Marina Svetayevadan bir şeir
Gedirsən, mənim oxşarım,
Gedirsən, gözünü yerə dikərək.
Mən də yeriyəndə yerə baxardım!
Sən ey yoldan ötən, bir əylən görək!
Bir az gül-çiçək yığ, nəfəs dər bir an,
Bir azca dinclik ver ayaqlarına;
Bu qara torpaqda kimdi gör yatan,
Nə qədər yaşadı bax ki Marina.
Qəbir torpağıdır – tutur adamı,
Unut qəbrimi də qəbir kimi sən...
Mən də çox sevərdim sükut məqamı
Açılam ürəkdən, güləm ürəkdən!
Gün vardı, hər günüm yüz ilə təndi,
Qıvırcıq tellərim düzlə, dağla bir...
Mən də vardım, mən də yoldan ötəndim!
Sən ey yoldan ötən, ayaq saxla, dur!
Qopar bu yerlərin gül-çiçəyindən,
Nə qədər istəsən moruq dər, apar –
Dünyada qəbristan çiyələyindən
İrisi, dadlısı çətin tapılar.
Amma qəbrim üstdə məhzun dayanıb,
Başını köksünə əyməyin hədər.
Mənim xatirəmi yüngülcə anıb,
Elə yüngülcə də unutsan, yetər.
Şəfəqlər üzündə oynaşır sənin!
Çıxmısan elə bil qızıl küpündən...
- Səni titrətməsin qoy mənim səsim
Lap elə gəlsə də yerin dibindən.
Çevirəni Mahir N. Qarayev