Əbədi qələbənin daşlaşmış təsviri- Mətanət Teymurlu

Samofrakiyalı Nika heykəli Yunan Ellinistik dövrünün ən məşhur sənət nümunələrindən biri olub, 1866-cı ildən bəri dünyanın ən çox ziyarət edilən muzeylərindən biri olan Luvr Muzeyində sərgilənir. Muzeyin pilləkənləri üzərində ucalan bu əzəmətli heykəl səssiz şəkildə ziyarətçiləri qarşılayır.
Heykəl, 1863-cü ildə Egey dənizinin şimalında yerləşən Samofrakiya adasında aparılan qazıntılar zamanı hissələr halında tapılmış və Fransaya Şarl Şampoazo tərəfindən gətirilmişdir. Şampoazo həmin dövrdə Osmanlı İmperiyasının Adrianopol (müasir Ədirnə, Türkiyə) şəhərində vitse-konsul vəzifəsində çalışırdı və xüsusilə antik artefakt tapmaq məqsədilə Samofrakiyaya səfər etmişdi. Həmin dövrdə Avropalı səyyahlar, arxeoloqlar və Şampoazo kimi həvəskarlar Aralıq dənizinin şərqindəki antik məkanlarda qazıntılar aparır, muzeylərdə sərgiləmək üçün antik əşyalar axtarırdılar. Antik əşyalara sahib olmaq qədim dövrə marağın və elit statusun göstəricisi hesab edilirdi.
Samofrakiya adası qədim zamanlarda Böyük Tanrılara (yunanca Megaloi Theoi) həsr olunmuş sirli məbəd kompleksi ilə tanınırdı. Bu tanrılar, Attikada yer alan Eleusis sirlərinə bənzər xthtonik (yeraltı) sirlər kultu ilə əlaqələndirilirdi. Arxeoloji qalıqlar göstərir ki, bu heykəl dam örtüyü olan kiçik bir tikilidə saxlanılıb. Bu kultun təlimlərinə daxil olan şəxslər sükut andı içdiyindən, Samotrakiya kultu və Böyük Tanrılar haqqında ətraflı məlumat yoxdur.
Adanın şimal Egey dənizində ticarət yolları üzərində yerləşməsi, bu kultun dənizçilər arasında qoruyucu funksiyaya sahib olmasına səbəb olmuşdur. Rəvayətə görə, Böyük İsgəndərin valideynləri II Filipp və Epirli Olimpiada da məhz Samofrakiyada bu kultun sirlərinə daxil olarkən tanış olublar.
Məhz bu mifik və mədəni kontekst çərçivəsində, Samofrakiyalı Nika heykəli aid olduğu Ellinistik dövrün bədii və ideoloji meyillərini əks etdirir. “Ellinistik” termini ilk dəfə 1836-cı ildə alman tarixçisi Yohan Qustav Droyzen tərəfindən "Ellinizmin Tarixi" adlı əsərində işlədilmişdir. Bu termin qədim yunanların öz mədəni kimliklərini ifadə etmək üçün istifadə etdikləri “Hellene” sözündən götürülmüşdür. Belə desək, yunanlar özlərini yunan adlandırmırdı.
“Əgər bir kəs bizim mədəniyyətimizi mənimsəmişdirsə, qoy onu Hellene adlandırsınlar.”
~ İsokrat, e.ə. IV əsr~
Droyzen bu anlayışdan yunan dili və mədəniyyətinin Yaxın Şərq xalqları arasında yayılması prosesini izah etmək üçün istifadə etmişdir. Xronoloji baxımdan, bu proses Makedoniyalı İsgəndərin ölümü (e.ə. 323) ilə başlayır və sonuncu Ellinistik krallığın Roma tərəfindən fəthinə (e.ə. 31) qədər davam edir. Coğrafi baxımdan isə bu proses həm qədim yunanların yaşadığı Aralıq dənizi ərazilərini, həm də İsgəndərin fəth etdiyi və ellinləşdirdiyi bölgələri Kiçik Asiya, Misir və Yaxın Şərqi (Lüvandan Hind çayına qədər olan əraziləri) əhatə edirdi.
İsgəndərin hakimiyyəti dövründə yunan mədəniyyəti bu yeni ərazilərə yayılmış, eyni zamanda fəth olunmuş mədəniyyətlərin təsiri ilə özündə Şərq və Qərb elementlərini birləşdirən yeni, sintez olunmuş bir mədəniyyətə Ellinizmə çevrilmişdir. Bu qarşılıqlı əlaqə yalnız digər mədəniyyətlərin dəyişməsinə səbəb olmamış, ellin mədəniyyətinin özünü də dəyişdirmişdir. Yəni, Ellinizm yunan xalqının tarixi ilə bağlıdır, lakin təkcə yunan mədəniyyətindən ibarət deyil bu, bəşəriyyətin ortaq irsinin bir hissəsidir.
Ellinistik dövr bütövlükdə götürüldükdə, din tarixinin ən yaradıcı dövrlərindən biri hesab edilir. Bu dövrdə Yunan və Roma imperiyalarında mənəvi inqilab baş vermiş, köhnə kultlar ya yox olmuş, ya da köklü şəkildə dəyişmiş, yeni dini hərəkatlar yaranmışdır. Bu dövrə aid abidələr sırasına “Miloslu Afrodita”, “İsgəndəriyyə Faros mayakı”, “İsgəndərin sarkofaqı”,“Perqam mehrabı”nı, “Rodos heykəli” “Farnezi öküzü” və “Laokoon” heykəltəraşlıq qrupunu və s. nümunə göstərmək olar.
Samofrakiyalı Nika heykəli bu yeni dövrün estetik və dini anlayışlarını özündə cəmləşdirən möhtəşəm sənət əsəridir. Qədim yunanlar Qələbə tanrıçası Nikanı qanadlı qadın fiquru kimi təsəvvür edirdilər. O, sanki səma ilə yer arasındakı məsafəni qət edərək insanlara qələbə xəbərini gətirmək üçün yerə enirdi. Bəzi təsvirlərdə o, əlində dəfnə çələngi və ya zeytun budağı tutaraq görünür, bu atributlar zəfərin və şərəfin rəmzləridir. Bəzən onun əlində qələbə müjdəsini car çəkən boru və ya sancaqlarla yazılmış qalibin adı da olurdu. Nika heç vaxt müstəqil bir kultun mərkəzi olmamışdır. O, daha çox digər tanrıların xüsusilə də Afina və Zevsin kultları çərçivəsində təqdis olunmuşdur. Bunu, Perqam Zevs məbədindəki Qiqantomaxiya relyefində (Yunan mifologiyasında Olimp tanrılarının yer üzünə qarşı çıxan qədim nəhənglər – qiqantlarla apardıqları böyük döyüşdür.) Nika Afinaya qələbəni ifadə edən çələng taxanda görmək olar. Afina və ya Zevs ilə birlikdə təsvir olunduğu hallarda Nika onun əlində dayanan və ya çiynində oturan kiçik qanadlı fiqur şəklində təqdim olunur (Afina Parfenos heykəlində əlindədir).
Buna baxmayaraq, ona həsr olunmuş bir neçə mühüm məbəd və heykəl ucaldılmışdır. Ən məşhur nümunələrdən biri Afina Akropolunda yerləşən zərif, incə tərtibatlı “Nika Apteros” (Qanadsız Nika) məbədidir. Qanadsız formada təsvir edilməsi onun şəhəri tərk edə bilməməsi, yəni daim qələbənin Afinada qalması inancı ilə əlaqədardır.
Nika Roma mifologiyasında Viktoriya adı ilə tanınır və burada da oxşar xüsusiyyətlərə malikdir. Roma imperiyasında Viktoriya obrazı xüsusilə güclü idi və imperatorların hakimiyyətini legitimləşdirmək (qanuniləşdirmək) üçün geniş istifadə olunurdu.
Tanrılara bir hədiyyə, şükran kimi təqdim olunmaq üçün hazırlanmış bu plastika nümunəsi, əvvəllər insanların dəniz təhlükələrindən qorunmaq ümidi ilə dua etdikləri bir məbəd kompleksində yerləşdirilmişdir. Heykəl ağ Paros mərmər’indən hazırlanmışdır. Baş və hər iki qolu itkin olsa da, 2.75 metr hündürlüyü ilə ziyarətçilər üzərində güclü estetik və emosional təsir yaradır. Tanrıça irəliləyərək ağırlığını sağ ayağına vermiş vəziyyətdədir. Onun çılpaq ayaqları havada görünməzdir. O. yerimir, uçuşunu yeni tamamlayıb və böyük qanadları arxaya doğru tam açılıb. Zamanla heykəlin çoxsaylı bərpa cəhdləri aparılmışdır. Hazırkı vəziyyətdə sağ qanad sol qanadın güzgüvari gips surətidir. Bu səbəbdən onun ilkin görünüşü hələ də tədqiqatçıların təxəyyülündə yaşayır.
Məsələn, tanrıçanın əllərində hansısa bir obyekt tutub-tutmadığı müzakirə olunmuşdur: dəfnə çələngi, şeypur, yaxud ələ alınmış salamlaşma jesti ehtimallar arasındadır. Lakin sağ əl fraqmentləri açıq ovuc və gərgin barmaqlarla heç bir obyekt tutmadığını göstərir. Bu isə onun sadəcə sağ əli ilə salam verdiyini göstərir. Sol qolu bədənin yanında olmuş ola bilər. Başı isə irəli baxmış ola bilər, lakin üz cizgiləri haqqında yalnız ehtimallar irəli sürülə bilər.
Tanrıçanın büzməli xitonu (qadın tuniki) ustalıqla işlənmiş, elə bir illüziya yaratmışdır ki, sanki Nika tufanlı bir havada göylərdən enir. İslanmış geyimi bədəninə sıxılmış, arxaya doğru dalğalı bükümlərlə hərəkət edir. Tanrıça sinəsinin altından və belindən kəmərlə bağlanmışdır və bu kəmərlərin üstündə qat-qat büzmələr dramatik formada yığılmışdır. Qadın geyimində ikiqat kəmərləmə üsulu eramızdan əvvəl IV əsrdə dəbdə idi. Tunikin üzərində Nika himasiya (mantiyaya bənzər örtükdür,adətən peplos və ya xiton üzərndən geyilirdi.) geyinmişdir. Bu parça onun sağ ayağını örtür və dəniz küləyinin təsiri ilə bədəninə yapışmış vəziyyətdə təsvir olunmuş, Nikanın göbək dəliyini belə görə bilirik. Küləyin belə təsirini Yüksək Klassika incəsənətində parfenon məbədinin şərq frontonundakı “Afinanın doğulması” səhnəsində də görmək mümkündür. Lakin, Nika heykəlində yüksək enerji, axıcılıq,təlatüm görürük.
Bu yüksək peşəkarlıq heykəlin sol yanı və ön hissəsində həmçinin geyimin drapirovkasında özünü göstərir. Sağ tərəfdə isə geyim daha sadə, əsas xətlər şəklində modellənmişdir.
Heykəl əsasən sol tərəfdən, üçdəbir bucaq altında baxılmaq üçün hazırlanmışdır. Məhz bu baxış nöqtəsindən kompozisiyanın əsas xətləri daha aydın görünür: boyundan sağ ayağa doğru enən düz xətt və başdan sol ayağa doğru uzanan meyilli xətt. Əvvəlki Yaxın Şərq və ya klassik Yunan heykəllərindən fərqli olaraq, Samofrakiyalı Nika heykəli yalnız baxmaq üçün deyil, ətrafındakı məkana açıq şəkildə qurulmuşdur. Sanki o, zaman və məkanla vizual bir dialoqa girir. Tanrıça təkcə möhtəşəm bir fiqur deyil, baxanı öz təsvir fəzasına daxil edən canlı və hərəkətli bir obraz kimi təsvir olunmuşdur.
Postamentin boz mərmər blokları və tikili qalıqları əvvəlcə məzar kimi şərh edilmişdir. Lakin, 1875-ci ildə Avstriyalı arxeoloqlar bu blokların gəmi burnu formasında yerləşdirildiyini aşkar etdilər. Şampoazo bunu eşidib blokları Luvra gətirmiş və Nika heykəli ilə birləşdirmişdir. 1950-ci ildə isə heykəlin barmaqsız sağ əli ilkin dayandığı yerə yaxın bir qayanın altında tapılmışdır. Heykəlin ilkin konteksti hələ də müzakirə mövzusudur. Demetrius Poliorçetin Salamis döyüşündəki zəfəri ilə əlaqələndirilmə hipotezi bəzi arxeoloji faktlarla ziddiyyət təşkil edir. Çünki Nika'nın dayandığı gəmi modeli və istifadə olunan Lartos mərməri həmin dövr üçün uyğun deyil.
Buna görə daha geniş qəbul olunmuş versiyaya görə, heykəl e.ə. 188-ci ildə Rodoslular tərəfindən Seleukid kralı III Antiok üzərində qazanılmış dəniz zəfərinin şərəfinə ucaldılmışdır. Bu döyüş həm də Roma Respublikasının Şərqi Aralıq dənizində ilk böyük hərbi müdaxiləsi kimi tarixə düşmüşdür.
Əsərlə bağlı ən maraqlı fakt isə Nike markası ilə bağlı olmasıdır. Nike şirkətinin loqosu olan “Swoosh” (sürətli hərəkət səsi) işarəsi də qanad və ya hərəkət impulsu kimi təfsir olunur. Bəzi mənbələr bu formasını Nika tanrıçasının qanadlarının dinamik hərəkətindən ilhamlandığını qeyd edir. Həm sürətli hərəkətin səsi, həm də qanad çırpması və ya küləyin sürətlə keçməsi kimi dinamiklik və çeviklik rəmzidir. Vizual olaraq da qanad, çevik hərəkət, dalğa, və ya irəliləyiş impulsu kimi təfsir olunur.
Samofrakiya Nikasında müşahidə edilən bədii lirizm və həyatiliyin dərəcəsi, digər Nika təsvirlərində bu qədər güclü şəkildə əks olunmur. Burada sənətkar, sadəcə tanrıça fiqurunu deyil, ideya və emosiyanı zamanın fövqündə daşlaşdıraraq təqdim etmişdir. Qolları, başı olmasa da bədən sillueti ilə harmoniya yaradır. Bu səbəbdən Samofrakiyalı Nika heykəli yalnız Ellinistik dövrün deyil, bütövlükdə Qərb heykəltəraşlıq tarixinin ən poetik və simvolik nümunələrindən biri hesab olunur.