəsib oldu.


VƏTƏNİNİZ YOXDUSA SİNƏMİ VƏTƏN VERİM...
       
Şair fədakar olmasa möhtərəm olmaz. Gözəl bildiyi, əziz bildiyi hər şeyindən keçər, yetər ki quşlar üşüməsin, əllər çiçəksiz, qəlblər diləksiz qalmasın.
...
Dərdlərim dən bağlayıb, gəlin sizə dən verim,
Xəbər gözləyirsiniz xəbəri nədən verim?
Vətəniniz yoxdusa, sinəmi Vətən verim,
Orda keçirərsiniz payızları, qışları,
Soyuq olmaz yeriniz, İsaq- Musaq quşları.
...
      
Şairlər müxtəlif təəssürat yaradarlar məndə. Kimisini oxuyanda özüm də şeir yazmağa hazır bir hala gələrəm, kimisini oxuyanda şairliyin tamam ayrı bir fövqəl-bəşər bir hal olduğunu dərk edərəm, heyrətdən donub, qalaram, qələmi yerə qoyub yazmaqdan çəkinərəm, başqa qrup şairlər də var ki, onların sənətkarlıq üslubları diqqətimi çəkər, sözlə işləyən heykəltaraş misali görərəm və zövq alaram sözlə oyunlarından, nəhayət, bir qrup şairlər də var ki, onları oxuyanda özümün oxucu, əlimdəkinin isə bir kitab olduğunu unudaram: ayrılaram olduğum real dünyamdan, o şairin təbinin ahənginə düşüb qarışıb gedərəm o şeirlərə. Zirəddin Qafarlı da oxucunu səmimiliyi ilə alıb götürür öz poeziya dünyasına. Onun şeirləri şeir (və ya yaradıcılıq məhsulu kimi) yox, özünüifadə təsiri bağışlayır. Heç yerdə, heç kimə demədiklərini deyir şeirlərində. Sanki dərd yüklü o kəlmələri təkcə elə şeir kimi demək olardı.
...
Sən nədən bildin ki, dərdə vərdişəm?
Etdim ürəyimi neçə dərdə şəm.
Mən tale yorğunu, qoca dərvişəm,
Gəl sənə bir şeir oxuyub gedim.
...
Dərd ağladar, dərd göynədər, amma həm də dərd düşündürər, dərd sanbal gətirər sahibinə. Dərdinə sahib çıxana təmkin və dərunilik bəxşişi verər. Dərdinə yiyə dur və yüksəlişinlə ( və ya dərinləşməyinlə) salamlaş.  İçinə doğru dərinləş, qopduğun Uca Ruha tərəf yüksəl dərdinlə.
Zirəddin Dərdinin adı AYRILIQdır.
...Sözlə oynasam da, bilmədim amma, Dünyada ən ağır söz - AYRILIQdı!..
*
Ayrılıq - hər gün yaşadığımız haldır. Hər gecə düşəndən Günəşdən ayrılan dünya hər yeni sabahında dünənindən ayrılır. Hər ötən gün ayrılıqlar yaşayırıq dünənimizlə, keçən zaman duyğularımızı yaddaşımızda həkk etdirib, adını " XATİRƏ" qoyur. Ayrılığına barışa bilmədiyimiz nəsnələr və kimsələr zamanla DƏRD adı ilə ünvan edir qəlbimizi.
 Şairi də belə tanıdı Dərd.  Şirinliyinə doymadığı xoşbəxtliyinə qonaq gəldi bir ÖLÜM. Və dərd dolu dərviş yaratdı Ondan. Bu söz Zirəddin şeirlərində tez- tez rast gəlinir. O ölümü tanıyıb və dərk edib. Əvvəl onu sevməyib, inciyib, küsüb, amma sonra dostlaşıb, qəbul edib. Ölümü hər addımında hiss edib, hər açılan səhərində, səssiz gecələrində, pis günündə də, ən əziz şad günlərində də Ölümü yanında gəzdirib, iki sözündən biri  O olub. Yol yoldaşına çevrilib, çox uzaqda saxlamayıb. Dərk edib ki, ondan qaçmaq cahillik, Tanrıya asilikdir. Həyata Ölümün gözlərindən baxıb deyə malın- mülkün, ad- sanın, şan-şöhrətin, xudbinliyin, həsədin, təkəbbürün çata bilməyəcəyi SAFlığına  ucalıb. Ürəyini XEYİRə bəxş edib. Həyat- Ölüm fəlsəfəsinin Zirəddin şeirinin özəlliyinə çevrilməsi də səbəb deyil, nəticədir. "Ölüm" kəlməsini bu poeziyanın ən şirin və ən acı sözü kimi gördüm.

    XOŞBƏXTLİYİNİ də:
  Ölümümə hökm ver,
Qollaram, qurban sənə!;
Bu sevgi mənimiydi...
 
Nə gözəl ölümüydü
Heç belə ölməmişdim!
 
    AĞRISINI da təkcə bu kəlmə ilə tam aydınlığı ilə ifadə edir. 
Şairliyini, FƏLSƏFƏSİNİ:
- Bir gün səhərlər açılmayacaq, Axşamlar düşməyəcək...
Düşəcək yoxluq adlı bir varlıq, varlıq adlı bir yoxluq,
Gedəcəyəm üzü sonsuzluğa doğru biryolluq!...
 Sən demə, bu azlıq içində çox imişəm
,

Sən demə, milyon illərmiş ki, yox imişəm.
-  Dünya görüşünü,  BİLDİYİNİ :
Yaşaya biləsən - canın sağ ola,
Ölüm gözəl şeydi- öləndən sonra;
DUYDUĞUNU, öyrəndiyini, öyrədəcəyini bu kəlmə ilə ortaya qoymuş olur!
 ...
Gəldisə, dayanıb deyişmək olmur,
Zirəddin, döş-döşə döyüşmək olmur.
Dünyanın özünə dəyişmək olmur
Dünyanın özündən gözəl ölümü.
 
    "Danış, səni görüm"- deyənlər şair Zirəddinin özünü görəcəklər şeirlərində: sadə, aydın, bədii, səmimi şair.
   ...Ürəkdən yazmaqdır, ürəkdən peşəm,
 
      Qoyma təbdən düşəm, ürəkdən düşəm!
 
      Təpədən-dırnağa ürəklənmişəm,
 
      Yolunda qoyduğum o baş, ürəkdi!
       Adətən şairlərin yaradıcılıqları barədə yazılarda lirikanın məhəbbət, ictimai, siyasi, təbiət lirikası və sairə növləri üzrə araşdırmalar öz əksini tapır. Şair Zirəddinin şeirlərini bütöv bir Dərd Lirikası kimi gördüm. Dərdinin bölgüsü var sadəcə ayrı - ayrı bölmələrdə: "Vətən Dərdi", "İctimai dərdlərimiz", "Nakamlıq dərdi"...
 
    Zirəddin şeirinin sanbalı ilk növbədə İlahi istedada borcludursa, ikinci, şairin doğulduğu torpağın suyundan, havasından, sazlı-sözlü el- obasından bəhrələnir. Üçüncüsü, özünün sözə məsuliyyətli münasibəti və nəhayət, yaşadığı ömrünün kədərli yaşantılarına "borcludur".
    Tanrı almaz, verər. "Aldı" göstərər, "Verdi"sini mübhəm saxlar. Yarını aldısa da, onu  qəm nəğmələri ilə əbədiləşdirdi. Bu dərdi ona ruhdurulducusu olaraq verdi, bəlkə də. Tənha qalmasaydı, qəlbinin səsini eşidib belə içdən misralar yaza bilərdimi?
...
Yoldayam tək- tənha qalandan bəri,
Nə ömür qalıb ki, yalandan bəri?!
Haqq səni əlimdən alandan bəri,
Qaldım üzü Haqda, neynəyim indi?
...
Dağa, daşa nur saçılır,
Qoy gəlib yığım saçını.
Qapın hayandan açılır?!
Oyan, Mehrim, oyan gedək!
    Şairin sənətkarlıq xüsusiyyətləri də özünəməxsusdur, yenidir. Söz sənəti təkrarı sevmir. Rəssamlıqda, heykəltaraşlıqda eyni obyekti iki sənətkar istəsələr də eyni yarada bilmirlər. Amma söz təkrar deyiləndə tez hiss olunur, gözə çarpır. Bu səbəbdən də oxucunu yalnız yeni sözlə cəlb etmək mümkündür. İlahinin verdiyi EŞQi - ilhamı yalnız ustad sənətkar səmərəli istifadə edə, öz İzini sala bilər.  Bütün sənətkarların yolunun məramı eyni olsa da, məhz ifadə tərzi- üslub keyfiyyətləri onları fərqləndirir. Şairimizin növbəti misraları da dediklərimizi təsdiq edir:
Sənin bir-birindən gözəl günlərin,
Mənim pis günümdən gözəl olammaz!
 ...

 Bir vaxt dağ döşündə mən də bitərdim,
 Necə dözürsünüz mənsiz, çiçəklər?

Məni içinizdən bir arzu dərdi,
 
Gəzdim cığır- cığır, iz-iz çiçəklər;
...Yalquzaq günlərim verib səs - səsə...
 ...
Bir çiçək əllərə həsrət qalıbdı
Bu yetim əllərim, yesir əllərim...
...Səni gözlərimlə odlaram deyə,
Gözümün odunu alardı anan...
...Başım qaragün içində,
Ağardın, saçın, ağardın!
...
Həmişə yaşana, sayıla dünya,
Yatsa bir də çətin ayıla dünya.
Oldu Zirəddinə layla bu dünya,
Yuxu söylədiyim suya salam de!
...
Əsasən, qoşma, gəraylı, bayatı, qismən də sərbəst şeir şəkillərində mükəmməl şeirlər qələmə almış müəllifin yaratdığı zəngin bədii təsvir və ifadə vasitələrindən daha bir neçəsinə diqqət edək;
EPİTET: "Narahat ürəyi odu, közüydü Bizim korun-korun yanan ocağın.", "Tanrım, bu aləmə görkündür sənin, Yaşıl yarpaqların xəzəl ölümü"; "Açılar örpəyi qız qayaların, Nə dumanı qalar, nə çəni qalar"...
TƏŞBEH: " Bölündüm Yer kürəsitək Qitə-qitə yollarında", "Qondu gözlərimə bir yuxu kimi"; "Sinəm oyuq- oyuqdu, Qarışqa yurdu kimi", "Ürəyim quzutək mələyir hərdən"
 METAFORA: " Xətrinə dəyməyin bu məhəbbətin"; "Bu torpaq keyiyib ayağım altda"

 METONİMİYA: " Dünya əsəbinin qalıb əlində, Dünya uşaq kimi barmaq sümürər";
FRAZEOLOJİ BİRLƏŞMƏLƏR: " Uşaq ürəyimə daş bağlamışam"; " Gəlib bu torpağa qan uddurdular"
XALQ DEYİMLƏRİ : " Gah insaf göstərib imana gələn,  Gah da cin atına minənim- küsmə!"; " Gör necə düşmüşəm ayaqlarına, Ölüm qabağında, hara baxırsan?!" "Bıçaq dirənib sümüyə, Gülürsən- sevirəm səni."; "Sən məni öldürmək üçün, Ölürsən- sevirəm səni";
MÜBALİĞƏ: "Başıma, üzümə düşən o dəndən, Əgər ulduzların bənizi qaçsa";" Şimşək vurmuş qaya kimi çatladım, Yolumdakı bir qayanı çapınca";
BƏDİİ TƏZAD: "Adım mənə qalxmadı, Adıma özüm düşdüm", "Gödəldən də sənsən, uzadan da sən, Bu gödək ömrümü, uzun ömrümü"; " Məni xain azaltdı, Çoxuydum, oğul bala!", "Sizin ağ ev"iniz bizim "qara dam", " Soyuqluğun məni çoxdan yandırıb, Qollarımda isti yerin göynəyir"...
BƏDİİ SUAL: " Daha bundan artıq O, neynəsin bəs? Külli- kainata nur verib gedib."; "Hara tələsirsən, ay ömür belə?"; "Heç bilmirəm harda qoydum özümü?", "Orda xısın-xısın danışan sular, Dərdimi çöllərə dedimi görən?","Məni uzaqlarda gəzirsən niyə? Mən ki ürəyində ölmüşəm sənin","Bu gecə sən hardan könlümə düşdün?!"...
 KİNAYƏ: Dünyanın çoxunu dəli eyləyən
Dünyanın ağıllı adamlarıdı." , "Şeytan donundadır meydan sulayan. Nə çoxdur ortada quyruq bulayan";
 
     Zirəddin Qafarlı şeirlərinin qafiyə sistemi də zəngin və maraqlıdır:
...Yaradanım küsüb, yarıdanım yox,
Yarı canım gedib, yarı canım yox.
Elə ovulmuşam, ovudanım yox,
Dünyanı götürüb naləm, gəl daha!
...Azıb qaldım bu dumanda, bu çəndə,
 
Gələrsənmi dərd belimi bükəndə?!
İllər boyu dost-doğmaca bu kəndə
Qərib gəlib, qərib gedən məniydim...
...
Heç bilmədim niyə oldum uduzan?!
İnsafdırmı əyrini tut, düzü dan?
Etibarsız bir ünvana üz tutan,
Ay Zirəddin, neçə şeirin göynəyir...
Cinaslı qafiyələr Zirəddin şeirinə bəzək vurur. Bəzən şairlər belə qafiyələr yaratmağa cəhd etsələr də nəticədə mənasız söz yığını alınır. Qafiyə xətrinə mənadan vaz keçmək bəyənilməyib. Məzmunu ilə də zövqverici təcnislərdən nümunəyə baxaq:
...İş yadigar qalar, dur qarış, qalar...
 
Qarış ki, gör kimdi bu qarışqalar.
Həyatdan ölümə bir qarış qalar
Kimdi bu ölümü daşıyan belə?!..
...
Bayatılarının qafiyələri də əsasən, cinas olduğu da diqqət çəkir:
      Çatar mənim,
Öz vaxtım çatar mənim.
Qoluna güc verdiyim
Qolumu çatar mənim.
***
    Qışa çıxdı,
Yaz ömrüm qışa çıxdı.
 
Buz içində evim var,
Yaz bağlı, qış açıxdı...
***
    Oy, nədi?!
Süzülən yaş, oy nədi?!
Sinəmdən bir ah qopdu,
Gözümdə yaş oynadı...
Şairin şeirlərinin leksik-semantik xüsusiyyətləri onun bədii dilini anlaşılan, duyumlu edir, sadə olduğu qədər də emosional yükünü asanlıqla oxucuya ötürməyə imkan verir. Şeirlərin fonetik quruluşu da rəvandır, ahənglidir, maraqlıdır. Sait və samit səslərin ahəngi , daxili bölgü və bunların yaratdığı ritm şeirlərin oxunaqlı olmağına səbəb olur.
Alliterasiya və assonans görünən nümunələrə baxaq.
b,ş,s səslərinin ahəngi: /Başa səni,
Salan yox başa səni. Yerin ayaqda boşdur, Çəkiblər başa səni/;
G,ç,k,d səslərinin ahəngi:/ Gah ölçüdü, gah da çəki, Torpaq yükü təkcə çəkir. Adamı çəkdikcə çəkir, Gordu çəkdikcə/

    İstənilən filoloji təhlil üçün zəngin material verə biləcək bir yaradıcılığa malik olan Zirəddin Qafarlı poeziyasında toxunduğumuz məqamlarla bağlı nümunələr həddən artıq çoxdur.  Şeirə ciddi və məsuliyyətli yanaşma, poetik yüklü misralar zənginliyi bu şairin kitablarını bütün zamanlarda  tələbolunan edəcək.
 ...
Hələ düşməmişdik dilə, ağıza,
Əsərdik yel vuran quru ot kimi.
Minnətçi salardım qoşub bir qıza,
Özümtək utancaq şeirlərimi...
 
     Şairin missiyası çoxdur, məsuliyyətlidir. Şeir düşündürücü, zövqverici, tərbiyələndirici, ruhu qidalandıran, kamilləşdirən olmalıdır. Və bütün bunları bir cəhət birləşdirir: səmimiyyət. Həyatda səmimiliyinə inandığım üçün Şairin Türklük sevdasını da - Mən Türkəm, layiqəm hər təmiz ada;
TANRI sevdasını da- Tanrım vaxt içində, zaman içində
Özümü özümə sirr verib gedib.
Bəndəni bəndədən üstün tutmayıb,-
Hər şeyi hamıya bir verib gedib;
 
VƏTƏN ağrısını da - Eh, daha mənimki qəbirdən keçib, Baxın, Xocalıda qəbirsizəm mən!;
Yetiş görüm- qayanı yar, daşı tök,
Namərdləri yurd-yuvamdan daşı, tök!
Dəli kişi, ətəyindən daşı tök!
 Öləzidi ocağım ey, sobam ey...
 

misralarından oxuyanda duyğularının  səmimiyyəti ruhumuzda öz təsdiqini tapır. "Məni heç kəs ovudammır, İlahi dərd-sərdən özgə"- deyən şairin şeirləri içində oxucuda təbəssüm yaradan misralar da yox deyil:
"Dünyanın dərdini şairlər çəkir, Şairin dərdini şair arvadı"
İnsanlar sevdiklərinə inanar və inandıqlarını sevərlər. Şəxsən tanımadan sevdiyi şairləri də şəxsən tanımağa, həyatda necə bir insan olduğunu öyrənməyə can atar oxucu. Zirəddin Qafarlını isə şeirlərindən öncə ədəbi mühitdə sayılan seçilən biri olaraq tanımışdım. Bəlkə də (bəlkəsiz) müəyyən keyfiyyətlərini görməsəydim, söhbətlərindəki sadəliyə bürüdüyü dərinliyi görməsəydim onun bütün yazdıqlarını oxumaq istəyi yaranmazdı məndə. Bəzən yaradıcılığı ilə rəğbətimi qazanan yazarların insan olaraq arzuedilməz davranışları adamı peşman edir. O qədər belə hallarla rastlaşmışam ki, artıq "öncə şəxsiyyət, sonra sənət" dəyərləndirməsi ilə yanaşıram bütün yaradıcı insanlara. Əvvəllər inanmazdım gözəl sənət əsəri yarada bilən insanın incəsənətdən tamamilə kənar bir ruh daşıyıcısı ola bilməsinə. Amma təəssüf ki, belə də olurmuş... Belə çıxır ki, mənəviyyatı kirli olan birinin gözəl sənət nümunəsi yaratması şeytan işidir. O rəsmlər, o şeirlər, o musiqilər yaradıcısının içində Tanrı sevgisi, insan sevgisi, nur olmadan mənasız və gərəksizdir. Bu mənada Zirəddin Qafarlı oxucuları onun şeirlərini sevdiklərinə görə heç vaxt peşman olmazlar. Çünki bu misralar bulaq kimi həzin-həzin çağlayan Zirəddin Qafarlı adında bir Xeyir Ruhun pıçıltılarıdır.


 
  Dar günümdə qələm oldu pənahım,
 El içində yoxdur elə günahım.
 
Şükür sənə, şükür sənə, Allahım!
 İnsan kimi yaşamağı bacardım.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)