AZAD QARADƏRƏLİ - AQŞİN YENİSEY – NOVATOR ŞAİR, İNTELLEKTUAL NASİR
Radioda 15 il işlədim. Ümumi rəhbərimiz Mövlud Süleymanlı idi. Xırım-xırda məişət səviyyəli narazılıqlarımız olsa da, bu adam sözə həssas, yazıya son dərəcə tələbkar idi. Yaxşıya pis deməzdi. Bir kiçik hekayəmi efirdən dinləyib, çaparaqda xüsusi təşəkkür etmişdi. “Efir-üfür” desək də, bura dövlət idarəsi idi və mətnlərimiz, lent yazılarımız diqqətlə dinlənildikdən sonra efirə verilirdi.
Radioya ayaq basan istedadlı gənclərlə hökmən məni görüşdürərdi. Etimad Başkeçidin şeirlərini mənə oxuyanda gözləri yaşarmış, 14 yaşlı Alik Əlioğlunun şeirlərini efirə verəndə çağırıb şəxsən təşəkkürünü bildirmişdi. (Eldar Baxışın vəfatı münasibəti ilə Teyfur Çələbi ilə hazırladığımız xüsusi buraxılışa yazdığı şeiri oxuyanda göz yaşlarını gizlətmək üçün vərəqi üzünə tutduğunu heç vaxt unutmaram.)
Bir gün yenə məni çağırdı. Gənc, qıvrımsaç bir oğlan yanında əyləşmişdi. “Aqşindi” – dedi. Çox istedadlı gəncdir. Bilmirəm, bu şeirlərlə biz nə edə bilərik... belə təzə nəfəsdir e, özün görəcəksən... Tərslikdən səndə də ancaq uşaq verilişləridir... Yenə bir bax gör, nə etmək olar?”
Aqşini az-maz tanıyırdım. “Alma” qəzetində, “Ədalət”in xüsusi səhifəsində görmüşdüm şeirlərini. İndi kiçik bir kitabı da çıxıb. Amma radioluq deyil. Bu və bunun kimi gənclərə daha geniş meydan lazımdı – üstündə nəzarət olmayan, qoruq-qaytaqsız, senzurasız...
Aqşinlə bizim redaksiyada bir xeyli söhbət etdik. Üstüörtülü radiodakı mühiti də anlatdım. Və beləcə, ilk görüşümüzdə yaddaqalan bir şey olmadı...
Sonra “Alatoran”da, başqa mətbuat orqanları və saytlarda Aqşinin şeirlərini izlədim. Daha sonra ilk romanı haqqında yazı yazdım. Və “Yazı”da “Bir kitab şeir” rubrikasında şeirlərini verdim.
Aqşin sübut etdi ki, yeni ədəbi prosesdə bir dəst istedadlı adamla bir yerdə ədəbiyyata gəlmək olar və onlardan seçilmək də olar. Nəzərə alsaq ki, onlaın içərisində Rasim Qaraca, Həmid Herisçi və Murad Köhnəqla kimi istedadlar vardı, bunun balaca məsələ olmadığını anlamaq olar.
Aqşinin misralarını anlamaq üçün bir az gərilməli, düşünməli olursan. Bir şeirindən seçdiyim tək misralara baxın:
Heç tanımadığım bir ölümün əyninə biçilmiş bədən...
Yaxud;
Gələcəyə gedən yol bağlı, buraxmırlar, yenidən keçmişə qayıdır vətən!
Və belə:
Yol yoxdursa, çıxış yolu hələ ki, azmaqdır...
Bu da bu:
Öyrədib ki, gözdürsə şəxsidir, ağlamaqdırsa bəşəri!
...Artıq radiodan bir komitəyə işə getmiş, iki il tamam olmamış yazdığım yazılara görə işdən uzaqlaşdırılaraq işsiz qalmışdım. Belə bir vaxtda kulis.az-da Qanturalı, 37.az-da Aqşin köməyimə çatdı. Hər iki saytda hər həftə yazılarım və hekayələrim yayımlanırdı. O vaxtın hesabıyla babat da qonarar alırdım.
Və bir gün Aqşini baş redaktorluqdan uzaqlaşdırdılar.
Sonra səsi Türkiyədən gəldi.
İkinci romanı – “Tarix və tale” onun yaradıcılığında yeni mərhələ idi.
Bu əsəri oxuyanda anladım ki, tamam yeni bir nəsrdir bu – intellektual nəsr, intellektual roman!
Azərbaycanın Milan Kunderası doğulurdu bu romanla.
Sonra yeni romanım “Ucubuluğ”un hələ çap olunmamış vörd variantını Aqşinə göndərdim. (Bir neçə gənc dosta da yollamışdım. Yeni tərzdə yazılan bu əsərin tutub-tutmadığına tam əmin olmaq üçün çapqabağı dost rəyinə ehtiyacım vardı.) Az bir zamanda oxumuş, yaxşı bir rəy də yazmışdı...
Aqşinlə 37-az-dakı görüşlərimizi çıxsaq, heç üzbəüz əyləşmədik, bir stəkan çay içmədik. Amma mənə min ildir tanıdığım çox doğma adam kimi gəlib. Hər uğuruna ədəbiyyatımızın uğuru kimi sevinmişəm.
...Bu gün doğum günü imiş. Ürəkdən qutlayıram! Çox yaşa, çox yarat deyirəm. Təzə-təzə açdığın o cığır böyük yola dönüşsün. Bir də sağlam ol. Bizi qorxutmuşdun axı...
S.A. (Söz Ardı)
Eşitdim yeni romanı çıxıb. Onu da qutlayıram. Şəhərə yolum düşəndə hökmən alıb oxuyacam. Həmişə var ol, uzaqdakı yaxın adam...
(“Məndən sonra” memuar romanından)
05.09.2022.