Rasim Əlizadə - Qeyri-müəyyənlik
Yaz aylarından biridir bu gün, daha dəqiq, martın 24ü. Ramazan ayı təzəcə daxil olub. Hava günəşlidir amma qəribə bir sərinlik də var. Yəqin ki, Allah oruc tutanlar üçün daha uyğun hava şəraiti seçir, nəbilim, çox vaxt elə deyirlər, bu ay sərin keçdi, yağış yağdı, rahat oldu tipli cümlələr. Mən də bir dəfə oruc tutmuşam, adam nədənsə səbəbini bilmədən üşüdüyünü hiss edir oruclu olanda. Allah qəbul etsin orucunuzu.
Bayramdan sonra sanki səssizlik çöküb hər yerə. Havada kədər hiss olunur ya da mən elə gəlir. Bayram tətilinə görə iş yoxdur, darıxdırıcı keçir. Dostlarla görüşdük az da olsa, hamısını yenə dinlədim həmişəki kimi. Bəzən bu dünyaya ancaq insanları dinləmək üçün gəldiyimi düşünürəm. Asosial olduğumdan da əlavə sanki həvəsim yoxdur danışmağa, özümü ifadə etməyə, elə onlar danışsınlar mən dinləyim. Əvvəllər danışılanları daha diqqətlə dinləyib, müşahidə edib sonra analiz edərdim indi ona da həvəsim yoxdur. Sadəcə, görüş bitsin çıxım gedim evə, sosial fəaliyyətim bundan ibarətdir.
Yaxınlarda kitab sərgisinə getmişdim, bir neçə kitab da aldım. Seymur Baycanın, Rafiq Tağının, Hacı Şahinin və bir sıra xarici romanlar. Fikir verdim ki, daha çox Tanrı, dinlə bağlı kitablar maraq və diqqətimi çəkdi.
Oxumağa ilk Hacı Şahinin “Haradan Başlamalı” adlı kitabından başladım, əvvəllərdəyəm hələ bitirməmişəm amma çox axıcı yazıb Hacı, sıxılmadan oxumaq olur. Hacının fikirləri ilə tanışlığım çox əvvələ dayanır və deyə bilərəm ki, son 2,3 il olar hər həftə olan cümə xütbəsini dinləyirdim. Hər fikri motivasiya verirdi yaşamağa, həyatın qanunlarınnı çox gözəl izah edirdi. Çox yalnız, dəyərsiz, günahkar hiss etdiyim anlarda onun fikirlərinə sığındığım çox olub. Nəbilim, indidə özümü yalnız hiss edirəm amma təəsüf ki, Hacı yoxdur, yeni fikirləri olmayacaq, gərək köhnə video yazılarla təskinlik tapım. Hacı, Allah ilə rabitədə vasitə rolunu çox gözəl icra etdi, sadəcə gərək sevənlərini bu qədər tez tərk etməyəydi. Allah rəhmət eləsin.
Səmimi olsam bunları oxuyanlar deyəcək ki, bu yazıdakı anlam nədir, sanki not dəftərindəki gündəlik yaşadığın şeyləri yazmısan bizə də oxutdurmağa çalışırsan. Düzdür, razıyam içindən keçən fikir ilə. Yazıma giriş tərzimin uğursuz olduğunu, mövzular arasında qopuqluğun, əlaqəsizliyin, məna tapılmaması və anidən bir mövzunu qoyub o birinə keçid etdiyim doğrudur, fərqindəyəm. Daha faydalı bir şey etmək istəyirsənsə səmimi sözümü odur ki, oxumağı dayandır elə bu anda. Çünki mən də artıq bu qeyri-müəyyənliyimdən yorulmuşam.
Bilirsən necədir, həyatda hər şeydən biraz-biraz bilməkdənsə, bir şeydə hər şeyi bilmək daha önəmlidir. Bir dəfə söhbət etdiyim birisinin bu sözlərini xatırlayıram, Mənim elə də dünyagörüşüm yoxdur amma öz sahəmin peşəkarı olmağa çalışıram. Bax, məncə bu olmalıdır həyatın məqsədi, mənası. İnsan ki, həyatda nə istədiyini bilmədi, heç nəyə tam mənada fokuslana bilmədi, dünya onun üçün dözülməz bir yerə dönüşür, heçnədən zövq ala bilmir. Və bunun kökündə özünü tapa bilməmək dayanır, özünü tapa bilməyən insan bu həyatda xoşbəxt ola bilməz. Bir yerdən sonra bunun adı özünü aldatmaq olur, aldanışlarla dolu həyat yaşayır. Bir anlıq ağlıma ömrünün sonuna kimi bu formada yaşayan insanlar gəlir, kədərlidir.
Özünü tapmaq istəyən insan ilk növbədə özünü tanımalıdır. Bu həyatda çox şey bir-birinə zəncirvari şəkildə bağlıdır. Bu özünü tanımaq məsələsi o qədər önəmlidir ki, insan özünü tanımasa heç Allahı da tam mənada tanıyıb, dərk edə bilməz. Belə nəticəyə gəlirəm ki, özünü tanıyan Allahı tanıyacaq və həmçinin özünü tapdığı üçün Allahı da tapacaq. Allahı tapan insan isə axtardığı hər şeyi tapacaq, ən birinci isə xoşbəxtliyi. Xütbələrin birində belə bir tövsiyyə eşitmişdim. Deyirdi ki, əgər sən Allahla aranı düzəltsən, Allah da sənin insanlarla olan aranı düzəldəcək. Çox təsir etmişdi bu söz mənə, çünki insanlarla aramın o qədər də yaxşı və sağlam olduğunu düşünmürəm, hamısı ilə olmasa da çoxu ilə. Və yenə qayıtmalı olacam qeyri-müəyyənlik halıma çünki məni həyatımın hər bir sahəsində geri atan bu qeyri-müəyyənlik olub. Bir də məni ən çox üzən şeylərdən biri də insanlarla olan münasibətlərimdə balansı qoruya bilməməkdir.
Nə deyim, yaxşı olar, düzələr..
Sonda yazımı Seyid Əzim Şirvanidən bir misra ilə bitirim..
Çəkmə, ey dust, bu gün damən-i səhrayə məni,
Yoxdur ol mah, aparma bu tamaşayə məni.
Oldum aşüftə pərilər sər-i geysusundan,
Nə deyim Adəmə kim, gətdi bu dünyayə məni