Edebiyyat.az » Poeziya » İslam Sadığın şeirləri

İslam Sadığın şeirləri

İslam Sadığın şeirləri
Poeziya
admin
Müəllif:
04:49, 28 oktyabr 2023
423
0
İslam Sadığın şeirləri

Öldürə bilmir

 

Adam var, oxşamır özü özünə,

Adam var, oxşamır gözü gözünə.

Adam var, oxşamır üzü üzünə,

Gəvə bir üzüdü, kilim bir üzü.

 

Dünya dumanlanır göz qaralanda,

Heç nəylə ağarmır üz qaralanda.

Ocaq səngiyəndə,

Köz qaralanda,

Bağrında gizlədib külüm bir közü.

 

Sağı var, solu var üz yaranandan,

Əyri yanındadı düz yaranandan.

Ölüm yaranandan,

Söz yaranandan

Öldürə bilməyib ölüm bir sözü.

 

 

Qurumaz

 

Mən elə bir dağam, yaşım min ildi,

Buluddan nəm çəkir başım min ildi.

Su süzür torpağım, daşım min ildi,

Bircə bulağımın gözü qurumaz.

 

Adam düşər elə dərdə, quruyar,

Bir yol quruyan can bir də quruyar.

Araz da quruyar, Kür də quruyar,

Ancaq dodağımın sözü qurumaz.

 

Qələmin içdiyi işıqdı, nurdu,

Qələmin işığı içimə vurdu.

Bir ocaq çatmışam, odunu gurdu,

Min il ocağımın közü qurumaz.

 

Göyün üzü dolub, yenə buluddu,

O qara buludlar günəşi uddu.

Ürəyim sinəmdə elə bir oddu,

Min yaşı qurudar, özü qurumaz.

 

 

Kəsirlər

 

İpə-sapa yatmıır elə ki, adam,

Deyir özüm boyda alovam, odam.

Yola gəlməyəndə, onun da, qadam,

Yolunu min cürə yolla kəsirlər.

Aşı qabağına bol qoydururlar,

Aradan çıxmağa yol qoydururlar.

Bir saxta kağıza qol qoydururlar,

Dilini bir saxta qolla kəsirlər.

 

Aclar sıra-sıra, lap qoşun-qoşun,

Niyə səsi çıxmır bir halı xoşun?!

Doldurub cibini bir cibi boşun,

Onun da səsini pulla kəsirlər.

 

Söz güldən çəkilir, lələ, bal kimi,

Ürəkdən süzülür hələ bal kimi.

İnsan danışanda elə bal kimi,

Onun da sözünü balla kəsirlər.

 

 

Nə qalıbsa qandan bizə

 

Bir az işıq ola-ola,

Bir az yaşa dola-dola,

Bir ili də saldıq yola,

Nələr qaldı ondan bizə.

 

Düşdük dərdə, qəmə , yandıq,

Qoyulmamış dəmə, yandıq.

Axı candan kimə yandıq,

Kim yandı ki, candan bizə.

 

Neçə adam gözü yaşlı,

Neçə adam başı daşlı.

Alabaşlı, qarabaşlı

Azmı hürdü yandan bizə.

 

Haqqı duyaq, olmadı ha,

Yeyib doyaq, olmadı ha.

Arxa-dayaq olmadı ha

Bəydən bizə, xandan bizə.

 

Odunumuz hələ odu,

Ocağımız, lələ, odu.

Olanımız elə odu,

Nə qalıbsa qandan bizə.

 

 

Ağartmışam

 

Qara damı sökə-sökə,

Bir ağ saray tikə-tikə...

Ağ sözümə bükə-bükə

Qara sözü ağartmışam.

 

Acımışam acıyana,

Qıymamışam tacı yana.

Üstümə diş qıcayana

Qara gözü ağartmışam.

 

Qara dərdə olub buta,

Ağ dərdimə qata-qata...

Ağ öpüşə tuta-tuta,

Qara üzü ağartmışam.

 

Bir az şirin dilə tutub,

Götürmüşəm ələ, tutub.

Yelpiyimlə yelə tutub,

Qara közü ağartmışam.

 

 

Oxuyuram

 

Elçi gəlir, elçi gülür,

Gül gətirir gülçü gülür.

Bir adamın içi gülür,

Gözlərindən oxuyuram.

 

Əvvəl elə bildim laldı,

Salam verdim, salam aldı.

Bu adamın dili baldı,

Sözlərindən oxuyuram.

 

Bu adamın qucağı nur,

Hər küncü nur, bucağı nur.

Odunu bol, ocağı gur,

Közlərindən oxuyuram.

 

Kimin kimlə bir öcü var,

Hər öcün də sonucu var.

Bu adamda kəl gücü var,

Dizlərindən oxuyuram.

 

 

Səndən kim nə gördü

 

Bu yer də, bu göy də məndən əzəldi,

Mən əyri gördüyüm haçan düzəldi?!

Günəşin doğmağı necə gözəldi,

Gərək gün əyilə, gün dönə, görəm?!

 

Axı düşməmişəm hələ odumdan,

Başqası danışa, dinə adımdan.

Birinci gördüyüm çıxmaz yadımdan,

Sonra lap yüz dənə, min dənə görəm.

 

Aman ver, sinəmə saz alım, dünya,

Sazımla dünyaya səs salım, dünya.

Zalımlıqdan başqa, a zalım dünya,

Səndən kim nə gördü, mən də nə görəm?!

 

 

Qıymağa dəyməz

 

Çöldən boş xortumla arı bircə yol,

Dönməz üzü evə sarı bircə yol.

Səni ömrün boyu barı bircə yol

Duymayan dünyanı duymağa dəyməz.

 

Qışına calayar kəsib yayını,

Paysızlara verər sevinc payını.

Sayılmaz saylara qatıb sayını,

Saymayan dünyanı saymağa dəyməz.

 

Zillənər, ayrılmaz gözü gözündən,

Od alıb alışar közü közündən.

Bu neçə min ildə özü özündən

Doymayan dünyadan doymağa dəyməz.

 

Baxmaz qovulana, baxmaz qovana,

Qarğa-quzğun dolar gəlib yuvana.

Nə çalırsansa, çal, sənin havana

Uymayan dünyaya uymağa dəyməz.

 

Bir barmağına tut burda hər şamı,

Necə yandıracaq onlar gör şamı.

O boyda Günəşi-sənə bir şamı

Qıymayan dünyaya qıymağa dəyməz.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Mənbə: Edebiyyatqazeti.az

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)