Zərintac Həsənova - Vətən bizi səsləyir.
Ədəbi tənqid
Zərintac Həsənova - Vətən bizi səsləyir.
Vətən haradır? Biz “Vətən” dedikdə, bu kəlməni eşitdikdə ürəyimizin dərinliklərində hiss etdiyimiz duyğular, ağlımızdan keçən fikirlər nədən ibarətdir? Vətən təkcə ilk göz açdığımız, doğulub boya-başa çatdığımız torpaq deyildir. Vətən təkcə ayaq basdığımız, yaşadığımız torpaq da deyil. Vətən elə bir yerdir ki, atdığın hər addımda ayaq basdığın torpaq səni öz dərinliklərinə çəkir, qəlbində aid olmağın xoşbəxtliyini, sahib çıxmağın məsuliyyətini hiss edirsən… Ayrılmaq, qopmaq istəmirsən, çünki vətən səndən bir parçadır, sən özünsən: sən də vətənin parçasısan. Vətən bizik, biz bir olduqca Vətən tamdır, vətənimiz tam olduqca yaraları azalacaq, əsla yaralanmayacaqdır. Biz birlikdə tamamlandığımız yerə Vətən deyirik və Vətən Azərbaycandır!
İllər boyu yaralı qaldı Azərbaycan, həsrət dərd oldu ürəyimizə, öz vətənimizdə vətənə həsrət qaldıq biz. İnsan yarım qalmış hisləri ilə, heç görmədiyi torpaqların həsrəti ilə yaşaya bilərmi? İnsanın, xalqın rahat yaşaması üçün vətəni tam olmalıdır, vətəninin hər qarış torpağına bələd olmalıdır, onun havasında şəfa tapıb vətənin səmasında ümid axtarmalıdır. Biz elə bir millətik ki, ümidsizliyə illər boyu düçar olaraq, yaralanaraq, ürəyimizdə böyük bir dərd daşıyaraq ümid olduq yenə də bir-birimizə… O torpaqlara qovuşmaq ümidi tərk etdimi bizi heç? Biz elə bir millətik ki, cüzi ümid olmayan yerdə belə bir ümid, əbədi qaranlıqda belə birləşib işıq yaradardıq. Etmədik mi?!
Kənardan susduğumuzu, qorxaq olduğumuzu sandılar, cismani ölümlərlə qorxutdular bizi. Düşmən və düşmənə tay qüvvələr heç anlamadı ki, ölənlərimizin ruhları güc olub ruhumuza birləşdi, inam olub çıxmadı qəlbimizdən, cəsarət qatdı hər addımımıza, yaşamağın, xüsusilə bizsiz qalan torpaqlarda yenidən yaşamağın, yeni bir yaşam yaratmağımızın, mübarizəmizin ilhamı oldu.
Bütün millətlər tarix yazmaq istəyər, lakin bizi də tarix qürurla yazdı. Tarixin qaranlıq səhifələrində boğulmadıq, gələcəyin xəyalı ilə indini biz qürurla, inamla yaşadıq. Barışmadıq məğlubiyyətlə, yıxıldıqca, əzildikcə biz, cəbhədə yaralı-yaralı ayağa qalxan, düşmən üzərinə yeriyən Vətən oğlu bizə qorxmamaq üçün qüvvət verdi, bizə Vətən uğrunda edə biləcəklərimizin, etməli olduqlarımızın həddi-hüdudu olmadığını göstərdi. Tarix bizi saxtalaşdırmaq istədikcə biz dürüstlüyümüzlə, sülhsevərliyimizlə onun səhifələrini bir-birinə qatdıq. Nə demişdi dahi şair Nizami:
Günəşi örtsə də qara buludlar,
Yenə günəş adlı bir qüdrəti var.
Bizim susqunluğumuzda hər şəhid anasının fəryadı, vətənin hayqırışları, torpaq həsrətimizin iniltisi, bizi yaşatmaq üçün ölən canların nəsihətləri fırtına qoparırdı. Doğru zamanı gözlədik hər zaman, qan tökmək istəmədik, bizim olanın bizə doğru yollarla dürüst şəkildə veriləcəyinə inandıq… Fəqət, qarşımızda düşmənliyi belə bacara bilməyən, ən zəif, ən qəddar insanda ola biləcək cüzi mərhəmətdən məhrum olan “millət” (illər boyu millət olmağa çalışan, əslində isə millət olmayan, sahibsiz, vətənsiz) ermənilər var idi. Öz ana yurdumuzda bizə qonşu olub, quyumuzu incə-incə qazan o xain millət.. Bütün dünya sussa da, torpaqlarımızı işğal edənə qədər də, işğal etdikdən sonra da xalqımıza yaşatdıqları hər acıya, hər vəhşiliyə göz yumulsa da, buna nə Tanrı susa bilər, nə də vətən eşqi ilə yaşayan bir xalq. Bütün zəifliklərimizi qəbul edib gücləndik, onlar isə olmayan “dövlət”ləri, olmayan “şərəf”lərini bütün dünyanın gözünə soxdular. Təkcə torpaqlarımızı almadılar əlimizdən, illərin sevincini, kədərini üzərində daşıyan mədəniyyətimizi mənimsəməyə çalışdılar, utanmazcasına sənətkarlarımızın əsərlərini oğurladılar. Cənnət torpaqlarımızda türkün izini daşıyan abidələri vəhşicəsinə dağıtdılar, zorla sahib olmağa çalışdıqları o torpaqların qədrini belə bilmədilər.
Vətən torpaqları bir an belə bizi səsləməkdən, bizi çağırmaqdan yorulmadı. “Gəl, övladım, gəl, qovuşaq artıq!” – dedi. Biz də illərin ağrısında, acısında böyüdük, gücləndik, qorxmazlığımızla, güclü ordumuzla düşmənin gözündə əbədi qorxu olduq. Azərbaycan idik, indi bütöv Azərbaycan olmağa gəlirik, bir daha bölünməməyə imza atırıq! Gözü yolda qalan torpaqlarımızı, gözü yaşlı xatırlamayacağıq artıq, üzümüzdəki təbəssüm olacaq azad olunan hər bir guşəmizin adı. Bunu Ali Baş Komandanın əzmi, igid əsgərlərimizin cəsarəti, xalqımızın duaları etdi. Bu xalq yeni Mübarizlər doğurur, Vüsal Şahkərimov kimi igidlər düşmənə meydan oxuyur, igidlərimizin məğrur duruşu anbaan düşməni sonsuz qaranlığa, bitməz-tükənməz qorxulara qərq edir… Ordumuz güclüdür, zəfərlərimiz haqdır, yolumuz aydınlığadır.
Tanrı türkün olanı türkə bağışladı. Biz, gənclərin heç görmədiyimiz torpaqlarda yenidən çiçəklənməsinə, o torpaqda doğulmuş, uşaqlığını, xatirələrini orada tərk etmiş böyüklərimizin həmin torpaqlarda yenidən yaşama tutunmasına çox az qalıb.
2020-ci il, sentyabrın 27-dən başlayan haqq mübarizəmiz zəfərlə bitdi. 10 noyabr tarixini, zəfər sevincini əsla unutmayacayıq, bu tarix hər il yenidən yaşandıqca içimizdəki Vətən eşqi, yaratmaq və yaşatmaq arzusu yenidən tumurcuqlanacaq. Ancaq ki, zəfər tarixini necə unutmayacayıqsa, bu zəfəri bizə bəxş edən şəhidlərimizi, qazilərimizi - Vətən oğullarını, onların bizə əmanətlərini unutmayacayıq! Ölənlə ölə bilmədiksə əgər, elə yaşamalıyıq ki, onların ölümünün mərdliyi qədər mərd bir yaşam bizim olsun. Həm biz utanmayaq, həm də Vətən bizdən utanmasın!
Biz tarixin yeni səhifələrinə parlaq imzamızla cəsarətimizi, qorxmazlığımızı, arzularımızı yazdıq. Bizim yolumuzu gözləyən o torpaqları cənnət etməyə, körpələrimiz üçün çiçəkli bağçalar yaratmağa gəlirik. Və bu səsi bütün dünya eşidir, bu arzu, şübhəsiz, hər bir Azərbaycan vətəndaşının arzusudur. Arzumuza Tanrının izni ilə qovuşduq, Qarabağımızda-bütöv Azərbaycanımızda yeni arzular doğacaqdır, mərdlik və dürüstlüklə yazdığımız tarix silinməyəcəkdir! Biz Azərbaycan türkləri türklüyə yeni bir işıq olacaqdır. Parladıqca da parlayacaq , düşmənin, düşmənlərin gözünə əbədi qorxu olmaqdan vazgeçməyəcəyik. Vətənimizi, bizi yaşatmaq üçün öz canını qurban verən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Vətən mübarizəsində vuruşan igidlərin canının sağ olmasını arzulayır, onlara qüvvət diləyirəm.
Bəli, Vətən hər zaman bizi səslədi, hər zaman da səsləyəcək. Yetər ki sən, vətəndaş, onu bir an belə unutma! Kim olursan ol, hansı peşənin sahibi olursan ol, sahib çıx özünün olana, aid ol vətəninə bütünlüklə. Bu ölkə, bu millət bizimdir, bizim olan, sənin olan daim çiçəklənməyə, gözəlləşməyə layiqdir. Gəlin, ölkəmizin uşaqları uğruna, bu Vətən uğruna hər an, hər zaman daha gözəl, daha şanlı Azərbaycan üçün çalışaq! Görkəmli şairimiz M. Arazın dediyi kimi:
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin.
Qarabağ Azərbaycandır!!!
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ