Edebiyyat.az » Ədəbi tənqid » Erix Fromm. «Psixoanaliz və din» kitabından seçmələr.

Erix Fromm. «Psixoanaliz və din» kitabından seçmələr.

Erix Fromm. «Psixoanaliz və din» kitabından seçmələr.
Ədəbi tənqid
nemət
Müəllif:
19:09, 28 aprel 2020
1 469
0
Erix Fromm. «Psixoanaliz və din» kitabından seçmələr.







Dəyərlər problemi mədəni ənənəsi qiymətdən düşmüş və ideoloji istiqamətləri gözdən salınmış toplumlarda olduqca kəskin formada ortaya çıxır. İnsan “ideal”a sahibolma və ya sahibolmama seçimində azad deyil; o, ancaq müxtəlif ideallar arasında, hakimiyyətə xidmət, dağıdıcılığa və ya idrak və sevgiyə xidmətetmə seçimində azaddır.
Bütün insanlar “idealistdirlər”, onlar bədənsəlliyin təminetmə sərhərdlərinə çıxan nələrəsə can atırlar. İnsanlar məhz hansı ideallara inanmasıyla fərqlənirlər. İnsanın ən yaxşı və ən şeytani təzahürləri mahiyyətcə onun bədəninin yox, “idealizminin”, ruhununkudur. Ona görə də hər bir ideal və ya dini duyğunun dəyərli olduğunu iddia edən relativizm təhlükəli və yanlışdır. Biz, dünyəvi ideologiyaları da daxil etməklə, idealları insan ehtiyacı kimi anlamalıyıq və onların həqiqi olub-olmadıqlarını insan qüdrətini sərgiləyən və insan dünyasının harmoniya tələbinə gerçək cavab kimi baxmalıyıq. İdealizm haqda deyilənlər dini ehtiyaclara da aiddir…
İnsan heyvanlara, ağaca, qızıl və ya daş bütlərə, görünməyən allaha, müqəddəs insana və ya iblis donlu rəhbərlərə; əcdadlarına, millətinə, sinfinə və ya partiyasına, pula və ya uğura səcdə edə bilər. Onun dini – dağıdıcılığın və ya sevginin, insan istismarının və ya qardaşlığın gəlişməsinə təkan verə bilər; o idraka yol da verə bilər, idrakı iflic də edə bilər. İnsan öz sistemini dünyəvi sistemlərdən fərqlənən dini sistem saya bilər, dininin olmamasını da düşünə bilər, o öz xidmətini hakimiyyət, pul və ya şöhrət kimi bəlli dünyəvi məqsədləri fərasətliliyə və gərəkliliyə xidmət kimi yoza bilər. Məsələ dinin olub-olmamasından getmir, dinin necəliyindən gedir: bu ya bəşər inkişafına, insani qüvvələrin aşkarlanmasına xidmət edən dindir ya da bu qüvvələri ölgünləşdirən, iflicləşdirən dindir…
Dinin tarixdəki universal mövcudluğu da istiqamət sisteminə və ibadət, xidmət obyektinə ehtiyacı kifayət qədər təsdiqləyir…
Bu istəyin zəif səsini insan eşidəcəkmi və onun dalınca nə vaxtadək gedəcək — bunlar tutulan yoldan (inancdan, ruhani praktikadan, terapevtdən) asılıdır…
Doğum birdəfəlik akt yox, uzun prosesdir. Həyatın məqsədi tamam doğulmaqdır. Amma bunun xüsusi faciəvi ünsürünə görə bizim əksəriyyətimiz belə doğuluşdan qabaq ölürük…
Mərasimlər (rituallar) fikir və hisslərin hərəkətlər vasitəsiylə simvolik ifadəsidir. Rituallar ümumi ideallarımıza sadiq olmamızı ifadə edir. Salamlaşmaq, artistlərə əl çalmaq, ölənlərə sayqıyla yanaşmaq və s. rasional ritualların sadə örnəkləridir. Rituallara ehtiyac şübhəsizdir və indiyədək layiqincə qiymətləndirilməyib…
Səcdə obyekti – qüvvələrin bir istiqamətdə birləşməsi, inteqrasiyası, bütün şübhə və etibarsızlıqları ilə insanın öz məhdud mövcudluğundan kənara çıxması və həyatı mənalandırma ehtiyacını təmin etmək üçün idi.
«Din — ümumbəşəri fenomen olaraq bu və ya digər bir din növüylə asosiasiya (bənzətmə) yaradır… Dilimizdə başqa söz olmadığından, bir toplum tərəfindən bölüşülən, mənalı ömür sürməyə imkan və sədaqətli xidmətə obyekt verən, insan qruplarının paylaşdığı hər bir düşüncə və hərəkət sistemini “din” adlandırmağa məcburuq”.
Biz möcüzəvi əşyalar yaratdıq, lakin özümüzü bu əşyalara sərf edilən o nəhəng əziyyətlərə layiq məxluq yarada bilmədik. Həyatımızda qardaşlıq, səadət, məmnunluq yoxdur; bu – dəliliyə yaxın ruhani bir xaosdur; bu – orta əsrlər isteriyasına yox, daha çox şizofreniyaya yaxındır, daxili reallıqla əlaqənin itirilməsinə və fikrin affektdən ayrılmasına bənzəyir…
Bəziləri çıxış yolunu dinlərə qayıtmaqda görür: inanmaq üçün yox, dözülməz şübhələrdən qurtulmaq üçün; möminliyə görə deyil, təhlükəsizliyə görə qərar verirlər. İnsan qəlbini öyrənən müasir situasiya tədqiqatçısı bu addımda əsəb pozuqluğu əlamətlərini görür…
Ən dəyərli insan keyfiyyətlərindən olan idrak da ehtirasların mənfi təsirinə məruz qala bilər və yalnız bu ehtirasları anlamaqla idrak azad edilib normal fəaliyyətini təmin edə bilər…
Sadəcə müşahidələrinə, idrakına və şəxsi təcrübəsinə əsaslanan Z.Freyd, mənəvi problemlərə üz tutmadan ruhi xəstəliyi anlamağın mümkünsüzlüyünü aşkar etmişdi; xəstəliyin səbəbi – xəstənin ruhi ehtiyaclarının önəmsənilməməsi olmuşdur…
Söhbət, insanın dinə, tanrıya, inama dönüb-dönməməsindən getmir – sevgi içində yaşayıb-yaşamaması, həqiqət ölçüsü ilə düşünüb-düşünməməsindən gedir. Bu zaman onun istifadə etdiyi simvolik sistemlər ikinci dərəcəli olur, olmursa, deməli, onların heç bir əhəmiyyəti yoxdur…
Freyd, dinin illüziya olması fikri ilə yetinmir. O, dinin təhlükəli olduğunu vurğulayır, çünki tarixboyu insanları illüziyalara alışdıraraq, insanların tənqidi düşünməsinə yasaq qoyaraq, əqli bacarıqların kasadlaşmasında məhz din günahkardır…
Din, Freydə görə, ideal və dəyərləri təhlükəyə sürükləyir…
İnsan reallıq ilə işləməyi bacarmalıdır. İnsan, öz gücündən başqa heçnəyə güvənə bilmədiyini bilsə, öz gücünü düzgün istifadə etməyi öyrənəcək…
Freyd, dinin etik nüvəsini müdafiə edir və etik məqsədlərin gerçəkləşməsinə mane olan teistik və fövqaladə tərəflərini tənqid edirdi…
Müasir insanda bir çox fərdləşdirilmiş primitiv din formaları mövcuddur. Onlara nevroz da, dini adlar da vermək olar: əcdadlar kultu, totemizm, fetişizm, rutualizm və s…
Qeyri-teistik dinlər – avtoritar və humanist dinlərdir…
Avtoritar dinlərdə tanrı – hakimiyyət və güc simvoludur.
Humanist dinlərə örnək — ilkin buddizm, daosizm, İsayinin təlimi, İsanın təlimi, Sokrat, Spinoza, bəzi mistik-dini cərəyanlar, Fransa inqilabının Zəka dini…
Dzenə görə, içimizdən cücərib böyüməyən biliyin heçbir dəyəri yoxdur…
 Humanist dində tanrı – insanın ali “mən”idir, insanın potensial olduğu və ya olacağıdır. Avtoritar dində isə tanrı – idrak və sevgiyə malik olan yeganə sahibdir…
Spinozanın fikri: “Pavelin Pyotr haqda bizə dedikləri, daha çox Pyotrdan deyil, Pavelin özü haqda xəbər verir…
Tam azadlıq və müstəqillik olmayanadək bəşər evladı çoxluğun həqiqət saydığını həqiqi olan kimi qəbul edəcək; onun mülahizələrini sürü ilə əlaqədə olmaq ehtiyacı və təcriddə qalmaq qorxusu müəyyənləşdirir. Tənhalığa və insanlarla əlaqələrin kəsilməsinə dözə bilənlər çox azdır. Onlar bəşəriyyətin həqiqi qəhrəmanlarıdır…
Yalnız bütün şəxsi münaqişələrini boş verib, bəşəriyyətə və ideallarına sadiqliyi özünün ilkin qayğısı saydığı zaman insan, obyektivlik və idrak zirvəsinə qalxa biləcəkdir…
Fəlsəfi və ya dini sistemin hansısa bir hissəsinin mənası ancaq bu sistemin bütöv konteksti çərçivəsində doğru müəyyənləşdirilə bilər. Əks halda mətni istənilən kimi yozmaq və yanlış interpretasiya etmək olar…
Tənqidi özünüdəyərləndirmə, həmçinin həqiqi və yalan təcrübəni bir-birindən ayırma bacarığı “Tibet müəllimlərinin tövsiyyələri” kitabında 10 illüziyanı tanıdaraq öyrədilir:
İstəyi inam ilə eyni saymaq illüziyası.
Bağlılığı heyrət və mərhəmət saymaq illüziyası.
Düşünmə sürəcinin dayandırılmasını həqiqi məqsəd — ağlın sonsuz sakitliyi — saymaq illüziyası.
Duyğu həyacanlarını (və ya fenomenlərini) reallığın vəyhi (və ya ehtizazı) saymaq illüziyası.
Reallığın sadə bir işıltısını reallığın bütöv gerçəkləşməsi saymaq illüziyası.
Dini sadəcə təbliğ edəni o dinin həqiqi davamçısı saymaq illüziyası.
Ehtiras qullarını, bütün şərtiliklərdən azad olmuş yoqa ustaları saymaq illüziyası.
Öz maraqları xətrinə edilmiş hansısa hərəkətləri yanlış olaraq altruistik hərəkət saymaq illüziyası.
Yalanın ehtiyyatlılıq illüziyası.
Şarlatanları müdrik saymaq illüziyası…
Bütün böyük dinlərin faciəsi: onlar, dini bürokratiya tərəfindən idarə edilərək, kütləvi təşkilata çevrilən kimi, azadlıq prinsipini pozur və təhrif edirlər.
Onlar insanı azad buraxmaq yerinə, əksinə, onun əl-qolunu bağlayır, insan da tanrıya ibadət etmək yerinə tanrı adından danışmağa iddialı olan qruppaya ibadət edir. Bu, ististasız bütün dinlərdə baş veribdir…
Analitik terapiya mahiyyətcə – sevgi duyğusunu xəstəyə aşılamaq və ya onun bərpasına yardım etmə cəhdidir…
Dini təcrübənin cəhətlərindən biri – təəcübdür, heyrətdir, həyatın və şəxsi mövcudluğun dərki – dünyaya insani münasibət sirridir…
Heç bir zaman heyrətlənməyən, həyatını və şəxsi mövcudluğunu cavablar tələb edən bir fenomenlər kimi görməyən insan, dini təcrübənin nə olduğunu da çətin anlayar. İşin parodoksal tərəfi isə budur – yeganə mümkün ola biləcək cavablar da elə ancaq yeni suallardır…
Dini təcrübənin bir başqa cəhətini Paul Tillix “qayğının son dərəcəsi” adlandırmışdı. Bu, arzuların gerçəkləşməsinin ehtiraslı qayğısı deyil; bu, daha çox təəcüblə bağlı qayğıdır – həyatın mənası ilə son dərəcədə qayğılanmaq, insanın özünü gerçəkləşdirməsi ilə, həyatın onun qarşısına qoyduğu məsələnin həlli ilə bağlı bir qayğıdır…
Dini təcrübənin heyrət və qayğıdan başqa üçüncü elementi də var, bu haqda ən aydın yazanlar mistiklərdir. Bu element – birlikdir, sadəcə özünlə birlik deyil, başqaları ilə də birlik deyil, bütün həyat ilə, bundan da artıq – Kainat ilə birlikdir…
Təəccüb analizdə ən əsas terapevtik faktordur…
Dinə təhlükə elmdən yox, praktiki gündəlik mövcudluqdan gəlir. İnsan, həyatda ali məqsədlər axtarmaqdan əl çəkib, özünü öz əlləri ilə qurduğu iqtisadi maşının xidmətçi alətinə çeviribdir…
Daha dəqiq desək, dini əsaslara ən böyük təhlükəni müasir insanın “bazar iqtisadiyyatı yönümü” yaradır…
Qərbdə kəskin mübahisələrə və təqiblərə səbəb olan “dünya sonludurmu, Kainat əbədidirmi?” sualları induizmdə və buddizmdə gülüş və istehza ilə müzakirə edilir. Budda, bu səpkidə verilən suallara təkrar-təkrar belə cavab verirdi: “Bilmirəm, bilmək də istəmirəm, çünki yeganə önəmli olan problem – “insan əzablarını necə azaltmaq olar” problemidir və cavabın necə olmasından asılı olmayaraq bu məsələyə heç bir aiddiyyatı yoxdur”…
Bütün dini rituallar irrasional deyil…
Simvolik dil – bəşəriyyətin bildiyi yeganə universal dildir…
Bir çox tanrı, inam təbliğatçısı öz insani yönlərinə görə bütpərəsdirlər və ya tamamilə inamdan məhrumdurlar. Bəzi atəşli “ateistlər” isə, həyatlarını bəşəriyyətin xeyrinə, qardaşlığa və sevgiyə həsr edərək inam və dərin dindarlıq sərgiləyirlər…
Tanrı – baxışımıza hədd qoyulan üfüqə bənzəyir…
Musa peyğəmbərlə Sina dağında danışan, “Mənim adım ADSIZDIR” deyir, lakin tərcümələrdə “Mənim adım Var olandır” kimi yanlış verilib…
Çevirdi: İlahə Ucaruh
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)