MİXAİL YURYEVİÇ LERMONTOVUN ŞEİRLƏRİ
* * *
Yox, mən Bayron deyiləm ki,
Didərginəm Bayron təki,
Rus ruhluyam di gəl ki mən.
Tez alışdım, tez sönəcəm,
İlham pərim az çağlayar;
Ümman qəlbim neçə-neçə
Ümidlərə yas saxlayar.
Qəmli ümman,
kim açacaq sirlərini?
Kim yayacaq bəs mənim fikirlərimi?
Kim?
Ya Allah, ya mən, ya da...
özgə heç kəs bu dünyada!
* * *
Yenə görüşdük... di gəl,
Necə tanınmazıq biz!..
Ömürdən qəmgin illər
Ötmüş gör nə xəbərsiz.
Gözündə od gəzirəm,
Ürəyimdə həyəcan.
Ah! bu kədər, qüssə, qəm
Qoymadı ki bizdə can!..
* * *
Eşidəndə sənin gur,
Nəvazişli səsini –
Ürəyim hey çırpınır
Qəfəsdəki quş kimi;
Mavi göylərtək dərin
Gözlərini görəndə –
Az qalır ki ürəyim
Qopsun, çıxsın sinəmdən;
Gah gülərəm, gah da ki,
hey ağlamaq istərəm...
illah da ki,
boynunu qucaqlmaq istərəm.
* * *
Bir səadət sanardım
Öncə mən hər busəni;
Səadətdən usandım –
Sevməm daha kimsəni!
Göz yaşında sanırdım
Öz üsyankar ömrümü;
Onda sevir, yanırdım –
İndi sevməm heç kimi!
Sayını itirdiyim ötüb-keçən illərə
uf demədən, bəlkə də
qəlbimi də verərdim
ölməzliyimlə birgə!
Çevirəni Mahir N. Qarayev