Elçin Məhərrəmdən üç şeir
“Sükut"
Yaxından gəlir
gəmi böyürtülərinin səsləri,
Burada gəmilərin başlarını kəsirlər
sahil "qibləsinə"
tərəf tutaraq.
Yaxından gəlir
qağayı çığırtılarının səsləri
Burada qağayılara ümid yedizdirirlər
qurumuş çörək əvəzinə.
Lap yaxından gəlir yalnızlığımın
səs-küylü sükutu
Nə başımı tapa bilirəm kəsdirəm,
Nə də mədəmi aldada bilirəm
yalançı ümidlərlə...
“Unudulmusan"
Taqqıllatmayanda pəncərəni
hər səhər çörək verdiyin
bozumtul göyərçin,
Hər səhər bağçaya gedən
qonşunun dəcəl uşağı
qapıya təpik ilişdirməyəndə,
Poçtalyon da gözə dəyməyəndə
ta yeni eradan bu yana,
göndərdiyin məktub da
saralmağa başlayanda
kənarlardan,
Toqquşmayanda baxışlarınız
divardan asdığın
qadının portreti ilə
Və telefon əvəzinə
kilsədən gözləyirsənsə
əgər "zəng"in səsini,
Deməli: UNUDULMUSAN....
"Bu nə birincidir, nə də sonuncu"
Hökm verildi.
Qalxdı ağır-ağır
cəllad zamanın iti baltası.
Bu nə birincidir, nə də sonuncu...
Eşafotu yoxdur onun
Edam yeri: təqaüd aldığın bankomatın qabağı, təyyarənin yumşaq oturacağı, sevgilinlə yatdığın yatağın kənarı...
O gün saydım düz 32 baş tullandı
boşluğun qara çuxuruna,
Düz 32 min dildə qışqırdı qara çuxur.
Qışqırdı ki: Daha bəsdir yerim yoxdur.
Mən şair ürəyi, rəssam əli, filosof dili istəyirəm.
Göndər gəlsin.
Onlara ki, yerim çoxdur.
Hökm verildi.
Endi bir anda
cəllad zamanın iti baltası
Bir şair infakt keçirdi yeni şeirini yazarkən,
bir rəssamın tikəsini tapdılar top mərmisinin
tozanağı çəkiləndə
bir filosofun dilindən asdılar tanış saat qülləsinin əqrəbindən...
Bu nə birincidir, nə də sonucu...