Mikayıl Qəhrəmanov - Adsız feministlər
Q.A taleyini sanki əvvəlcədən bilirmiş kimi ailə həyatını 30 yaşında qurdu.Həyat qurmadığını əksinə həyatını puç elədiyini, üçüncü övladına hamilə olarkən yoldaşının onu atıb getməsindən sonra anladı. Qohum-əqrabası sahib çıxsa da kömək etsə də, bu cür davam etməyəcəyini anladı. Borc-xərc tapıb bağçasında istixana qurdu.
Kənd yerində yaşıyırdı, hər üç uşağını oxumağa,təhsilə sövq etdi. Özünün böyük bir qutu dolusu kitabları var idi. Gəncliyində oxumuşdu. Bizlərin hələ indi tanıdığı Markesləri,Remarkları əzbər bilirdi. Böyük qızını oxutdu,universitetə qəbul oldu. Kiçik qızı artıq dördüncü sinifə gedir, atası bir gün geri qayıtsa qızını yolda görsə tanımayacaq, çünki o gedəndə qızı hələ dünyaya gəlməmişdi.
Bir gün də olsun belə şikayət etməyib, möhtac vəziyyətə düşməyib.Çalışır,çabalayır övladlarına düzgün gələcək qurmaq üçün. Bunlardan xəbərsiz olan Rəna saçını qırmızıya boyatmasına qarşı çıxan valideynlərinə feminizm dərsi keçir.
H.Z iki qız övladı böyüdür. Kənd yerində qız uşağının namus və abır-həyası, elm və təhsilindən daha böyük önəm daşıyıyr. Yəni, Mirzə Cəlili tanımaya bilərsən, amma yad birinin yanında başını qaldırmağın qadağan olduğunu mütləq bilməlisən. Bu tip mental və mühafizəkar bir ortamda iki qız övladını da yetəri qədər savadlı və ağıllı böyütməyi bacarmışdı.
Bacarmışdı dedim,çünki həyat yoldaşı ikinci övladı dünyaya gələndən sonra ailəni tərk edib getmişdi. Əlacsız və iki qız övladı ilə qaynanasının yanında qaldı. Pensiya ilə dolana bilməyəcklərini anladı və bağçasında kartof,soğan və göyərti əkib-becərməyə başladı. Hər iki övladına baxdı və ehtiyyac içində qalmadan böyütdü. Ən gözəl şəkildə geyindirdi,yedirtdi,içirtdi.Özünün isə geyindiyi donun on yaşı var idi.
Böyük qızı on səkkiz yaşına çatanda elçilər qapını kəsdi. Elə gün oldu ki iki hətta üç elçi birdən gəlirdi. Qızının gözəl olması bir yana da ağıllı böyüməsini anasına borclu idi.Ailə həyatı qurdu və iki övladı oldu. Anası artıq nənə olmuşdu. H.Z bir gün də olsun şikayət etmədi.
Bundan xəbərsiz olan Afət tatu döydürməsinə qarşı çıxan valideynlərinə feminizm dərsi keçir.
Q.N ən böyük qazancı tibb texnikomunu bitirməsi idi. Çünki gələcəkdə bir övladı olacaq və daha sonra yoldaşı onu atıb gedəcəkdi. Oğlu dünyaya gələndən bir müddət sonra, yoldaşı tərk elədi. Bir oğlu, özü və texnikom diplomu ilə baş-başa qaldı. Elə o gündən işə qoyuldu. Xəstəxanaya işə düzəldi.
Gecə növbəsindən yorğun və yuxusuz gəlib qapı-qapı gəzərək kənd camahatına iynə vurdu,təzyiq ölçdü və öz dərdi yoxmuş kimi hamının dərdinə əlac olmağa çalışdı. Oğlu orta məktəbi bitirdi, əsgər getdi və dönəndə gördü ki, köhnə yaşadıqları daxmadan əsər-əlamət yoxdur.Ana qəpik-qəpik yığaraq ev tikdirib.
Oğlu hərbi xidmətdən sonra universitetə daxil oldu. Anası bütün xərclərini çəkdi,oğlunu dörd il işləməyə qoymadı. Universiteti bitirdi və oğlu üçün xahiş-minnət edib iş də tapdı. Bir gün də olsun şikayət etmədi.
Bu qadınlar mübarizələrini talelərinə qarşı apardılar, bir gün belə etiraz etmədən.
Bundan xəbərsiz olan Əsmər çatda tanış olduğu oğlanla Gürcüstana getməsinə qarşı çıxan valideynlərinə feminizm dərsi keçir.
Halbuki feminizm elə qadın əməyini istismar və istifadə etmək üçün yaranmış bir fikir olduğunu bilmir. Filan ildə filankəsin qurduğu bir təşkilat deyil feminizm. Əslində manufakturaların yaranması ilə kapitalist sistemin də doğulması feminizm adlı analyışın ortaya çıxmasına səbəb oldu. Çünki manufakturalarda yalnız kişi əməyindən istifadə olunurdu, bunun nəticəsində də məhdud işçi sayına sahib olan kapital sahibi qadınları da bu işə necə cəlb edə bilərik deyə düşünərkən feminizm kimi bir düşüncəni ərsəyə gətirdilər. On səkkiz və on doqquzuncu əsrlərdə İngiltərədə yayılmağa başlayan və qadın əməyindən istifadənin leqal olmasını təmin edən bu anlayış sonradan dünyaya yayılmağa başladı. Sonrakı mübarizələri qadın və kişi hüquqlarının bərabər olması üzərindən aparılsa da çox əfsus ki indiki zamanda bu müqəddəs missiyasından kənara çıxıb şortik və saç rəngi davasına çevrilmişdir.
Ən azından bizim ölkədə feminizm heç bir hüquqi dayağa əsaslanmayaraq, yuxarıda adını çəkdiyim qadınların problemlərindən xəbərdar olmayaraq, məişət və hamam məşğuliyətinə çevrilməyi bacardı. Əfsus.