Edebiyyat.az » Poeziya » Sergey Yesenin (1895–1925) - Anama məktub

Sergey Yesenin (1895–1925) - Anama məktub

Sergey Yesenin (1895–1925) - Anama məktub
Poeziya
admin
Müəllif:
18:45, 22 iyun 2023
752
0
Sergey Yesenin (1895–1925) - Anama məktub


  

 


 

Canım-gözüm ana, salamatmısan? 

Mən də salamatam. Salamlar sənə! 

Qoy axsın axşamın sirli işığı,

O yastı daxmana süzülsün yenə. 

 

Yazırlar, gizlicə dolub dərd-sərə 

Yanırsan həsrətdən korun-korun sən; 

Nimdaş sırıxlında gündə yüz kərə 

Yoluna çıxırsan mən nankorun sən. 

 

Şər vaxtı gözlərin dolur təlaşla, 

Axşamın toranı durur qəsdinə; 

Guya meyxanada, dava-dalaşda 

Saplayır bıçağı kimsə köksümə. 

 

Yox-yox, canım-gözüm! Xatircəm ol sən, 

Acı xəyallarla üzmə özünü.   

O qədər də əyyaş deyiləm ki, mən

Səni görməyincə yumum gözümü.

 

Mən dəyişməmişəm heç bir tikə də, 

Elə həminkiyəm – mehriban, həlim. 

Tək bircə arzum var: bitsin bu kədər, 

Yenə evimizə qayıdım, gəlim. 

 

Gələrəm, bağımız baharsayağı 

Ağappaq gül açıb çiçəkləyincə. 

Amma oyatma ha məni sübh çağı  

Oyatdığın kimi səkkiz il öncə. 

 

Ölən arzuları təkrar oyatma, 

Ölən ümidləri gətirmə dilə; 

Çox... çox itirmişəm mən bu həyatda, 

Başım az çəkməyib yaşıma görə. 

 

Öyrətməzsən məni heç duaya da, 

Dönmərəm keçmişə bir anlıq belə; 

Sevincim, təsəllim sənsən dünyada, 

Tək sənsən bir dünya aydınlıq mənə. 

 

Di bəsdi bu qədər gizli darıxdın, 

Yandın həsrətimdən korun-korun sən. 

Əynində o köhnə, nimdaş sırıxlın 

Az dayan yolunda mən nankorun sən. 

Çevirəni Mahir N. Qarayev

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)